Səfəvilər
dövründə hürufilik və nöqtəvilik
Ümumiyyətlə, batini çevrələrdə "lalə" obrazına müraciət və mənalandırma çeşidləri ilə maraq doğurur. Bir zamanlar hürufi şairlər laləni şəhidliklə, hüseynilik və qızılbaşlıqla əlaqələndirdikləri halda, sonrakı dövr şeirində bu obrazın hürufilərlə əlaqələndirilməsinə də rast gəlinir. 16 Səfəvilərlə yaxın münasibət bu dövrdə yazıb-yaradan hürufi şairlərin təkcə ideyasına deyil, şeir texnikasına da müəyyən təsir etmişdir. Öncəki yüzillikdə daha çox divan şeiri üslubuna üstünlük verən hürufi şairlərin XVI yüzillikdə xalq şeiri tərzinə meyllənməsi də müşahidə olunur. Bu mənada Sürurinin heca vəzni ilə 11-lik ölçüdə yazılmış şeiri (bax: 34, s. 603-604) xalq şeiri tərzində yaranmış hürufi ədəbiyyatının maraqlı bir örnəyidir. Burada M.F.Köprülünün "milli vəznlə və Yunus üslubu təsirində bu tərz əsərlər yazan bəktaşi şairlərindən böyük bir qisminin hürufi olduğu" (31, s. 351) barədəki mülahizəsini xatırlatmaq yerində olar. Ehtimal etmək olar ki, hürufi ədəbiyyatında bu üslub və ədəbi zövq dəyişikliyinə Xətainin ədəbi yaradıcılığı və Səfəvilərin ideologiyası da təsir etmişdir. 1.2. Səfəvilər dövründə hürufi şairlər: Çaldıran döyüşü öncəsi və sonrası Səfəvi qaynaqlarında Şah İsmayılın yaxın çevrəsindəki hürufilər diqqətdən kənarda saxlanılsa da, o dövrün hürufi şairlərinin əsərlərində bu xanədanla əlaqənin açıq poetik ifadələri yer alır. Bu poetik biçimli və tarixi məzmunlu örnəklər isə həmin münasibətlərin varlığının inkarolunmaz dəlilləridir. O dövrdəki hadisələri sadəcə seyr etməyən, bu proseslərin canlı iştirakçısı olan, Səfəvi dövlətinin quruculuğu, qorunması, ədəbi-fəlsəfi görüşlərinin formalaşması və məzhəbi görüşlərinin istiqamətlənməsində payı olan hürufilər Səfəvi dövlətinin tarixi və ədəbiyyatı kontekstində də öyrənilməlidir. Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmalarda Şah İsmayılın sarayında yaşayıbyaradan hürufi şairlərdən bəhs olunsa da, bu məsələyə kompleks baxışa və hadisələrin inkişafının sistemli şəkildə izlənilməsinə ehtiyac vardır. Xüsusi araşdırmaya möhtac olan bu məsələdə yardımçı qaynaqlar isə, artıq qeyd etdiyimiz kimi, hürufi şairlərin ədəbi mirasıdır. İndiyədək Azərbaycan ədəbiyyatşünaslığında Səfəvilərlə əlaqəsi məlum olan bir neçə hürufi şairdən bəhs edilmişdir. İ.Hikmət "Xətai" və "Həbibi" bəhslərində bu iki şairi hürufi olaraq təqdim edir17 . H.Araslı (1, s. 57-60), A.Musayeva (12, s. 74-76), V.Feyzullayeva (3, s. 275-277) Tüfeyli və Süruridən, bu iki şair də daxil olmaqla Nəbatidən isə gənc tədqiqatçı V.Musalı (11, s. 242) bəhs etmişlər. Bəzi tədqiqatçılara görə, Süruri 1515-ci ilədək Şah İsmayılın sarayında xidmət etmiş (1, s. 58) və bu Səfəvi hökmdarının yanında ölmüşdür (34, s. 409). Burada qaynaqlardakı fikir ayrılığını da qeyd etməliyik: Lətifiyə görə, Süruri Çaldıran döyüşündə həlak olmuşdur18 (32, s. 300). Həsən Çələbi də: "Vilayəti-Əcəmdəndür. Sultan Səlimi-Mazi zamanında fövt olub..." (30, s. 376), - deyə dolayısıyla Lətifi ilə səsləşən fikrini dilə gətirir. Aşıq Cələbi isə "Diyari-Əcəmdən Ruma mənasibialiyyə uma gəl"diyi qənaətindədir (29, s. 519). Bu şairi Lətifi "Süruriyi-Şərqi", Aşıq Cələbi isə "Süruriyi-Əcəm" deyə digər Süruri təxəllüslü şairlərdən fərqləndirirlər.19 Lətifi təzkirəsində o həm Əcəm, həm də Rumla (32, s. 300), Səhi təzkirəsində isə Sultan Səlim və Şah İsmayılla əlaqəli yad olunur. (bu barədə bax: 21, I, s. 258; 12, s. 74; 11, s. 302-305) Bəzi araşdırıcılara görə, Süruri daha uzun ömür yaşamışdır: "Sultan Səlim Təbrizi fəth etdiyi zaman Türkiyəyə aparılmış şairlər içərisində Süruri də vardı. Onun türk şairlərinə böyük təsiri olmuş, Türkiyədə yüksək nüfuz qazanmış və orada da vəfat etmişdir". (3, s. 277; bax: 7, s. 331) Araşdırmalarda hətta Sürurinin Qanuni Süleymana qəzəl həsr etməsi qeydinə də (12, s. 75) rast gəlinir. İ.Hikmətin haqlı olaraq bildirdiyi kimi, "nə Türkiyəyə nə vaxt gəldiyinə dair bir sərahat, nə də nə münasibətlə "Şah İsmayıl vaxtında fövt oldu"ğuna dair qəti və aydın məlumat ala bilirik. Hər halda ölümü 91820 ilə 92621 arasında olmalıdır" (21, s. 258). Bu mübahisəli məqama Sürurinin Ankara Millət Kitabxanasında 667 nömrədə qeyd olunmuş divançasının (34, s. 409) tədqiqata cəlb olunması və təfərrüatlı təhlili işıq tuta bilər.22 Ümumiyyətlə isə təkcə Sürurinin deyil, Şah İsmayıl sarayına yaxın olub bu Səfəvi hökmdarının himayəsinə nail olmuş şiəməzhəb, o cümlədən hürufi şairlərin şəxsiyyəti ayrı-ayrılıqda araşdırmaya möhtacdır. Tüfeyli və Həbibi kimi hürufi şair Nəbatinin də ədəbi fəaliyyəti öncə Səfəvi, daha sonralarOsmanlı dövləti ilə bağlı olmuşdur. Lakin bu hürufi şairin həyat yolu çağdaşı olan həmməsləklərinə nisbətən daha kəşməkəşli olmuşdur. Belə ki, Nəbati əsir aparılaraq, Ənqürüsdə 23 15 il dustaqlıq həyatı yaşamışdır.24 Əsarətdən sonra Niqboluya25 getmiş, İskələdə 26 katiblik etmişdir. Aşıq Çələbi onun divanını və nəsr əsərini oxuyub araşdırdığını, onun bu əsərlərində dustaqlıq həyatından bəhs etdiyini bildirir (29, s. 446). Burada Şah İsmayılın tərəfdarı olan təriqət nümayəndələrinin (hürufilər, nemətullahilər... 27) Çaldıran döyüşündə iştirakını da xatırlatmaq yerinə düşərdi. Yuxarıda xatırlatdığımız kimi, təzkirələrdə hürufilik təliminin təmsilçisi Sürurinin Çaldıran döyüşündə həlak olması, digər hürufi şair Nəbatinin isə əsir alınması bildirilir. Bu cəhət isə Çaldıran döyüşündə Şah İsmayılın tərəfində vuruşanlar arasında hürufilərin də olması qənaətini qətiləşdirir. Şəxsiyyəti və Səfəvi sarayı ilə əlaqəsi baxımından maraq doğuran digər bir şair Tüfeylidir. Burada haşiyə çıxaraq bir cəhəti xüsusilə vurğulamaq istərdik: Hürufilərin İran ərazisində, daha doğrusu, Təbrizdəki fəaliyyətinə, məlum olduğu kimi, Cahanşah dövründə son qoyulmuşdu. Təqribən yarım əsr sonra Şah İsmayılı dəstəkləyən zümrələr arasında yenidən hürufilər görünməkdədir və onların bu dəfə tarix səhnəsinə çıxması isə Qaraqoyunlular dövrü ilə müqayisədə daha qısa ömürlü oldu.28 Ümumiyyətlə, bu iki sülaləni - Qaraqoyunlular və Səfəviləri bir-birinə və hürufilərə bağlayan cəhətlər az deyildir. Bunlardan biri də hər iki xanədanla əlaqələndirilən Tüfeyli təxəllüsüdür. Biz burada bilərəkdən Tüfeyli təxəllüslü bir şair var demədik. Çünki Cahan- şah (vəfatı: 1467) və Şah İsmayıl (hakimiyyətə gəlişi: 1501) dövründə yaşamış Tüfeyli təxəllüslü şairlərin eyni bir şəxs olmasını iddia etmək üçün yetərli dəlillərə malik deyilik. Məlum olduğu kimi, divan şeirində eyni bir təxəllüs bir neçə şair tərəfindən istifadə oluna bilirdi. Nəticədə isə bəzən onlardan birinə aid informasiya digərinə də şamil olunurdu. Süruri və Tüfeyli təxəllüsünü daşıyan şairlərin də çox olması Şah İsmayılın sarayı ilə əlaqəli bu iki hürufi şairin şəxsiyyəti, görüşləri və əsərlərinin müəyyənləşdirilməsində qarşıya problemlər çıxarır. Cahanşahın dövründə yaşamış Tüfeyli haqqında M.Tərbiyətin "Danişməndani-Azərbaycan" əsərindən məlumat alırıq. Müəllif bu şairin şəxsiyyəti və əqidəsi barədə qısa məlumat verir və təfərrüata varmadan bu təxəllüslə şeir yazan bir neçə şairin məlum olmasını qeyd etməklə kifayətlənir (45, s. 246). M.Tərbiyət onun Cahanşahın məmlüklərindən biri olduğunu və əmmamə ustası ("dəstarbənd") olmasını bildirir. Qeyd etməliyik ki, Fəzlullah da "taqiyəduz" (dərviş papağı tikən) olmuşdur. Araşdırmalarda bəzi ardıcıllarının Fəzlullahı təqlidlə papaqçılıq etməsi barədə qeydlər də yer alır. Eləcə də məlum olduğu kimi, Cahanşahın sarayı və şəxsən özü ilə hürufilərin sıx əlaqəsi olmuşdur. Lakin bu detallar, təbii ki, həmin Tüfeylinin hürufi olmasını əsaslandırmağa kifayət etmir və bu istiqamətdə daha geniş araşdırma aparılmalıdır. Sonralar - XVI əsrin başlarında Tüfeyli təxəllüslü bir şairi Şah İsmayılın sarayında, əsrin sonlarında daha bir Tüfeylini Türkiyə və Bağdadda görürük. Təzkirəçilərin haqqında söz açdığı XVI yüzillikdə yaşamış bu Tüfeyli təxəllüslü şairlərin eyni bir şəxs olmaması hər hansı bir şübhədən kənardır. Belə ki, Şah İsmayılın 1501-ci ildə dövlətini qurduğu məlumdur və Tüfeyli təxəllüslü şair 1514-cü ilədək Səfəvilər sarayı ilə əlaqəli ola biləcəyindən 29 onunla Əhdinin h.1000\ m.1591-1592-ci ildə Bağdadda şəxsən görüşməsi mümkün deyildir. Bu sonuncu Tüfeylinin Diyarbəkir doğumlu olması və Türkiyədən Bağdada səfər etməsi Əhdinin təzkirəsindən bəlli olur. Buna görə də qətiyyətlə demək olar ki, bəhsini etdiyimiz Tüfeyli təxəllüslü şairlər eyni bir şəxs deyildir. Maraqlıdır ki, Cahanşah dövründəki Tüfeyli Fəzlullah kimi papaqçı, Əhdi Bağdadinin diyarbəkirli kimi təqdim etdiyi Tüfeyli isə, şeirlərindən də göründüyü kimi, şiəməzhəb olmuşdur (bax: 23, s. 208). Tüfeyli təxəllüslü şairlər arasında hürufi olduğu bilinən isə ədəbi fəaliyyəti Şah İsmayıl sarayı ilə bağlı olan və haqqında Sam Mirzənin məlumat verdiyi şairdir. Burada Səfəvilərlə hürufilik təliminin təmsilçilərinin mürəkkəb münasibətinə də qısaca nəzər salmaq yerinə düşərdi. Hürufilərin Şah İsmayıl və Şeyx Səfi xanədanını tərənnümü əsasında onların bu dövrdə şeyx olaraq Səfəvi hökmdarını tanıdıqları, Çaldıran döyüşündə iştirak baxımından isə onların da qızılbaş birliyinə daxil olan digər zümrələr kimi həm də Şah İsmayılın mürid və əsgərləri olması qənaəti hasil olur. Lakin hadisələrin inkişafını izlədikdə bu münasibətlərin Çaldı- randan sonra fərqli axarda davam etdiyi təsəvvürü yaranır. İndiyədək araşdırmalarda diqqət yetirilməyən cəhətlərdən biri də Səfəvilərlə hürufilərin ittifaqının nə qədər davam etməsi məsələsidir. Bir sıra tədqiqat əsərlərində Şah İsmayıl hürufiliyin himayədarı kimi təqdim olunsa da, bunun zaman sərhədləri müəyyənləşdirilməmişdir. Zənnimizcə, bu əlaqələr uzun müddət davam etməmiş və elə onun hakimiyyəti dövründə də sona yetmişdir. Bu ehtimalımızı həmin xanədanın digər nümayəndələrinin dövründə hürufiliyin bir təlim və ya siyasi hərəkat kimi fəaliyyətindən bəhs edilməməsi təsdiqləyir. Ümumiyyətlə, XVI yüzilliyin başlarında Səfəvilər batini yönümlü hərə- katların yaxından iştirakı və dəstəyi ilə siyasi arenada yer aldığından ilk dövrlərdə onların himayə edilməsi müşahidə olunur. Xətai şeirində hürufilik təliminin nümayəndələrinin, eləcə də bu dövrdə hürufiliklə sintez halında olan qələndəriliyin vəsfi, bu təriqətlərin fəlsəfi görüşlərinin ifadəsi, öncə də qeyd etdiyimiz kimi, həm də məzhəbi-siyasi məqsədə xidmət edirdi. Lakin bu hərəkatların təmsilçiləri ilə Səfəvi xanədanının sonrakı nümayəndələrinin münasibətləri haqqında bunu demək mümkün deyildir. Ümumiyyətlə, Səfəvilərlə təriqətlərin bağlılığının zəifləməsi ikitərəfli proses olaraq görünməkdədir. Bir tərəfdən, Çaldıran döyüşündən sonra o zümrələrin Səfəvilərə etimadı müəyyən anlamda zəiflədi, digər tərəfdən, iqtidarın da onlara ehtiyacının tədriclə azalması nəticədə təriqətlərin bu dövlət üçün önəminə mənfi təsir etdi. Bu dəyişiklik istər batini təriqətlərin nümayəndələri və sufi şeyxlərin şaha baxışında, istərsə də, əksinə, Səfəvi xanədanının təriqətlərə münasibətində özünü göstərir.30 Səfəvi xanədanının hakimiyyətə yiyələndiyi ilk illərdə Şah İsmayıl ilahi məzhər olaraq qəbul olunurdu (2, s. 47), lakin mənbələrdən məlum olduğu kimi, bu təsəvvürlər Çaldıran döyüşündən sonra nisbətən sarsılmış və getdikcə zəifləmişdir. (bax: 9, s. 299- 300). Sonrakı dövrlərdə digər Səfəvi hökmdarlarının çevrəsindəkilər tərəfindən "ilahi məzhər" kimi qəbulu ənənə üzrə davam etsə də 31, buna Şah İsmayıl dövründəki güclü və səmimi etiqadın ifadələrinə rast gəlinmir.
Ümumiyyətlə, Şah
İsmayıl və varislərinin təriqətlərə
münasibəti ayrıca araşdırma mövzusudur.
Prosesləri müqayisədən alınan qənaət
belədir ki, şeirlərində abdal, qələndər, qazi,
əxi32 və hürufilərə müsbət münasibətini
dilə gətirən hökmdar şairin özü və
daha sonra onun varisləri dövlət siyasətində
fərqli mövqe tutmuşlar.
Bu prosesləri təhlil edən M.Uyar yazır: "Nəticə
etibarı ilə onları iqtidar sahibi edən gücü anlayan Səfəvi şahları sünni təriqətlərdən başlamaq surəti ilə səfəvi təriqətinə
qədər bütün təsəvvüfi
hərəkatları ilk olaraq
dövlət idarəsindən və daha sonra da cəmiyyət
həyatından uzaqlaşdırdılar" (39, s. 131). Himayəsinə
sığındıqları siyasi iqtidar sahiblərinin tərəfində və ya müxalifətdə olduqları hökmdar və hakimlərə qarşı
silahlı mübarizədən çəkinməyən, eləcə
də bir sıra üsyanlarla
əlaqələndirilən hürufilik bu baxımdan hakimiyyəti ehtiyatlandıra bilərdi.
Amma onların təmsilçilərinin
Osmanlı dövlətində qərar tutması və gizli deyil, açıq fəaliyyəti
də düşündürücüdür.
Eləcə də "diyarı-Rum"a üz
tutan hürufi
şairlərin görüşləri, müxatibi
və məmduhu ilə bağlı dəyişikliklərin
olub-olmaması da xüsusi
araşdırmaya möhtacdır. Burada diqqət yetirilməsi
vacib olan cəhətlərdən
biri də Şah
İsmayılın hürufilərlə münasibət
baxımından Qaraqoyunluların ənənəsini davam etdirməsidir. Şah
İsmayılın dövründə hürufilərin təkrarən
şah sarayınadək gəlib
çıxmaları33 və onun himayəsinə
nail olmaları təqribən yarım əsrlik
tarixə malik Qaraqoyunlu-hürufi
ittifaqını xatırladır. Bu cəhəti
də xüsusilə vurğulamalıyıq ki,
Qaraqoyunlular dövründə hürufilər,
əsasən, farsca
yazıb-yaradırdılarsa, Şah
İsmayılın dövründə hürufi
şairlər türk dilinə üstünlük verdilər. Bu
özəllik hürufiliyin Səfəvilər
dövründə fərqli biçim və
fərqli çevrədə fəaliyyətinin nəticəsidir.
Bununla
belə, Fəzlullahın sağlığından siyasi himayəni arzulayan və
bu yolda çeşidli təşəbbüslər
göstərən hürufilərin nümayəndələri
niyə dini-fəlsəfi əqidə baxımından onlara yaxın olan və onlara rəğbət bəsləyən
hökmdarın yanında qalmayaraq, Fəzlullahın
edamından sonra olduğu
kimi, Anadoluya üz tuturlar sualı
qarşıya çıxır. Bunun iki mümkün səbəbindən
- qarşılıqlı etimadın zəifləməsindən
yuxarıda bəhs etsək də, bu suala birmənalı cavab tapmaq olduqca çətindir.
Məlum olan odur ki, tədriclə hürufilərin fəaliyyət
göstərdiyi coğrafi-siyasi məkan dəyişmiş
və Osmanlı imperiyasının nüfuz
çevrəsinə - Anadolu və Balkanlara daşınmışdır. XVI yüzillikdə bu coğrafiyada Mühiti,
Ərşi, Rəhməti, Vəhdəti, daha
sonralar Misali kimi divan sahibi
hürufi şairlər məlumdursa, Səfəvilər
dövlətinin hüdudları daxilində bu
səviyyədə məhsuldar və çoxsaylı hürufi müəlliflərə rast gəlmirik. XVI
yüzillikdə yaşamış şairlərdən Yəmini,
Kəlami, Fazili, Fəzli, Xosrov,
Nəmayi, Misali, Ərşi, Virani, Bosnalı Vəhdəti, Mühyiddin
Abdal və başqaları eyni
zamanda hürufi
inancının da təmsilçiləridir.
(bax: 48) Təzkirələrdə Səfəvilərlə
əlaqəsi olan Süruri34 və Nəbatinin
divan sahibi (29, 446)
olmaları bildirilsə də, araşdırmaya cəlb olunan, adətən, bu iki şairin bir neçə şeiridir.
Olaylar.-
2020.- 25-27 yanvar.- S.15.