Köhnə düzəndən yeni düzənə
Böyük bir
"xaos"un tarixini böyük bir yazıçı qələmilə
yaradan
Dünya tarixinin monqol- tatarlar dövrü kifayət qədər mükəmməl araşdırmaların mövzusu olmuş, bu dövrün möhtəşəm qəhrəmanı Çingiz xan haqqında hər cəhətdən dəyərli əsərlər yazılmışsa da, nə onun şəxsiyyətinə, nə də yaratdığı imperiyanın xarakterinə dair mübahisələrə son qoyulmadığı kimi, mövzuya maraq da hiss ediləcək qədər azalmamışdır. Tarixi romanlar ustası Yunus Oğuzun "Çingiz xan"ı bir daha təsdiq edir ki, monqol- tatarlar dövrü ədəbiyyatın vaxtaşırı müraciət edəcəyi, ideya- estetik potensialı heç zaman tükənməyəcək mövzularındandır.
Roman proloqla başlayır. Və elə ilk sətirlərdəcə müəllif predmetə öz yanaşma üsulunu təqdim edir:
"Müharibə özü ilə qarmaqarışıqlıq, xaos, başıpozuqluq gətirir. Hər şey dağılır, sonra yenilənir. Hər şey savaş qaydalarına və qanunlarına uyğunlaşır. Bütün bunların içində müharibə düzəni var. Adama elə gəlir ki, qətllər, qarətlər bitib-tükənməyəcək. Adına savaş deyilən bu xaos qətlləri, şəhərlərə, kəndlərə, obalara od vurub atəşə verilməsini qanunlaşdırır, bu savaşın iştirakçıları olan əsgərləri, onların hökmdarını, hətta xaosun, qarmaqarışıqlığın özünü qəhrəmana çevirir, etdikləri dildən dilə keçir...
...Bu dəfə xaosu dünyaya at belində yeni düzən kimi Çingiz xan gətirdi".
Roman müəllifi cəmiyyətin (dünyanın!) tarix fəlsəfəsini, əslində, o qədər də yeni olmayan, ancaq tarixin konkret bir dövrünə ˗ monqol- tatar erasına tətbiqdə özünəməxsus çalarları ilə ortaya çıxan formulla izah etməyə çalışır. Bu "harmoniya → disharmoniya → yeni harmoniya" formulundan ibarətdir ki, burada inkişafın təkanverici qüvvəsi məhz disharmoniyada əksini tapır. O disharmoniyada ki, mahiyyət etibarilə yeni düzənin başlanğıcı olmaqla elə ilk həmlələrindən köhnə düzəni təhdid edir:
"Yeni düzənin sərhəddində köhnə düzən - Xarəzmşah səltənəti mürgüləyirdi. Sultan hələ də anlaya bilmirdi ki, ondan Şərqdə bir Çingiz xan imperiyası yaranıb, təkcə Çini deyil, onun sərhədinə bitişik olan bütün dövlətlərin, bəyliklərin ömrünə son qoyulub. Xarəzmşah Ələddin bunu ya anlamır, ya da anlamaq istəmirdi, çünki çox güclü idi. Hətta o qədər güclü idi ki, Bağdada, xəlifə ən Nasirə məktub göndərərək bütün müsəlman dünyasında onun adına xütbə oxunmasını tələb etmişdi".
Əsərin adı hər nə qədər "Çingiz xan" olsa da, yazıçı bu dahi dövlət (və düzən!) qurucusundan daha çox onun daşımış olduğu tarixi funksiya və ya missiyanın portretini yaradır. Ona görə də söhbətə Xarəzmşah xanədanının təmsil etdiyi köhnə düzənin daxili faciəsinin təsvirindən başlayır. Hökmdar- hakimləri eyş- işrətə, mühafizə orqanları quldurluğa qurşanmış, karvansarayları xəfiyyəçilik, çuğulçuluq yuvasına çevrilmiş həmin köhnə düzənin yaşamaq haqqının olmadığı artıq heç bir şübhə doğurmur. Müxtəlif dini dünyagörüşlər arasındakı dialoqun, qarşılıqlı anlaşmanın yüzillər boyu hökm sürdüyü Orta Asiya indi nəinki dinlərin, eləcə də müxtəlif islam təriqətlərinin münaqişə meydanına çevrilmişdir. Halbuki Çingiz xanın xaosla başlayan yeni düzəni bu cür münaqişələrdən qurtuluş vəd edir:
"Türkan xatun daha bir sual
verdi:
-Bəs orada müsəlmanlar təqib olunmurlar?
Mahmud Yalavac yenə də başını qaldırmadan cavab verdi:
-Xeyr, həzrət! Çingiz xanın dövlətində heç bir din təqib olunmur, istəyirsən xristian, ya tanrıçı ol, istəyirsən müsəlman, yaxud buddaçı. Orada dövlət dini baxışlara görə qurulmayıb. Dövlət törələrin və Çingiz xanın yazdığı Yasa əsasında qurulub və qoyulan qaydaları kim pozarsa, hətta xanın övladları olsa belə ciddi şəkildə cəzalandırılır".
Qanunsuzluğun qanunla, münaqişələrin birgəyaşayışla, ətalətin canlı həyat enerjisilə əvəzlənməsi, əlbəttə, qaçılmazdır. Və bu, Çingiz xanın Xarəzmşahlığa münasibətində bütün kəskinliyilə təzahür edir. Hadisələrin gedişindən aydın görünür ki, VII- IX əsrlər ərəb xilafəti kimi XI- XII əsrlər türk islam dövlətləri də Zamanın tələbləri qarşısında çox aciz durumdadırlar... Həmin durum- düzənin aradan qaldırılması üçün təkanı XIII əsrin əvvəlləri verdi...
Bizə elə gəlir ki, əsərin ilk səhifələrində müəyyənləşdirilmiş ideya miqyası aşağıdakı sətirlərdə xeyli dərəcədə daraldılır və nəticə etibarilə, yazıçı böyük ictimai- siyasi məsələlərin kökünü hansısa şəxsi və ya psixoloji motivlərdə axtarmaq səviyyəsinə enir:
"Bu balaca oğlan Çingiz xan olana qədər tayfalararası müharibədə böyüdü. O uşaq ikən qətlin, xəyanətin, köləliyin nə olduğunu bildi. O bunların içində yaşayırdı. Yaşadıqca köhnə düzənin bu nizamı ilə heç cürə barışmaq istəmədi... İnsanlar onun ailəsini ucsuz-bucaqsız çöllərdə ölümə atdılar...
...Gəncliyindəki dostluq və düşmənçilik münasibətləri, sevgi və nifrət, yaşamaq uğrunda mübarizə yetkin çağında onun xasiyyətini müəyyənləşdirəcəkdi.
Bu qıyıq göy gözlü, üzündə almacıqları qabaran, sağlam bədənli və hündür boylu Çingiz xan şəxsi və xüsusi məqsəd qorxusu olmadan dünya meydanına atıldı və dünya onu qəbul etməyə, onun düzəni ilə yaşamağa məcbur oldu".
Lakin çox yaxşı ki, "Çingiz xan" müəllifi qəhrəmanın tərcümeyi- halının bu cür təfərrüatlarına aludə olub qalmır. Və təhkiyəni yenidən layihə miqyası ilə davam etdirir:
"Bir zamanlar Türkeşlərin və Göy türklərin paytaxtı olan Qaraqorum indi Çingiz xanın baş şəhərinə çevrilmişdi. Bunun da səbəbləri yalnız onun özünə məlum idi. O, beş yüz il bundan əvvəlki Göy türklərin qələbə uğurlarını təkrarlamaq istəyirdi, amma özünün gətirdiyi yeni düzənlə".
Yasa qanunlarının Zamanla nə qədər ayaqlaşdığı, öz həyatiliyi, reallığı, faydalılığı ilə cəmiyyəti nə qədər mütəşəkkil vəziyyətə gətirib çıxardığı və onun fütuhatında nə qədər geniş meydan açdığı barədə deyilənlər Çingiz xanın tarixi funksiya və ya missiyasının əsas cizgilərini verir. Ümumiyyətlə, Yunus Oğuz bütün romanlarında olduğu kimi "Çingiz xan"da da tarixi faktlara son dərəcə sədaqətlidir. Və yazıçının bədii təxəyyülü ən vüsətli məqamlarında belə, tarixin gedişatının, xronologiyanın nüfuzuna xələl gətirmir. Başını itirmiş, bir vaxtlar yaratdığı ucsuz- bucaqsız dövlətin idarəçiliyini artıq əldən vermiş Xarəzmşah sultanın fateh Çingiz xanın təzyiqləri qarşısındakı düşüncələri romanın ideya- məzmununun ifadəsi baxımından maraqlıdır:
"Sultan Ələddin çıxılmaz vəziyyətdə qalmışdı, bilmirdi neyləsin. Ona həm də təkəbbürü, özündən razılığı imkan vermirdi ki, hələ islam dünyasında, bütövlükdə Qərbdə tanınmayan Çingiz xanın şərtlərini qəbul etsin, yerinə yetirsin. Hardasa qəlbinin dərinliyində başa düşürdü ki, ticarət karvanını qarət edib insanları qətlə yetirmək olmaz. Bu bütün dünyada qəbuledilməzdir".
Bu düşüncələr də göstərir ki, Xarəzmşah dövləti artıq süquta doğru gedir. Və qarşıdakı müharibələrdə onun məğlubiyyəti qaçılmazdır... İstər Çingiz xanın ticarət karvanının qarət olunması, istərsə də elçisinin qətlə yetirilməsi hərəkətə gəlmiş "xaos"un yalnız ilk addım səsləridir... Ağ paltar geyinmiş şamanın keçirdiyi mərasim, yaxud Çingiz xanın Tanrı dağındakı mağarada üç gün Göy Tanrı ilə söhbəti ona nə qədər mistik çalarlar gətirsə də, roman müəllifi tamamilə əmindir ki, monqol- tatar yürüşləri tarixin sosial- siyasi reallığının təzahürü kimi ortaya çıxmışdı.
Qaraqorumdan başlayan yürüş əvvəl Otrarın, sonra Buxaranın süqutu ilə başa çatır.
"...Ağ atın belində, Cəbə, Sabutay, Toluy və başqa noyonlarla, bahadırlarla birlikdə Buxaranın şərq qapısından yorğa yerişlə içəri girdi. Əhali indiyə qədər görmədiyi tatarlara, moğollara təəccüb və heyrətlə baxırdı. Dünyanı dəhşətə gətirən, adı gələndə hamının tük saldığı, sultanı qorxudub qaçırdan, haqqında əfsanələr danışılan Çingiz xan bu imiş. O heç də bədheybətə, cinə, divə bənzəmirmiş. O heç də şeytanla dostluq edənə də oxşamırdı.
... Çingiz xanın üstünlüyü onda idi ki, o, müharibə qaydaları ilə döyüşmürdü. O qaydaları özü yaradır, onu böyüdür, şişirdir, sonra lazım gələndə bu qaydaları ləğv edib yeni yaratdığı qaydalarla müharibəni davam etdirirdi".
Növbə Səmərqəndə çatır.
"Böyük şaman dəstəsi davulları döyəcləyib tonqallar ətrafında rəqs etməyə başladılar. Şamanlar dəstəsini belə çoxluqla davullara döyəcləməsini xan ilk dəfə idi ki, tətbiq edirdi. Çoxsaylı tonqalların qalanması, davulların gur səslə döyəclənməsi şəhərdə eşidilirdi. Əhali bu səsdən vahiməyə düşürdü. Eyni vaxtda guruldayan davullar adamı qorxuya salırdı. Hücumdan öncə belə vahimə yaratmaq tatarları ruhlandırır, qaladakıların isə müqavimətini azaldırdı.
... Şamanlar eyni vaxtda davullara sonuncu zərbəni vurub susdular. Aralığa ölü sükut çökdü, amma bu uzun çəkmədi. Eyni vaxtda bir əmrlə yüzlərlə mancanaqlardan şəhərə daşlar yağmağa başladı".
Və Səmərqənd də süqut edir...
"Beş ay ərzində Çingiz xan minə qədər şəhər və qala, özü də çoxusunu müqavimətsiz fəth etdi. İnsanlar, əhali başa düşəndə ki, yeni düzənin üstünlükləri daha çoxdur, qaçqın düşənlər əzablarına, itkilərinə baxmayaraq yurdlarına, obalarına döndülər. Həm də onlar üçün yeni üfüqlər açılırdı, çünki Çingiz xan yerli, dinə bağlı olan zənginlərin və məmurların ölümünə əmr verməklə boşluqlar yaratmışdı və bu boşluqlar tezliklə doldurulmalıydı. Yenidən şəhərə, kəndə, obaya qayıdanlar üçün şərait yaradılırdı ki, diribaşlar, gözüaçıqlar tatarların istəyinə uyğun işlər görsünlər və yaşadıqlarıı yerlərdə əhalini idarə etsinlər. Hər şey ona doğru gedirdi..."
Xarəzmşah dövlətini çökdürdükdən sonra monqol- tatarların qərbə doğru yürüşləri davam edir. Əvvəl Çingiz xanın oğullarının, sonra isə nəvələrinin komandanlığı ilə...
"Sabutay sonuncu cümləni dəqiqləşdirmək istədi:
-Yəni atlarımızı nə qədər irəli sürə bilərik?
Xan yerində qurcalandı, doğrusu, o özü də bilmirdi ki, onun ordusu qərbdə hara qədər irəliləyə bilər, amma cavab verməliydi.
-Düşünürəm, bunu özünüz dəqiqləşdirə biləcəksiniz. Ancaq o məsafəyə qədər gedin ki, əlaqələrimiz itməsin. Xəbərləri çevik və vaxtında göndərə biləsiniz. Nə vaxt görsəniz xəbərlərin göndərilməsində lənglik yarandı, onda Xəzərin şimalı ilə geri dönün..."
Romanın epiloqu "xaos"dan sonar qərarlaşmış yeni düzəndən bəhs edir. Və "Xaosun yeni düzəni" hadisələrin cərəyanının nə qədər davam- icmalıdırsa, əsərin ideyasının da o qədər yekun- təsdiqidir.
"Xaos sona çatdı. Yeni düzən özü ilə yeni qaydalar gətirdi və hər kəs bu qaydalarla yaşamağa başladı. Yeni düzənin ərazisi Göy türklərin fəth etdiyi ərazilər qədər, yəni on bir-on iki milyon kvadrat kilometrə bərabər idi.
Çingiz xan on üçüncü əsrdə yeni dünyanın sərhədlərini cızdı.
Tatarların birinci axını bitdikdən sonra 1231-ci ildə dünyanı fəth etmək üçün ikinci axını başladı. Bu 1242-ci ilə qədər davam etdi.
Üçüncü axın isə 1251-ci ildə başladı və 1258-ci ildə İslam xilafətinə son qoymaqla başa çatdı".
Kim düşünürsə ki inkişaf prosesi anomaliyanın normaya çevrilməsindən ibarətdir, görünür, o qədər də haqlı deyil. Əslində, hər cür, o cümlədən də ictimai inkişafa norma- anomaliya münasibətlərinin bir sistemdən digərinə çevrilməsi kimi baxmaq özünü daha çox doğruldur. Romanın (və Yunus Oğuzun) tarix fəlsəfəsində köhnə düzənin (normanın) "anomaliya"sı Xarəzmşahlığın gənc varisi Cəlaləddindir. Lakin onun fərdi passionarlığı Çingiz xanı öz baş qəhrəmanı kimi tarix səhnəsinə çıxarmış Zamanın (və Məkanın) ümumi passionarlığı ilə müqayisəyə gəlmədiyinə, yəni özünü Xəzərin şərqində deyil, qərbində təsdiq elədiyinə (onsuz da Zaman Çingiz xanı öz varislərinin timsalında Qərbə gətirirdi!) görə, sadəcə, gecikmiş xırdaçılıq idi.
Böyük bir "xaos"un tarixini böyük
bir yazıçı qələmi ilə
yaratmaqda Yunus Oğuz tərəddüd etməmişdir.
Nizami Cəfərov,
akademik
Olaylar.- 2020.- 28-29 yanvar.- S.9.