OĞULLAR GERİYƏ DÖNMÜR. ALİ BAŞ KOMANDAN «İRƏLİ!» DEYİB

 

28 sentyabr 2020-ci il. Şəhidlər xiyabanına toplaşan minlərlə yevlaxlı ilk şəhidimizi, Kazımov Emin Fərman oğlunun gül-çiçəyə bürünmüş tabutunu gətirirlər. Artıq xeyli zaman idi ki, çinar boylu igidləri torpağa əmanət etmirdik. Bəlkə elə bu səbəbdən insan seli Şəhidlər xiyabanını dəniz kimi dalğalandırırdı. Hər kəsdən irəlidə ölümün qıya bildiyi yaraşıqlı Emin Kazımovun portreti, əklillər, çiyinlərdə isə O, özü gəlirdi. Ağır-səngin: Can Azərbaycana canını qurban edən igid görəsən bilirdimi ki, əyilməyi sevməyən millətim bu gün məhz onun məzarı önündə baş əyməyə gəliblər? Kəcavə kimi bəzədilmiş tabutunun içində yatan cəngavərin hər birimiz üçün necə qiymətli olduğunu duyurdumu? Dərdinin ağırlığından tabutuna güc verən insanların məhəbbətini, sevgisini hiss edirdimi? Yoxsa bizlərə acığı tutaraq söyləyirdi: Niyə ağlayırsınız, axı? Mən bircə gündə düşmənə min sinə dağı çəkmişəm. Bircə gündə neçə mənfur erməninin anasını ağlar qoymuşam. Əynimdəki qələbə köynəyini görmürsünüzmü? Susun, ağlamayın. Şəhidi ağlamazlar, deyib ulularımız.

 

 

 

Qəribədir, əvvəllər də böyük ehtiram göstərdiyim şəhidimin sanki səsini eşidirdim. Ancaq göz yaşlarımı saxlaya bilmirdim.bəli, bircə gün vuruşmuşdu. Axı, onun qəlbi döyüş meydanında vuruşmağa, şücayət göstərməyə təşnə idi. Hələ o çox igidliklər göstərəcəkdi, axı. Çünki o, Vətənini özündən çox istəyən Fərman kişinin oğlu idi. Fikirlərim yarıda qalır. Çünki dəfn mərasimində ilk çıxış edən elə mərhumun atası Fərman Kazımov idi.

 

-Vətən və şəhidlik hər bir türkün arzu etdiyi ucalıqdır. Bu gün mənim oğlum Yevlaxın ilk şəhidi kimi torpağa tapşırılır. Biz qan tökməyi sevən millət deyilik, lakin söhbət Vətəndən gedirsə, dünyanın şah damarını kəsərik. Biz yaşayarkən əsgər, ölüncə şəhid oluruq. Oğluma orduda canavar ləqəbi verilmişdi. Çünki canavar yeganə vəhşidir ki, heç bir təlimə boyun əymir. Hökmən nə vaxtsa salındığı qəfəsdən xilas olmağı bacarın. "Şəhid öldü" deyə ağlamayın. Çünki onlar diridirlər. Şəhidlər torpağa deyil, xalqın ürəyinə gömülür. Allah onları ən uca qatında şərəfləndirməkdədəir. Əsgərin şəhid düşdüyü yerdən cənnət qoxusu gəlir, çünki o, yer Vətəndir demiş sevgili Peyğəmbərimiz.

 

Köksüm mənə darlıq edirdi. Axı, danışan yenicə oğul itirmiş atadır.  Belə kişiliyə sahib olmaq görəsən hamınınmı gücü müqabilindədir? Bu şəxslə necə qürur duymamaq olar?

 

Tez göz yaşlarımı silirəm. Aciz görünmək istəmirəm. Yanımda qəm-kədər içində olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndəsi yavaşça deyir:

 

 

 

-Gecə Eminin şəhid olması xəbərini ailəyə çatdırmaq üçün evlərinin qapısını döydük. Qapını Fərman kişi açdı. Özümüzü itirmişdik. Necə, nə cür başlayacağımızı bilmirdik. Çaşqınlıqdan bizi elə o özü çıxartdı: Oğlum şəhid olub, eləmi? Və azacıq sükutdan sonra ağır-ağır əlavə etdi: Mən onu müharibəyə Vətən uğrunda şəhid olmaq üçün göndərmişdim. Çünki Ali Baş Komandan "İrəli!" demişdi. Qəzan mübarək oğlum.

 

Yadıma 2015-ci ildə Çanaqqalanın 100 illiyi münasibəti ilə Türkiyəyə ölkəmizi təmsil edən kiçik bir qrup jurnalistlə səfərim düşür. Qədim türk elinin belə bir adəti varmış. Əsgərliyə, cəbhəyə gedən oğulların əllərinə xina yaxarmış analar. Çanaqqala döyüşündə bir zabit əsgərlərin əlində xına görüb səbəbini soruşur. Mehmetçik deyir: Bunu analarımız edir ki, ürəyimiz buz kimi olsun, gözümüz arxada qalmasın. Vətənə qurban işarəsidir ovcumuzdakı xına izi...

 

Çanaqqala müharibəsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk öz əsgərlərinə "Mən sizə savaşmağı yox, ölməyi əmr edirəm" deyirdi. Amma bu qəddarlığın, ürəksizliyin işarəsi deyildi. Vətən uğrunda əlinə xına yaxılmış, özünü qurban bilən, ən böyük sərkərdədən ölüm əmri almışdılar. Ancaq bu əmri alan əsgərlərin gözündə qorxu yox idi. Əslində onlar bu əmrin mahiyyətini gözəl başa düşürdülər. Qələbəni də yalnız bu ruhla, bu cəsarətlə, bu şücaətlə qazanmaq mümkündür.

 

Kazımov Emin Fərman oğlu 1987-ci ilin dekabrın 7-də anadan olub. Atası uzun illər şəhərimizdə Traktor mühərrikləri təmiri zavodunda mühəndis işləyib. Sonra digər vəzifələrdə çalışıb. Sayılıb-seçilən kişilərdən olub. El arasında belələrinə köhnə kişilərdən olub, deyirlər. Bütün işlərində ancaq qazandığı hörmət-izzətə söykənib, bacarığı ilə həmişə fərqlənib. Həyat yoldaşı Zemfira İsmayılova isə Yevlaxın tanınmış həkimlərindən olub. Düz 40 ildən artıq xalat gəzdirib əynində, Sevə-sevə, xoşlana-xoşlana. Əməyi, işi ilə hörmət qazanmağı bacarıb.

 

Bu gün bu ailədəyəm. Eminin tarixləşən ömrünün səhifələrini vərəqləyirəm. Ailədə ekiz qardaş olublar: Emin, Emil Vüsal. Hərəsinin özünə məxsus xarakteri. Bircə keyfiyyətləri hər birisində eynidir Vətənə sevgiləri Bir sevimli bacıları da var. Sevinc müəllimə. Gözəl ailəsi, 3 övladı var.

 

 

 

Şəhərin "Karvan" futbol komandasında hər iki qardaş Yevlaxın idman şərəfini qoruyublar. Özü bu sahədə çox məşhurlaşıblar. Emin heç vaxt atasından xərclik üçün pul istəməyib. Ailədən xəlvət ağır işlərin altına girib, zəhməti, alın təri ilə öz xərcliyini qazanıb. Ümumiyyətlə çox dözümlü oğlan olub. Yadımdadır, həkimlər danışırdılar ki, futbol oynayan vaxtlarında ayağını 2 dəfə möhkəm sındırmışdı. Heç birində bircə dəfə "uf" deməmiş, alnını belə turşutmamışdı. Emin hərbi xidmətinin Beyləqan rayonunda tamamlayıb. Xidmətdən qayıtdıqdan sonra da hərbiyə olan məhəbbəti azalmayıb. Anası isə hər zaman onu bu arzusundan çəkindirməyə çalışıb. Bəlkə bu gün elə ona görə yanıqlı-yanıqlı göz yaşı tökür. Mənə elə gəlirdi ki, o təkcə oğlu üçün ağlamırdı. Bütün şəhidlərin ağrısı yayılmışdı canına.

 

Can ay ana, bu baxışda nələr var,

 

Bu baxışda xanım, xatın bır ana,

 

Sinəsində bağrı çat-çat olan var.

 

Bu baxışdan neçə ana boylanır...

 

Nəhayət, Emin arzusunu atasına bildirdikdə ondan aldığı "Get, bala, hərb sənəti əsl kişi peşəsidir" cavabı Emini lap qanadlandırıb.

 

2016-cı ildən Tərtər rayonunun "N" saylı hərbi hissəsində MAXE işləməyə başlayır. Qoçaqlığı elə ilk günlərdən məlum olur. 2020-ci ilin iyun ayında mənfur ermənilərin törətdiyi Tovuz təxribatı zamanı döyüşlərdə igidliklə iştirak edir.

 

Sentyabrın 27-si gecədən qanlı döyüşlər gedirdi. Eminə minamyotçu kimi  irəli atılmamaq, gözləmək tapşırılmışdı. Ancaq düşmənə olan nifrəti, torpaqlarımızın düşmən tapdağında olması onun səbrini tükətmişdi. Özünü Vətənə borclu bilirdi. Elə bu borc da onu irəli atılmağa, düşmənə sinə gərməyə vadar etdi. Döyüş yoldaşları ilə bərabər mənfur erməni ilə amansız cəngə girdi. Yox, o, bu ölümü ilə məğlub olmadı. O, bu ölümü ilə ölümsüzlük qazandı.

 

 

 

Tarix yazan Azərbaycan əsgəri, o cümlədən Emin Kazımova  dövlətimizin başçısı İlham Əliyevin hər zaman ən yüksək tribunalardan söylədiyi bu fikir həmişə bir əminlik yaradıb: "Sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolu qaçılmazdır". liderimizin bu fikri Emin kimi oğlullardan təşkil olunan ordumuzun qüdrətinə olan inamdan irəli gəlirdi.

 

44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığı ilə bərabər onların yaxınlarının dəyanəti millətimizin gücünün göstəricisidir.

 

Eminin həyat yoldaşı Əminə onu müharibəyə yola salıb arxasından gözyaşı tökən qadınlardan olmayıb. Zənn edib ki, kişilərin qadınların göz yaşından gücləri azalır, ruhları sönür. Analar, bacılar ağlayarsa, yeni nəsillərin cəsarəti sönükləşər,-deyir Əminə.

 

Qəribədir, müharibəyə yollananda ona məxsus paltarları, sənədləri polkda qalan yoldaşına verib. Atam özünü mənə çatdıracaq, bunları ona verərsən demişdi. Çünki Emin vuruşub şəhid olmağa, şəhadət zirvəsinə ucalmağa gedirdi. Elə ona görə ilk dəqiqədən Ali Baş Komandanın təbirincə desək, "aslan kimi vuruşurdu".

 

Ruhun and yerimizdir, şəhidim. Təltif olunduğu "Vətən uğrunda", "Laçının azadlığı uğrunda" medalların əvvəlki xidmət müddətində aldığın mükafatların üstünə əlavə olunub, igidim.

 

Ciyərparaların Zeynəb, Xədicə, Fərmandan isə narahat olma, Emin. Çünki onlar Kazımovlar ailəsində tərbiyə alırlar. Çünki onlar Emin Fərmanoğlunun övladıdırlar, Vətənə əmanətdirlər.

 

Və yazımı Fərman Kazımovun oğluna həsr etdiyi şeirlə qurtarmaq istəyirəm:

 

Hər gün görüşünə gəlsəm də, niyə?!

 

Səninlə bir kəlmə danışammıram.

 

Getmirsən gözümdən bircə saniyə,

 

Oğul, yoxluğuna alışammıram.

 

Neçə onillikdir həsrətik, həsrət!

 

O gözəl məkanın heç tayı varmı?!

 

Neçə igidləri şəhid vermişik,

 

Qalammaz torpaqda onların qanı!

 

Düz deyirsən, qardaş, düz deyirsən, Fərman kişi. Onların qanı yerdə qalmadı.

 

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

 

Olaylar.- 2021.- 2-8 aprel.- S.18.