HARAN AĞRIYIR
ŞƏHİD?
Niyəsə fikirləşmişəm ki,
orduda vuruşan əsgərlərimiz ölümün
bir addımlığında
olublar həmişə. Və Vətən
uğrunda həlak olan şəhidlərimizi
elə Vətən boyda da təsəvvür
etmişəm. Dünyanın ən gözəl sözlərini yazmaq istəmişəm onlar haqqında. Elə söz yazmaq istəmişəm ki, ürəyimə az da olsa
toxtaqlıq gətirsin.
Və bu igidlərin çeşid-çeşid
şəkillərinə baxıb
ixtiyarsız soruşmuşam:
Haran ağrıyır, şəhid?
44 günlük Vətən
müharibəsinin zəfər
tarixinin ən azı bir səhifəsinin
müəllifi olan şəhid Yusifbəyli Yusif Sabir oğlunun
həyat hekayəsidir
bu yazı.
Yusif
1993-cü il avqust ayının
22-də Yevlaxda anadan
olub. Şəhərdəki 2 saylı tam orta
məktəbdə təhsil
alıb. 2000-ci ildə hərbi xidmətə yollanıb.
Geri döndükdə işləmək ücün
Rusiyaya dayısı Ramilin yanına gedir. 1 il
orada işləyir və hərb sənətinə olan marağı, torpaqlarımızın
düşmən tapdağında
olması onu 2017-ci ildə "N" saylı
hərbi hissəyə
gətirir və Yusif MAXE kimi faliyyətə başlayır.
3 il işlədikdən
sonra təcrübəsini
artırmaq üçün
gizirlik kursuna göndərilir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin
Təlim-Tədris Mərkəzində
PDM-2-nin komandiri ixtisası
üzrə 3 aylıq
kursu bitirir. Sertifikat alanda elə sevinir ki... 2020-ci ilin may ayının 5-də
kursdan qayıdan Yusif evlərinə zəng edib deyir ki, poliqondayam,
təlim keçirik.
Mənfur
düşmən çirkli
əməllərinin davamına
başlayan günün
səhəri, 28 sentyabrda atası ilə danışıb. Yusif döyüşlərdə olduğunu
gizlədib. Bilirdi ki,
çox sevdiyi anası, atası narahat olacaqlar. Axı, o, müharibədə ona görə mərdliklə
vuruşurdu ki, Sabir kişinin, Mehriban xanımın timsalinda elin, obanın bütün anaları, ataları rahat yaşasınlar, başlarını dik tutub gəzsinlər.
Vuruşduğu yerlərdə ermənilər
pərən-pərən düşmüşdülər. Bu günü
əvvəldən görən
Prezidentimiz İlham Əliyev hələ
2003-cü ildə andiçmə
mərasimi zamanı demişdi: "Azərbaycanın
çox güclü Ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri
həll etmək iqtidarında olmalıdır".
Və artıq
Ordu hazır idi. Ünlü şairimiz
Məmməd Araz demiş:
İndi
bizim ölümlə,
Çarpışan çağımızdı.
Ölümün boğazından,
Yapışan çağımızdı.
Ölümlə tərcümansız
Danışan çağımızdır.
Qılınc qap, Vətən
oğlu,
Bizi Vətən çağırır!
Bütün varlığı ilə
qələbəyə köklənən
Yusifbəyli Yusif də sanki deyirdi:
Cəllad, dayan!
Daha irəliyə gedə bilməzsən. Yollar bağlıdır.
İndi daşımız da, torpağımız da yaraqlanıb. Erməni, sən
məhvə məhkumsan.
Bəli, qızğın döyüşlər
gedirdi. Yusif öz döyüş yoldaşları ilə birgə sentyabrın 29-da Agdərə,
Tərtər, Suqovuşan
istiqamətində düşmənin
4 tankını göyə sovurmuşdu.
Elə buna görə də tez-tez bu xalq
mahnısını zümzümə
edən dostuna həvəslə qulaq asırdı.
Bura Vətəndir,
Gülü bitəndir,
Əlim
çatandır,
Ünüm yetəndir.
Əli çatdığı,
ünü yetdiyi bu Vətənin düşmən tapdağı
altında qalması onu çox incidirdi. Bu halı heç həzm edə bilmirdi. Torpağına şəhid qanı
tökülmüş millətin
azadlığının yaxında
olduğunu bildiyindən
özünü irəli
atır, mərdliklə
vuruşurdu. Şəhidlik zirvəsinə ucalacağı
günü gözləyirdi
Yusif Sabir oğlu.
Şəhidin ailəsində olarkən
anası Mehriban xanım dedi: Hər an analarımız oğullarını, xatunlarımız
ərlərini cəbhəyə
yollamağa hazır olmalıdırlar.
Ürəkli, dəyanətli Mehriban xanım özü də hazır olmuşdu buna. Və Müzəffər
Ordumuzun hər bir üzvü, hər birimiz hazır idik bu savaşa.
Bu günlərdə döyüş
yoldaşı Rahib Kərimov gəlibmiş. Deyib qara
rənglə üzünə
şırım çəkmişdi.
Gözlərindən od tökülürdü.
BMP-də üçümüz
idik. 4 tank, 1 "Ural" maşın məhv etdik. 1 Kamaz-ın
içində olan 20 erməninin külünü
göyə sovurduq.
Məhz bu döyüşdə, oktyabrın 1-də Məhəmməd
Osmanov da, Yusifbəyli Yusif də şəhid oldular. Taleyin xoş qismətinə
görə Rahib Kərimov zərbədən
yerə atılmışdı.
Bu isə onun
sağ qalmağına
səbəb olmuşdu.
Düşmənə zərbə vurduqca ürəyində uzun illər daşıdığı
yük azalırdı
Yusifin. Ürəkdə gəzdirilən yükün
ağırlığı isə
hamımıza məlumdur.
Qəribədir, bu cəngavər
bala sanki şəhid olacağını
bilirdi. Müharibə başlamazdan əvvəl,
aprel ayının 24-də
evə gələndə
Yusif anasına müjdə verirmiş kimi deyib; mən
şəhid olacam, ana. Narahat olur Mehriban xanım:
Şəhid olma, bala. Vuruş cəngavər kimi.
Sinəmizə çalın-çarpaz dağ çəkən ermənilərdən hayfımızı
al, bala.
Ancaq şəhid olma,
bala.
Yusif müharibəyə
yola düşəndə
üzündən yağan
xoşbəxtliyi görməmək
mümkün deyilmiş. Elə bil
şəhadət şərbətini
içməyə yox,
toya-nişana gedirdi igidimiz.
Atası Sabir yeməkxanada fəhlə işləyir. Çox zəhmiətkeş
insandır. Mehriban xanım
evin yeganə oğluna korluq verməmək üçün
özü də çalışıb, bekar
dayanmayıb.
Ana başı bağlı
bir xanımdır. Yusif 3 yaşınadək
xəstə olub.
Qanına infeksiya keçdiyindən
günləri xəstəxanada
keçirmiş. Atası
fəhləlikdən çətinliklə
qazandığı pulu balasının sağlamlığı
ücün
xərcləyirmiş.
Çətinliklə də olsa böyüyür
Yusif, boya-başa çatır. Dayısı qızı Xəyalə
ilə evlənir.
Yəqin
Rusiyada dayısının
yanında olan zaman qızı gözaltılayıbmış. Xəyalə
ondan kiçik olsa da, məhəbbəti
yaşından böyük
olub Yusifin.
Şəhidimiz cəmi 2 il
9 ay evli olub.
Nuray adlı ay parcası bir qızı var. 2 yaş 6 aylıqdır bu gözəl-göyçək
bala. Elə şirin, elə dilavərdir ki... Nə qədər də mehribandır. Tez-tez sual verir; ana, atam işdədir? Nə vaxt gələcək?
Dəcəl, həm də ağıllı baladır. Onlarda olanda yanıma gəlib, mənim düz gözlərimə
baxaraq dedi: Ata ürəkdir. Atasına o qədər bağlı
olub ki, onun yoxluğuna dözməyib, ağır
xəstələnib. "Yaşat" fondu köməklərinə
gəlib. Nuraya psixoloji yardım
göstərilib. İndi özünə
gəlib və onu inandırıblar ki, atası sağdır, gələcək,
onu qucaqlayıb bağrına basacaq.
İnanıb Nuray. Axı, nənəsi
həmişə deyir
ki, böyüklər
yalan danışmaz.
O da inanıb nənəsinə. Hələ "ürəyinin" yoxluğunu
bilmir. Səbirsizliklə atasının yolunu
gözləyir. Bu göpgöyçək
bala bir az da böyüyəndə, hər
şeyi olduğu kimi başa düşəndə biləcək
ki, sən demə, "ürəyi"
yoxmuş. Sən demə, böyüklər
də yalan danışırmış. Qəlbində çətinliklə çəkə biləcəyi
dərd əmələ
gələcək. Ancaq Nuray
həmişə qürurla
gəzəcək, başını
dik tutacaq. Axı, onun "ürəyi" müharibədə tək
balası üçün
döyüşməyib, bütün
balaları qoruyub.
Dövlətimiz, Ali Baş Komandanımız
onun "ürəyi"
olacaq.
İndilikdə isə bu balacanın dünyadan xəbərsiz dilləri, verdiyi sualları yandırıb yaxır babası Sabiri, nənəsi Mehribanı və yarından ayrı düşən
anası Xəyaləni.
Mehriban xanımı
əvvəldən də
tanıyıram. Vətənpərvərliyinə, yurduna-yuvasına olan sevgisinə ancaq qibtə etmək olar. Deyir ki, Yusifin xidmət
yoldaşları bir necə gün əvvəl bizə gəlmişdilər. Oğlunun qoçaqlığından,
göstərdiyi şücaətdən
ağız dolusu danışırdılar. Bilirsiniz, necə qürur bürümüşdü məni?
-İgidlərimizi məhv edən müharibənin özü də bir dəfəlik məhv olsun,- deyir ana. İgid oğlanlarımız şəhid olmasınlar. Allah mənim oğlumu şəhid etməklə mükafatlandırıb. Kim şəhadətə ucalıbsa, demək ki, uca tanrı onu seçib. Bir də ki, mən hec vaxt özümü tək hiss etməmişəm. Prezidentimə, millətimə qurban olum. Bu gün torpagımız azaddır. Və düşünəndə ki, bu zəfərdə mənim də balamın payı var, cox fərəhlənirəm,- deyir Almaz xanım.
Bu ailədə 3 uşaq dünyaya gəlib. Yusif, Asif və Ülvü. Vətən ücün doğulub bu igidlər. Şəhidin həyat yoldaşı Xəyalə Mehriban xanıma oğlunun yarımçıq qalmış arzularının davamçısı, həm də oğlundan bir nişanə Nurayın anasıdır. Xəyalə Yusifin nişan üzüyünü klon edib, boynuna asıb, gecə gündüz boynundadır. -Elə zənn edirəm ki, Yusif hər an yanımdadır. Yeri həmişə ürəyimin başında olacaq,- söyləyir gənc yaşında qara don geyinən bu məğrur qadın.
Özünü torpağa, balasını əzizlərinə əmanət verdi ölümündən sonra "Vətən uğrunda" ımedalına layiq görülən Yusif Yusifbəyili. Və o rahat uyuyur. Bilir ki, ağ günə çıxan bir Vətən qoyub geridə. Bilir ki, onu həmişə yaşadacaq əzizlərini qoyub geridə.
Əminə
YUSİFQIZI,
Respublikanın əməkdar
jurnalisti
Olaylar.- 2021.- 9-15 aprel.- S.18.