ÖLÜMSÜZ ÖMÜR YAŞAYANLAR

 

İkinci Qarabağ savaşı dediyimiz Vətən müharibəsindən sonra Azərbaycandakı Şəhid xiyabanları yenidən sıralandı, çiçəklər də, ömürlər də, yaşlar da təzələndi. Çiçək-çiçək gənclər boy verdi xiyabanlarda. Oğullar torpağın üstünə qanlarını axıdıb, torpağın altında yaşamağa başladılar. Ən yaşlısı 90-ların doğumu. Bəli, 1990-ların. O günlər xalqımızın ürəyi hər gün yanır, yandıqca da üşüyür, buza dönürdü. Bizə uzanacaq bir mərhəmətli ələ möhtac ikən, odlu silahlar, qanlı əllər uzanırdı. Hər sabahımız qaranlıqlara açılır, ümid gözləməkdən gözümüz dörd olurdu. Təpədən dırnağa qəm qoxuyur, hər gün qara torpaqlara can ödüyürdük. Ayaz vurub dondurdu dondura bildikcə bizi. Amma hər şeyin bir çarəsi varmış sən demə, yanan ürəyimizi soyudub, dondurub üşüdən dərdimizi sonlandıracaq oğulları gətirdi dünyaya analar. O körpələr, o körpələr yaşadığımız qorxulu doxsanları bizimlə yaşamasalar da, ağır yükünü daşıdılar çiyinlərində. Və o qorxunc doxsanların əvəzini ödədilər qanlarıyla.

Alın yazımızın düyünə düşdüyü günlərdə dünyaya gəlirdi oğullarımız. O qara günlü günlərimizdə doğulmuşdu Özal da. 1992-ci il oktyabrın 11-də. Yevlaxın Aşağı Qarxun kəndində əlinin qabarı, alnının tərilə yaşayan İdris Yusiflinin ailəsində ekiz oğlan doğulmuşdu. Bundan da böyük ümüd olardımı!? Ata-ana aslan oğullarının birinə Tural, o birinə vaxtilə Türkiyə Prezidenti olmuş, rəhmətlik Turgut Özalın soyadını vermişdilər. Hamı, vətəninə, elinə, ailəsinə onun kimi oğul olsun deyə xeyir-dua vermişdi İdrislə Pərvanəyə. Böyük qardaşları Toğrulla bərabər evdə 3 oğul, 3 ümid böyüyürdü.

 

Özal 8-ci sinifdə oxuyanda hərbçi olmaq arzusu ilə C.Naxşıvanski adına Hərbi liseyə imtahan versə də qəbul olmamışdı. Odur ki, təhsilini davam etdirərək Xanlar Məmmədov adına Aşağı Qarxun kənd tam orta məktəbini bitirmiş, 2010-12-ci illərdə hərbi xidmətini Naxçıxanda keçmişdi. Əsgərlikdən sonra bir müddət müxtəlif yerlərdə çalışsa da, hərbçi olmaq arzusu ağlından çıxmırdı. Və 2016-cı ildə niyyətinin dalınca getdi – Goranboydakı «N» saylı hərbi hissədə MAXE kimi xidmətə başladı. Manqa komandiri, kiçik çavuş kimi fəaliyyət göstərdi. Bu arada bir müddət hərbi polis kimi də təyinatlandı. Lakin 2020-ci ilin iyunundan yenidən Goranboydakı hərbi hissədə minomyotçu kimi hərbi xidmətinə davam etdi.

Valideynləri deyir ki, sonuncu dəfə sentyabrın 30-da evə zəng edib. Ata-anasıyla, həyat yoldaşıyla gülə-gülə danışıb, hər şey əladır, deyib. Amma sonuncu dəfə evdən çıxanda yoldaşı Elcanə ilə halallaşıb, 11 aylıq qızı Sahibəni qardaşlarına tapşırıbmış.

Müharibənin ən qanlı və qızğın getdiyi bölgələrdən birincisi Suqovuşan və Talış bölgəsi idi. O torpaq uğrunda nə günəşlərimiz söndü, neçə anaların ürəyi yandı. Onu bir biz bilirik, birbizi yaradan. Taleyüklü o ağır günlərimizdə Özal döyüşçü dostları ilə 2 post alıb, içərilərə qədər xeyli irəliləmişdilər. Döyüş dostları danışır ki, üçüncü postu almağa gedəndə hava dumanlı-çiskinli idi, qarşı tərəfi görmək mümkün deyildi. Qaranlıqda Talış meşələrində düşmənlə üz-üzə gələn döyüşçülər mövqelərini tərk etmədən sona qədər döyüşürlər. Özal o döyüşdə sol tərəfindən, ürəyindən və bədəninin bir neçə yerindən ağır qəlpə yarası alıb, ordaca şəhid olur. Nəşi bir neçə gün döyüş zonasında qalır. Oğlundan xəbər ala bilməyən ata onu itkin kimi axtarmağa başlayır. Bütün döyüş bölgələrində, hərbi hissələrdə axtarırlar. Bu vaxt təkcə ailə deyil, qohum, əqraba, el-oba təlaş içində sevindirici xəbər gözləyirdi.

Bu xəbərdən təkcə ailə deyil, bütün kənd camaatı sarsılmışdı. Hamı onun tapılması üçün qurban deyir, nəzir edirdi. Gənc olmasına baxmayaraq Özal ailəsinə, valideynlərinə hər kəsə gözəl davranışına, sağlam xarakterinə görə böyük hörmətə layiq idi, kənd camaatı xətrini çox istəyirdi. Özal Suqovuşanın Talış kəndinin azadlığı uğrunda qəhrəmanlıqla döyüşüb şəhid olmuşdu.

Mən ailəni ziyarətə gedəndə bunun bir daha şahidi oldum. Özal Aşağı Qarxunun fəxri, qürurudur. Anası Pərvanə xanımın, həyat yoldaşı Elcanənin göz yaşları bulaq kimi qaynasa da, neyniyək, təki Vətən yaşasın, Vətən sağ olsun, deyirlər. Bax budur millətimizin böyüklüyü. Özal kimi minlərlə gənc övladlarımız can suyu oldu, yenidən pöhrələndirdi, kökündən rişələndirdi vətənimizi. Ataların beli bükülsə , anaların ürəyi yansa da, göz yaşları qaynayıb içinə axır, sağlam dayaır qara dərdin qarşısında, cavan gəlinlər qaralar bağlasa da: «Övladımız atasız böyüyər, Vətənsiz böyüməz» dedilər.

Bizimlə birlikdə ailədə olan Aşağı Qarxun kəndinin poçtalyonu Bədəl Hacıyev Özaldan qürurla danışır. Deyir ki, yeniyetməliyindən özünü yekə kişi kimi ağır, ağayana aparırdı: «2018-ci ilin fevralında «Aytən» şadlıq sarayında onun toyuydu. O qədər qonaq vardı ki, insanların çoxu ayaqüstə qalmışdı. Çünki Özala hörmətlərindən təklifsiz o qədər qohum-tanış gəlmişdi ki… O qədər ədəbli, tərifəlayiq, özünü sevdirən gənc idi».

Elcanəyə baxıram. Elə dəyanətlə dayanıb kiDeyir Özal ölməyib, mən onun evimizdə olduğuna inanıram bundan güc alıram.

Qaynatasından, qaynanasından ağızdolusu, hörmətlə danışan gəlin, hər zaman onlarla bir yerdə yaşıyacağam, heç vaxt onlardan ayrı qala bilmərəm. Çünki bu ocaqda Özalın ruhu, nəfəsi yaşayır, qızı böyüyür.

Özalla bir yerdə döyüşən, sonra 70 gün erməni əsirliyində qalan, ölkə başçısının səyi ilə əsirlikdən dönən Emin Bərxudarov sağalan kimi yenidən hərbi xidmətinə davam edir, taqım komandiridir. Xidmətdə olduğundan görüşə bilməsək də telefonla danışdıq. Özalın igidliyindən, qorxmazlığından əfsanəvi qəhrəman kimi danışdı və belə oğullarımızın sayəsində indi bayrağımız Suqovuşanda, Talışda dalğalanır, dedi.

Özalın xalası qızı İntizar Rzayeva onun yoxluğunu qəbul etmək istəmirdi. İtkin kimi axtarılanda yaşadığı stresləri, həyəcanı özü bildiyincə şeirə çevirmişdi

Hamı səndən nigarandı,

Oğul itirmək yamandı.

Gözlərimiz yolda qaldı,

Salamat gəl, ay Özalım.

Gəlişini gözləyirik,

Neçə qurbanlar demişik,

Qovuşdursun Allahımız,

Səni bizə, ay Özalım.

Özalın ailəsində olarkən sevimli Prezidentimizin müharibənin gedişində müxtəlif zamanlarda dediyi bəzi fikirləri xatırladıq:

Biz bir qarış torpağımızı belə düşmənə güzəştə getməyəcəyik!

Biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəyik!

Biz işğal olunmuş torpaqlarımıza qayıdacağıq!

Bəli, bu sözləri müzəffər Sərkərdəmiz demişdidediyi kimietdi. İlham Əliyev xalqın bütün gözləntilərini həyata keçirdi. Və Ali Baş Komandan  Özal kimi igidlərlə birlikdə yeni müharibə tarixini yazdı.

Yusifli Özal İdris oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə «Vətən uğrunda» medalı ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır.

 

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti 

 

Olaylar.- 2021.- 16-22 aprel.- S.18.