Zamanı
içinə sıxışdıra bilən Böyük
Qadın
Müsahibimi cəmiyyətdə, ən çox da ədəbiyyat aləmində çoxları tanısa da, onu bir daha təqdim etmək mənim üşün böyük fəxr və zövqdür.
BDU-nun baş müəllimi, Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" media mükafatçısı, 16 bədii tale kitabının və çox sayda elmi məqalələr, publisistik yazılar, esselər müəllifi Sona Çərkəz. Daha dəqiq, 1994-cü ilə qədər Sona Məmməd qızı Quliyeva.
1995-ci il iyunun 3-də Saatlı rayonuna toy məclisinə gedərkən avtomobil qəzasında ömür-gün yoldaşı, folklorşünas alim Çərkəz Quliyevi itirdikdən sonra onun adını aldığı hər nəfəsdə, qəlbində yaşatdığı kimi, öz kimliyində də adı ilə yanaşı olmasını istəyir. Ölümə meydan oxuyan, həyat yoldaşının dünyasını dəyişməsinə iyirmi yeddi ildir ki, üsyan edib yoxluğu ilə heç cür barışa bilməyən bu geniş qəlbli qadın öz adı ilə yanaşı, ömür-gün yoldaşının adını da kimliyinə yazdırır (o dövrdə çətinliklə də olsa, buna nail ola bilir) və Sona Çərkəz olaraq dərs dediyi fakültələrin cədvəllərində, müəllifi olduğu kitablarda, məqalələrdə, xarici ölkələrdəki simpozium və toplantılarda, ümumiyyətlə, hər zaman və hər yerdə qoşa yazılır onların adları. Kimlərsə bunu təsəlli kimi başa düşür, kimlərsə vəfa borcu adlandırır, kimlərsə də sevgi... Sona xanım özü isə bir şeirinin aşağıdakı bəndində bu məsələyə belə aydınlıq gətirir:
Adını adımla qoşa yazdırıb,
Ölümün gözünü oymaq istədim.
El məni qınadı "unut" deyərək,
Mən isə adından doymaq istədim.
Ağrının-acının içində atəşdə yanan kimi qovrulan bu qadın Çərkəz müəllimin öz dediyi kimi yanmağı özünün həyat devizi seçib. Hələ sağlığında ikən yazdığı gündəliyində Çərkəz müəllim öz Sonasını yanıb kül olub, sonra öz külündən yenidən doğulan Səməndər quşuna bənzədib. Həyat yoldaşının onun yoxluğundan sonra nələrə sinə gərib, ayaqda dura biləcəyindən xəbərsiz halda, ömrünün ən rahat anlarında o fikri nədən yazdığı da bir başqa yazının mövzusudur, məncə.
Sona xanımın iyirmi yeddi ildir yaşadıqları, bir sözlə, həyatı yüzlərlə tanınmış qələm sahiblərinin diqqətini çəkdi. Onları təəccübləndirən bu yaşam öyküsünü qələm sahibləri onun ünvanına yönəltdi. Minlərlə təsəlli məktubu, məqalələr, esselər yazıldı. İlk açıq məktubu (1995-ci ildə) böyük şairimiz Bəxtiyar Vahabzadə ünvanladı Sona xanıma. Şəki şəhərində qələmə alınan bu yazı əvvəl "Şəki" qəzetində, daha sonra "Günay" qəzetində işıq üzü görərək Sona xanıma çatdırıldı. O yazıda Bəxtiyar Vahabzadə Sona xanımın ömür-gün yoldaşını itirdikdən sonra qələmə aldığı ilk kitabından ("Çərkəzli-Çərkəzsiz günlərim"dən) çox təsirləndiyini bildirərək deyirdi: "Sevimli ömür-gün yoldaşınızın itkisindən sonra çəkdiyiniz iztirabla siz öz kədərinizi yazdığınız kitab vasitəsilə qəlblərə köçürə bildiniz. Bu da ədəbiyyatda çox mühüm məsələdir...". Beləcə, ata, qardaş, həyat yoldaşının itkisini qəlbində heç zaman öləziməyə qoymayan, gedənləri də qalanlar qədər ürəyində yaşadan Sona xanım sədaqət simvoluna çevrildi. Nə xoş ki, illər sonra Sona xanım yenə müsahibimdir.
-Salam, Sona xanım, xoş gördük. Sizdən, daha doğrusu, yaşamınızdan, alın yazınızdan və ya qismətinizə düşən ayrılıqlardan çox tanınmış qələm sahibləri söz açıblar. Elə mən - Əntiqə Qonaq da. Lakin bu gün Çərkəz müəllimin ad günü ərəfəsində sizinlə həmsöhbət olmaq keçdi ürəyimdən.
- Etibarlı, qədir bilməyi bacaran, dəyərli insanlarla bir arada olanda yaxşı olmağa çalışıram. Həyat bəzən məni çox yorur, hətta ümidsizləşdirir. Lakin Allah belə bir vaxtda məni elə insanlarla qarşılaşdırır ki, dinləmək maraqlı, görmək xoş olur, səmimiyyətlərindən güc-qüvvət almaq və səbirsizliklə yenidən görməyə can atmaq keçir ürəyimdən. Düşünürəm, nə yaxşı ki, var yaxşılar, yoxsa dünya nəyə yarar... Doğru deyiblər, dünya yaxşıların üzünə gözəldir.
- Sona Çərkəz nədən qorxur həyatda, nədən nigarandır?
- Əslində, təbiətən aciz və qorxaq adam deyiləm. Amma bu gün həyatda qorxmağa bəzi məqamlar vardır sanıram. Mən öz yaşamımda haqq-sayı uca tutan, bir səmimi salamı belə dəyərləndirən, ölüsünün, dirisinin qədrini bilən insanları çox istəyirəm və elələrindən güc alıram. Lakin elə adamlar da var ki, onu çiyinlərinə alıb gəzdirərsən, boynundan basar. Görmədiyi mərtəbəyə layiq bilərsən, deyər elə yurdum-yuvam buradaydı. Doğrudanmı, insanlara çox diqqət göstərdikcə adam özü dəyərdən düşür? Elələri haqda rəhmətlik ömür-gün yoldaşım deyərdi: "Sona, unutma, bəzi insanların ümumiyyətlə lüğətində "sağ ol" sözü yoxdur". Haqlıymış. Bax, əslində, belə insanlardan qorxuram, qızım.
Nigaranam övladlarımdan. Pis vaxtlarında ata itirdilər, nisgillidirlər. Ataları sağ ikən addımbaşı onlara "qurban olum" deyənlər, boyunlarına sarılanlar iyirmi yeddi ildir ki, çox uzaqdadırlar. Qəribədir bu dünya. Vəzifəli, pullu, arxalı olana məhəbbətlə yanaşır hamı. Mən həmişə demişəm, can yandırmaq, təəssüb çəkmək, isti münasibətdə olmaqdır qohumluq, doğmalıq. Daşa sual verirlər sən niyə daş oldun? Deyir daşlara rast gəlib daş oldum. Biganə davranışlar, soyuq münasibətlər hər vaxt mənim sarsılmağıma səbəb olur. Ayaqda olanda yox, yıxılanda yanımda olan, qolumdan tutandır doğmam. Doğma sözü haqqında da fikrim müsbət deyil. Doğmalıq nə qandadır, nə canda. Səni anlayan, gözəl insani keyfiyyətlərə malik olan, səninlə ürəyi bir vuran, sən ağlayanda ağlayan, sən güləndə güləndir doğman. Hamımıza məlum olan bu gün baş verənlər təəssüf ki, doğmalığı da, yaxınlığı da dondurdu.
-Sevimli və sadiq həyat yoldaşınız Çərkəz Quliyevdən sizi 27 illik bir zaman məsafəsi ayırır. Bu zaman kəsiyini siz onsuz, amma ikinizin yerinə yaşadınız. Necə yaşadığınızı sizdən gözəl kimsə bilməz.
- Çox gözəl sualdır, doğru vurğuladınız, ikimizin yerinə yaşadım. Amma kaş Allah bu ömrü Çərkəzə yaşadaydı ikimizin yerinə, çox ağır olsa da. İnanın, bunu da ona qıymadan söyləyirəm. Çox çətin dözərdi o, mənim dözdüklərimə. Amma yenə övladlarım ürəkli olardı bu yaşa qədər.
Bir dəfə yol gəlirdik BDU-dan evimizə. Kiçik oğlumun fakültə dəyişmək məsələsinin həlli üçün üzdəniraq bir təhsil nazirinin (vaxtilə həmkarımız da olmuşdu) qəbuluna getsək də, etiraz cavabı aldıq. Onu da deyim ki, Çərkəz təbiətən xahiş etməyi sevməzdi. Və bir daha bu məsələni qabartmamağa söz verdi.
O məsələni universitetin rəhbərliyi səviyyəsində mənim xahişimlə rəhmətlik akademik Vasim Məmmədəliyev həll elədi. Ruhu şad olsun, məkanı cənnət. Çərkəz məsələni həll olandan sonra bildi. Çünki mənim də kiməsə ağız açmağımı istəməzdi. Məsələ həll olan günü oğlumun yanında dedi: "Allah məni Sonadan əvvəl aparsın. Mən onun cəfakeşliyinə, fədakarlığına arxayın olaram". Bu gün o cümləni xatırlayanda sinəm göynəyir, kaş o fikri dilinə almayaydı.
Çərkəzsiz çox ağır yaşadım desəm, əslində rahat cavab alınacaq. İyirmi yeddi ilin nisgilli ayları, illəri, uşaqlarımın atalılardan seçkin olmaqları, Çərkəzin təzə ev alıb içində otura bilməməsi, nəvə görməməsi, dostlarının və həmkarlarının arasından əlli dörd yaşında qəflətən ayrılması ağrı yox, qaysaq tutmayan yaradır köksümün altında. Lakin mən bu dərdi kiminsə evində, yanında deyil, kağız-qələmlə bölüşərək çəkdim. Çünki insanların çoxu dərddən yorulur, bezir. Rəhmətlik Tofiq Hacıyev demişkən, mən dərdimi də sevinc kimi bağrıma basa bildim. Ən doğma adamın belə bir gün "bəsdir!" deyib səni yaralayır. Bəzilərinə əfsus ki, dərdimi qələm-kağızla bölüşməyim də əcaib görünür. Neyləyim, arsız olammadım. Mən belə yaşaya bildim.
-Bərabər olduğunuz 27 ildə onsuz, onun xatirələri ilə təsəlli tapdığınız bir qərinəyədək müddətdə nələr yaşadınız?
- Haqlısınız, qərinəyə bərabər
müddətdə yaşadıqlarımın
hamısını desəm, bir müsahibəyə çətin
sığar. Bir yerdə olarkən yaşadıqlarımla
onsuz keçən illəri yan-yana gətirmək istəmirəm.
Kəndə qoşa gedərdik bir neçə günlüyə,
hamı qabağımıza qaçar,
görüşümüzə gələrdi. Can deyib sinələrinə
vurardılar. İndi kəndə getmək söhbəti
düşəndə o günləri xatırlayıram və
"kimə gedim" sualı qarşımda divara
çevrilir. Ona cavab verə bilmirəm. Döndü
insanların üzü. Bizim isə Çərkəzli
günlərimizdə o balaca evimizin qapıları nəinki
qohumların, heç dost-tanışların da üzünə
bağlanmazdı. Kimlər gəlib getmədi bizlərə...
Xəstəxanaya adam gətirənlər, toya hazırlıq
görənlər, övladlarını əsgər yola
salanlar, uşaq oxutduranlar... O zaman indiki kimi paytaxtda heç kimin beş-altı evi
yox idi. Hamının üz tutduğu bir ünvan var idi... Çərkəzdən sonra isə bunlar
hamısı yalan olub. Çoxunun
yaddaşı paslanıb sanki. Mən bu
dünyada bir anın da, bir dəqiqənin də, bir
salamın da, bir ürəkdən gələn "necəsən"in
də dəyərinin bilinməsinin tərəfdarıyam.
Dəyər diqqətdir, əzizlərim. O
nə paydır, nə süfrədir, nə də pul.
-Söhbətlərinizdə,
müsahibələrinizdə tez-tez zamandan gileylənirsiniz. O
zamandan ki, Lao Tszinin təbirincə desək, bir daha gəlməmək
şərtilə həyatımızdan gedir.
- Zaman
haqqında fikirlərinizlə, o deyimlərlə yarama
toxundunuz. Lakin adamı yandıran odur ki, itirdiyi
zamanı (özü də qədirbilməzlərin yolunda) geri
qaytara bilmir. "Əfsus"lar və
"kaşki"lər yuxumu əlimdən alır. Mənim üçün zaman çox qiymətlidir.
Kimin yolunda xərclədiyimizi bilək gərək.
Təəssüf ki, bunu xərclədiyimiz zaman
dərk edə bilmirik.
Bəzən işdən tələsik evə gələrdik,
ağzımıza bir tikə çörək almadan gedərdik
rayondan üzü bəri gələn xəstələrin
yanına. Onların arasında ata qohumlarım da olub, ana
qohumlarım da. Çərkəzin
bacıları da, bacısı uşaqları da, yeznələri
də, kənddən gələn dost-tanışlar da. Bir dəfə yox, hər gün. Bir sözlə, biz özümüz
üçün yaşamadıq. Qonşularımız
belə dilə gələrdi. Yollar
yorğunu olduq o illərdə. Amma indi o
vaxt itirdiyim zaman ağrısının, həsrətin
sızıltısı məni çox incidir. Suallarıma cavab gəzirəm, tapmayanda
özümü günahkar bilirəm. Və
nə yazıq ki, bu gün də dəyişə bilmirəm.
Mən bu gün də yenə hamını
düşünməyi bacarıram. Və
o zaman itkisi sağlamlığıma yetərincə zərbə
vuraraq hər gün özünü xatırladır. İçimdə ölən zamana çox heyfim gəlir.
Çünki o itirilən zaman ömrə
yazılmır.
Eşidirəm,
hərdən çalır qulağım,
Deyirlər
ki, Sona hələ yaşayır...
Amma
görən o deyənlər bilirmi,
Bu "bəxtəvər"
hansı yükü daşıyır?..
İçimdə ölməyən bir zaman var - məndən
kiçik olsa da, özümün də,
övladlarımın da çiyinlərində çox
haqq-sayı olan el bərabəri qardaşım Füzuli və
sonsuz diqqətini heç unuda bilmədiyim Çərkəzlə
bağlı zamandır ki, mən öləndə öləcək. Həqiqətən
onlarla bağlı zaman gözlərimin önündə
canlıdır, itmir.
Amma nə olur-olsun, ağrı hiss etmək, acılarla
yaşaya bilmək bir insanlıq halıdır.
-
Haqlısınız, Əntiqə xanım. Rəhmətlik
Bəxtiyar Vahabzadə də mənə
ünvanladığı təsəlli yazısında bu fikirləri
söyləmişdi - Bəli, Sona xanım, şadlıqda,
sevincdə düşüncə yoxdur. Bizi
düşündürən ürəyimizə sığmayan
dərdimiz, qəmimizdir. Dərd bizi
idrakımızın zirvəsinə qaldırır,
böyüdür. Sevinc isə bizi
idrakımızın üst qatında yelləndirib
kiçildir. Əlli illik
yaradıcılıq təcrübəmdən deyə bilərəm
ki, ən tutarlı, ən uğurlu yazılarımı mənə
dərdim yazdırıb. Ona görə də bu
misraları gəlişi gözəl söz kimi deyil, gəldiyim
qənaət kimi demişəm:
Dərdim
olmasaydı, dərd tutmaq üçün
Dərdin dəryasına tilov atardım.
Sevinci
qaşıyıb, vallah, mən hər gün
Sevincdən özümə dərd yaradardım.
Əgər
olmasaydı dəryaca dərdim,
Dərdin yoxluğunu mən dərd edərdim.
Sona xanım, bununla belə, ədəbiyyatda əsas məsələ
dərdin özündə deyil, dərdin ifadəsindədir. Siz bunu da tapa bilmisiniz:
"Dağlardan duman çəkilər, fəsillər dəyişər,
gün batar, ay doğar, yenə ağaclar çiçəklər,
amma Çərkəz dönməz bu vəfasız
dünyaya...". Yaxud: "Mənim
taleyimin sənlə keçən bir anı, bir bayramı, bir
günü yüz illik sənsiz ömrümə dəyər".
Yaxud: "Sənin yoxluğuna inanmadığım halda, sənin
yoxluğundan yazmağa başladım" və s.
Misal gətirdiyim bu cümlələr Sizin imzanız
deyil, dərdin imzasıdır. Eyni hissləri mən,
sevimli şairimiz N.Həsənzadənin dünyadan vaxtsız
getmiş xanımına həsr etdiyi şeirlərdə də
görmüşəm.
"Sona xanım, ay mənim millətimin müasir Burla
Xatunu, Banuçiçəyi, Həcəri, Siz bu
yazınızla məhəbbət və sədaqət rəmzinə
çevrilib, öz kitabınızın qəhrəmanı
oldunuz. Axı, əsl türk Xatunu ömür-gün
yoldaşına bəslədiyi böyük sevgisində və
ona olan sonsuz sədaqətində həmişə qəhrəman
səviyyəsinə yüksəlmişdir.
Həyatın bütün nemətlərinə göz
yumub, yalnız ömür-gün yoldaşınızın
xatirəsi ilə yaşamağınız bütün gözəl
milli dəyərlərimizin unudulduğu indiki zamanda
böyük fədakarlıq və böyük qəhrəmanlıqdır. Siz indiki
ağır şəraitdə onun yazılarını
çap etdirməklə öz ömrünüzü deyil,
onun ömrünü yaşayıb, onu yaşatmaq
üçün yaşayırsınız. Nə qədər əzablı olsa da, bu cür ikili
ömrü yaşamağa dəyər.
Ona rəhmət, Sizə isə böyük səbr və
dözüm diləyirəm".
Dərin
hörmətlə: Bəxtiyar VAHABZADƏ, Xalq şairi.
-İnsan zamanın içində deyil, zaman insanın
içində yaşayır (Henri Berqson). Məncə
siz öz zərif vücudunuzda qos-qoca bir zaman
yaşadırsınız. Amma nə olursa olsun
ağrı hiss etmək, acılarla yaşaya bilmək bir
insanlıq halıdır. Nə xoş ki, Siz belələrindənsiniz.
- Təşəkkür
edirəm Əntiqə xanım. Mənim bu dərdli
qəlbimi ovudan, azacıq olsa da, ağrı-acımı
sığallamağa çalışan çoxlu qələm
əhli olub həyatımda. Mənim insani
yaşantılarıma, həyat yoldaşıma sədaqətlə
bağlılığıma heyran qalaraq, heyrət edərək
haqqımda çox dəyərli məqalələr yazan
çoxlu sayda yazıçı və jurnalistlər olub.
Hamısına ömrümün sonunadək minnətdar
olacam. Mənə dəyər verən dəyərlilərim
arasında usanmadan, yorulmadan, təkrarən, dönə-dönə
mənim haqqımda yazan mənəvi qızlarım Esmira,
Aynur, Əntiqə var. Sən 20 ildən çoxdur mənim
ağrılarımı, qəlbən
yaşadıqlarımı olduğu kimi, yəni illər
sonrası da hər dəfə oxuyanda
aktuallığını itirməyən, mənim ruhumu titrədən
yazılar yazan bir müəllifsən. Bunun
üçün də, sənə sonsuz təşəkkürlərimi
bildirmək borcumdur.
- Əslində Sizin kimi milli mentalitetimizi qoruyub saxlayan,
qadınlarımıza sədaqət simvolu kimi nümunəvi
bir həyat təcrübəsi göstərən bir
xanımdan yazmaq və örnək göstərmək biz
yazarların vicdan borcudur. Yaxşı ki,
dünyamız sizin kimi dəyərlərdən xali deyil.
Yoxsa həyat çox miskin, cılız görünərdi
gözümüzə...
Müsahibəni
qələmə aldı:
Əntiqə Qonaq, əməkdar jurnalist.
PS: Sona xanımın, uzun illər
prokurorluq orqanlarında vicdanla çalışmış
Füzuli Məmmədovun, icra strukturunun dövlət
qulluqçusu Fəzli Məmmədovun cəfakeş və
qayğıkeş anaları, ömrünün 55 ilini
şagirdlərin maariflənməsinə və təlim-tərbiyəsinə
həsr etmiş pedaqoq, ziyalı Səriyyə müəllimə
haqq dünyasına qovuşdu. Nur içində uyusun. Ailəsinə
və doğmalarına dərin hüznlə
başsalığı verirəm.
Olaylar.- 2021.- 23-29 aprel.- S.22.