Doğum gününü heç vaxt qeyd etməyən Şəhid

 

 

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,

Şəhidlər azadlığın od-şimşək zərrəsidir.

Şəhidlər tarixləşən - istiqlal türbəsidir,

Şəhidlər şimşək kimi buludlar saxlamazlar.

Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

 

2020-ci ilin sentyabrın 27-dən başlayaraq yaşadığımız  hər gün tarixə yazıldı, unudulmaz oldu. İllərdir düşmən tapdağında qalan torpaqlarımız işğaldan azad olundu. Bu zülmlə, işğalla barışmayan Vətən oğulları gücünü, mərdliyini düşmənə göstərdi və o torpaqlar 44 gün müddətində işğaldan azad olundu.

 

Bu dəfə sizə yazının başlığında olduğu kimi, heç vaxt doğum gününü qeyd etməyən şəhidimiz Tural Abdullayevdən danışacam. Şəhid Turalın bacısı ilə kiçik söhbətimiz bir qəhrəmanın şücaətini, ona  olan  xalq sevgisini özündə əks etdirir.

 

- Abdullayev Tural Şakir oğlu 1990-cı ilin fevral  ayının 26-da  Laçın rayonunda anadan olub.  Biz Xocalı şəhər məcburi köçkünlərindən idik. Qardaşımın doğum tarixi Xocalı soyqırımına təsadüf edib. Bu otuz ildə o heç vaxt özünə doğum günü qeyd etməyib. Həmişə deyirdi ki, mən bu günü  özümə heç vaxt doğum günü kimi qeyd edə bilmərəm.

 

 

 

Tural Abdullayev 2008-2010-cu illərdə Xüsusi Təyinatlı Qüvvələrin Salyan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edib.

 

- Vətən müharibəsi başlayandan  qardaşım olduğu hərbi  hissədə yığım olub. Qardaşım da adını könüllü yazdıraraq "Ora mənim torpağımdır,  mən də vuruşacağam" deyib döyüşə yollandı. Bizqorxurduq, getmə desək də,  sözümüzü dinləmədi. Tək dediyi bu  idi: "O torpaqlar mənim torpağımdır,  mən    gedib vuruşacam, bu, mənim borcumdur". Tural çox vətənpərvər idi,  vətəninə , xalqına çox bağlı idi.

 

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Tural Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın  işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Tural Abdullayev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub.

 

- Kitab oxumağı hədsiz sevirdi. Boş vaxtlarında, növbədə olduğu günlərdə, hətta təlimlərə getdiyi zaman boş vaxt tapan kimi kitab oxuyardı. Hələ oxuduğu kitabları dostlarına, yoldaşlarına hədiyyə etmişdi.  Ali təhsili olmasa da, araşdırma aparmağı çox sevərdi, çox savadlı idi.

 

 

 

- Qardaşım Tural nişanlı idi. Hərisini təzə almışdıq,  gözləyirdik ki,  məzuniyyətə gəlsin,  ona nişan edək. Sonuncu  danışıqlarımızda ona dedik ki, "hər şey hazırdır, sən sağ-salamat gəl, gedib nişan edək".  O,  " İnşallah,  təki sağlıq olsun" cavabını verdi.

 

Bir bacı olaraq onunla çox danışdım,  dəfələrlə dedim ki, səndən başqa kimsəmiz yoxdur. Amma o, yenə də eyni cümlələri işlədirdi: "Mənə hara desələr, orada da vuruşacam". Onda vətənə, xalqa  sevgi o qədər böyük idi ki,   ona heyrətlə baxırdım.  Qorxmaz idi Tural. Nə qədər sakit təbiətli görünsə də, işində sözün əsl mənasında ləqəbi kimi, "Canavar- bozqurd" idi.

 

Tural yüzdən çox erməninin qisasını alıb,  öz döyüş yoldaşları ilə  düşmənin 3 silah maşınını  darmadağın edib.  Bir kapitan, kapitanın köməkçisini və sürücüsünü  şəxsən üz-üzə məhv edib.

 

Bilirsiniz, bəzən düşünürəm ki, insan həqiqətən çox qəribə varlıqdır. Tural öz qanını yerdə qoymadı. İş yoldaşları bunu bizə deyəndə biz bir az  da olsa,  təskinlik tapdıq. Tural düşməndən həm xalqımızın, həm də  özünün qisasını aldı.

 

Şəhid Tural Abdullayev 12 illik xidməti dövründə və şəhadətindən sonra ordenmedallarla təltif edilib. Belə ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının "20 illik Yubileyi döş nişanı" , "Milli Ordunun 100 illik medalı", "İşində göstərdiyi qüsursuz xidmətə görə 3-cü məharət dərəcəsi" orden və medalları ilə  təltif olunub. 

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Tural Abdullayev ölümündən sonra "Qarabağ" ordeni , "Vətən uğrunda" medalı,  "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

 

Gülər Seymurqızı

 

Olaylar.- 2021.- 23-29 aprel.- S.20.