Qarabağda erkən açan hər lalə bir şəhiddir

 

Torpaqlarımız işğaldan azad olunduqdan sonra istər dövlət səviyyəsində, istərsə kollektiv və fərdi şəkildə 30 ilə yaxındır həsrət qaldığımız torpaqlarımıza ayaq basan insanlar, azad yurdlarımızın necə qıpqırmızı lalələrə büründüyündən, düzlərimizin qaymaqçiçəyi, bənövşə və başqa çiçəklərlə gəlin kimi bəzəndiyindən yazır, rəsmini çəkib paylaşırlar. Çaylarımız şırıl-şırıl axır, düşmən suyundan içməsin deyə, içinə axan həyalı bulaqlarımız qaynayıb daşır artıq. Uzun illərdir o torpaqlarda qanqallar bitər, düşmən də gözümüz baxa-baxa od vurub yandırardı ucsuz-bucaqsız qanqal sahələrini. Orada torpağımız, burada ciyərimiz yanardı bizim. Bu yaz isə bir başqadır Qarabağ, lalələr lap erkəndən pardaqlayıb. Nədir bu ilahi hikmət?! Hər lalə bir şəhiddir yoxsa?! Çiçək-çiçək açıblar qan rəngində. Bulud kimi dolub, boşalan anaların göz yaşı ola, bir də oğulların qanı. Açmazmı lalələr!

 

Qan sızar,

 

Göz-göz yaram qan sızar.

 

Lalələr şəhid qanı,

 

Ləçəyindən qan sızar.

 

 

 

Nəbzi Vətən ruhu ilə vuran Paşayev Əvəz Telman oğlu da o lalələrin içindən boylanır yurduna, körpə Gülnazına. Nə bilirik, bəlkə: "Bax, qızım, mən ölməmişəm, çiçəkləmişəm, sonsuza qədər hər yaz bu yerlərdə çiçək açacam, səni görməyə gələcəm. Hər yaz bu dağlarda açan lalələr bizik, mən və mənim kimi bu torpaq uğrunda qanı axan əmilərin, dayıların. Düşmənin ürəyinə heç vaxt sağalmıyacaq əbədi dağ basmışıq", deyir.

 

1995-ci ildə Marzılı kəndində anadan olmuşdu Əvəz. Bütün uşaqlar kimi nadinc, həm də gözəl günlərlə dolu uşaqlığı keçmişdi, isti yeri anasının qoynu, bir də ayaqları altında yorulub yorğun düşən yollar idi. Kəndlərindəki Şəhid Əlövsət Yolçuyev adına orta məktəbi bitirdikdən sonra valideynlərinin razılığı ilə Mingəçevirdə dini təhsil almışdı. 2012-cü ildə hərbi xidmətini əvvəlcə Bakıda, sonra Ağcabədidə keçmişdi. 2015-ci ildə əsgərlikdən sonra hər gənc kimi iş qayğısı ilə yaşayır. Atası Telman kişi deyir ki, heç bekar durmağı sevməzdi. Çalışmaq, ailəsinə yardım etmək istəyirdi. Bir müddət Bakıda fəhlə işləyib qazancını ailəsinə göndərirdi.

 

Həyat yoldaşı Aişəni bir qohumunun toyunda görüb bəyənir və gənclər nişanlanırlar. 2018-ci il aprelin 10-da ailə həyatı qururlar. Xoşbəxt günlər idi, gəlinin ayağının altında qırmızı lentli, xınalı qoç kəsilib, xeyir-dua ilə toy etmişdilər. Gəlin də qaynanası-qaynatası, baldızı ilə mehriban davranır, xoşbəxt yaşayırdılar. Əvəz yenə də Bakıda çalışır, qazandığı pulla kənddə özünə ev tikdirirdi. 2020-ci ilin aprelində ilk övladı dünyaya gəlir, qızına canından çox sevdiyi anasının adını verir, Gülnaz.

 

Göz yaşı qurumayan Aişə xoşbəxt günlərindən həsrətlə, göz yaşıyla danışır. Deyir ki, hər şey yarımçıq qaldı, gözüm onu axtarır, canından çox sevdiyi qızı onsuz böyüyəcək...

 

Əvəzin 58 yaşlı atası Telman ömür-gün yoldaşı, rəhmətlik Gülnaz xanımla birgə iki övlad böyütmüşdülər. Qızı Aynurə ailəlidir. Telman uzun illər Mingəçevirdə elektrik işləyib. İndi də fərdi təsərrüfatında çalışır, maldarlıqla məşğul olur. Kənddə hamı bu ailədən razılıq edir. Bibisi deyir ki, Əvəz kimi oğul yoxidi, ondan bir daha gəlmiyəcək. Ailəcanlı, istiqanlı, qohumcanlıydı. Lap yeniyetməliyindən irəlini düşünən, ailəsinin qayğısını çəkən, böyük kimi tərbiyəli, ləyaqlı gənciydi, çox heyf.

 

2020-ci il sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan olunur. Əvəz bütün işlərini yarımçıq qoyub, səfərbərliyə yazılır və təlimlərə cəlb olunur. Sentyabrın 27-də təlimlərdən birbaşa müharibəyə yollanır. İlk gündən Tərtər-Ağdərə istiqamətində döyüşlərə atılır və Suqovuşanın azadlığı uğrunda savaşlarda qəhrəmancasına döyüşür. İmkan olduqca evə zəng edir, ata-anası, yoldaşıyla danışır, qızının səsini dinləyirmiş. Sentyabrın 28-də qaynatası Elbrus Rəhimova zəng edir, deyir ki, hər şey əladır, narahat olmayın.

 

Əvəz piyada əleyhinə artilleriyada təlim keçsə də, tank əleyhinə döyüş mövqeyində vuruşur. Sonuncu gün döyüşçü dostu Amillə bir konfeti bölüb çay içiblər, ona deyib ki, qızım üçün çox darıxıram. Onun dünyaya gəlməsi üçün bütün qazandığımı xərclədim ki, övladım olsun. İki arzum var, qızımı görüm, ondan ayrılmayım, bir də vətənim azad olsun, bitsin bu bəla. Amil danışır ki, yaxşı bilirdi ki, elə indilərdə yenidən döyüşə girəcəyik, amma müharibənin dəhşətlərindən heç qorxmurdu, iki gün döyüşsə də, qəhrəmanlıq göstərirdi. Bu gün də ailəsinə baş çəkən döyüşçü dostları Əvəzin qəhrəmanlıqlarından ağızdolusu danışırlar.

 

Əvəz sentyabrın 29-da Suqovuşanda şəhid olub. Atası neçə gün axtarsa da, oğlunun şəhid olduğunu ona deməyə cəsarət etməyiblər. Oktyabrın 12-də şəhidin nəşi ailəsinə təhvil verilir. Həmin gün Hacışelli kənd qəbristanlığında dəfn olunub. Əvəz qaynı Eldənizlə eyni cəbhədə vuruşub. Eldəniz də bir neçə yerdən qəlpə yarası alıb.

 

Əvəzin anası Gülnaz başıbağlı, dindar ev qadını idi. Dərddən bağrı köz-köz olmuşdu, göz yaşı qurumur, hər gün oğlunun dərdindən solub tökülürdü. Və dözə bilmədi, yorulmuşdu həsrətdən, heysiz qalmışdı dərddən. Bu yükün ağırlığını ömrü boyu çəkə bilməyəcəyini düşünüb intiharı, oğluna qovuşmağı seçdi. 2021-ci il aprelin 2-də Əvəzin ölümündən sonra yaşayışlarını daha rahat etmək üçün "Yaşat" fondunun onlara tikdiyi evdə özünü iplə asıb öldürdü. Kaş ki, gəlini ilə əl-ələ verib nəvəsi Gülnazı böyüdəydi, oğlunun qoxusunu ondan alaydı. Gülnaz Hacışellidə oğlunun yanında dəfn olundu, oğluna qovuşdu.

 

Paşayev Əvəz Telman oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır.

 

Əminə Yusifqızı

Respublikanın əməkdar jurnalisti

 

Olaylar.- 2021.- 23-29 aprel.- S.18.