“Azərbaycanın sakral coğrafiyası”
silsiləsindən Şahdağın müqəddəs ruhu və
irfani məkanları...
XII yazı
Böyük
Qafqaz dağlıq silsiləsinin Azərbaycan Respublikası ərazisindəki
ən yüksək zirvəsi olan Bazardüzü (4466 m) səthinin
geniş, hamar sahəsi (2000 hektara yaxın) qədim dövrlərin
(250-300 il əvvəl) alış-veriş, bazar meydanı
olmuşdur (Xınalıq kəndindən 17-20 km şimal-qərbə).
Burada Dağıstandan, Şimali Qafqazdan, Şirvandan,
Car-Balakəndən... gələn tacirlər, sövdəgərlər
halal-bərəkətli ticari əlaqələr yaradıb.
Bazara aid daş köşklər, masalar (eni-uzunluğu 2-3 m, hündürlüyü
1,5 m), oturacaqlar indi də qalmaqdadır (sayı 50-60 olar).
1970-ci illərdə burada daşlaşmış balıqlar
(uzunluğu 15-20 sm) tapılmışdır.
Yaxınlığda Qusarçayın sol qolu Şahnabat
çayının (uzunluğu 12 km) mənbəyi yerləşir.
İslami-mistik anlamda ticarət özü də
halallıqla-irfanlıqla olmalıdır.
Müsəlman-Türk dünyasının Cənubi
Qafqazda dini-irfani irs zənginliyi, əhalinin sakral-ruhsal
dünyagörüşünün maddi-mənəvi
ocaqları tarixi-coğrafi məkan üzrə Böyük
Qafqazının əski tarixi ilə sıx
bağlıdır. Qusarçay və Qudyalçay
hövzələrinin yaşayış məntəqələri
(Xınalıq, Qalayxudat, Qrız, Əlik, Qımılqazma,
Susaykənd, Gəray, Alpan...) müqəddəs ziyarət-ibadət
ocaqlarının, qədim məbədlərin, qəbirstanlıqların,
mədərəsə-karvansarayların, Şəhid məqamlarının
("Qanlı dərə", Pir düzü) ...ünvanı
kimi həm də əski maddi-mədəniyyət mərkəzləridir.
Bu qədim zənginliyin bir hissəsi Alpan-Xınalıq kəndləri
arasında, Susayçay yatağı-Qızılağac
meşəliyi boyunca yayılmış və Gəray-Susay kəndləri
(bu ara 6 km-dir) hövzələri xüsusilə seçilir.
Susayçayın sol sahilində
(200 m kənarda), Gəray kəndindən (30-35 evli) şimala
100-500 m aralıda palıd, fıstıq, vələs meşəliyi
işərisində "Yel piri" mistik-irfani ziyarət
ocağı kimi, həm də müalicəvi (bel-oynaq
ağrısı, yel, revmatizm xəstəliyinə görə)
gücə malikdir, təbii ki, ocağa
edilən niyyətin, orada oxunan duaların və ocağın
yanından axan yağlı suyun təsiri ilə. Niyyət
tutub bu ocağa gəlib, sonra sağalanlar orada qurban kəsir və
ya vələs ağacının budaqlarına sap, parça
bağlayaraq, niyyətlərinin qəbuluna görə
Uca Haqqa dua-səna edirlər.
1980-ci illərdə 300 ilə
yaxın tarixi olan "Yel piri"nin üstündə iki
otaqdan ibarət ağ dəmir örtüklü gümbəz
tikilib (10 m x 4 m, hündürlüyü 3-4 m, Gəray kənd
sakini Yaşar İcazəddin oğlu Həsənov (1966) tərəfindən),
otaqların birində qara palıd
ağacından (uzunluğu 3 m, eni 1 m, hündürlüyü
50 sm) hovuz qoyulub, arxadan axan yağlı bulaq suyu oraya
yığılır. Çaydan gətirilmiş ağ
daşlar həyətdə qızdırıldıqdan sonra
(müalicə əsasən yay aylarında aparılır)
hovuza qoyulur, su qızdırılır (20-70 dərəcə
arası) və xəstə 2-3 saat orda qalıb tərlədikdən,
ağrılardan xilas olduqdan sonra çıxıb yan otaqda
yorğana bükülür, nəfəsini dərir və evinə
qayıdır. Dini-irfani və müalicəvi təmrinləri
aparan, ocağa mücörülük edən Gəray kənd
sakini Faizə Abzal qızıdır (1960). İstər
ocağın qalanmasında, istərsə suyun
qızdırılmasında xüsusi dualar oxunur, Haqq-Təaladan
sidq-ürəklə diləklər istənilir.
Əvvəllər bu hovuzu 1915-ci ildə Susay kənd
sakini Sirac Yusif oğlu Bədirxanov (1890-1985) düzəltmişdir,
indi isə onun şagirdi Məhəmmədtağı
Tacalmülk oğlu Pəncəliyevin (1937-2020)
hazırladığı istifadə edilir.
Susayçayın
(Qudyalçayın sol qolu) sağ və sol sahillərində
yerləşən qədim Susay (kəndə bitişik
"Yumru", "Canqulu", "Yoxuş kol",
"Güney meşə", "Baxçanın dərəsi"...
meşələrindən axan "çoxlu bulaqlar" mənasını
(15-ə qədər, "Qızdırma bulağı",
"Qoşa bulaq","Fındıqlı bulaq",
"Dəndəli bulaq"...)
daşıyır bu hidrotoponim) kəndindən
Xınalığıa uzanan yolda, kəndin günbatan
çıxışındakı (300 m aralı) "Qala dərəsi"nin
üstündə "Qurabi qəbirstanlığı"nda
(qəriblərin, yoldan keçənlərin, tərəkəmə
elatının rəhmətə gedənləri burada dəfn
edilib) 450-500 il yaşı ehtimal edilən, el
arasında "Veysəl Qara baba piri" kimi tanınan müqəddəs
ziyarətgah-ibadətgah yerləşir. Yaşlıların
(Nuhbala Həmzət oğlu (1875-1953), Cəmi Şıxbala
oğlu (1892-1968), Qeybulla Şıxzadə oğlu Dadaşov
(1924)...) dediyinə görə Yəmənli Müsəlman-Türk
əsilli Övliya-filosof Üveys bin Əmir-i Qarani-nin (594-657)
Cənubi Qafqazda olan nəsil davamçılarının,
müridlərinin dini ideyaların təbliğində,
irfani dünyagörüşünün yaranmasında xidmətləri
nəzərə alınaraq onların hamısı Veysəl
Qara adı ilə məşhur olublar. Veysəl
Qara mürşidlərinin-müridlərinin İslami dəyərlərin
mühafizəsi və yayılmasında iz qoyduğu nəsil
şəcərəsi Qərbi Azərbaycanın Dağ
Borçalı mahalında, eləcə də Qazax,
Ağstafa, Zərdab, Ağdaş, Qusar... nahiyələrində
yaşamış, onların məkanları sakral-duyğusal,
irfani ocağlara çevrilmişdir.
Susay kəndində, Qəlal dərəsinin
üstündə "Veysəl Qara baba piri"ndə
hündürlüyü 35-40 m-ə çatan uca 2
ağcaqayın ağacının ətrafı xırda,
torpağa batmış qəbirlərlə əhatələnib,
bir qəbirin baş daşı isə 2 m boydadır (qəbir
daşları yazısız-naxışsızdır).
Niyyət edib bu ocağı ziyarət edənlər məftillə
hasarlanmış ağaclara rəngli parça, sap
bağlayır, dua oxuyurlar.
Susay kəndinin yaşlı sakinlərindən
Şıxbala, Sirac Yusif oğlu, Nuhbala... söyləyirdilər
ki, kəndin ortasında Veysəl Qara nəslindən olan
mürşidin 1 mərtəbəli evi olub, 100 il əvvəl
dağılıb.
1958-1959-cu illərdə Quba şəhərinin
"Çuxur hamam məhəlləsi"ndə, "Ərdəbil
məhəlləsi"ndə, "Dərə məhəllə"də
Veysəl Qara...Veysəl Qara... deyərək zikr edənləri
yaşlı sakinlər indi də xatırlayır.
Qarabağlılar, ramazanlılar,
tacılar, ağalılar, ərzəmilər...tayfalarının
yaşadığı Susay kəndinin mərkəzi hissəsində
qədim Cümə məscidinin yaşı 300 ildən
çoxdur, içəridə həm qadınlar, həm də
kişilər üçün ayrı otaqlar var. Qapılarının naxışı xüsusi şəbəkə
ilə işlənilib, içəridə qara palıd
ağaclarından 7 sütun (boyu 4 m) qoyulub, hər sütunda
ustaların adları (usta Kürəbəy, Nəriman, Bəhram,
Balaxan, Kərbəlayı Vəli, Gülməmməd, Məcid,
Əyyub) yazılıb.
Məscidin həyətindəki mədrəsə
binası (uzunluğu 15 m, eni 5 m, 2 qapısı, 2 pəncərəsi
var) olduğu kimi qalır, hazırda klubdur. XX əsrin 20-ci illərinədək
burada dini dərslər keçirilib, Ağalılar nəslindən
olan Molla Mövlud indi də yad edilir. Geniş
dünyagörüşünə və İslami biliyə
malik olan Molla Mövlud 65 yaşında 1937-ci ildə
sürügün edilib, qiymətli dini kitabları, əlyazma
məxəzləri məhv edilib. Deyilənə görə,
sürgündən əvvəl həyətində namaz
qılarkən ağaclarda onunla bərabər səcdə
edib. Ondan dərs almış Dəstina Sərdar qızı
(1892-1996), Dünyamalı Sərdar oğlu, Mövsüm Yusif
oğlu (1898-1986)... həmişə Müqəddəslərin-Övliyaların
adlarını çəkib zikr edərdilər.
Kəndin çay yatağına doğru
aşağı hissəsində, yataqdan 200 m üstdə
yaşı 350-400 ilə çatan əski qəbirstanlıqda
"Pir Qayıb ocağı" ziyarət məkanıdır.
Yanından, 5-10 m aralıda qədim yol keşir, ətrafını
cır alma, cır armud, əzgil... ağacları
bürüyüb. Qəbirin üstündə 4 m x 3 m
ölçüdə, 1,5 m boyda çay daşından divar
tikilib, amma üstü açıqdır. Neçə dəfə
üstünü örtüblər, səhərisi gəlib
görüblər ki, külək örtüyü dərəyə
atıb...
Niyyət tutub üstünə gedirlər,
qurban kəsirlər, üstündə namaz qılırlar...
ziyarət-ibadət yeri kimi sxakral ocaqlardan biridir.
ƏTRAFLI
live-legend.borjomi.
Kəndin günbatanında (250-300 m aralıda),
Pir düzü ilə Susayçayının sol sahilindəki
qədim qəbirstanlıqda "Pir Alxas ocağı" da
ziyarət və irfani məkanıdır. Deyilənə
görə, Alxas baba bölgənin qonşu kəndlərindən,
Veysəl Qara mürşidlərinin müridi, iman sahibi olub.
Susay kəndində olarkən Haqqa qovuşub və
mürşidi-naib tərəfindən o yerdə dəfn edilib.
İslam dini
dünyagörüşünün, elmi-nəzəri əsaslarının,
mistik-ilahi dəyərlər və təlimlər əsasında
irfani-ruhsal həyat tərzinin...təbliği məqsədi ilə
Şirvan və Dağıstan mahallarındakı din xadimlərinin
rolu böyük olmuş, bu sahədə ayrı-ayrı nahiyələrdə
xüsusi xidmətlər göstərmişlər.
Onlardan biri də Abbasilər xilafəti dövründə
(750-1258) bu bölgədə yaşamış, həm də
dini-irfani, İslami dininin təşəkkül tapması
istiqamətində fəaliyyətlə məşğul
olmuş məşhur sərkərdə Əbu Müslüm əl-Xorasaninin
(718-755) adı çəkilir. Quba,
Şamaxı, Dərbənd... nahiyələrində dinin tədrisi,
məscidlərin inşası (Quba və Şamaxı şəhərlərində,
Qrız, Xınalıq, Cek, Əniq...kəndlərində),
irfani-ibadət təlimlərinin təbliği məqsədilə
12 müridi ilə birlikdə Xınalıq kəndində məskunlaşmış,
amma Orta Asiya ölkələrinə kimi əlaqələr
də yarada bilmişlər.
Quba şəhərindən 60 km
məsafədə, Şahdağ zirvəsinin (4243 m) ətəklərində
yerləşən və Azərbaycanda ən hündür
(2300 m yüksəklikdə) yaşayış məntəqəsi
sayılan Xınalıq kəndi bu baxımdan qədim tarixə
malik dini-ruhani, mənəvi irs və maddi-mədəniyyət
ocaqları ilə məşhurdur, sanki müqəddəsliyin ən
uca mərtəbəsində qərarlaşmışdır-Haqqa
yaxın və Günəşə simsar.
Xınalıq kəndinin tarixi barədə
qiymətli məlumatlara ilk yazılı mənbə kimi XV əsrdə
yaşamış Mahmud əl-Xınaluqinin "Dağıstan
və Şirvan hadisələri" əlyazmasında daha
geniş rast gəlinir (yunan-roma alimləri Strabon (e.ə.63-e.24)
və Pliniy (e.ə.61-e.115) əsərlərində də bu kənd
barədə yazıblar). Bu bilgilər həm də Xınalıq kəndinin
dini-sakral, islami mədəniyyət zənginliyi (XII-XVIII əsrlərdə
burada çoxsaylı türbələr və məscidlər
tikilmişdir) barədə olmuşdur. Çünki bu cür
türbələr (pirlər), ocaqlar və məscidlər kənddə
az deyil (ümumilikdə onların sayı
31-ə qədərdir):-Cümə məscidi, Şeyx Salbuz məscidi,
Əbu Müslüm Cümə məscidi, Cabbar baba piri,
İsrafil baba türbəsi-məscidi, Möhüc baba piri,
Xıdır Nəbi piri, Qüllə piri, Seyid Qələm
piri, Comərd piri-türbəsi.... eləcə də Haqq
dünyasına qovuşan ruhların qorunduğu 5 pilləli
daş qəbirlər qəbirstanlığı, içərisində
bulaq çağlayan mağara...
Kəndin ayrı-ayrı məhəllələrində
(Yuxarı, Orta və Aşağı...) 8 qədim qəbirstanlıq
var, eləcə də inanc-kəramət sahibləri -
Suvayıl Əbdürrəhim oğlu (1948-1994), Adil Suvayıl
oğlu (1963-2006), Seyid Qələm Əbdürəhman
oğlu (1870-1951), Əbdürrəhman Seyid Qələm
oğlu (1908-1971)... olub. Seyid Qələm ocağı kəndin
cənubunda, 100 m kənarda, Orta məhəllənin
ayağındadır. Ziyarətgahın ətrafı
çaydaşları ilə hörülüb (2 m x 3 m,
hündürlüyü 2 m, üstü meşə
ağacı ilə tutulub).
İlahiliyə, Ucalığa qovuşmağa
can atan, sakral duyğuların qayalarda-dağlarda həkk
olunmuş məkanıdır Xınalıq kəndi, Azərbaycanda.
(Yazının
hazırlanmasında həm də Quba rayonu, Susay kənd sakinləri
Mahmud Həmzət oğlu Bədirxanovun (1947), Ziyafəddin
Sirac oğlu Bədirxanovun (1959), Arif Mövsüm oğlunun
(1956), Kərəm Kəlməddin oğlu Şıxbalayevin
(1968) və Xınalıq kənd sakini Xəlilrəhman
Əbdürrəhim oğlunun (1963) məlumatlarından
istifadə edilmişdir.)
Yunusoğlu Qismət
Olaylar.- 2021.- 20-26 avqust.- S.17