YAMANLIĞA KÖRPÜ OLAN ÖLÜM

 

"... Hərbçiydi Elvin, işi ilə bağlı üzünü çox görmürdük, amma bir-iki günlüyə olsa icazə alıb gələndə, sanki bir ordu girirdi içəri. Bizi sevindirmək, xoşbəxt etmək üçün əlindən gələni edirdi. Deyib, gülürdü, qızıyla oynamaqdan doymurdu. Yığışın, gedək gəzək, havamızı dəyişək - deyirdi. Ən gözəl yerlərə aparırdı bizi. O qədər ailəsinə, uşağına, yuvasına bağlıydı ki, istəyirdi hər şeyin ən yaxşısı bizim olsun. Son dərəcə diqqətliydi bizə. 2020-ci il sentyabrın 5-də qızının ad gününə gəlmişdi, elə bilirdi dünyanın ən xoşbəxt insanıdır. Gedəndə bizdən ayrılmaq istəmirdi. Sonuncu dəfə sentyabrın 26-da mənimlə danışdı, dedi ki, oğlumun adını Nuran qoyarsan... Görmədi balasının üzünü, Nuranın şəklini çəkib telefonla göndərmişdim. Sevinirdi, ürəyi dağa dönürdü oğlunun şəklinə baxıb. Uşağı görmək üçün nələrə hazır deyildi?! İndi ondan yalnız xatirələr qalıb, o gözəl günlərimizi göz yaşlarıyla xatırlayıram. Övladlarına baxıb yaşayıram. Övladlarını ona layiq böyütmək üçün bütün ömrümü həsr edəcəm". Bu sözləri kövrələ-kövrələ Elvinin həyat yoldaşı Rəfiqə İskəndərova deyir. Elvin evində ailəsinə, cəbhədə vətəninə sipər idi. Bu savaş gerçəkdən bir sipər savaşıydı sipər oğullarımızın sinəsiydi. İndi evində iki məsum körpəsi hələ ki, atasızlığı anlamadan, hiss etmədən böyüyürlər. Onlar bu millətin ən qiymətli əmanətidirlər. Böyüdükcə hər dəfə "Sən şəhid oğlusan" kəlməsini eşitdikcə baxışlarına hüzn, kədər qonsa da, qürurlanacaqlar, fəxr edəcəklər. Çünki ataları körpələrin atasız böyüməməsi üçün öz körpələrini atasız qoymuşdu, özü isə şəhidlik mərtəbəsinə yüksəlmişdi.

İskəndərov Elvin Mətləb oğlu 1989-cu ildə Yevlaxın Tanrıqulular kəndində doğulmuşdu. Mehman Kərimov adına orta məktəbi bitirəndən sonra kənd təsərrüfatında çalışıb, əsgəri xidmətini isə Qazax rayonunun "N" saylı hərbi hissəsində keçmişdi. Əsgərlikdən sonra da bir müddət kənd təsərrüfatında çalışırdı. Amma ürəyi, həvəsi hərbdəydi, vurğunuymuş hərb sənətinin. Niyyətin hara, mənzilin ora,- demiş atalarımız. Deyirmiş, şəhidlik hər insana nəsib olan ucalıq, zirvə deyil. Ona görə 2015-ci ildə 3 aylıq hərbi ixtisasartırma kursunu bitirdikdən sonra Tərtərdə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başlayır. Hərbdə olduğu illərdə nümunəvi xidmətlərinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunur. Elvin 2016-cı ildə Aprel savaşlarında da iştirak etmiş, üzü, qolu yanmışdı. O, 44 günlük müharibəyə peşəkar, təcrübəli döyüşçü kimi girmişdi.

İki il sonra kiçik gizir, üçüncü ildə gizir rütbəsini almışdı. Goranboydakı "N" saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətinə davam edirdi. Sentyabrın 27-si səhər tezdən başladığımız azadlıq mübarizəsinin ilk şəhidlərindən biridi Elvin. Talış yüksəkliyində gedən qanlı döyüşlərdə Elvingilin taboru qəhrəmanlıqla döyüşürdü. Düşmənin ilk hücum xəttini yarıb, çox qalın istehkamlarını darmadağın edən onların taboru idi.

İskəndərov Elvin Mətləb oğlu elə həmin gün, o qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdu. Sentyabrın 28-də Tanrıqulular qəbristanlığında dəfn olunub. Heç öləsi oğul deyildi.

Valideynləri Mətləb Alidə 3 övlad böyüdüblər. Qızları Aytəkin ailəlidir, 3 uşaq anasıdır, Hüseyn evlidir, 2 uşağı var, Elvin iki övlad atası idi. Kəndin ən hörmətəlayiq, tərbiyəli, əllərinin zəhməti, alın tərilə yaşayan ailələrindən biri idi. Elvinin həyat yoldaşı Rəfiqə öz kəndliləri olsa da, Bakıda yaşayırdı. Alidə xanımın əmisi nəvəsidir. 2017-ci il dekabr ayının 3-də ailə qurmuşdular.

Elvinin döyüş yoldaşı Vüsal deyir ki, Elvin cəsarətlə döyüşürdü, düşmən xəttini ilk o yarmışdı. Onu snayperlə vurdular. Şəhidin nəşini döyüş bölgəsindən Vüsal çıxarıb.

Azərbaycan əsgəri müharibə meydanında ərdəmlik, ədalət, müharibə əxlaqı öyrətdi dünyaya. Çünki ölümün üstünə cəsarətlə gedirdi. Onların döyüş ruhu sanki yüz ilin yuxusundan oyatdı xalqımızı. Aprel Tovuz istiqamətindəki döyüşlər göstərdi ki, qüdrətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad etməyə qadir hazırdır. Bu yolda minlərlə şəhid olan oğullarımızdan biri İskəndərov Elvin Mətləb oğludur. Bu ad digər şəhid qardaşları kimi torpağa deyil, Azərbaycan xalqının ürəyinə gömülmüşləır.

İskəndərov Elvin Mətləb oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə" "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!

 

 

 Əminə YUSİFQIZI

 

 

Olaylar.- 2021.- 6-12 avqust.- S.19