"Qadın alim, qadın müəllim, qadın şair və s. kimi bölgülər yersiz görünür. Mənə görə..."

 

 

SƏADƏT Şıxıyeva: "İmla xətası ilə yazan, mənsub olduğu ləhcədən asılı, ədəbi danışıq normalarını gözləyə bilməyən bir insanı beynəlxalq səviyyəyə çıxarmaq da Azərbaycan elminə nüfuz qazandıra bilməz."

 

Müsahibimiz AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevadır. Səadət xanımla gündəmdə olan əsas problemlər haqqında söhbət etdik.

 

- Səadət xanım, ölkəmizdə baş verən prosesləri yaxından izləyə bilirsinizmi? Gündəmdə olan hansı mövzu sizi içdən narahat edir və bunun səbəbi nədir?

 

- Açığı, tədqiqatla yanaşı tədrislə də məşğul olduğumdan hər hansı bir sahəni ardıcıllıqla izləmək çətin olur. Ümumi baxış bucağından dəyərləndirməyə gəldikdə isə son dövrlərdə ölkəmizdə bəzi sferalarda nəzərə çarpan yenilənmələr, dirçəliş bir vətəndaş kimi məni də fərəhləndirir. Xüsusilə, Azərbaycana qələbə sevincini yaşadan müzəffər ordumuzun işğaldan azad etdiyi torpaqlarımızda gedən kiçik və ya böyük olmasından asılı olmayaraq, hər bir quruculuq işi və çeşidli tədbirlərin təşkilini böyük maraq hissi izləyirəm. İnşallah, orada universitet və elmi mərkəzlərin açıldığını, onların elmi fəaliyyətinə dair xəbərləri eşitmək də nəsibimiz olar. Xüsusilə, Qarabağ və Zəngəzurun adını daşıyacaq müstəqil və ya filial səciyyəli olmasından asılı olmayaraq, elmi mərkəzlərinin açılışını biz elm və təhsil sahəsinin insanları böyük bir həyəcanla gözləyir və arzu edirik. Yeri gəlmişkən, Qarabağda bu bölgənin adının daşıyaraq AMEA-nın filialı olacaq elmi mərkəzin açılışı mənim, Zəngəzurda isə bu bölgənin adını daşıyacaq AMEA-nın filialının açılışı ideyası tədqiqatçı alim və yazıçı Səfa Qarayevin dilə gətirdiyi arzulardandır. Bu, ölkəmizdə gedən proseslərin gedişatının nəticəsi kimi gələcəkdə olmasını dilədiyim məsələlərdən bir qismidir. Narahat edən, düşündürən məsələlərə gəldikdə isə bu başlıca olaraq təhsil və elm sahəsində, xüsusilə, sonuncuda islahatların olduqca ləng aparılması, təhsilin pillələri arasında koordinasiyanın zəifliyi, tədqiqat ilə tədrisin təcrid olunmuş şəkildə fəaliyyətidir.

 

- Sizi narahat edən bu mövzunun həllini nədə görürsünüz?

 

- Düşünürəm ki, elm sahəsində sağlam mühitin yaradılması üçün effektiv tədbirlər həyata keçirilməli, müəyyən bir ölkənin modeli əsas götürülməklə əsaslı islahatlar aparılmalıdır. Bu elmi fəaliyyətin təşkili və dəyərləndirilməsi üçün olduqca vacibdir. Sovet dövrünün "əvəzolunmaz kadr yoxdur" ideyasından əl çəkilməli və saxta bərabərləşdirmə cəhdlərinə xitam verilməlidir. Bilirsiniz, nədənsə bizdə sovet dövründən qalan qurum və ya təşkilatların kosmetik düzəlişlə qorunmasına və ya tamamilə inkar edilərək, eksperimental səciyyəli yeniliklərə cəhd edilməsinə meylilik daha çoxdur. Halbuki Azərbaycanın elm və yaxud təhsil sahəsindəki yenilik axtarışlarında digər ölkələrdə bizə qədər artıq sınaq və təcrübədən keçirilərək təkmilləşdirilmiş hazır qəliblər mövcuddur və onlardan istifadə edilə bilər. Məsələn, artıq postsovet dövlətlərinin belə çoxdan imtina etdiyi ikimərhələli müdafiələrin bizdə hələ də qalması təəssüf doğurur. Təsadüfi adamların elmə arzuolunmaz gəlişinin qarşısını almaq üçün düşünülən əngəllər də çox zaman əks nəticə verib perspektivli və elmə faydalı insanların qarşısını kəsir. Gah monoqrafiyanın çapı, monoqrafiya ilə dissertasiyanın fərqliliyi kimi anlaşılmaz tələblərin qoyulması, gah yüksək beynəlxalq indeksli jurnallarda nəşr tələbi elmi keyfiyyətə təsir edəcək amillər deyil. Ciddi elmi nəticələrin alınması üçün öncə təhsil düzgün və işlək mexanizm halına gətirilməli, özünü məntiqli və orijinal ifadə şəkli formalaşdırılmalı, ondan sonra təhsildən elmə gəlişlərdə keyfiyyət axtarışı edilməlidir. Yoxsa imla xətası ilə yazan, mənsub olduğu ləhcədən asılı, ədəbi danışıq normalarını gözləyə bilməyən bir insanı beynəlxalq səviyyəyə çıxarmaq da Azərbaycan elminə nüfuz qazandıra bilməz. Məncə, alim öncə öz ölkəsində təsdiqini tapdıqdan sonra beynəlxalq aləmdə Azərbaycanı təmsil edərsə, bu, ölkəmizin elminə nüfuz və hörmət qazandıra bilər. Yoxsa ki, icmal xarakterli, plagiat elementləri dolu, yaxud kompilyasiya səciyyəli mətnlərin tərcümə olunub xarici elmi nəşrlərə ötürülməsi əks nəticə verər və verir... Eləcə də elmi adların alınması bu sahədə ciddi nəticələri olan insandan bir ömür alır. Niyə bizdə bu sahədə aydın mexanizmli Türkiyə modeli örnək olaraq götürülmür? Nə qədər ki, kosmetik dəyişikliklə görüntü naminə düzəlişlər ediləcək, heç bir ciddi inkişaf və dünya elmi fikrinə inteqrasiya mümkün ola bilməz. Azərbaycan alimi fərqli tələblər əsasında dosent, professor və ya akademik adını alıbsa, onun digər mühitlərdə yetişib formalaşmış eyni elmi adların daşıyıcıları ilə bərabər səviyyəli fikir mübadiləsi mümkündürmü? Əsla... Odur ki, Azərbaycan elmi mühitində ciddi islahatlara və sonunda obyektiv dəyərləndirməyə böyük ehtiyac vardır. Beynəlxalq aləmdə idman və ya musiqi sahəsindəki uğurlarımız Azərbaycan dövlətinə nüfuz qazandırdığı kimi, elm xadimlərimizin də uğurlu nəticələri ilə dünya elmi fikrinə inteqrasiya olunmaqla bu nüfuzu bir qədər də artırmasını arzu edirik və zənnimcə, bu sahəyə xüsusi diqqət yetirilməlidir...

 

 Azərbaycanlı müğənnini İNTİM VİDEOSU ilə şantaj edən GÖRÜN KİM İMİŞ

 

- Cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri gənclərin kitaba marağının az olmasıdır. Sizcə, bunun səbəbi nədir?

 

- Mən də o qənaətdəyəm ki, gənclərin mütaliəyə marağı mənim mənsub olduğum və daha sonrakı nəslin marağından fərqli və ürəkaçan deyil. Bunun səbəbləri olduqca çeşidlidir, subyektiv və obyektiv qaynaqlıdır. İlk səbəb olaraq, internet resurslarının kitab mütaliəsinin başlıca rəqibi olduğu qənaətindəyəm. Kitabların elektron variantını oxumağa meyliliyin artması və yaxud hər hansı bir məlumatın internetdən sürətli axtarışı və tapılmasının mümkünlüyü kitab oxumağa marağı azaldır. Amma internet resurslarından istifadə işin sürətli həllinə şərait yaratsa da, kitabdan alınan məlumat qədər bütöv və sistemli sayıla bilməz. İnternet fraqmentar bilik ötürücüsüdür. Əslində internet və kitabdan alınan məlumatı onlayn və canlı tədrislə müqayisə etmək olar. Birincilər əgər birtərəfli - yalnız enerji sərfi ilə mümkündürsə, ikincilərdə enerji mübadiləsi mövcuddur. Bu anlamda ikincilər, əlbəttə ki, daha məqbuldur. İkinci səbəb kimi, kitabların nəşrində kortəbiilik, kommersiya maraqlarının öndə olması, tərcümə əsərlərinə üstünlük verilməsi və həmin tərcümə əsərlərinin çoxunun dil və üslubunun nöqsanlılığı bu sahədə işlərin yenidən qurulmasına böyük ehtiyac olduğunu göstərir. Kitabın mövzusu, təqdim olunduğu dil və üslub ilk səhifədən cəlbedici olmalıdır. Bu mənada gənclərin kitaba marağının azlığı və kitab satışının aşağı səviyyədə olması çox düşündürücüdür və bu sahədə təbliğat işinin düzgün təşkili olduqca vacibdir. Çünki gənclərin nə oxuması, hansı mənəvi-əxlaqi dəyərlər əsasında formalaşması mühüm məsələdir. Bizim tələbəlik illərimizdə üstünlük verilən əsərlər ölkə ədəbiyyatından realizm, xarici ölkə ədəbiyyatından həm də romantizm üslubunda yazılmış əsərlər idisə, müasir gəncliyin oxuduğu əsərlər, əsasən, postmodernizm cərəyanının ədəbi məhsullarıdır. Əgər bizim dövrümüzdə tələbələrin oxusu üçün tərcümə əsərləri zövqlü seçilir, aydın ideyalı, örnək qəhrəmanlı əsərlər idisə, bu gün gəncliyin maraq göstərdiyi əsərlər içərisində yayğın süjetli, müəmmalı və pessimist ruhiyyəli qəhrəmanlara malik olanlar çoxluq təşkil edir. Gənclərin bu üslubda qələmə alınmış əsərləri mütaliə, təhlil və tədqiqə meyliliyi daha qabarıq nəzərə çarpır. Əgər biz dünyaya müsbət qəhrəmanın gözü ilə baxıb nə cür olmalıdır barədə aydın təsəvvürə malik idiksə, bugünkü gənclərin zövqünə uyğun daha çox dolaşıq süjetli, mənfi qəhrəmanlı əsərlərdir. Sanki bu seçimdə necə olmamalıdır sualının cavabı axtarılır. Əslində gənclərimizi mütaliəyə həvəsləndirmək, onlara normal ədəbi zövq aşılamaq, bədii əsəri bir mənəvi-əxlaqi tərbiyə vasitəsinə çevirmək biz müəllimlərin öhdəsinə düşür. Zənnimcə, təhsil sistemində bu məsələ ciddi nəzarətə götürülməli, orta məktəbdən etibarən bədii əsər seçimində zövq anlayışı formalaşdırılmalı, dərsliklərə cəlb olunan mətnlər də eyni məqsədə xidmət etməlidir...

 

- Səadət Şıxıyeva bu gün Azərbaycan gəncliyinə nə kimi töhfələr verir?

 

- Mən bir müəllim və tədqiqatçı olaraq daha çox orta çağ ədəbiyyatımıza, klassik mətnlərimizə, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının dəyərli şəxsiyyət və əsərlərinə sevgi aşılamağa, mənəvi sərvətimizə sahib çıxmağa, malik olduğumuz mənəvi sərvətin dəyərini anlamağa bir bələdçi olmağa çalışıram. Amma buna da nə dərəcədə nail olub-olmadığıma, təbii ki, özüm deyil, tələbələrim, tövsiyə verdiyim gənclər dəyər verə bilər.

 

- Bir ziyalı kimi Azərbaycandakı təhsili necə qiymətləndirirsiniz?

 

- Azərbaycandakı təhsilin hazırkı durumu, təəssüf ki, tamamilə qənaətbəxş sayıla bilməz. Çünki, istər tədrisin təşkili, istərsə də dərsliklərin hazırkı durumu ürəkaçan deyil. Dönə-dönə dərsliklərlə bağlı şikayətlərin, kinayəli təkzib və ironik təhlillərin şahidi olduqdan sonra dərsliklərin müzakirəsi ilə bağlı təkliflərimi sosial şəbəkə vasitəsilə ifadə etməyə, diqqəti bu mühüm sahəyə cəlb etməyə çalışdım. Əslində tədrisdə Baloniya sistemi, kollokvium və s. və i.a. kimi yenilik cəhdləri və onların natamam tətbiqi ciddi problemləri yol açıb. Odur ki, bir qrup ziyalı - tədqiqatçı, müəllim və dərslik müəllifləri toplaşaraq, "Dərslik müzakirələri" qrupunu yaratdıq. Artıq bir neçə aydır ki, tədris və təhsil sistemindəki ciddi və ya kiçik nöqsanların müzakirəsinə başlamışıq. Bu qrupun müzakirələri orta və ali məktəb müəllimlərinin cəlbi ilə başlayıb və hələ uzun müddət davam edəcəyini düşünürəm. Məqsədimiz tədrisin keyfiyyətinin yüksəldilməsi, dərsliklərin daha yararlı, günün tələbinə cavab verən səviyyəyə yüksəldilməsi, həqiqi elmi biliklərin əldə olunma vasitəsinə çevrilməsidir. Hər müzakirəmizin sonunda aktiv müəllimlərə bu problemləri məqalələr şəklində işıqlandırmağı tövsiyə edirik. Yaxın gələcəkdə Təhsil Nazirliyinin müvafiq şöbələri ilə birgə mövcud problemlərin təhlil və müzakirəsini də nəzərdə tuturuq. Digər bir məqsədimiz müəllimlərin bu prosesdə fəal iştirakını təmin etmək, dərsin qurulması sahəsində uğurlu təcrübələrin mübadiləsinə də şərait yaratmaqdır. Buna da qismən nail oluruq. Xüsusilə dosent Şəhla Əhmədova, orta məktəb müəllimi Yaqut Mustafayeva, dərsliklərdən birinin müəllifi Xanım Qasımova və digərlərinin fəallığı təhsil və tədrisdəki mövcud boşluqları aradan qaldırmağa, mövcud problemləri həll etmənin mümkünlüyünə inam yaradır. Gələcəkdə bu müzakirələrimizi daha sistemli, daha təsiredici bir şəklə salmağı düşünürük. Hər hansı qeyri-hökumət təşkilatı kimi maliyyə dəstəyi almayan, dövlət qurumları kimi hər hansı hesabat asılılığı olmayan bu kimi birliklər, məncə, cəmiyyətin inkişafında müəyyən yer almalıdır və tədricən alır. Bunun digər bir gözəl örnəyi Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzidir (FADMM). Azərbaycan dilinə sevginin birləşdirdiyi bir qrup ziyalının vətəndaşlıq borcu olaraq könüllü fəaliyyəti və bu birliyin müəyyən nəticələr verməsi elmi mərkəz və bənzər qurumların təşkilində bir nümunə ola bilər. Bu kimi proseslər əslində diqqətdən kənarda qalmamalıdır. Bu, Azərbaycanın ciddi ziyalılarının - diplom və karyera aşiqlərindən fərqli təbəqənin seçilib ayrıldığını, yeni cəmiyyətin qurulmasına, yeni təfəkkürün formalaşmasına öz töhfəsini vermə cəhdinin təzahür və nəticələridir...

 

- Qadınların ölkənin ictimai-siyasi həyatındakı yeri haqqında nə deyə bilərsiniz?

 

- Əslində son illərdə müxtəlif sferalarda, o cümlədən idarəçilikdə qadınların daha çox yer alması, əlbəttə, xoş bir haldır. Amma qadınların hamısı istedadı sayəsində o mühüm postları tuta bilmədiyi üçün, eləcə də mühüm məqamların vəzifəli, məmur qohumu, himayədarı və yaxud daha başqa - dolayısı yollarla əldə edilməsi ümumilikdə mənfi təəssürat yaradır və qadınların rəhbər vəzifədə, həqiqətən, bacarıq olduğu və ola biləcəyinə, təəssüf ki, ciddi şübhə doğurur. Şəxsən mənə qadın alim, qadın müəllim, qadın şair və s. kimi bölgülər yersiz görünür. Mənə görə, istedadlı və istedadsız adam, yerində olub və yaxud olmayan bir insan var. Təəssüf ki, bizdə qadınların idarəçilikdə, ölkənin ictimai-siyasi həyatında iştirakında şəxsi keyfiyyətlər, fərdi bacarıq və istedad çox zaman nəzərə alınmır. Əgər qadın və ya kişi olmasından asılı olmayaraq, istedadlılıq əsas alınmaqla təyinatlar edilsəydi, seçimlər bu əsasda edilərdisə, cəmiyyətin Avropa standartları əsasında qurulmasında, cəmiyyətin inkişafında irəliyə doğru ciddi addım olardı.

 

Hazırda gənclik üzərində müşahidələrim onu göstərir ki, gənc qızlar mütaliə, dərs oxuma, elmi axtarış və s.-yə daha meylli, daha aktiv və daha məsuliyyətlidirlər. Gənc tələbə oğlanlar isə nisbətən ləng, daha həvəssiz, daha az məsuliyyətlidirlər. Bunu son bir neçə ildə tədris etdiyim tələbələr üzərindəki müşahidələrimə əsasən deyirəm. Bu isə gələcəkdə qadınların ictimai, siyasi, elmi və s. kimi sahələrdə daha qabaqcıl mövqe tutacaqlarını göstərir. Bu sevindiricidir. Amma gənc oğlanların daha həyatsevər, daha şövqlü. daha fəal olmasının təmini yönümündə çox işlər görülməlidir. Gənclərin ailələrdə gərəyindən artıq əzizlənməsi, gələcəkdə üzərinə düşəcək məsuliyyət və qayğı xofunun azaldılması və s. də diqqət nərkəzinə çəkilməli, cəmiyyətə məsuliyyətli, kreativ gənclər qazandırılmalıdır.

 

- Bildiyiniz kimi, Azərbaycan qədimdən mədəni müxtəlifliyin, mutikultural dəyərlərin mövcud olduğu məkanlardan biridir. Gələcəkdə bu dəyərlərin yaşadılması, qorunub saxlanılması istiqamətində hansı yeniliklər olacaq sizcə?

 

- Bəli, klassikləriizin əsərlərindən oxuyub anladığımız kimi, Azərbaycan qədim dövrdən etibarən çoxmədəniyyətliliyə meylli, digər xalqların nümayədələrinin adət və ənənəsinə qarşı dözümlü olmuşdur. Bu dözümlülük və aqressiyadan uzaqlıq Azərbaycanı ümumbəşəri dəyərlərə olduqca əhəmiyyət verən və qədim dövrdən etibarən bu ənənəni yaşadan bir ölkə kimi xarakterizə etməyə əsas verir. Amma bu barədə təbliğat apararkən aludəyə yol verib. milli dəyərlərin təlqini və ölçü daxilində təəssübkeşlik hissini qorumağın da vacibliyini unutmaq doğru olmaz. Zənnimcə, bu sahədə qızıl orta tapılmalıdır ki, milli-tarixi dəyərlərimizə laqeyd münasibət yaranmasın...

 

- Son olaraq oxucularımıza, müasir gəncliyə demək istədikləriniz.

 

- Sonda gəncliyimizin bir istedadlı nümayəndəsi kimi bu verdiyiniz maraqlı və düşündürücü suallara görə sizə çox təşəkkür etmək istəyirəm. Müasir gəncliyə tövsiyəmə gəldikdə onlara daha nikbin ruhiyyəli olmanı, özünütərbiyə yolu ilə cəmiyyətimizin inkişafında mühüm yer tutmağa çalışmalarını, Azərbaycanın maddi və mənəvi sərvətinin sahibi olduğunu dərk etməsini, seyrçi, passiv mövqeyi ilə deyil, hər zaman hadislərin gedişatına istiqamətvericiliyi əlinə almasını tövsiyə edərdim. Bunların həyata keçirilməsinin isə şərtləri çoxdur. Nəsillərarası etimad və qarşılıqlı hörmət bərpa olunmadıqca, bu dəyərlərə sahib olmadıqca bu deyilənlərin tətbiqi də çətindir.

 

Röyalə Xəyal

 

 Olaylar.- 2021.- 27 avqust.- 2 sentyabr.-S.4.