Roman içində roman - “Uçurum”

 

Müasir tarixi roman janrının görkəmli nümayəndələrindən biri olan Yunus Oğuzun növbəti tarixi romanı nəşr olunub. Y.Oğuzun “Uçurum” adı verdiyi tarixi roman Azərbaycan Dövlət Gömrük Komitəsinin yaranmasının 30 illiyinə ithaf olunub.

Yazıçı çox böyük məharətlə orta əsrlər dövrü ilə 30 yaşlı müstəqil Azərbaycan arasında maraqlı bir əlaqə, assosiasiya yaradıb. “Uçurum” romanını roman içində roman da adlandırmaq olar. Çünki romandakı hadisələrin hamısının ayrı-ayrılıqda öz süjet xətti var və sonda bu süjet xətləri bir mərkəzdə, nöqtədə birləşir. Dünyanın bir nömrəli bəlasına çevrilən “ağ ölümün” nəinki indi, hətta orta əsrlərdə belə cəmiyyətin, dövlətin əsas problemlərindən biri olduğu əsərdə açılır. Heç şübhəsiz, indiki dövrdə olduğu kimi, o dövrdə də bu narkotikin yayılmasında və narkoticarət sahəsində ermənilər “xüsusi fəallıq” göstəriblər. XVI Azərbaycanın Təbriz şəhərinə narlkotik vasitələr, tiryək daşıyan, insanları bu vasitələrə aludə edən Varpetin nəvə-nəticələri, götücələri XX və XXI əsrlərdə də meydana çıxır və beynəlxalq narkoticarət şəbəkəsinin təmsilçiləri kimi görsənirlər. Yenə hədəf Azərbaycandır, yenə də düşmənlərimiz birləşib bizə zərbə vurmaq istəyir, əlbəttə, onlara havadarlıq edənlər arasında sapı özümüzdən olanlar da var.

“Uçurum” romanının qəhrəmanlarının real tarixi simalar olduğu gizlin deyil. Yazıçı onların prototiplərini böyük ustalıqla cıza bilib. Bu da hər yazıçıya nəsib olmayan məqamlardır. Onları bizim hamımız yaxşı tanıyırıq.

Əsərin əsas qəhrəmanları Azərbaycanın vicdanlı, vətənpərvər, dövlət maraqlarını canindan əziz tutmağı bacaran fədakar gömrükçüləridir.

XVI əsrin Təbrizində dövlətçilik maraqlarını, şah Təhmasibin fərmanını yerinə yetirmək üçün canını belə fəda etməyə hazır olan və heç kəsdən qorxmayaraq narkotacir Varpetin “ticarət karvanı” atım-atım edib altını üstünə çevirən qorçibaşı Natiq bəyin hərəkətlərini 4-5 əsr sonra Azərbaycan gömrükçüləri təkrar edib. Natiq bəyin adaşı gömrük işçisi Natiq Bakıda da özəyi olan və kökü İrana, Ermənistana, ordan da daha başqa xarici ölkələrə gedib dayanan böyük bir narkoticarət şəbəkəsini ifşa edib. Natiq kimi cəsur gömrük işçilərinin yorulmaz fəaliyyəti sayəsində Azərbaycana uzanan çox xain əllər kəsilib. Əlbəttə, 30 yaşlı Azərbaycan gömrüyünün formalaşmasında, yenidən qurulmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini də yazıçı unutmayıb. Elə düşmənlərimizin əl-ayağını, çirkin niyyətlərinin uzanan qollarını 1993-cü ildə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev kəsib, onun hakimiyyətə gəlişi çox qara niyyətli insanların  qarşısını kəsib… Azərbaycan tarixinin orta əsrlər və müasir dövrü arasında çox qəribə və maraqlı əlaqələr axtaran, bunu yaratmağa nail olan Yunus Oğuzun “Uçurum” romanı haqqında ədəbiyyatşünas alimlər kifayət qədər maraqlı fikirlər səsləndiriblər. Əlbəttə, elm adamları bu əsərə daha məzmunlu şərhlər verib, obrazlarının daxili aləmini açıb, mahiyyətini izah edib.

Əsərə şərh verənlərin dönə-dönə vurğuladığı bir məqam var: “Azərbaycanın müstəqilliyi möhkəm əllərdədir”. Bəli, müstəqil Azərbaycanın memarı Heydər Əliyevdir və onun qurduğu dövlətə Prezident İlham Əliyev rəhbərlik edir. Müzəffər Ali Baş komandan kimi torpaqlarımızı işğaldan azad edib və düşmənlərimizə göz dağı verib…

Y.Oğuzun “Uçurum” əsəri tarixi roman janrının çox maraqlı örnəklərindən biridir və bunu bütün yaş dövrlərində olan insanların oxuması vacibdir. Az qala unutmuşdum, əsərin oynaq, axıcı, şirin dili də çox cazibəlidir. Onu da deyim ki, bu kitab oxucunu yormur və kitaba elə aludə olursan, bir də gözünü açırsan ki, oxuyub bitirmisən…

 

İradə SARIYEVA

 

Olaylar.- 2021.- 10-16 dekabr.- S.16.