SÖZ QƏDRİ BİLƏN ŞÖHLƏT ƏFŞAR

 

"Dərdnamə"ni mütaliə etdikdən sonra anladım ki, o, yaxşı sözün, yaxşı şeirin və yazının sərrafıdır

 

Əslində ədəbiyyat zamanın güzgüsü deyil, çünki çoxlu zaman gəlib keçib, amma bu və ya digər zamanda yaradılan möhtəşəm əsərlər zamanlarını aşıb, bugünümüzə gəlib çıxıb. Böyük əsərlər üçün əbədi sabahlar var. Azərbaycan ədəbiyyatının çağdaş dönəmində mövzu, yaradıcılıq qayğıları sarıdan gedən daim müzakirələrdə sabah üçün çox zaman müəyyən aydınlıqlar olmasa da, əslində əlinə qələm alan yazıçı fitrətən anlayır ki, ədəbiyyatın vəzifəsi əbədiyyətə tən gələn yaradıcılıq nümunəsi ortaya qoymaqdır və sənət insanı, xalqı, onun dərdlərini ifadə edəndə daha yaşarı olur...

Sıxıntılar, üzüntülər, ağrılar, acılar... Böyük ariflər deyiblər: "Bunlar bir Tanrı hədiyyəsidir". Təkyə qapısından içəri girə bilmək üçün ən qısa yol məhz bunlardan keçir. Heç bir elm, ədəb, təcrübə və sədaqət insanı əzab qədər, dərd qədər Allaha yaxınlaşdıra bilməz. Bu dünyada acı qədər, müsibət qədər sürətli heç nə yoxdur. Əgər bir vücud həqiqətin işığına bürünübsə, dərddən, bəladan küsməməli, onlardan qaçmamalıdır. Dərd gələndə onu əziz qonaq kimi qarşılamalı, üzünə gülməli, əzizləməlidir. İllər uzunu mətbuatdan tanıdığım görkəmli şair, yaradıcı insan Şöhlət Əfşar kimi!

Bəli, haradasa 17-18 ildir Şöhlət Əfşarı tanıyıram. Yox, təkcə tanımıram, həm də dostluq edirəm. Real həyatdakı dostluğumuz virtual sferada davam edir. Elə gün olmur ki, "feysbuk" səhifəsində bir-birimizdən hal-əhval tutmayaq, paylaşımlarımıza münasibət bildirməyək. "Azərbaycan" nəşriyyatında üz-üzə gələndə doğmalar kimi görüşürük. Onu vaxtilə çalışdığı "Vəfa" jurnalından tanımışam. Həmişə oturduğu yerdə görmüşəm və mənə elə gəlir ki, Allah da bu yeri elə onun üçün seçib. Görünür, bizi eyni dərd-sər birləşdirir.

Şöhlət Əfşar bu keşməkeşli dünyamızın deyərdim ki, ən iddiasız adamıdı. Yalnız bir iddiası, bir böyük arzusu var ki, o da dünymızın salamat olmasıdır. Keşməkeşli dunyamızı daha da çalxalamaq istəyənləri daim lənətləyir.

Şöhlət Əfşar şairdir, yaradıcı ruhu mənə yaxındır, doğmadır. Bu ruh, dərd bizi ortaq məxrəcdə birləşdirir. Yaradıcılığı ilə tanış olanda görürsən ki, heç kimə bənzəmir. Özünün yolu, dəst-xətti var, yaradıcılıq üslubu ilə diqqəti cəlb edir.

Şöhlət Əfşar qeyd etdiyim kimi dərd şairidir. Bu istiqamətdə yazan təklərdəndir. Təklər həmişə seçilirlər. Dərd şairi kimi bu yaxınlarda onun "Dərdnamə" kitabı işıq üzü görüb. Vaxtilə "Odlar yurdu" qəzetindən tanıdığım və yaradıcılığına hörmətlə yanaşdığım filologiya elmləri doktoru Abid Tahirli kitaba ön söz yazıb, maraqlı rəyi ilə Şöhlət müəllimi səciyyələndirib. Onu da qeyd edim ki, "Dərdnamə"ni Şöhlət Əfşar 44 günlük Vətən savaşından xeyli öncə yazıb və əsər bir il əvvəl işıq üzü görüb.

Mən dərddən ən çox yazan ustad Füzulini görmüşəm. Böyük Füzuli məhz elə həmin bəladan, yəni eşqə götürən bəladan bəhs edir. Ona görə bu bəlanın adına "bəlayi-eşq" deyir. Bugünümüzün dərdlərindən yazan isə Şöhlət Əfşardır. Dərd olayı, sıxıntı vaqiəsi, üzüntü səbəbi kamilliyə can verən həyat nəfəsidir. Dərvişin ruhu və eşqi öldükcə dərd onu dirildir. Dərdlərdən şikayət etmək aşiqin nöqsanıdır. Məhəmməd Füzuli demişkən:

 

Ey Füzuli, ahu nalən incidibdir aləmi,

Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?

 

Əsrlərdir ki, deyirlər: "Dərdim mənə dərman imiş". Niyə? Necə? Nə var dərd çəkməkdə bu qədər cazib olan? Dərd insanın mərifəti, yoxsa Allahın istəyidir? Dərdi insanmı qazanır, Allahmı verir?

Suallar çox, cavab isə birdir: Dünyada baş verənlər fanidir, uzun sürən kabus və röya kimidir. Heç fərqi yoxdur, bu dünyada əyri, düz, çirkin, gözəl, nə baş verirsə, versin, əvvəldən sona bir aldanış, bir sərabdır. Fəqət, elə bu faniliyin içindəcə bir əbədiyyət gizlənib. Bu dünya bir qabığa bənzər ki, həmin nüvəni, həmin mayanı qoruyur. Dünya olmasa, həqiqət çılpaq qalar, hər kəsə yem olar. Məhz dünya adlı aldanış və görüntüdür ki, layiq olmayana eşqin həqiqətini göstərmir. Yalnız bu qabığı sındıra bilənlərdir çılpaq həqiqə sarılanlar. Dünyanı sındırmaq isə ona görə çətindir ki, bunu istəyən yoxdur...

 

*

 

Dünya qabığı insanın köks qəfəsinə bənzəyir. Bu qəfəsin altında toxunulmaz qalan ürək öz həqiqətini hər zaman gizli saxlayır. Bu, yaradılışın gərəyi, xilqətin şəklidir. Ancaq ziddiyyət və tərs mütənasibliyin ölçü vahidi olan yaradılış anı əvvəldən sona qədər ziddiyyət və tərslik diktə edir. Belə olmasaydı, hər yaranan şey bizə uyar, mücadilə və ixtiyar adında heç nə olmazdı.

Allahın, yəni eşqin və həqiqətin məzhəri olan ürək köks qəfəsinin altında necə gizlənibsə, dünyada görünməyən və batini olan şey də dünyanın içində elə gizlənmişdir. Hər iki qabığı sındırmaq məhz dərdlə, fəlakətlə, ağrı-acıyla mümkün olur. Şöhlət müəllim demişkən:

 

Allah dostu, yarıdır Ona inananların,

Zülmətdən xilas edər, yolun açar onların.

Kim Allahın varlığın danıb idrak etmədi,

Dağıldı öz tifaqı, muradına yetmədi.

("Minacat")

O qəfəslə bağlı digər bir məsələ İlahi nurun, İlahi rəhmətin daxil olmaq istədiyi qəlbin qapılarının bağlı olmasıdır. Gerçəkdən də dünyəvi olan xoş gündə, dünyəvi məmnuniyyətin hökm sürdüyü anlarda Allah insana yaxın gəlmir. Nəinki yaxın gəlmir, hətta qaçır. Bunun öz məntiqi var. Belə ki, Allah özünü dünyanın batinində gizlətdi. Dünyanın zahiri ona pərdə oldu. İnsanın cismi də vücudu da belədir. Bədəni ilə əlləşən, yalnızca onu görən, onu hiss edən insan qəlbindən, yəni elə hər mənada özündən xəbərsiz qalır. Dünyanın da, cismin də pərdələdiyi nəsnənin adı Allahdır. Elə buna görə deyirlər ki, özünü tanıyan Allahı tanıyar. Özündən qafil olan Allahdan qafil olar. Çünki Allahı göylər, qanunlar, müəmmalar deyil, sən gizlətmisən, ey insan oğlu!

Məhşər günü hökm edən ancaq Onun sözüdür,

Yer, göy, külli-aləmdə tək hökmüran Özüdür.

Kimsə cürət etməsin - "mən də haqqam" - deməyə,

Yalnız qüdrət Ondadır - "Ənəlhəqq!" - söyləməyə!

("Minacat")

Dərdləri ilə baş-başa qalan Şöhlət Əfşar Vətənini çox sevir, onu əzizləyir, addım-addım varlığı, canı hesab edir, camalına, hüsnünə heyran qalır.

Vətən, haqqa bağlısan, pozulmazdır ilqarın,

Sən şəhidlər yurdusan, əyilməz dağ vüqarın.

Hökm et, qarı düşmənə, qoy bilsin öz həddini,

Göstər külli-cahana gücünü, qüdrətini.

Şanlı istiqlalınla çiçək açıb növrağın,

Göylərə ucalıbdı Ay-ulduzlu Bayrağın.

("Azərbaycan")

Bəli, 30 ilə yaxın zaman kəsiyində Vətənimizin, ülvi məhəbbətlə sevdiyi(miz) Azərbaycanın başının üstünü Qarabağ adlı qara bulud almışdı. Uzun illər torpağımızda gəzib, suyumuzu içib, təamlarımızı yeyib, süfrələrimizin başına ən əziz qonaq kimi oturtduğumuz ermənilərin xainliyi nəticəsində Qarabağ adlı məmləkətimizi xarici havadarlarının vasitəsilə iti caynaqlarına keçirən erməniləri ötən il Xalq-Prezident-Ordu birliyi öz yerini göstərdi, cənab Prezident İlham Əliyev "dəmir yumruğu" ilə bu azğınlara tutarlı cavab verdi. Bu tarixi günləri hamımız yaşadıq, Zəfərimizə hamımız sevindik. Bu barədə şeirlər, poemalar, ssenarilər yazıldı. Mənə elə gəlir ki, Şöhlət müəllim də "Azərbaycan" şeirini şanlı Qələbəmizə həsr edib:

 

Bütövlük dastanı yaz, murada yetsin Şöhlət,

Azərbaycan, eşqinlə, bülbültək ötsün Şöhlət!

 

*

 

Bu dünyada heç zaman qəflətə düşməyən yeganə şey qəflətin özüdür. Hər kəs hər an qafil ola bilir. Bəli, dərddir, bəladır insanı qəflət yuxusundan oyadan. Bu mənada bütün dərdlərin ən gözəl və sürətli dərmanı dərd özüdür. Necə ki, Xətai deyir: "Bir dərdim var, min dərmanə dəyişməm".

Fani dünyanın özü kimi dərdləri də fanidir və gülüncdür. Bu dərdlərin yeganə mahiyyəti qısa müddətə də olsa, insanı öz nəfsindən ayırıb, Allaha yaxınlaşdırmaqdır. Lakin insan bunun fərqində olsa, nə gözəl olardı! Heyf ki, çoxluq, bəzən isə tam əksəriyyət dərdə, müsibətə düçar olduğunda bunu vasitə, fürsət, hədiyyə olaraq görmək əvəzinə daha da batır, bir günahdan başqa bir günah çıxarır...

Şöhlət Əfşar "Dərdnamə"də tanınmış şair, ürfan əhli, "Ədalət" qəzetində çalışarkən imzasından tanıdığım Barat Vüsalla söhbət edir. Deyir:

Gəl, başlayaq söhbətə, yola nərdivan qoyaq,

Nemət, səxa sahibi qoy bizə olsun dayaq.

Şöhlət həmyar olubdu göydə Günəşlə, Ayla,

Başlayır bu naməni tək Allahın adıyla!

Abid Tahirlinin ön sözünə müraciət edək: "Şair Şöhlət Əfşar "Dərdnamə" kitabında verilmiş eyniadlı poemanı şərq klassiklərinə xas "Minacat"la başlayır, Allaha sevgi və şükranlığını dilə gətirir və Uca Yaradandan "təqvanı, ixlasını əsirgəməməyi", "ilham pərisi"nin ona könül bağlamasını istəyir. Bir çox müasir poema kimi, "Dərdnamə"nin də vahid süjet xətti yoxdur, şair fikir və düşüncələrini, duyğularını oxucuya səmimi və poetik bir dillə çatdırmaq üçün maraqlı üslub seçmişdir".

Şair bəzən dərdlənir, qəmlənir, şikayətlənir, bəzən gileylənir, bəzən qürurlanır, bəzən də qəzəb və hiddətini gizlətmir, çatışmamazlıqlara qarşı çıxır:

Nədən yad oxuna Kaman oluruq?

Oğuz boyundanıq, türkdür dilimiz.

Gah ərəb, gah urus, alman oluruq,

Özümüz olmağa utanırıq biz!

Yaxud başqa bir misrasında zəmanədən şikayətlənir, gənclərin keçmişimizdən uzaqlaşmalarını, bugünümüzə sayğısızlıqlarını dilə gətirir :

 

Gənclər yad dəblərə meylini salıb,

Milli gələnəyə itibdi sayğı.

Xatirəyə dönüb, muzeydə qalıb,

Şəkinin, Basqalın ipək yaylığı.

Görün hər iki misrada nə qədər həqiqət, mətləb gizlənib...

"Şuşanın nağılı" şeirində vurğunu olduğu Vətəni, Qarabağı, onun üzük qaşı Şuşanı belə vəsf edir:

Ruhumu göylərdə naxış-naxış oymuşlar,

Ona "Qarabağ" - deyib yer üzünə qoymuşlar.

Qarabağ qızıl üzük, Şuşa onun qaşıdır,

Kuhi-Nurdan qiymətli dünyanın tək daşıdır.

Yenə şövqlə, həvəslə seyrə çıxdım Şuşanı,

Mən Şuşanı vəsf edim, oxucum, sən də tanı.

Mənim aləmimdə insan mürəkkəb, müəmmalı bir sirrdir. Ən dərin qaranlıq, ən keçilməz qanun, ən çözülməz müəmma məhz insan özüdür. İnsan özünü aydınlatmadıqca, özünü sındırıb dağıtmadıqca, özünü çözmədikcə həqiqət heç bir zaman ortaya çıxmayacaq, insan bu dünyaya niyə gəldi, bilməyəcək və bu fani, zahiri, mənasız və keçici ömrü boşu-boşuna yaşayıb bitirəcək.

Şairlər həmişə qarışıq zamanın övladlarıdır, daha doğrusu, zamanın qarışıqlığını görən, duyan göz, ürək sahibləridir. Çox harın bəndələrin çalıb-çapdıqları, az qala dünyanın yarısını udmaq üçün nəfsinin quluna döndüyü məxluqları - "torpaqdan göbələk kimi çıxan, qafiyələri eyni biçimdə düzən" qrammofon sözbazları dəyirmana ölü salsalar, o başdan diri çıxarlar.

Şöhlət Əfşar da yaradıcılıq boyu nə demək istədiyini anlatmağa çalışır, dərdlərini göz yaşına çevirir, içini misraların gücü ilə boşaldır, yuxularını aləmə car çəkir, dilinin qubar olduğunu poeziyanın vasitəsilə izhar edir:

Nə qədər yuxularda görəcəyik biz səni?

Nə qədər paramparça görəcəyik Vətəni?!

Bilinmir baharımız, bilinməyir qışımız,

Dərddən, qəmdən, kədərdən qurumur göz yaşımız.

Allah, uzalı qalıb dərgahına əlimiz,

Sənə dua etməkdən qubar olub dilimiz.

Sözə vurulan şairlər məsum körpə kimidirlər. Körpəni bir rəngbərəng kağızlı konfetlə ovundurmaq asan olduğu kimi, söz aşiqini də bir bənd şerinin əzbər söyləməklə sevindirmək mümkündür. Onun, -

Sevən də sevənin de, unudar ki?

Unuda bilirsən, sənə nə var ki...

Daha təsəllilər nəyə yarar ki,

Səni sevən öldü, xəbərin varmı?

və yaxud:

Ərşə ucalıbdı eşqin harayı,

Fələk alt-üst edir saydığım sayı,

Sən qədər məhkumu, mən özgə payı,

Bu dəli sevdadan çəkərsən çilə,

Sən məni sevməyə tələsmə hələ.

- misralarını söyləsəm, Şöhrət müəllimin qəlbi sevincdən qürurlanar. 3 bəndlik misralarda - səmimi duyğularda sevinclə təəssüf qolboyundur...

Və sonda. Bu kitabı şəxsən mənə təqdim edərkən Şöhlət müəllim özünün dahi Nizamiyə həsr etdiyi yazısından ağızdolusu danışdı, Nizami ilində bunun böyük yaradıcılıq məhsulu, ustadın adına layiq olan bir yazı kimi qeyd etdi. Söhbətimiz boyu dindən, imandan, tarixdən bolluca danışan Şöhlət Əfşarı bir daha kəşf etdim. Bir saata yaxın söhbətimiz zamanı anladım ki, o, söz qədri bilən yazarlardandır. Yaxşı sözün, yaxşı şeirin və yazının sərrafıdır. Bu gün sözün "taxt"dan salındığını da özünə dərd eləyib. Bu gün jurnalistikanın da,  yazarların təkcə problemi yazmaqdır. Qalan hər şeyi bilirlər. Bu dərddən bir vətəndaş, sonra bir jurnalist və yazıçı kimi ürək ağrısıyla danışır. Bilirəm ki, belə adamlar heç nə demədən bir yaxşı sözün uğrunda özlərini asarlar.

Amma yaxşı ki, varsınız. Söz qədər ömrünüz olsun, Şöhlət Əfşar...

 

Daşdəmir ƏJDƏROĞLU

 

Olaylar.- 2021.- 10-16 dekabr.- S.20.