Nizamini öz sözü ilə anlamanın yolları
Ölkə Prezidenti İlham Əliyevin 2021-ci ili Nizami ili elan etməsi təkcə nizamişünaslıq sahəsində fəaliyyət göstərənlərin deyil, ümumiyyətlə, klassik irsi araşdıranların da məsuliyyətini artırır. Hər birimiz indiyədək
nə kimi işlər görülüb,
bu sahədə nə kimi boşluqlar
var sualları ətrafında düşünür
və özümüzün
də fəaliyyət
istiqamətimizi bu ilin tələbinə uyğun qurmağa çalışırıq. Nizaminin
ədəbi şəxsiyyəti,
əsərlərinin yazılma
səbəbi, ithaf olunduğu şəxslər
- məmduhları, süjet
xətti, qaynaqları,
struktur özəllikləri,
qəhrəmanları, onların
mümkün prototipləri
və s. indiyədək
çoxsaylı monoqrafiyalarda
öyrənilib. Bu sahədə Azərbaycanda
münbit bir elmi-fikri zəmin vardır.
Azərbaycan nizamişünaslarından Həmid Araslı, Mübariz Əlizadə, Rüstəm Əliyev, Qəzənfər Əliyev,
Xəlil Yusıflı,
Qulamhüseyn Beqdeli, Xəlil Hüseynov, Çingiz Sasani, Qasım Cahani, Nüşabə Araslı,
Mənzərə Məmmədova,
Mehdi Kazımov və digərləri Nizaminin ədəbi şəxsiyyətinin müxtəlif
cəhətlərini ciddi
şəkildə araşdırmışlar
və həmin tədqiqatlar bu gün də öz dəyərini saxlayır. Amma ümumilikdə bu
çoxşaxəli araşdırmaların
böyük əksəriyyəti
sovet dövründə
yazıldığı üçün
tədqiqatçılar dövrün
ideologiyasının qoyduğu
məhdud hüdudlarda
öz sözünü
deməyə məcbur
olmuşdular. Bu mənada Nizami irsinin dini əsası,
irfani biliklərin ifadə şəkli, şairin digər və daha qədim
dinlərin kultlarına
müraciət biçimləri
və səbəbi sovet dövrü nizamişünaslığında öyrənilməmişdi. Son dövrlərdə bu sahələrə təsadüfdən-təsadüfə
müraciət olunsa da, bu dəfə
də eymilə Nəsimi və Füzuli irsinin tədqiqi sahəsində müşahidə etdiyimiz
kimi, ifrata varmalar, təsvirçilik
və s. ön plana keçdi. Bu baxımdan dəyərli həmkarım Siracəddin
Hacının müstəqillik
illərimizdə sevgi
və fədakarlıqla
hazırladığı 10 cildlik "Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı
və Həzrət Məhəmməd (s.a.s)"
əsəri şairin
dini biliklərinin əsasını və onun bu dini
biliklər vasitəsilə
bəşər övladına
hansı dəyərləri
təlqin etdiyini öyrənmək baxımından
təqdirəlayiqdir.
Ümumiyyətlə, nizamişünaslıqda
olması lazım gələn, lakin boşluq olan sahələr, təəssüf
ki, az
deyildir. Bunlardan biri şairin
əsərlərinin tam şərhinin
olmamasıdır. Halbuki şərhçilik
Nizaminin dərindən
öyrənilməsinə əlverişli
şərait yarada biləcək bir üslubdur və görünür, gərgin
axtarışlar nəticəsində
ərsəyə gələ
bildiyindən bu sahəyə də xüsusi maraq göstərilməmişdir. Bu sahədə ilk və hələlik ki, yeganə təcrübə Siracəddin
Hacıya məxsusdur.
Onun uzun illər üzərində
işlədiyi şərhlər
Nizami şərhçiliyi
sahəsindəki boşluğu
doldurmağa yardım
etsə də, bu əsərlər yalnız "Xəmsə"nin müqəddimə
qisimlərini ehtiva etdiyi üçün digər hissələrin də elmi şərhinə
ehtiyac vardır. Bu isə alimlər
qrupunun eyni sevgi və fədakarlıqla
işləməsi ilə
gerçəkləşə bilər.
Nizamişünaslıq sahəsindəki boşluqlardan
biri isə şairin bütün əsərlərinin sözlüyünün
indiyədək hazırlanmamasıdır. Bu istiqamətdə görülmüş
işlər içərisində
Mənzərə Məmmədovanın
"Nizami Gəncəvi
dilinin lüğəti"
adlı ikicildlik dəyərli əsəri
seçilir və çox gərgin axtarışların nəticəsidir.
Amma bu əsərdə
yalnız "İsgəndərnamə"nin
birinci hissəsinin -
"Şərəfnamə"nin
leksik tərkibi cəmləşib. Nizaminin eyni
bir kəlməni hansı anlamlarda işlətdiyinin aydın
mənzərəsini yaradan
lüğət daha çox dilçilik baxımından tərtib edilmişdir. Həmin sözlüyün
dil tarixi, ədəbiyyatşünaslıq, xüsusilə poetika və digər sahələr baxımından
təhlilinə də
ehtiyac vardır.
Qeyd etməliyik ki, nizamişünaslıqdakı bu
boşluğu aradan qaldırmağa yardımçı
ola biləcək
örnək əsərlər
Türkiyə və İranda azlıq təşkil etmir. Hər bir görkəmli və həqiqətən,
söz sənətkarı
olan şairin sözlüyünün hazırlanması
onun fikir dünyasını, ənənəvi
və fərdi səciyyəli anlamlarını
öyrənmək baxımından
çox önəmlidir.
Buna görə də Nizaminin hər bir əsərinin
filoloji sözlüyünün
hazırlanmasına ehtiyac
vardır. Bu tipli
sözlüklərdə kəlmənin
lüğəvi anlamının
qeydi sadəcə ilk mərhələ ola bilər. Həmin kəlmələr vasitəsilə
şairin fikir dünyasının əzəmətini,
söz dəryasının
dərinliyini də nümayiş etdirmək mümkün olduğundan ifadələrin kəsb etdiyi mənalar, əlaqəli söz qrupları, onların bədii və fəlsəfi dəyəri
müəyyənləşdirilməlidir.
Bu anlamda Nizaminin
əsərlərinin hər
birinin çoxyönlü
şərh və təhlil xarakterli sözlüklərinin yaradılmasına
da ehtiyac vardır. Bu sözlüklər onun poetik, dini, fəlsəfi,
irfani fikir qatlarını üzə
çıxarmağa, onun
çoxcəhətli ədəbi
şəxsiyyətinin həqiqi
dəyərini verməyə
yardım edə bilər.
Nizamişünaslıq sahəsindəki boşluqlardan
biri də onun istər mənzum, istərsə də filoloji tərcümələrində nəzərə
çarpır. Bu tərcümələrin
bəzən orijinala adekvat olmaması yeni, əslinə müvafiq tərcümələr
zərurətini ortaya
çıxarır.
Əslində mövcud tərcümələri
tamamilə inkar etmək də doğru olmaz, onların içərisində
uğurlu və əslinə yaxın parçalar da yetərincədir. Amma yubileydən yubileyə
Nizami irsinə müraciət və çeşidli tərcümə
cəhdləri tələskənlik
üzündən bəzən
təhriflərə yol
açmışdır. Təəssüf ki, nöqsanlı
çevirmələr sətri
tərcümələrdə də nəzərə çarpır. Halbuki filoloji
- sətri tərcümələrdə
mətnin əslinə
yaxınlığını qorumaq imkanları daha genişdir. Bir nümunəyə nəzər
salaq. "Sirlər
xəzinəsi"inin başlanğıcında
deyilir:
Bismillahir-rəhmanir-rəhim,
Həst kelid-e dər-e gənc-e Həkim.
Fatihe-ye
fekrət-o xətm-e soxən
Nam-e xodayist, bər u xətm kon"
(Bismillahir-rəhmanir-rəhim
Hikmət sahibinin xəzinəsinin qapısının açarıdır.
Sənin
fikrinin başlanğıcı
və sözünün
sonu
Allahın adıyladır, onunla da sözü bitir).
Göründüyü kimi, Nizami "Sirlər xəzinə"sini
Quranı örnək
almaqla yazmışdır. Belə ki,
o, "Fatihə" və
ümumiyyətlə Quranın
başlanğıcı olan
"Bismillahir-rəhmanir-rəhim" ayəsi ilə öz kitabını başlayır. Burada
şair "Fatihə"ni iki anlamda
- həm Qurandakı yeri, həm də lüğəvi anlamını nəzərdə
tutmaqla istifadə edir. Buna görə
də tərcümədə
bu ifadənin orijinaldakı şəkli
ya çıxarışda
qeyd olunmalı və ya mətndə
orta mötərizədə
göstərilməli idi.
Nizaminin
burada "Həkim"
deyə yad etdiyi, əlbəttə ki, Allahdır və onun 99 gözəl adı ("əsmayi-hüsna") içərisində
"hikmət sahibi"
anlamına gələn
bu adı da yad olunur.
Şairin bu adı seçməsi də təsadüfi deyildir.
Özünün hikmətli
kəlamlardan təşkil
olunacaq "Sirlər xəzinəsi" əsərinə
Allahın "Həkim"
(hikmət sahibi) adı ilə başlaması onun cəmiyyət həyatını
tənzimləyəcək ilahi
qaynaqlı kəlamları
nəzərdə tutduğunun
da bir ifadəsidir...
Halbuki filoloji tərcümədə oxuyuruq:
Bismillahir-rəhmanir-rəhim
Həkimlər xəzinəsinin qapısının
açarıdır.
Fikrin başlanğıcı və
sözün sonu -
Tanrının adı ilədir, o [adla da bu
kitabı] bitir).
Göründüyü kimi, birinci beytdə
"həkim" sözünün
daşıdığı anlamın
nəzərə alınmaması,
ikinci beytdə kitabın başlanğıcında
nədənsə həm
də onun bitirilməsinə dair qeydə yer verilməsi şairin fikrinin təhrif olunması ilə nəticələnmişdir.
Çox dəyərli alim və tərcüməçi
Rüstəm Əliyevə
aid yuxarıdakı sətirlərdə
yol verilən qeyri-dəqiqlik təəssüf
hissi doğurur. Əslində
mənzum və filoloji tərcümələrdə
bənzər örnəklər
az deyildir.
Bu isə şairin
əsərlərinin yenidən
tərcümə olunmasını
zərurətə çevirir.
Təkcə nizamişünaslıq deyil,
ümumiyyətlə, klassik
irsin digər sahələrində də
tərcüməçi eyni
zamanda tədqiqatçı
olmalıdır. Çünki təkcə fars
dilini bilməklə Nizaminin və digər klassiklərimizin əsərlərini ana dilimizə tərcümə
etmək mümkün
deyildir. Qənaətimizcə, bu tərcümələr
tədqiqatçı və
tərcüməçi şəxsiyyətinə
malik peşəkarlar tərəfindən gerçəkləşdirilərsə,
ortaya həqiqətən
elmi dəyərə malik işlər qoyula bilər.
Nizamişünaslıqdakı boşluqlardan biri də onun əsərlərinin ideya qaynaqlarının dəqiqliklə öyrənilməməsidir. Bu istiqamətdə çox işlər görülməli, xüsusilə özünün vurğuladığı pəhləvicə qaynaqlar tam şəkildə üzə çıxarılmalı və müqayisələr aparılmalıdır. Nəticədə bu kimi araşdırmalar dünya şöhrətli şairimizin düşüncəsindəki fərdiyyət və özünəməxsusluğu dəyərləndirməyə şərait yaradacağından diqqətdən kənarda qala bilməz.
Başlıca istiqamətlərini qeyd etdiyim sahələr bir il içində yalnız özülü qurula bilər, bu sahələrin uğurlu elmi məhsulunun ortaya qoyulması üçün uzun illər - azından 4-5 il ciddi işləmək lazım gələcək...
Səadət
Şıxıyeva,
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Olaylar.- 2021.- 5-11 fevral.- S.14.