Sevdiyi gözəli deyil, şəhidliyi
anasına
sürpriz edən
oğulların vətənidir bura...
Deyilənə
görə hər kişi yaşadığı ömür
payında mütləq bir savaşda iştirak etməlidir.
Əgər belədirsə, yəqin bu da onların
imtahanıdır. Necə ki, qadınların imtahanı minbir əziyyətlə
övlad dünyaya gətirmək, gecə-gündüz demədən
onun böyüyüb başa çatması üçün
ömrünü şam kimi əritməkdir...
Əgər doğrudan belədirsə, nə xoş halına oğullarımızın. Ömür paylarına düşən savaşda 30 illik qar-boran düşmüş yurdumuza bahar gətirdilər, günəş gətirdilər, xalqımızın əyilmiş qəddini düzəltdilər, dost-düşmən qınağından-tənəsindən qurtardılar millətimizi. Düşmənin kirli düşünən beynini əzdilər. Xaraba qalmış yurd yerlərimizi Vətən etdilər. Döyüş qüdrətilə cahanı heyrətə saldılar gerçəkdən. Silahı-sursatı, texnikanı qoy bir kənara, süngüylə, bıçaqla, əllə, dırnaqla parçaladılar düşmənin qara bağrını. Bayrağımızı Pənahəli xanın ucaltdığı Şuşa qalasının başında dalğalandırdılar. Amma bunlar əvəzsiz, qarşılıqsız olmur, qarşılığı isə Əli kimi oğulların canlarıdır, qanlarıdır. Torpaq təkcə su ilə yeşərmir, çiçəkləmir, bir də şəhid qanıyla bəslənirmiş. Bunu Azərbaycan xalqı, Azərbaycan anaları daha yaxşı bilir.
Ağlamıram, gözəl balam, darıxma, Səndən sonra hamı mənim balamdır. Bir azca da çox sevəcəm torpağı, Torpaq səndən əmanətdir, qalandır.
Belə analardan birinin oğluydu qəhrəman şəhidimiz Əli. Məmmədov Əli Zeynal oğlu 2000-ci ildə Yevlaxda anadan olmuşdu. Ailədə 2 bacı, bir qardaşdılar. Əli valideynərinə oğul, bacılarına qardaş, vətəninə qurban oldu. Çoxları kimi əlinin zəhməti, alnının təri ilə keçinən ailədə doğolub böyüdü. Atası Zeynal uzun illər Yevlaxdakı "Polad AŞ" şirkətində yük yanacaq maşını sürərək ailəsini dolandırıb. Mənzilində onunla söhbət edirik. Vətənpərvərliyinə ancaq qibtə etmək olar. Deyir:- Torpağımız düşmən tapdağı altında qalmışdı. Namusumuz, qeyrətimiz hər birimizi boğurdu, dözmək olmurdu. Şükür bu günümüzə.
Anası Almaz Məmmədova evdar qadındır. Kiçik bacısı Günayın yoldaşı hərbçidir.
Əli orta məktəbi bitirdikdən sonra müxtəlif peşələrlə məşğul olur, biraz kababçılıq, biraz bərbərlik edir... 2018-ci ildə, tam hərbi çağırış yaşında əsgər həyatını yaşamağa, kişilik məktəbi keçməyə yollanır. Əsgərlikdə gizirlik kursu da keçib. Xidmətini başa vurduqdan sonra kiçik gizir hərbi rütbəsi ilə Sərhəd Qoşunlarında çalışmağa başlayır və Xızıdakı hərbi hissədə 8 ay xidmət edir. Bu o vaxtlar idi ki, vətənimiz hərbə girdi. Ayaqlar altında əzilən torpaq, otuz il idi ki, "Məni xilas et" deyə çağırıdı bizi. Gün o gün idi. Əlinin xidmət etdiyi hərbi hissə də həmin gündən döyüşlərə girir. Qəhrəman şəhidimizin döyüş yolu Füzulidən başlayır, o, həm snayperçi, həm kəşfiyyatçı idi. Döyüşün ilk günlərində Qazaxdan Füzuliyə gedərkən anası yolüstü görüşmək istəyir. Savaşın ən şiddətli nöqtəsinə cəsarətlə atılan, düşmənin içinə kəşfiyyata gedən Əli, anası ilə görüşməyə cəsarət etmir. Bacısı Günaya zəng edir, halallıq istəyir: "Bacı, ürəyimə damıb ki, şəhid olacam, özünüzdən, atamdan, anamdan muğayat olun" deyir. Amma oktyabrın 8-də anası ilə danışır, hər şey əladır ana, inşallah, qələbə çalacağıq, narahat olma, deyir. Çiçəklər də umuda açır deyirlər. Ana oğlunun səsini eşitdikdən və oğlunun o cəsarətli sözlərindən sonra çiçək açır, üzü gülür...
Və ertəsi gün, oktyabrın 9-u bütün döyüş tapşırıqlarını cəsarətlə yerinə yetirən Əli döyüş yoldaşları ilə Hadrut istiqamətinə təyinatlanır. Lakin yağı düşmən yolda maşınlarını vurur. Əli və bir neçə döyüşçü qəhrəmanlıqla şəhid olur. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunması uğrunda" medalları ilə təltif olunur.
Əlinin atası Zeynal imanlı insandır, oğlunun vətənə qurban getdiyindən qürur duyur. Əli həm bizim başımızı ucaltdı, həm Vətənimizin,-deyir.- "Deyirdim oğlum, hər dəfə ağır döyüşlərə girəndə kəlimeyi-şəhadətini çevir, Yaradana sığın".
Anası Almaz xanım: "Söyləyirdi ki,
ana, sənə sürprizim olacaq. Eşitmişdim ki, könül verdiyi var. Hər dəqiqə
sürprizini gözləyirdim. Mənə sürprizi şəhidliyi
oldu. Qazaxda xidmət edəndə çəkmə
ayaqlarını döymüşdü. O da ürəyimdə
bir dərd idi. elə hey fikirləşirdim ki, ayaqları
incidirdi balamı. Nə biləydim ki, dərd
qabaqdaymış. Deyirdi, ana, mənə çox bağlanma,
ürəyinə damıbmış körpəmin. Dostu
İlkin Əlizadə vardı, çox mərd uşaqdı.
Bir yerdə vuruşub, bir yerdə şəhid olublar"
Üzülmə
Almaz ana, sevgilərin ən ucası, ən mükəmməli,
ən çılğını Vətən sevgisidir. Əli
kimi oğullar dünyaya göstərdi ki, biz Vətəni
sözlə deyil, əməllə sevirik. Əli kimi
oğullar göstərdi ki, bu millətin övladlarını
analarına təkcə sevdiyi gözəli deyil, Vətən
uğrunda şəhid olmaq sürprizini də hədiyyə edə
bilirlər. Başını uca tut. Çünki sənin kimi
anaların Əli kimi oğulları sayəsində Vətənimizin
də, Bayrağımızın da başı ucadır.
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti
Olaylar.- 2021.- 12-18 fevral.- S.22.