Fəxri Uğurlu: realist motivlərdən postmodernə doğru

 

 

Azərbaycan postmodernizminin əsas nümayəndələrindən biri olan Fəxri Uğurlunun bədii yaradıcılığını yazıçı üslubu və nəsr texnikasının təkamülü baxımındaniki mərhələyə bölmək olar:

 

1.Fəxri Uğurlunun yaradıcılığının ilkin dövrü. Bu dövrdə nasirin əsərlərində realist motivlər üstünlük təşkil edir, əsasən 1960-1980-ci illər nəsrinin ab-havası duyulur.

 

2. Fəxri Uğurlu yaradıcılığında postmodern. Fəxri Uğurlunun bu dövr yaradıcılığını "Mövlana Cəlaləddin Rumi və onun "Məsnəvi"si" (2007), "Hekayələr" (2010) kitabları və esseləri əks etdirir.

 

525-ci qəzetin 26 sentyabr 2020-ci il nömrəsində çap edilmiş "Kamilliyə gedən yolun postmodern şərhi: Fəxri Uğurlunun hekayələri" məqaləmizdə yazıçının yaradıcılığının postmodernist təhkiyəyə əsaslanan ikinci dövrünü işıqlandırmışdıq. Bu məqalədə isə Fəxri Uğurlu yaradıcılığının postmodernəqədərki, ilkin dövrünə nəzər salacağıq. Fəxri Uğurlunun "Tək ağac" (1991), "Diləklərin azması" (1992), "Oğuznamələr" (1993), "Üç kəndin bir dərdi" (1995), "Uşaqların mahnısı" (1999) kitablarında toplanmış mətnlər yazıçının yaradıcılığının məhz ilkin, postmodernəqədərki dövrünü xarakterizə edir.

 

 

 

Fəxri Uğurlunun ilk kitabı olan "Tək ağac"datoplanan hekayələrdə lirik-psixoloji məqamlarla yanaşı, nağılvarı elementlər də öz əksini tapmışdır. Müəllifin "Çıraq", "Gün işığı", "Qırxqız-qırx qız" hekayələri buna bariz nümunədir. "Çıraq" hekayəsində meşədə azan uşaq obrazının prototipi Azərbaycan nağıl personajı Cırtdandır. Meşədə azmamaq üçün anasının verdiyi çırağın işığı babasının yaxşılıq etdiyi boz qurdun hədiyyəsi - gözlərinin nuru ilə güclənir. Lakin çırağı cinlər tərəfindən oğurlanan uşaq Devin pəncəsinə keçir. Devin qalaçasındakı çıraqların bəzilərinin onun evindən gələn çıraqlar olduğunu anlayan uşaq əslində öz taleyinə-ölümünə doğru yol gəldiyini anlayır, Cırtdan kimi Devi aldadıb qaçsa da Devin pəncəsindən qurtula bilmir."Gün işığı" hekayəsində geyimli oğlan el-obanı cənginə alan aramsız yağışlardan xilas yolunu Qocadan öyrənir. Qocanın yuxusunda gördüyü yağmur daşını tapıb məhv edərək doğma torpağı günəşli günlərə qovuşdurmaq üçün dağların zirvəsinə doğru yol alan oğlan missiyasını yerinə yetirsə də özü də həlak olub el üçün işıq, istilik mənbəyinə çevrilir: "El dağın qucağına sığındı ki, qılıncdan keçib oğlanın əllərini, ayaqlarını, oğlandan keçib dağı, kökü bu dağa bağlı çiçəkləri, otları qızdıran gün istisini damarlarına hopdurub don vurmuş qanının buzunu əritsin...". "Qırxqız - qırx qız" hekayəsi məşhur əfsanə əsasında qələmə alınıb. Hekayədə yadelli hökmdarın hücumuna məruz qalan elin ağsaqqalı bütün əli silah tutanları düşmənlə döyüşə çıxmağa çağırır. El-obanın namusu sayılan qırx qız isə əsir düşməmək üçün dağa göndərilir. Elin igidlərini məhv edən yadellilər qızların izinə düşürlər. Lakin qızlar ölümü namussuz ömürdən üstün tuturlar: "Ana torpaq qırx qəlbdən gələn naləni eşitdi, qırx ürəyin püskürdüyü od-alovu gördü. Qırx qızın diləyi hasil oldu... Qızlar bir andaca qırx keçilməz qayaya dönüb, neçə-neçə elləri, obaları zalım Zar hökmdarının tapdağından qorudular".

 

1992-ci ildə çap olunan "Diləklərin azması" kitabına daxil edilmiş "Şair Şulumun şeirləri" povesti yarandığı gündən insanın yolunu müəyyən edən əbədi bir mübarizəyə - maddi və mənəvinin, yalan və doğrunun, azadlıq və əsarətin, zahir və batinin mübarizəsinə həsr edilmişdir. Nağılvarı-alleqorik süjetə malik əsərdəki qəhrəmanların adları da simvolikdir və hamısı "Ş" hərfi ilə başlayır: Şair Şulum, Şəyird, Şeytan Şuluq, Şalğam Şah, cəllad Şarap Şurup, vəkil Şarappaşarp, Şapalaq şah, Şəngül. Tehran Əlişanoğlu "T.Mustafayinin Ədəbiyyat söhbəti" kitabında yazır: "Fəxri Uğurlunun "Şair Şulumun şeirləri" po­ves­tində ("Ulduz", 1992, N 11-12), - bütünlükdə əsər yanaşma və yazı tərzi baxımından heç də yeni olmasa da (müqayisə elə: - Anar, "Yaxşı padşahın nağılı"), - maraqlı bir surət var: - "kölgə"sinə uy­muş sənətçi obrazı. Sənəti gəncliyində qoyub, sara­ya gedən: - o ümidlə ki, bir zaman yenə dönəsi, bir gün gələsi və istəklərini tam söyləyəsi, - Şair Şulum hər növbəti iqtidarı vəsf edə-edə yanıb-tükənir..."Əsərin qəhrəmanı Şair Şulumun qızı Şəngülün xəstəliyindən təsirlənərək yazdığı şeirləri qəmlə, ələmlə dolu olduğu üçün kitabçıxardan Şeytan Şuluq onları qəbul etmir, şairə məsləhət görür ki, başının salamatlğı və firavan yaşamaq üçün Şalğam Şahı mədh edən şeirlər yazsın: "Hə bax burda Şair Şulum yamanca ilişdi. Öz bildiyi kimi yazmaq ona çox asan gəlirdi; ancaq bu yazılardan heç kəsin xəbəri olmayacaqsa, daha havayı zəhmət çəkməyə dəyərmi? Onda bir yol qalır: Şeytan Şuluğun dediyi kimi yazmaq. Bəs bunu necə eləsin? Şair Şulum indiyədək bir yol da olsun Şeytan Şuluğun söylədiyi sayaq yazmamışdı..." El içində çox sevilən Şair Şulum qızının sağalması müqabilində öz əqidəsindən əl çəkir, səmimi şeirlərini yandıraraq saray məddahına çevrilir. Maddi cəhətdən tam təmin olunan Şair Şulum bir sənətkar kimi bədbəxtdir. Bunu onun Şəyird ilə son söhbəti də təsdiq edir. Əsərlərinin toplu halında nəşri təklifinə cavab olaraq bildirir ki, onun əsərləri yoxdur, illər öncə yandırılıb. "Beyni unudulmuş düşüncələrlə doluydu, ancaq heç birini yerindən dəbərtmək istəmirdi. Sinəsində o qədər söz vardı ki, yüz il danışsa qurtarmazdı; ancaq dilinə bircə söz də gətirmək istəmirdi". Əsl Şair Şulum əsərlərini yandırdığı gün məhv olub, ondan sonra yazılanlar yalançı, saxta Şair Şulumun əsərləridir.

 

Fəxri Uğurlunun nasir kimi formalaşmasında ədəbi-fəlsəfi mətnlərə olan marağı mühüm rol oynamışdır. Yazıçının gənclik illərində professor Kamil Vəliyevlə birgə tərtib etdiyi "Oğuznamələr"ə (1993): Oğuzanamənin uyğur variantının mətninin transkripsiyasıvə Azərbaycan dilində qarşılığı (1959-cu il A.M. Şerbak nəşrinə əsaslanaraq), naməlum müəllif tərəfindən qələmə alınmış mənzum oğuznamə (1976-cı ildə "Türkiyat" məcmuəsində M.Fuad Köprülü tərəfindən nəşr edilmiş Kamal Əraslan variantı), Oğuznamə parçaları, Dədə Qorquda aid edilən sözlər və "Mən Dədə Qorqud" möhürlü beyt, "Kitabi-Dədə Qorqud" dastanlarında işlənmiş atalar sözləri və zərbi-məsəllər, Oğuz deyimləri, Türkmən oğuznamələri kimi orijinal mətnlər daxil idi.Türk xalqlarının ortaq ədəbi fikir və tarix mənbəyi olan Oğuznamələri ehtiva edən toplu ümumən türkologiya üçün dəyərli nəşr sayılmaqla yanaşı, yazıçınınsonrakı yaradıcılığında bu mətnlərin təsiri və izləri aşkar hiss olunur.

 

 

 

2007-ci ildə isə Fəxri Uğurlunun"Mövlana Cəlaləddin Rumi və onun "Məsnəvi"si. Oğuznamələrin ən qədimi, ordan burdan yığılanlar" kitabı nəşr olunur. Qeyd etmək lazımdır ki, bu kitabdan da göründüyü kimi Fəxri Uğurlu yalnız bədii əsərləri ilə deyil, həm də ədəbi-tənqidi fikiləri ilə də tanınan, seçilən ədibdir. "Mövlana Cəlaləddin Rumi və onun "Məsnəvi"si" məqaləsində müəllif böyük mütəfəkkirin həyat yoluna nəzər salır, onun Şəms Təbrizi ilə dostluğu, yaradıcılığı haqqında geniş məlumat verir, əsərlərinin dünya ədəbi-fəlsəfi fikrindəki tutduğu mövqedən söhbət açır, Mövlananın "Divani-Kəbir" ("Divani-Şəms") divanının qısa elmi-fəlsəfi şərhini verir. Fəxri Uğurlu Mövlana Cəlaləddin Ruminin "Məsnəvi"sinin digər əsərlərindən fərqini və üstünlüyünü bu şəkildə şərh edir: "Məsnəvi" Rumi yaradıcılığının zirvəsi sayılır. Əlbəttə, bu birincilik əsərə bədii keyfiyyətlərinə görə yox, fəlsəfi-psixoloji tutumuna görə verilir. Tək-tək istisnaları çıxsaq, Mövlana bu əsərdə misranın poetikası üzərində çox da durmur, yəni bunu qarşısına məqsəd qoymur. "Divani-Şəms"dən fərqli olaraq Rumi "Məsnəvi"də rəmzlərə, alleqorik deyim tərzinə ilahi təmasdan yaranan hisslərin - sevgisinin, heyrətinin, kədərinin, qüssəsinin şəklini çəkmək üçün yox, öz ideyalarını, konseptual fikirlərini ifadə eləmək üçün əl atır." Kitabda Fəxri Uğurlunun Mövlanadan tərcümə etdiyi 30 hekayət, uyğur oğuznaməsi, Buddadan seçmələr və müəllifin digər tərcümələri də yer almışdır.

 

"Mövlana Cəlaləddin Rumi və onun "Məsnəvi"si" məqaləsindən sonra 2009-cu ildə Azərbaycan jurnalında "Nəsrin poetik axtarışları" məqaləsi çap olunur. Məqalədə müstəqillik dövrü Azərbaycan ədəbiyyatının formalaşma prosesinə nəzər salınır, çağdaş ədəbiyyatımızda izlənən tendensiyalara, forma və məzmun tandeminə novator baxış sərgilənir: "Çağdaş Azərbaycan nəsrində polifonizm, dü­şün­cə seli, həyata yalnız obrazların içindən, personajların, hətta heyvanların, cansız əşyaların gö­rüş prizmasından baxmaq kimi poetik üsullar geniş yayı­lıb. Bəzi yazı­çılar yaratdıqları personajlara hətta o qə­dər azadlıq verirlər ki, yazı­çı­nın­mı obrazları, yoxsa obrazların­mı yazı­çı­nı öz arxasınca apardı­ğı­nı ayırd elə­mək müm­kün olmur. Bu gün yazı­çı­nın həyat həqi­qət­ləri­nə bir obrazın - baş qəh­rəma­nın yox, bü­tün obrazların gö­züy­lə baxması, yazı­çı­nın bir per­sonajda yox, bü­tün personajlarda zühur elə­məsi, hətta əsər­dəki hadisə­ləri, obrazları da özü­nün yox, elə obrazların prizmasından aydınlatması bir poetik metod kimi oturuşub, həm də bir çox də­yərli əsər üçün proyekt rolunu oynayıb."

 

Fəxri Uğurlunun 1990-cı illərdə qələmə aldığı və "Əxlaq" adı altında ümumiləşdirdiyi esselər silsiləsinə beş esse - "Əxlaq", "Azadlıq", "Tarix", "Müharibə", "Ədalət" esseləri daxildir. Bu esselər silsiləsinə nəzər saldıqda yazıçının daha sonralar qələmə aldığı və 12 hekayədən ibarət "Tanrı dağları" hekayələr silsiləsi üçün fəlsəfi-estetik hazırlıq mərhələsi olduğu aydınlaşır. Fəxri Uğurlu bu silsilədən sonra da esse yaradıcılığını davam etdirmişdir. Laçının işğalına həsr etdiyi "Vətənim adamlar" (2001), Tofiq Abdinin ölümünə həsr etdiyi "Tofiq Abdinin saatlı bombası" (2014), Hikmət Sabiroğlunun 50 illik yubileyinə həsr olunmuş "Hikmət" (2016), Nizami Gəncəviyə həsr etdiyi "Tanrının parlaq obrazı" (2018) esseləri nasirin ədəbiyyata və dünyaya fəlsəfi-estetik baxışlarını özündə ehtiva edir. "Əxlaq" esselər silsiləsindən fərqli olaraq bu esselərdə birbaşa fəlsəfi kateqoriyalar və dünyanın əbədi mövzuları deyil, həyat və şəxsiyyət faktoru vurğulanır.

 

Beləliklə,ideya və ruhən yeni, özünəməxsus əsərləri ilə tanınan Fəxri Uğurlu yaradıcılığında realist motivlər, nağılvari-simvolik süjetlər təkamül prosesindən keçir, nəticədə yazıçı yaradıcılığının ikinci dövrünə qədəm qoyaraq arxetipik motivlər, dekonstruksiya, dekanonizasiya, sitat kimi elementlərlə zəngin mətnlərini, postmodernizmin Azərbaycan variantının maraqlı nümunələrini yaratmağa başlayır.

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

 

Ədəbi cərəyanlar sektoru

 

Fil.f.d., böyük elmi işçi Elnarə Qaragözova

 

Olaylar.- 2021.- 19-25 fevral.- S.18.