Nəriman Həsənzadə: “Mənim məhəbbətim sadiqdir. Necə sevmişəmsə, elə  o cür də sevirəm”

 

Nəriman Həsənzadə-90

 

Ona sevgi şairi deyirlər. Sevənlərin şairi...Fevralın 18-də bu şairin- Nəriman Həsənzadənin doğum günüdür. Nəriman Həsənzadə ömrünün 90-cı pilləsinə qədəm qoyur. Şeirlərinə bir insan ömrünü sığdıran şairimizlə müsahibəmiz pandemiya səbəbindən telefon vasitəsilə oldu. Suallarımı qarşıma qoydum zəngi başlatdım.

 

Nəriman bəy, sizi "Olaylar" qəzetindən Gülər Seymurqızı narahat edir. Sizə bir neçə sualım vardı, olar?

 

Nəriman Həsənzadə səmimi ürəkdən gələn razılığı ilə :

 

-Əlbəttə, olar. Buyur, qızım...

 

-Şeirlərinizin birində "dünya bir nərdivandır" deyirsiniz. Bu nərdivanın 90-cı pilləsinə qədəm qoyursunuz. Nələr demək istərdiniz?

 

- Bu məndən asılı deyil. Məni 90-a gətiriblər. İnsan istədiyinə bəzən elə bir vaxtda nail olur ki, onda heç lazım deyil ona. Nəyin arzusundadırsa, ona vaxtında çatmalıdır insan. 90-a gəlib çatmışam, gətiriblər məni. deyim, qızım ( gülür).

 

-Nəriman Həsənzadənin adı çəkilən kimi sevgi, saf məhəbbət yada düşür. Əvvəlki sevgilər bu zamanın sevgisini şeirlərinizdə necə fərqləndirərdiniz?

 

Əvvəlki dövrün sevgisi ilə indiki dövrün sevgisi başqadır. Mənim şeirlərimdə mən necə sevmişəmsə elə gedib. İndi sevgilər müxtəlifdir. Əldə telefonlar var, elə şeylər var ki, baxmaq mümkün deyil . Bizim adət-ənənə var, milli ənənələrimiz var. Lakin bizimki Avropanı keçib. Nəsillər dəyişir. Mənim anam kəlağayı bağlayırdı, yoldaşım başqa bir şey bağladı başına. Sonrakı nəsil başı açıq gəzdi, sonrakı nəsil saçlarını vurdurub oğlanlara oxşadılar. Bunu pisləmirəm, zəmanə dəyişdikcə adət-ənənə dəyişir. Hər dövrün öz tələbi var. Bunu o birinə qarşı qoymaq düzgün deyil. Ancaq mən sevgiyə xüsusi baxıram. Qadınlara münasibətim xüsusidir, qadın, ailə, bunlar əvəzsizdir. Qadın ilahi bir varlıqdır mənim nəzərimdə. Onun məhəbbəti , sevgisi ... Ötəri baxmaq olmur sevgiyə. Olmaz da. Burda bunu, orda onu sevirlər. Çox mürəkkəbdir. Mənim məhəbbətim sadiqdir. Necə sevmişəmsə elə o cür sevirəm insanları- qadını, həyatı. İlahi bir eşqlə sevirəm.

 

-Bəs Nəriman bəy, insanlar sevməyi bacarmır, yoxsa başqa səbəblər var?

 

Səbəblər çoxdur, zəmanə dəyişir. Markesin bir fikri var : "Mühit şüuru dəyişir". Elə bir şəraitə düşürsən ki, dəyişirsən. Hər yerdə bir cürdür. Sevgi , məhəbbət , geyim . Ancaq yüksək mədəniyyət var ki, gərək onu götürməyəsən. Zaman dəyişdikcə insanlar ona uyğunlaşır.

 

-Siz öz şeirlərinizdə qadına bu qədər dəyər verərkən real dünyada qadınların şiddətə məruz qalması, onların dırnaqarası mentalitet qaydaları içərisində boğulması sizə necə təsir edir?

 

Mən bunları gördüyüm üçün qadına bu qədər dəyər verirəm. Mən 1986-cı ildə yoldaşımı itirdim. O vaxtdan ailə qurmamışam, qura bilərdim, amma mən ailə qura bilmədim. Yenə deyirəm, qadın ilahi bir varlıqdır, qadın evin yiyəsidir. Evdə qadın yoxdursa, o ev sahibsizdir. Qadın evin, ailənin, ölkənin yaraşığıdır. İnanın, qızım. Səmimi deyirəm.

 

-Bağışlayın, sözünüzü kəsirəm. Yadıma iki misranız düşdü:

 

Yalnız bir qadının təbəssümüylə,

 

Yüz ağlayan olsa, kiritmək olur.

 

-Bəli, qızım. Qız ayrıdır, oğlanın da yeri ayrıdır. Amma mən qadına üstünlük verirəm. Kişi gərək qadına qiymət versin.

 

-Nəriman Həsənzadə qadına verdiyi dəyəri səsləndirdiyi bu şeir ilə daha da gözəlləşdirdi:

 

Qadında sədaqət, kişidə mərdlik

 

Birində zəriflik, birində sərtlik

 

Qadınlar əvvəlcə dözən olurlar

 

Sonra payız buran xəzəl olurlar

 

Qadına məhəbbət, anaya hörmət

 

Qədimdən indiyə belədir əlbət.

 

ya

 

Qadının sərvəti-- öz bədənidir,

 

Onu da kişiyə mükafat verir.

 

-Verilişlərin birində deyirsiniz ki, " Şair olmaq bədbəxtlikdir". Axı hisslərini, fikirlərini misralara çevirə bilməyənlər şair olmağı xoşbəxtlik adlandırır. Amma siz bir şair olaraq deyirsiniz ki, şairlik bədbəxtlikdir.

 

-Onlar da düz deyir, mən . Mən düz deyirəm, çünki şairliyin demək olduğunu bilirəm. Onlar da düz deyirlər, çünki şairliyin demək olduğunu bilmirlər. Şair bütün gün düşünür, daim fikirləşir. Mən yoldaşımı itirəndən sonra çox çətinlik çəkirəm. Qadınla adam fikirlərini bölür, anaya deyə bilmədiklərini yoldaşına deyirsən. Qadın hər şeydir. Qadınım yanımdadırsa, Vətənim var, qadınım yoxdursa, hayana atsaz məni yaşayaram. Qadın deyəndə gündə birini tapmaq demirəm haa. Bağlandığın qadını deyirəm.

 

- şair bu şeirini səslənirdi:

 

Qadın məhəbbəti yoxsa, kişinin həyatda bir yükdür yaşaması.

 

Qadınsız çətindir həyatı sevmək, sevgisiz həyat da bir həyat deyil.

 

Kişinin ən böyük mədəniyyəti bəlkə , qadına münasibətdir.

 

Sevməyi kişidən öyrənmək gərək

 

Əsl sədaqət ancaq qadındır.

 

Qadın sədaqətlidir kişidən

 

Qadın öz evindən əbədi köçmür.

 

Onun nəfəsi var, ruhu var evdə.

 

-Vətəndən söz düşmüşkən, bilirsiniz ki, biz 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdik.

 

Bizim Ali Baş Komandan çox böyük sərkədədir. Müsahibələrində Ermənistanın bütün hiyləgərliyini, yalanlarını, Rusiyanın idarə etməsini hamısını dahiyanə şəkildə açıq göstərdi. İlham Əliyev XXI əsrin ən böyük sərkərdəsi siyasi xadimidir. Bizim müharibə taktikamızdan dünya hərbi məktəblərində keçəcəklər. Necə oldu ki, 44 günə qələbə çaldıq. Bu böyük qələbədir. Biz bir yumruq kimi birləşdik qalib gəldik. Türkiyənin qardaşlığı bizə çox böyük dəstək oldu.

 

Gördünüz, ermənilər xaraba qoyublar torpaqlarımızı. Məscidlərimizdə donuz saxlayıblar. Biz etsək dünya üstümüzə gələrdi. Bu münasibətlə şeirlər yazmışam. Hətta cəbhədən mənə teleqram vururdular. Heydər Quliyev adlı əsgər isə səngərdən zəng vurub dedi ki, sizin adınızı 6 raketin üstünə yazmışıq, artıq üçünü düşmən tərəfə atmışıq.

 

Son olaraq 18 fevral tarixində doxsan yaşına qədəm qoyan şairimizə can sağlığı arzu etdim. Cavabında Nəriman bəyin səmimi içdən minnətdarlığını xoş sözlərini aldım telefonun dəstəyini asdım.

 

Bəli, Nəriman Həsənzadənin yaradıcılığı Azərbaycan ədəbiyyatında ayrı bir zirvədir. Nəzərinizə çatdıraq ki, Nəriman Həsənzadə 44 günlük savaşımızda bir neçə şeir, "Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır" adlı poema da qələmə alıb. Hazırda bu poema Gənc Tamaşaçılar Teatrı Azərbaycan Dövlət Televiziyası tərəfindən tamaşaya hazırlanır.

 

Gülər Seymurqızı

 

Olaylar.- 2021.- 19-25 fevral.- S.9.