ƏBƏDİ DOSTLAR- BEŞİKDƏN MƏZARA

 

"...Sadiq ölümündən bir gün öncə, oktyabrın 8-də zəng eləmişdi. Əhval-ruhuyyəsi çox yaxşıydı, səsində qələbə havası vardı. Deyirdi, darıxmayın az qalıb, zəfərimizi tezliklə qeyd edəcəyik. Dedim, anan qurban bala, səni Vətən üçün böyütmüşəm. Yalvarıram, əsir düşmə. Gördün ki, əsir düşürsən özünü öldür, erməniyə əsir düşmə. Çünki ermənilərin necə qansız, vəhşi olduqlarını bilirdim. Balamın səsini son dəfə o gün eşitdim".

 

Bu sözlər şəhid Sadiq Səmədovun anası Səfalə xanımındır. 30 il əvvəldən qara ilan kimi millətimizin ciyərinə saplanan düşmən gülümüzü də, günümüzüqana boyadı. Analar qara günlü, qaradonlu oldular o gündən. İllərdir yurdumuzun məsum körpələrinin canına qıyılır, açılan hər silahdan çıxan mərmilər anaların əziyyətlə böyütdüyü fidan balalarını çinar kimi yerə sərirdi. 30 ildir torpaqlarımızla bərabər xalqımızın səadəti, xoşbəxtliyi, günləri də düşmən əlində dustaq idi. O qaranlıq günlərdə anaların dillərindən ürək yaxan ağılar kəsilmədi. Ürəklər yandıqca, ocaqlarımız söndü. Yurdumuz qaranlığa həbs edilmiş, üzümüzə dəmir qapılar kilidlənmişdi. Azərbaycan insanı 30 il də keçsə, 100 il də keçsə, torpağından qopmadı, soyumadı, əksinə daha qaynar atəşlə körükləndi vətəninə. Zülmə boyun əymədi ədalətli xalqımız, zülmü diz çökdürdü qarşısında.

 

 

 

Bir ilıq payız sabahına ehtiyacımız vardı, bir 27 sentyabr tarixinə. Gəldiyi gün hamı ayağa qalxdı, Vətən namusdur, əlbəttə, namusumuzu qoruyacağıq, deyə. Bu oğulların sırasında İbrahimin oğlu Sadiq də vardı. Sevməyə də hazırdı vətəni, uğrunda ölməyə də.

 

Səmədov Sadiqin atası İbrahimgil Ağdam rayonunun Xıdırlı kəndindən qaçqın düşmüşdü. İbrahim 18 yaşında hərbi xidmətə yollanmışdı. Qayıdanda artıq doğma yurdları düşmənin tapdağı altında idi. Yevlaxa pənah gətirmişdilər. O, Birinci Qarabağ savaşında iştirak etmiş, döyüşlərdə şucayət göstərmişdir. 1999-cu ildə ailə həyatı qurub. Beş övlad atasıdır. Evin böyüyü Sadiq 2000-ci il iyulun 13-də Yevlaxda anadan olmuşdu. Digər övladları Saleh, Sənan, Səbinə və Səməddir. Sadiqin anası tibb bacısıdır. 26 ildir ki, peşəsi ilə nə qədər xəstənin qulluğunda dayanıb. Xəstələrə olan yanımcıllığı, səmimiyyəti ilə seçilib. Gözü yaşlı Şəfalə xanımla evlərində söhbət edirəm. Tez-tex bu fikri təkrarlayır: -Balam elə gözəl idi ki...

 

 

 

Şəfalə xanım danışır, mən isə fikirləşirdim: doğrudan da şəhidlərin hər birinin gözəl, yaraşıqlı olmasında, bəlkə bir sirr var? Seçilmişlər olduğuna görəmi belə şux qamətlidirlər? Sadiq əsgərlikdən döndükdən sonra MAXE kimi yenidən hərbi xidmətə dönür. Hələ orta məktəbdə oxuyandan idmanla məşğul olmuşdu. Bir dəfə Gürcüstanda karate üzrə keçirilən yarışda erməni rəqibinə böyük xalla qalib gəlmişdi. Həmin yarışda aldığı medalla, xüsusilə də erməniyə qalib gəldiyinə görə çox qürurlanırmış. Vətənsevərliyi və aktivliyi hərbi xidmətdə də özünü göstərirdi. Lakin xidmətə başladıqdan 3- 4 ay sonra Vətənimizin azadlığı uğrunda müharibə başlayır. 10 milyonluq xalq: "Qarabağ Azərbaycandır!" sevdasıyla savaşa girdi. Doğru demişlər, Zəfər əvvəlcə savaşa girən xalqın düşüncəsində, sonra meydanda çalınır. Biz o günlər bələkdəki çağamızdan, ağsaçlı babamıza, nənəmizəcən əsgər idik. Nə yazıq ki, Vətənimizə tuşlanan silahlar fidan övladlarımızın ürəyində açıldı. Amma bu millətin anaları onu qəbul etmişdi artıq. Onlar, silahların vətənimizin bağrında açılmasına razı olmadıqları üçün yarlı-yaraşıqlı, çinar boylu oğullar böyütmüşdülər.

 

Hərbi qulluqdan qayıdanda cəmi 20 yaşı vardı. Həm hərbçi sənəti, həm də torpaqlarımızın yağı əlində olması, onu yenidən bu sistemə qayıtmağa vadar edir. "N" saylı hərbi hissədə Müddətdən Artıq Hərbi Qulluqçu kimi ürəklə çalışır, hərbinin srlərini öyrənir.

 

Sadiqin xidmət etdiyi hərbi hissə də şiddətli döyüşlərə girir. Suqovuşan, Talış, Murovdağ istiqamətində vuruşur. Şəhid dostu Elton Məmmədovla birinci sinifdən bir məktəbə gediblər. Bir yerdə böyüyüb, bir yerdə də vuruşublar. Onlar birlikdə beş dəfə qanlı döyüşlərə girib zəfərlə çıxmışdılar. Oktyabrın 8-də hər iki dost ailəsilə danışır.

 

 

 

 

 

SadiqElton kimi yüksək əhval-ruhiyyədə danışır, ata-anasına ümid verirmiş. Ertəsi sabah Suqovuşan uğrunda gedən döyüşlərdə yaralı əsgər dostunu yenicə döyüş meydanından çıxaran Sadiq Eltonun yaralandığını görür. Dostunu çıxarmaq üçün irəli cumur. Komandiri buna mane olsa da, o:- dostum şəhid olur, necə olursa olsun onu çıxarmalıyam,- deyib irəli cumur. Əvvəlcə budundan yaralanır. Ancaq yaralı Eltonu qaldırıb geriyə qayıqmaq istəyəndə mənfur snayperçi onu başından hədəfə alır. Şəhid olur eloğlumuz, Vətəninin, xalqının, çox sevdiyi dostunun salamat qalması üçün.

 

Bir dəfə erməniləri qovub çıxardıqları Kəlbəcərin kəndlərinin birindən Sadiq özü ilə bir it də gətirir. Adını da Paşinyan qoyur. Özünə ləzzət edirmiş bu. Paşinyana yemək verin deyə sevinclə qışqırır, bundan zövq alırmış. Elton da onun bu sevincinə şərik olur, gülürmüş. Sadiq həlak olduqdan bir gün sonra can dostu Elton Yevlaxda xəstəxanada müharibədən aldığı ağır yaradan şəhadətə yüksəlir. Əbədi dostlar hazırda Yevlax rayonunun Şəhidlər xiyabanında yan-yana uyuyurlar. Sadiq ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunması uğrunda" medalları ilə təltif olunur.

 

Yenə şəhidimizin evindəyəm. Bu dəfə nənəsi Füruzə xanımla dərdləşirəm. Deyir ki, nəvəmi anası işlədiyindən 6-cı sinifə qədər mən böyütmüşdüm. Müharibəyə girdiyi gündən Allaha yalvarırdım ki, nəvəm şəhid olmasın, yaralansın, amma quru nəfəsi gəlsin, razıydım. Neyniyim, Allah belə məsləhət bilib. Çox şükür ki, torpaqılarımız işğaldan azad olub.

 

Bəli, müharibə çox nənələri, anaları, bacıları gözü yaşlı qoysa da Vətən sevgisini, torpaq məhəbbətini qəlblərindən silə bilmədi.

 

Əminə YUSİFQIZI,

 

Respublikanın əməkdar jurnalisti

 

Olaylar.- 2021.- 26 fevral.- 4 mart.- S.18.