Sirri Xuda məkanı Xıdırlı...

 

“Azərbaycanın sakral coğrafiyası” silsiləsindən

    

 (XI yazı)

 

Xəzər dənizi sahilləri boyunca Rəşt, Bakı və Hacı Tərxan (Həştərxan)    limanlarına, daha sonra Volqaboyu şəhərlərinin beynəlxalq ticarət       mərkəzlərinə uzanan karvan yolunun üstündəki müqəddəs ocaqlar,  ziyarətgahlar həm də ibadət məkanları olub, Allah-Təala ruzisinin halallığına,   bərəkətinə sidqi-ürəklə dua-səna edilib. Bu cür irfani-ruhani məqamlar müqəddəs Bəndovan dağı (nisbi hündürlüyü 364 m-ə qədər) və ona yaxın yerlərdə (karvan yolunun keçdiyi ərazidə), Pirsaat çayının mənsəb hövzəsində   indi də qalmaqda, inanclı möminlər tərəfindən ziyarət edilməkdə və qorunub     saxlanılmaqdadır.

Bəndovan dağı (palçıq vulkanı mənşəli) yaxınlığındakı (20 km aralıda) Xıdırlı kəndinin ətrafında, Xəzər dənizi sahillərində (Bozdağ və ona bitişiik qış otlaqlarında) dini-sakral ocaqların yaranmasında mistik-duyğusal tarixiliyin bir qolu da Abşeron yarımadasının şimal-qərbindəki Beşbarmaq dağındakı (600 m yüksəklikdə) Xıdır-Zində ocağı, dənizdəki Xıdır-İlyas, Xıdır-Nəbi yatağı (qayalıqları) ilə bağlıdır. Bu məkanlar sırasında yer alan "Xıdırli" antrotoponimi ("Xızır" teotoponiminin ifadəsi) də eyni mənanı daşıyır, "İlahi məqama ruhu-imanı ilə yaxın olanların yeri-yurdu" anlamındadır.

Cənubi-şərqi Şirvan düzündə yerləşən, Salyan nahiyəsi daxilindəki Xıdırlı kəndinin (Ağdam nahiyəsində də Xıdırlı kəndi mövcuddur) təbii-coğrafi yarımsəhra landşaftı (tərəkəmə elatının bərəkətli yataqlarının həndəvəri) yaranışın, müqəddəsliyin, ilkinliyinin, ruhsal-duyğusal məkanın qorunub saxlanılmasında mistik-dini bir qurşaqdır, ətrafı ziyarətgahlarla, ibadət ocaqları, qədim, bərəkətli, halal yurd yerləri və ruhsal qəbirstanlıqlarla ("Bəndovan piri", "Pir Saab", "Pir Əsgəran", "Həcər Ana ocağı","Yulğunlu pir", "Yeddi ocaq", "Pir Murad", "Bağdadli baba" ("Quşxana") qəbirstanlığı...) əhatələnib.

Şirvan-Qobustan mahalının müqəddəs dini-irfani ocaqlarının yurdu-yatağı olan Pirsaatçay hövzəsindəki "Şeyx Eyyub ziyarətgahı"na yaxın əzəli Xıdırlı obasının (bu yurdun əski qəbirstanlığı Bakı-Şamaxı avtomobil yolunun 105-ci km-də, yoldan 100 m aralıda qalmaqdadır) 30-a yaxın tərəkəmə ailəsi 150 il əvvəl Xəzər dənizindən 2 km aralıdakı "Bozdağ qış otlağı"nda daimi məskunlaşmış (25-30-a qədər "qara torpaq-qazma" yerləri qalmaqdadır) və Xıdırlı kəndinin əsası qoyulmuşdur (kəndin indiki yerindən 5 km dənizə tərəf).

Sonralar bu yeri "Atbulaq"  südçülük sovxozunun heyvandarlıq təsərrüfatı (Qara Mürsəl oğlu Eyvazovun (1897-1977) tərəkəmələri) istifadə edib.

Xıdırlı kəndinin məkanı sanki dini-mistik hökmün təlqini ilə seçilib, dini mərasimlərində ibadətin, imanın ilkinliyi (ruhsallığı) qorunub saxlanılır, nəsildən-nəsilə ötürülür, sofu qovmünün ocağına (Əfəndi baba-1880-1964, Alxas baba, Əbülhəsən Soltan oğlu-1885-1975, Balaqardaş Hacıbaba oğlu-1897-1983, Noğul Saab qızı Zülfüqarova-1926-2006, Nüybar Hətəm qızı Həsənova-1912-1984, Həmidə Qəni qızı Xəlilova-1934-2008...) çevrilib.

Qobustan bölgəsinin müqəddəs irfan yiyəsi olan Sofi Həmid babanın oğul nəvəsi Saab Şeyx Səfəralı oğlu Xanalıyev (1892-1927) bu obanın bünövrəsini qoymuş və tərəkəmə həyatını yaşamışdır. "Pir Saab" ocağı onun yurdundan 10 m aralıdır, qəbri isə "Bağdadlı baba" qəbirstanlığındadır.

Sofu Saab babanın həyat yoldaşı Soltan nənə Baxşəliyevanın (1900-1988) söyləməsinə görə, Baba həddən artıq inanclı-imanlı və halal mömin olub. Obada hər kəsə eyni münasibət göstərib, hamıya bərabər miqdarda pay verib.

1918-ci ilin fevral-mart aylarında Bozdağın (palçıq vulkanı ocağıdır, nisbi hündürlüyü 384 m, sonuncu dəfə 1962-ci ildə püskürüb) ətrafında ("Əsgəran baba" piri yaxınlığında) düşərgə qurmuş 5-ci Qafqaz İslam Ordusunun 50-60 nəfərlik süvari-atıcı tağımının başçısı Səlim bəy və silahdaşları Sofu Saab baba ilə görüşmüş, onun obasınada və kənddəki məsciddə çümə namazı qılmışlar.

1926-cı ildə Xəzər dənizində bərk soyuqlar olub, dəniz buz bağlayıb, şimala üzən Rusiya gəmisi (ədviyyat, xurma, qənd... yükü olan) 2 həftə dənizdə qalıb buzların arasında. Onda Saab baba dənizçiləri obasında saxlayıb, onlara qulluq göstərilib. Müsafirlər qayıdanda Saab babaya yelkənli qayıq bağışlayıblar-"Bərkəz" adında.

"Bərkəz"lə duzxanadan duz gətirərdilər, balıq tutardılar, satlıq məhsullarını 30-40 dəvə yükü ilə (100-150 kq tutumlu çuvalları palazlardan tikərdilər) Bərdəyə, Ağdama, Şuşaya aparıb satıb, özlərinə lazım olanları (taxıl, meyvə, parça) alıb gətirərdilər-hamısını Baba obada bərbər bölərdi.

Deyilənə görə, ruhu halallıqla yoğrulan, əzaları nur saçan  Baba barmağı ilə südü bulayırdı, qatıq olurdu (çalası qatmadan).

1920-ci illərin sonuna yaxın Sufi Saab baba 3-4 gün adada qalanda soyuqlayır, qızdırma içində bir neçə gün yatır və ruhani-müqəddəs Haqq dərgahına qovuşur. Obasından 10 m, aralıda yuvat yerində indi ziyarətgahı var (sınanmış irfan yiyələrinin yuvat yeri, ruhun bədəndən ayrıldığı məkan əslində ziyarət ocağı hesab edilir).

2010-2011-ci illərdə Ocağın üstündə Saab babanın qız nəvəsi Seyid Əlizadə tərəfindən gümbəz tikilmişdir (3 m x 3 m, hündürlüyü 2 m, dördkünc örtüklü, qibləyə açılan qapısı (1 m x 2m), şərqə tərəf kişik pəncərə (50 sm x 50 sm) açılmışdır).

İçəridə rəmzi sinə (1,5 m uzunluqda, 50 cm boyda) və baş (60 sm hündürlüklü) daşları qoyulub, qara yuvat daşı (qalınlığı 30 sm) baş daşının üstündədir.

Soltan nənə Sofu babanın dəfnindən danışanda bir məqamı xüsusilə vurğulayırmış. Dəfn günündə, 3, 7 və 40 mərasimlərində Babanın düm ağ mayası (dəvələrdə hər mindən biri ağ doğulur) qəbir üstündə (20 km aralıda) yatıb və cümə axşamları göz yaşı töküb nalə çəkirmiş.

Xıdırlı kənd sakini, "Canavarboğan" ləğəbli  Rəcəb Şahı oğlu (1957-2019) "Pir Saab" ətrafında qoyun otaranda səhər-səhər ocağa gəlir, dua edir, hiss edir ki, bədənində nəsə gəzir, tez çıxır çölə, ocaqdan aralanır, bir də görür ki, bir qara ilan  ayağından sıyrılıb çıxdı... sən demə Rəcəb xəstəliyi ilə bağlı həmin gün az miqdarda spirtli içki qəbul edibmiş. Səhəri gün günahının bağışlanması üçün qüsl edib yenidən ocağa gəlir, dua edir və ruhən sakitləşir...

"Bozdağ" qış otlağında "Əsgəran baba" piri və ondan 100 m aralıda "Həcər ana ocağı" da ziyarət-ibadət məkanıdır. Deyilənə görə, Həcər ana düşmənə oğlu Seyid Əsgəran babanın yox, onun öldürülməsini yalvarıb, amma kafir və rəhmsiz silahlılar hər ikisini qətlə yetiriblər. Hadisənin  XVI-XVII əsrlərə aid olduğu sinə daşında (uzunluğu 2 m, eni və hündürlüyü 50 sm və 30-40 sm boyda baş daşı) qeyd edilmişdir.

"Əsgəran baba" pirinin ətrafında 3-4 qəbir var, güman ki, ailə üzvlərinə məxsusdur.

Hər iki ocağın (qəbirləri) üzərində olan sərdabə tikilib, "Əsgəran piri"ndəki tikilinin ölçüsüçü 6 m x 6 m, hündürlüyü 4 m, Həcər ana ocağındakı tikili hündürlüyü 3 m, eni-uzunluğu 2 m x 3 m, sinə daşı 1,5 m boyda, eni-qalınlığı 40 sm-dir.

Yaşlı sakinlərin söhbətinə görə, 1960-cı illərdə Bozdağ ətəyində "Şirvanneft" idarəsinin qazılmış neft quyusunun dayaqlarını tikərkən ustalar 2 km aralıdakı "Əsgəran baba"pirinin daşlarından istifadə edib, amma buruqda yanğın baş verib, bu hadisə 3 dəfə təkrar olunduqdan və Sosialist Əməyi Qəhrəmanı Q.İ.Əmirov (1926-1973) işə qarışdıqdan sonra daşları söküb qaytarıblar yerinə... və işlərinə davam ediblər.

Xəzər dənizi sahilində (100-150 m aralı), Xıdırlı kəndindən 21 km cənub-şərqə tərəf yerləşən Bəndovan dağı (mütləq hündürlüyü 50 m) vulkanik ocaq olmaqla yanaşı, 1948-1950-ci illərdə fəaliyyət avtomobil yolu yanından keşirmiş, eləcə də qədim karvan yolunun üstündədir. Yaxınlığındakı qış otlağında Mahmud Süleyman oğlunun (1868-1955) obası olub.

Yüksəkliyin quzey ətəyində "Bəndovan baba piri" sakral bir ocaqdır, dəniz sahilindən 1 km aralıda, üzbəüz səmtdə, təqribən 8-10 km aralıda Səngi-Muğan adası görünür.

Pirin üzərində 1997-ci il 20 apreldə ölçüsü 10 m x 10 m, hündürlüyü 2 m, üstü dəmir gümbəzli, qapısı qibləyə açılan qəbirüstü tikili inşa edilib.

Gümbəzin içərisində bir qəbir var, 3 m boyda baş daşı (qalınlığı 15 sm, eni 1m), uzunluğu 3 m olan sinə daşı (hündürlüyü 50-60 sm), gümbəzin ətrafında isə 2-3 qəbir (adsız, yazısız) vardır. Bu ocaq tarixən karvan yolu ilə gedib-gələn tacirlər, zəvvarlar, eləcə də qonşu kəndlərin (Xıdırlı, Kürsəngi, Aşağı Xələc, Çuxanlı, Ərəbqardaşbəyli, Aşağı Surra...) əhli tərəfindən ziyarət-ibadət edilir, ruhsal-duyğusal niyyət tutulur, üstündə qurban kəsilir, torpağı-daşı tutiya kimi öpülür, gözə-alına sürtülür...

Sakral məkan olan Bəndovan yüksəkliyinin əhatəsi (orta qurşağı) 7 qəbirlə "nişanlanıb", "möhürlənib"və pirdən bu qəbirlərə 7 yol ayrılır.Yaşlı sakinlərin dediyinə görə nə qədər sel-su yusa da, palçıq axsa da... bu qəbirlər üzdə qalır, onlara xətər dəymir.

Yüksəkliyin dənizlə qovuşan hissəsində "Əncirli yer" də qorunan sahədir.

"Bəndovan baba piri" (ziyarətgahı) 2003-cü ildən Şirvan Milli Parkının ərazisindədir. Bəndovan dağının cənub-qərb hissəsində, "Bəndovan baba" pirindən 7-8 km aralıda "Yulğunluq piri" (kənd sakini Tufan Abdulxalıq oğlunun (1892-1972) yatağı daxilində), kəndin günbatanındakı qəbirstanlıqdakı "Pir Murad ocağı" da duyğusal-ruhsal məkanlar kimi Xıdırlı ərazisində sakral dünyagörüşünün maddi əmanət, mənəvi dəyər irsidir. Ürəyində niyyət tutub, diləyinə çatmaq üçün üz tutduqları bu müqəddəs ocaqlar duaların həm də "sığındığı, ürək qızdırdığı" yerlərdir.

Həmçinin Azərbaycan xalqının...

(Yazının hazırlanmasında həm də Salyan nahiyəsinin Xıdırlı kənd sakinləri Tapdıq Pənah oğlu Həsənovun (1938) və Seyid Əlizadə Balaqardaş oğlu Zülfüqarovun (1955)  məlumatlarından istifadə edilmişdir.)

"Bəndovan baba" piri

"Sofu Saab baba"  piri  ("Pir Saab ocağı")

 

Qismət  Yunusoğlu, 

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2021.- 16-22 iyul.- S.20.