OVUT MƏNİ,
İLAHİ…
Vətən adamlar
Ovut məni, ilahi, ovut.
Mənə
de ki, ağlama, sızlama. Axı, 30 illik əsarətdən
qurtulub torpaqlarımız. Daha düşmən ayaqları
müqəddəs yurdumu tapdaq altına çevirə bilmir.
Ovut məni, ilahi, ovut. De ki, göz yaşı
tökdüyün şəhidlər ölməyiblər,
yaşayırlar. Ənginliklərdən qurub-yaradan
xalqımıza baxıb rahatlanırlar və
pıçıldayırlar: Biz şəhid olduq ki, siz bu
gözəl günləri yaşayasınız. Yox, mənim
müharibədə oğlum, qardaşım... şəhid
olmayıb. Ancaq, hər bir igidi, müharibədə ömrü
yarımçıq qalan hər bir cəngavəri özümə
oğul, qardaş sayır, tanrımla danışıram. İndi də sizə həyatını
bizlərə qurban etmiş bir ərəndən söz
açmıq istəyirəm.
Əflatun
və Zeynəb İsmayılovların həyatı elə ilk
günlərdən çox da ürək açan olmayıb.
Çətin həyat şərtlərinə sinə gərərək,
ləyaqətlə, halallıqla yaşamağa bir-birinə
olan sayğıları güc verib. Yevlax şəhərində
anadan olan övladlarının dünyaya gəlişi maddi
durumu çətin olan cütlük üçün yeni
problem və qayğılar yaratsa da, kimsə şikayətlənmədi.
Həm də hələ kiçik yaşlarından evin iki
oğlu-Hüseyn və Veyis də ailəyə kömək
etmək üçün gücü çatan işlərdə
çalışmağa başladı. O günləri
Hüseyn belə xatırlayır:
-Valideynlərimiz
fərdi təsərrüfatlarda
çalışırdılar. Qardaşımla mənim də
günüm çöllərdə qoyun-quzu, mal otarmaqla
keçib. Məktəbdə təhsil aldığımız
IV-V sinfə qədər hər ikimiz yaxşı oxuyurduq,
müəllimlərimizi
çalışqanlığımızla razı
salırdıq. Amma ailəmizin durumu göz qabağında idi
və biz reallıqla barışmalı olduq. İndi
günümüz daha çox işləməklə
keçirdi. Biz-mən və Veyis elə kiçik
yaşlarımızdan çiyin-çiyinə verdik, hər
şeyimizi paylaşdıq, qardaşdan, dostdan da üstün,
adını qoya bilmədiyim bir yaxınlıq vardı
aramızda. Onun şəhid olması, ayrılığı məni
bəlkə də valideynlərimdən də artıq
yandırır. O, mənim arxamdı, köməyimdi,
idealımdı. O, mənim məsləhət yerim idi.
...Bir
günsə ailəlikcə qərara gəlirlər ki, paytaxta
getsinlər, iş tapıb işləsinlər. Bakıda da
ilk günlər çətinliklər çox olur. Günəmuzd
işlərdə çalışırlar, maddi durumlarına
uyğun evlərdə kirayənişin olurlar, halallıqla
qazanılan çörəyi könül xoşluğu ilə
yeyirlər. Valideynləri hər iki oğlundan yerdən
göyəcən razı idi. Onların zərərli vərdişlərdən
hər zaman uzaq olmaları, əxlaq və
davranışları ilə qazandıqları hörməti
gördükcə sevinirlər.
-Ciyərim yanır, gözlərimin yaşı qurumur. Görüşüb həmsöhbət olduğum Rəfiqə xanım Veyisin xalasıdır. -Bacımın zülmlü, qarğaşalı həyatı gözlərim önündən getmir. Şükür edirdik ki, yoxsulluqla da olsa, böyüyən uşaqlar əsil oldular, nə tərbiyələrində, nə əxlaqlarında qüsur olmadı. Veyis də, Hüseyn də orta məktəbdə çox yaxşı oxuyurdular, amma kasıbçılıq təhsillərini sona qədər çatdırmağa imkan vermədi. İndi də belə, o cür oğul getdi, bizə ömürlük dərd verdi. Amma düşünəndə ki, o, şəhiddir, məqamı ucadır, təsəlli olur.
Veyis Əflatun oğlu İsmayılov yaşasaydı, bu il 25 yaşını qeyd edəcəkdi.1996-cı il fevralın 23-də, soyuq bir qış günü anadan olub. Heç tam orta təhsil ala bilməsə də, həyat dərsini mükəmməl ala bilmişdi. Nə zəhmətdən qorxusu vardı, nə çətinlikdən, üstəlik də böyük vətənpərvər idi.
...Müharibə başlayanda könüllü olaraq cəbhəyə yollanan Veyis döyüşlərə manqa komandiri kimi qatılmışdı, təkcə özünün deyil, əsgərlərinin də qayğısına qalmaq öhdəliyi vardı.
-Olduqca məsuliyyətli biri idi qardaşım-Hüseyn söyləyir, sonra da əlavə edir: -İnanın, onun ölüm səbəbini biləndə, bir daha anladım ki, qardaşımı çox gözəl tanıyırammış.
Müharibənin ilk günlərindən erməni faşistlərinə qarşı haqlı mübarizəmizə qoşulan Veyis arada imkan tapanda telefonla danışıb-valideynləri ilə, qardaşı Hüseynlə, hər dəfə də nikbin əhval-ruhiyyədə, özünüzdən muğayat olun, mən yaxşıyam, inşallah, çox yaxınlarda görüşərik ismarıclarıyla.
Bir gün sorağını Tərtərdən aldılar.Düşmənin bu istiqamətdə atəşləri ara vermirdi. Hər tərəfdə dağıntı, hər tərəfdə yaralananlar, həyatını itirənlər. Amma Veyis kimi oğullarımız düşməni susdura, geri çəkilməyə məcbur etmişdilər.
Daha sonra
Ağdərə uğrunda
qızğın döyüşlərdə iştirak
edir Veyis. Ağdərə alınanda sevincinin həddi-hüdudu olmur. Müharibənin qələbəmizlə bitəcəyinə
əminliyini dostları
ilə bölüşür.
Düşmənin müqaviməti Suqovuşan
uğrunda da gərgin döyüşlərə
səbəb olur. Güllə,
mərmi yağışları
ara vermir.
Bu döyüşlərdə
Veyis ayağından yaralanır. Yarası ölümcül
olmur, vaxtında qanaxmanın qarşısının
alınması lazımdı.
Veyissə yarasına əhəmiyyət
vermir, yaralı və şəhid yoldaşlarını döyüş
meydanından çıxarmağa
başlayır. Güllə yarasından
axan qansa dayanmır. Güclü qanaxma onu taqətdən salsa da, Veyis xilasetmə işini davam etdirir, neçə döyüşçünün xilaskarı olur və... onun özünün həyatını
xilas etmək mümkün olmur.
2020-ci il oktyabrın 14-ü Veyisin həyata vida tarixi olur.
Ailə üçün ağır
itkini ana Zeynəb ana xüsisilə çətin
keçirir, heç cür təsəlli tapa bilmir. Kirayə qaldıqları
otaqlardan birini şəhid üçün
ayırıblar. Bu otaqda nə varsa Veyisə aiddir. Veyisin sevdiyi üçrəngli
bayraq, geyimlər, digər şəxsi əşyalar və əlbəttə ki,onun gülümsər
çöhrəsinin əbədiləşdiyi
şəkillər.
Fikirləşirəm, taleyin də qəribə işləri
olub. Axı, Əflatun kişinin
ailəsi elə göz açandan halal çörək yemişdilər. Axı, Zeynəb
xanım üç balasını böyütmək
üçün çox
əziyyətlərə qatlaşmışdı.
Yağı düşmən bu ailənin də tumarını pozdu.
Bakı
Dövlət Universitetinin
hüquq fakültəsinin
müəllimi, dosent Əsmər Əliyeva paylaşdığı statusunda
necə haqlıdır:
Müharibə bizim üçün seçim
yox, məcburiyyət idi. Bütün mümkün variantlardan
istifadə etmişdik,
kifayət qədər
gözləmişdik. Kaş başqa yol qalmış olaydı, amma qalmamışdı.
Düşmən tərəf özü
qoymamışdı.
Bəli, Zeynəb xanım, bilin, Ali Baş Komandanımız bir igidimizin də burnunun qanamasına razı deyildi. Ancaq torpaqlarımız
düşmən tapdağında
idi. Veyis kimi igidlərin
qanı bunu götürmürdü axı.
Böyük dərdinə baş əy Zeynəb ana. Və bu
fikri də tez-tez təkrar et: Mənim Veyisim elimi-obamı ağ günə çıxarıb. Mənim Veyisim canını
qurban verib ki, biz hamımız alnıaçıq yaşayaq.
Qoy Veyis tanrının ən yüksək qatından səni izləyəndə göz
yaşını görməsin,
ana. İnciyər, yaman inciyər
balan. Axı, səni xoşbəxt
görmək üçün
canını fəda edib. Ağlama, ağlama, başını
dik tut, ana. Ailənizin istəyi ilə oğlunuz Veyisin dəfn edildiyi Bakı şəhəri, Bakıxanov
qəsəbəsindəki Şəhidlər
xiyabanını qürurla
ziyarət et.
İsmayılov Veyis
Əflatun oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə
"Vətən uğrunda", "Suqovuşanın
azad olunmasına görə" və
"Cəsur döyüşçü"
medalları ilə təltif olunmuşdur.
Sonsuzadək ürəyimizdə yaşayacaqdır.
Əminə
YUSİFQIZI,
Respublikanın əməkdar
jurnalisti
Olaylar.- 2021.- 16 -22 iyul.- S.18.