Bu dünyada qəhrəmanlıq,

o dünyada cənnət...

 

İndi bu adı Azərbaycanda, dünya azərbaycanlıları arasında bilməyən yoxdur. O, yaxın-uzaq coğrafiyalarda, qardaş Türkiyədə, digər qardaş ellərdə sevilir, öyülür, öyrənilir. Adı Azərbaycanda, Türkiyədə əbədiləşdirilib, daha başqa ellərimizdə də əbədiləşdiriləcək, əlbəttə.

General Polad Həşimov!

Şəhid Polad Həşimov!

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov! 

Onu fərqli qılan, ün qazandıran özəllikləri o qədər çoxdur ki - adına kitablar bağlamağa yetər! Çox şükürlər, qədirbilən naşirlərimiz rəhmətliyin "qırx"ınadək kitablar yayınladılar zatən. Adına telefilmlər çəkildi, portreti işləndi, büstü hazırlandı; şeir yazıldı adına, musiqi bəstələndi. Elə sadəcə son 2 gündə Sumqayıtda Milli Qəhrəman Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı olub.

Paytaxtın Xətai rayonu ərazisində şəhid generalımızın xatirəsinə ağacəkmə aksiyasında iştirak etdik. Aksiyadan öncə şəhidimizin ailə üzvləri ilə birgə onun və silahdaşlarının II Fəxri Xiyabandakı məzarını ziyarət etdik, dualar oxuduq, sonra, başda general anası Səmayə xanım başda olmaqla, bir qrup şəhid ailəsi üzvləri ilə Milli Məclisdə görüşdük, geniş söhbət etdik. Şəhid ailəsi üzvləri ilə görüş 4 günlük Tovuz döyüşlərindən 44 günlük Vətən Müharibəsinə aparan müqəddəs yolla bağlı ürək sözlərimizi, mülahizələrimizi bölüşmək imkanı yaratdı. Şəhid ailələri ilə hər görüş bir hadisədir, qəhrəmanlar yetişdirən anaların həyata, hadisələrə, dünyaya baxışı bir dəyərdir.

Poladın ailəsi də özü kimi istiqanlıdır, polad kimidirlər, Polad kimidirlər!

Şəhid Milli Qəhrəmanımızın ailə üzvləri ilə söhbətləşmək, adını çəkmək belə qəlb rahatlığı, könül xoşluğu, ruh dincliyi bəxş edir insana.

Biz şəhid generalımızın ailə üzvləri ilə dəfələrlə görüşmüşük, evində olmuşuq - Sumqayıtda da, Qəbələdə də. Yenə də görüşəcəyik. Polad Həşimov ünvanlı hər yer, Polad Həşimovun bütün ailə üzvləri ilə bizi bağlayan tellər qırılmazdır.

O, unudulmaz generaldı. Bütün şəhidlərimiz unudulmazdır. 

Mən rəhmətliyi şəxsən tanıyırdım. Tovuz hadisələri vaxtı daha da yaxından tanımaq imkanımız oldu. Onu tanıyan hər kəsin ortaq fikridir: Polad şərəfli zabitdi, əsgərcanlı generaldı. Çünki Vətəncanlıydı, insancılıydı qəhrəmanımız. Sözün bütün mənalarında qəhrəmandı Polad! Adı kimiydi! İnsanlıq qəhrəmanı, dostluq qəhrəmanı, vəfa qəhrəmanı və əlbəttə, Milli Qəhrəman! O, şəhid olandan bugünədək haqqında yazılan ürək sözlərini, səmimi, çox səmimi fikirləri təkrarlamaq istəmirəm - sadəcə, bölüşürəm o fikirləri, öz ürək sözlərini paylaşanları alqışlayıram.

Yaxşı nə varsa, Polada yaraşır - yaxşılıqlar yaraşır General Həşimova!

Bu dünyada qəhrəmanlıq, o dünyada cənnət!

Heç təsadüfi hesab etmirəm onun adının daşıdığı anlamları: Polad -Yaradıcı, Şən, Çağdaş, Diqqətli, Yetkili, Şanslı, Ciddi, Aktiv, Dost, Səxavətli; Həşim(ov) - Comərd, Ürəyiaçıq, (Düşməni) Əzən, (Maneələri) Qıran, Parçalayan...

Dünən II Fəxri Xiyaban insan selinə qərq olmuşdu, çiçək yağışına düşmüşdü. Qədirbilən xalqımız öz şəhid generalına ehtiramını bildirməkçün Xiyabana axışmışdı...

Çox şadıq ki, qəhrəman generalımızın qanı yerdə qalmayıb!

Çox şadıq ki, onminlərlə cavanımız məhz onun intiqamını almaqçün könüllü döyüşlərə yazıldı.

Qisas qiyamətə qalmadı, çox şükür!

Əziz dost,

Vəfalı qardaş,

Qəhrəman General,

rahat uyu! -

Bayrağımız Şuşada dalğalanır!

Uğrunda şəhid olduğun Vətən sənin adını uca tutur,

həmişə də uca tutacaq!

Nur içində yat, Şəhidim!

VƏTƏN SAĞ OLSUN!

 

Qənirə Paşayeva

 

Olaylar.-2021.- 16-22 iyul.- S.17.