“Qərbi Azərbaycanın sakral coğrafiyası”

silsiləsindən- Ağbaba müqəddəsliyinin ruhsal-

duyğusal irsinin nəzəri əsasları

 

(XXI məqalə)

 

Dini-sakral, mistik-ruhsal inanclara, inamlara müqəddəs ocaq olan Böyük və Kiçik Ağbaba dağları ziyarətgahlarının təbii-coğrafi ucalığı kimi Müsəlman-Türk dünyasında bir sıra anrto-orotoponimlərin (eləcə də teotoponimlərin) yaranmasına səbəb olmuşdur. Türkiyə Cumhuriyyətinin Qars əyalətində Ağbaba dağı beli, Qərbi Azərbaycanın Sürməli mahalında Ağbaba kəndi, Kəlbəcər nahiyəsində Ağbaba kəndi...ululuğun, ucalığın adına pənah gətirmişlər.

II minilliyin XIII əsrinə aid Qala divarlarına (Çətindərə yatağı), Ağbaba-Sürməli mahalında yurd yerlərinə aid salnamə yazıları əski mənbələrdə əks olunmuşdur. Əlavə olaraq, Müsəlman-Türk dünyasının milli-mənəvi, dini-irfani qaynaqlarında Ağbaba mahalının (dağlıq hövzəsinin) xüsusi yeri vardır. Xalq yaradıcılığında, el deyimlərində, mistik təsəvvürlərdə, ruhsal inanaclarda... Ağbaba dağı (Baş Güney, Qaya Güney, Naxoşdağ... zirvələri) müqəddəs ziyarətgah, inam-ümid yeri kimi qəbul edilir.

Ağbaba mahalının bütün kəndlərində dini-ruhani məkanlar və ya sakral mənasını ehtiva edən tarixi ünvanlar mövcuddur (tayfa, məhəllə, ibadət və oba-yurd yeri...), Qara Namaz kəndi (Qars vilayətində Qəryə Namaz (Namaz kəndi) kəndi var, 1828-1832-ci illərdə kökənli əhali hay kilsəsi tərəfindən qovulmuş, hay ailələri də yerləşdirilib, 1935-ci ildən sonra Yenikənd adlanıb), Daşkörpü kəndində Məşədi Zaloğlular dəkkəsi, Öysüzlər kəndində Pirimlər tayfası, Qaraçanta kəndində Seyidlər məhəlləsi, Quzukənd kəndində Ağsaqqallar, Pirilər, Müridlər nəsli, Çivinli kəndində Məşədi Həsənli, Məşədi Rüstəmli, Məşədi İmanlı, Seyidlər qolu, Düzkənd kəndində Mollalı, Kərbəlayılı nəsli, İlanlı kəndində Hacı Məhəmmədcəfərli, Dərvişlər məhəlləsi, Güllübulaq kəndində Hacı İmamöylü, Hacılar, Hacı Rəsullu tayfası, Güllücə kəndində Seyidli, Hacılı, Mağaracıq kəndində Molla Hüseynli, Hacılar, Hacı Salmanlı, Kərbəlayılı dəngəsi, Oxçuoğlu kəndində Hacı İmanlar, Məşədi Qəriblər tayfası...həm də sakral dünyagörüşünün həmin ünvanda qorunub saxlanılmasına tarixi bir nişandır.

Dini-iman və sakral məna daşıyıcısı kimi kənd, tayfa-nəsil antrotoponimlərin yaranma tarixi nəinki Qərbi Azərbaycanda, ümumilikdə Bütöv Azərbaycanda etnogenetik qanunauyğunlaqlara malikdir. Yəni, bu tarixilik coğrafi ərazi kimi Azərbaycan toponimləri Müsəlman-Türk dünyasının vahid şəbəkəsinin tamamladığı kimi, həm də özəl xüsusiyyətlərini ifadə edir. İlk növbədə əksər yer adlarının mənşəyi dini-ruhani (dini təbliğatçıların, müridlərin, dərvişlərin, irfani tərəkəmə ailələrinin adı ilə bağlı, mistik-inanc ocaqlarına ruhən doğmalıqla) və hərbi-siyasi, demoqrafik-miqrasiya (yerdəyişmə) amilləri ilə bağlıdır.

Qərbi Azərbaycanın Ağbaba mahalının kəndlərində də bu hal geniş yayılmışdır. Mahalın Allahverdi (Çoban güneyi) kəndinin etimoloji mənası, Ağaməhəmməd kəndində (eyni adlı tirə də var) dini-həmrəy qrupların yaşaması, Ağaveys (Əxi Veyis adlı şəxslə bağlı antrotoponim) kəndinin (1832-ci ildə bu kəndə haylar köçürülüb)-sufilərin ocağı kimi məşhur olması...bu baxımdan az bir nümunədir.

Ağaveys kəndinin hay kilsəsi tərəfindən qovulan əhalisi Zəngilan nahiyəsində yataqlanmış və nəticədə indiki Ağbiz kəndinin təhrif edilmiş adı formalaşmışdır.

Və yaxud, Quzukənd-Çivinli kəndlərinin (araları 3 km-dir) coğrafi landşaft mövqeyi əlverişli dağ çəmənlikləri olduğu üçün aran Borçalı, Sarvan (Borçalı) nahiyəsinin tərəkəmə elatının yaylaq yerləri olmuşdur-XVIII-XIX əsrlərdə. O cümlədən Məşədi Rüstəm əvvəlcə Quzukənddə məskunlaşmış, sonra isə Çivinli kəndini daimi yaşayış məskəni seçmişdir, nəsli-dəkkəsi onun adını yaşatmışdır (Məşədi Rüstəmli tayfası).

Məşədi Rüstəmin qızı ilə ailə quran Məşədi İman da bu kənddə yaşamış və Məşədi İmanlı dəngəsinin əsasını qoymuşdur.

Bu ailə dini-irfani irsin mühafizəçisi, qoruyucusu və təbliğatşısı olduğu üşün iki qardaş Məhəmməd və Hacıbaba Məşədi İman oğulları 1937-ci ildə Kolıma həbs düşərgəsinə göndərilib.

Məşədi Məhəmmədin həyat yoldaşı Lalaxanım Məşədi Rüstəm qızı (1872-1982) söyləyib ki, qara şinelli, hündür boylu şinellilər qarşlı-şaxtalı gündə onları kirşələrə otuzdurub apardılar, heç hallaşmağa da imkan vermədilər.

Çivinli kəndində Seyid Rza və Seyid Əlirza Seyidlər nəslindən olmuşlar.

Ağbaba-Sürməli mahalında xalqın sakral dünyadərkində müqəddəs sandıqları canlılar sırasında buğa xüsusi yer tutur. Buğa-güc, qələbə, möhkəm iradə, düşmənə zərbə timsalıdır. Dini-ruhani paklıq, qəlb sevgisi də Mömin-İnanclı insanı ruhən zənginləşdirməklə yanaşı iradəsini möhkəmləndirir, bütün çətinliklərə qalib gəlməyə ümidləndirir. İlahi Haqqa sidq-ürəklə bağlılığın ən yüksək məqamı-İlahi mərtəbəyə yetişməkdir.

Ona görə də əski qəbirüstü daşların Buğa mislində heykəlləşməsi Bütöv Azərbaycanın hər yerində rast gəlinir. Sürməli mahalında da Buğadağın ilahiləşdirilməsi mistik inanacla bağlıdır.

Ağbaba mahalının Göllü kəndinin əski qəbirstanlığında buğa təsvirli qəbirüstü daşlar daha çox olub.

Şuşa nahiyəsində də Buğadaş dağı da mistik etiqadla bağlıdır.

Öksüz kəndinə bitişik "Öküz piri" olmuşdur.

Qəlbin ruhən saflaşması, irfani müqəddəsliyə bağlılığı, Haqq yolunun yolçuluğu, sonucda Haqqa tapınması-mistik anlamda Buğa gücünü (mənən yenilməzliyi) yaşadır İnanclı kəslərdə, yəni dini-sakral dünyagörüşünün gücü-qüvvəsi birbaşa ruha-cana hopur, qana qarışır.

Müsəlman-Türk dünyasının bunca qüdrəti bundadır.

Ağbaba mahalında dini-ruhsal ibadətlərin, İlahi zikrlərin keşirildiyi yerlərdən biri də mağaralar idi (Mağaracıq kəndinin etno-morfoloji toponim kimi adı da mistik-ibadət məkanı mənasındadır). İbadətin, ruh saflaşmasının, ibadət, dua və zikr zamanı İlahi ilə qəlb bağlılığının mübhəm məqamlarına məkan kimi mağaralar həm də inanclı kəslərin İlahi vəhyə qovuşmaq arzusuna nur saçan yerdir.

Təsadüfi deyil ki, Allah-Təalaya bağlı qəlblərin daha çox can atdığı mağaralar eləcə də ən qədim insan yaşayış ocaqlarıdır.

Mahalın Arpaçay hövzəsində, çay yatağı ilə Qaraçanta kəndi arasında (6-7 km-lik məsafədə), giriş hissəsi (1,5 m-lik qapısı) iri daşlardan (qalınlığı 50 sm) hörülmüş yüksək çılpaq qayalıq-dağlıqda bu cür sakral məkanlar az deyil. Mağarada bütün əşyalar (miz, kətil, oturacaq, həvəngdəstə) daşdandır, hətta ibadət yeri də.

Bu mağaralardan biri bir, digəri iki mərtəbəli idi.

Qərbi Azərbaycanda yaşı 2 min ildən artıq olan bu qədim insan yaşayış məskənləri ruhsal duyğuların ifadəsi-sakral təlqinlərin icrası üçün müqəddəs məkanlar olmuşdur.

1970-ci ildə bir mərtəbəli mağaranın içində, 50 m-likdə daş parçasına bir imza da yazılmışdır-Ramiz Əsgər (Ramiz Baxşəli oğlu Əsgərov (1954)-filologiya elmləri doktoru, "Şöhrət" ordenli, şair-tərcüməçi, ədəbiyyarşünas...).

Uzunluğu 5 km-dək olan bu mağaralar Qaraçanta kəndi yaxınlığındakı Hülley dağınadək çatır. Orotoponim olmaqla yanaşı Hülley dağının etimoloji mənasında dini-mistik inanc və ruhsal duyğular da əks olunmuşdur. Yəni, "ruhun, irfani duyğuların qorunduğu ucalıq, ruhun cismani vəhdətdən üstün, yüksək olması" anlamı - şivə-dialekt tələffüzündə Hülley dağı kimi adlanmışdır.

Dini dünyagörüşümüz Ruhun uca məqama yetməsinə yönəlikdir, ibadəti ilə, ziyarəti ilə, zikri ilə, dini mərasimlərə bağlılığı ilə...

Mistik-ruhani hökmə uyğun gələn relyef forması kimi Mağaracıq kəndi yaxınlığındakı Mağaracıq dağını göstərmək olar.

Öksüz kəndinin etnomorfoloji mənası "mağara", "sığınacaq" anlamında olan qədim türk dilindədir.Bəzən sakral ruhun qorunması naminə mağaralara da sığınırmışlar irfani kəslər.

Ümumiyyətlə, Qərbi Azərbaycanın yer adlarının əksəriyyəti dini məna daşımaqla (sakral antrotoponim, oro-hidrotoponim olmaqla), dini dünyagörüşümüzün nəzəri təməlini təşkil edir.

Ağbaba mahalında dini-irfani, mistik-ilahi ruha bağlılıq suya, torpağa (tutiya kimi), Ardıc, Dağdağan, Əncir, Çinar...ağaclarına yönəlik müqəddəslik minilliklərlə tarixə malikdır. Bu etiqad xristianlığa qədərki Alban dini dünyagörüşündə olduğu kimi, müsəlman-Türk inancı milli-mənəvi irs dərkində də özünü göstərmişdir. Su çeşmələrini qorumaq (Güllübulaq kəndində "Kilsə bulağı", Mağaracıq kəndi yaxınlığındakı Göy dağda "Soyuq bulaq"..), ona and içmək (suya işarə edilərək "Bu bərəkət haqqı" andı və yaxud suyu murdarlamamaq, ağrını-acını mərhəmanə olaraq axan suya söyləmək...), ziyarət ocaqlarının topağını tutiya kimi gözə sürtmək, evin ən təmiz və uca yerində saxlamaq, Dağdağan, Ardıc ağaclarının budaqlarından kəsib təsbeh dənəsi kimi uşaqların biləyindən-boğazından asardılar-mistik inanca görə bədnəzərdən qorumaq üçün... edilən irfani təmrinlər xalqımızın zəngin dini-folklor irsindən xəbər verir.

Və yaxud Əncir, Çinar ağaclarına balta vurmazdılar. Adları çəkilən ağacları irfani vəsf etməklə torpağa bağlılıq, adları müqəddəsləşən ağacların bioenerjisindən İlahi güc almaq, şər qüvvələrə qarşı sinə gərməkdə bu Ağacların müqəddəs ruhunu çətir əvəzi, qalxan əvəzi tutmaq... mistik-ruhani dünyadərkimizin safvə duyğusal bir səhifəsidir-minilliklərin sınağından çıxmış Tarixi bir səhifə...İlahi haqqın hökmü ilə yazılmış pozulmayacaq bir səhifə...

"Qərbi Azərbaycanın sakral coğrafiyası"nın dini-irfani, elmi-nəzə təhlilinin aparılması, mistik hökmünün yaşantılarını idraki dərketmə dini-dünyəvi dünyagörüşümüzü zənginləşdiriən vacib amillərdir.

R.S. Qərbi Azərbaycanın Ağbaba mahalının Qaraçanta kəndinin (bu adda olan rayon 1966-1990-cı illərdə Əzizbəyov adlanmışdır) 1990-cı ildə adını hay kilsəsi 1990-cı ildə adını dəyişərək-"Areknadam", Yenikənd kəndini həmin ildə-"Aqovorik", Çivinli kəndini də -"Ceğnacur", 1990-cı ildən Göllü kəndini də - "Ardenis", Öksüz kəndini-"Darik"... qoymuşdur.

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Ağbaba mahalının Qaraçanta kənd sakini Dünyamin Heydər oğlu Seyidovun (1955) və Çivinli kənd sakini Hacı Əmrah Nağı oğlu İmanovun (1960) məlumatlarından istifadə edilmişdir.)

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2021.- 23-29 iyul.- S.20.