ANALAR YANAR AĞLAR

 

...Aylardır gözünün yaşı qurumaq bilmir Nailə ananın. Aylardır yuxusu ərşə çəkilib. Evinin sonbeşiyi Fəhminin yoxluğunu heç cür qəbul edə bilmir. Balası ömür sürdü, yaşadı ki, deyə. Yox, bu yuxudur, qorxulu bir yuxu. Sanır ki, ayılsa, bitəcək bu əzab, quruyacaq bu göz yaşı. Yanında Fəhminin adını çəkmək olmur, onun haqqında keçmiş zamanda, yoxuymuş kimi danışmağa qarşıdır. Əslində haqlıdır da, çünki onun Fəhmini ölməyib, müqəddəs bir amal uğrunda şəhid olub.

Fəhmin Yunis oğlu Quliyev 1998-ci il noyabrın 22-də Yevlaxın Qaramanlı kəndində anadan olub. Evin 3 oğul övladından biri, ailənin sonbeşiyi idi. Lap körpəlikdən sözəbaxan, ağıllı, kimsəni incitməyən bir uşaq kimi təkcə ailənin deyil, qonum-qonşuda hər kəsin rəğbətini qazanıb. İlk təhsilini şəhid Süleyman Mövlayevin adını daşıyan Qaramanlı kənd orta məktəbində alıb.

Orta məktəbdən məzun olduqdan sonra Fəhmin təsərrüfatla məşğul olaraq ailəsinin dolanışığını təmin edən atası Yunisə kömək etməyə başlayıb. Evdar xanım olan anası Nailə xanımın da lazım gələndə əlindən tutar, qulluğunda durardı.

- Siz onu görməmisiniz, tanımamısınız, - mənimlə söhbət edərkən qardaşı Emin deyir,- indi barəsində yazmaq istəyirsiniz. Fəhmini anlat, necə biri olduğunu söylə desəniz, mənim ilk deyəcəyim budur: mələk kimi biriydi. Şəklinə baxın, çöhrəsində əks olunur qəlbinin gözəlliyi, nuru. Qardaşım olduğu üçün söyləmirəm, Fəhmin oğul kimi , qardaş, dost kimi örnək ola biləcək bir oğlan idi.

Fəhmin 2016-cı ildə həqiqi hərbi xidmətə çağrılıb. Ailəlikcə onu deyə-gülə xidmətə yola salıblar. Xidmət müddətində həmişə onun xoş sorağını alıblar. Hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə təşəkkürnamələrə, fəxri fərmanlara layiq görülüb. Atası Yunis kişi ilə söhbət edirəm. Ümumiyyətlə, hər bir evdə şəhid ailələri ilə söhbət xatirəmə əbədilik çökür. Bir şey diqqətimi hər dəfə cəlb edib. Sanki şəhidin valideynləri seçiliblər; vətənpərvər, ləyaqətli, dərdə dözümlü, həm çox məğrur. Yunis Quliyev onlardan biridir. Hörmətli, izzətli, kənd arasında sözü keçən, sözü eşidilən bir kişi. Söhbət edirik. Mənə başqalarının da dediklərini təkrar edir: - deyim, qeyri-adi uşaq idi, igid, qorxmaz, vətən üçün canından keçən bir oğul, qürur yerimiz.

Şəhidin anası, üzündən-gözündən Azərbaycan qadınlarına məxsus abır-həya yağan Nailə xanım sakit səslə əlavə edir: - Çox xeyirxah, ana-ata qədri bilən, hər kəsin hörmətini saxlayan, çətinliyə düşənlərə əl uzatmağı bacaran bir uşaq...

Bəli, bütöv Azərbaycana başucalığı gətirməyi bacaran, düşmənlə döyüşdə ölümün gözünə dik baxan, göz qırpmadan "Vətən sağ olsun" deyib can Azərbaycan üçün canını qurban edən Fəhmin ananın gözündə yenə uşaq idi.

Ərəstun da igid qardaşından çox səmimiyyətlə söhbət açır: - Heç bilirsiniz cəngavər qardaşımın yeri necə görünür kəndimizdə, ailəmizdə?! Bu yaxınlarda Fəhmin Bakıda hərbi qulluğunu çəkərkən komandiri olmuş Müşfiq İsmayılov ailəni ziyarət etməyə gəlib: - Fəhminin şəhid olmasını gec eşitmişəm. Həmişə fəxr edin ki, belə bir oğul böyütmüsünüz. Hərbi xidmətdə olan müddətdə o sizə yalnız baş ucalığı gətirib,- deyib.

Hərbi xidmətdən döndükdən sonra Fəhmin artıq ailənin dolanışığı yükünün altına verir çiyinlərini. Zəhmətsevər gənc təsərrüfat işlərində yorulmadan çalışır, ailənin maddi təminatının yaxşılaşması üçün gücü çatdığı qədər köməklik edir.

Azərbaycanın dilbər guşələrinin uzun illər erməni işğalı altında qalması Fəhmini həmişə üzüb. Qardaşları, dostları ilə söhbətlərində hər zaman bu üzüntüsünü qəzəblə, nisgillə ifadə edib. Həmişə sözü bu olub ki, müharibə başlayacağı təqdirdə erməni terrorçularının tamamilə məhvi qaçılmaz olacaq, Azərbaycanın bu müharibədə qələbəsini təmin edəcək olduqca müasir güclü ordusu var.

...2020-ci il sentyabrın 21-də Fəhmin evdəkilərə bildirib ki, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsindən adına çağırış vərəqəsi gəlib, təlimlərdə iştirak edəcək.

Bundan cəmi 5 gün keçmiş, ölkənin müharibəyə başladığı məlum olub. Fəhmin elə təlimlərdən döyüşlərə yollanıb.

Ailəsi onun Murov dağı yüksəkliyi, Talış kəndi, Ağuçux postu, Suqovuşan uğrunda döyüşlərdə iştirakı xəbərini alır, həm qazandığımız hərbi uğurlardan, həm Fəhminin sağ-salamat olmasından sevinir. Amma bu sevincin ömrü çox uzun olmur. Ordumuzun Goranboy-Ağdərə istiaqamətində keçirdiyi hərbi əməliyyatlardan birində daim ən ön sıralarda olmağa çalışan Fəhmin igidliklə vuruşur, ölümün gözünə dik baxmağı bacarır.

Müzəffər Ali Baş Komandanın "Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir" sözü yadıma düşür.

Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məglub etdi, işğala son qoydu. Bu 44 günün hər saatında Ordumuz irəli gedirdi. Rabitəçi olduğundan əlaqəni təmin etmək üçün lazım olanda yüksəkliyə qalxmaqdan, vacib hərəkətləri yerinə yetirməkdən qətiyyən çəkinmirdi. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri bir amal uğrunda vuruşurdu ki, bu işğala son qoyulsun, ədalət zəfər çalsın. yaxşı ki, biz buna nail olduq. Ancaq təəssüf ki, düşmən gülləsinə tuş gələn igidlərimizdən biri alnından aldığı yaradan oktyabrın 8-də həyatını itirən Fəhmin olur.

elə həmin gün Fəhmin kəndinə dönür. Amma bu fərqli bir dönüşdü, üçrəngli bayrağa bükülmüş cansız bədəni ilə həm döyüşçü dostlarının onunla bağlı qürurverici söhbətləri ilə.

Qaramanlı kəndi şəhid xəbəri ilə ayaqda idi həmin gün. Hər kəs Yunis kişinin həyətinə toplaşmışdı Fəhmini tanıyan həmkəndliləri necə bir oğul itirdiklərinin bir daha şahidi oldular.Çıxış edən hərbçilər Fəhminin döyüş tapşırıqları verilərkən həmişə öndə olmağa can atan bir əsgər olduğunu söylədilər, onu da dedilər ki, bu 22 yaşlı gənc qorxu bilmədən neçə-neçə yaralı döyüşçünü atəş bölgəsindən çıxarıb, onların həyatını xilas edib.

Quliyevlərin evində bu gün yaşayır Fəhmin ömür boyu da yaşayacaq. Onun üçün ayrılmış - Fəhminə aid varsa, hamısının sevgi, sayğı ilə cəm olunduğu bir guşədə.

Sonuncu dəfə oktyabrın 5-də ailə ilə danışıb Fəhmin. Həm çox rahat, ürəkli. Son sözləri bu olub: Məhv edirik bu alçaqları. Qələbəmizə lap az qalıb. Siz tezliklə Zəfər xəbərini alacaqsınız.

...Bütün şəhid anaları kimi qara bağlayıb Nailə xanım. Bütün şəhid anaları kimi sinəsində ömrünün sonunacan bir bala dərdi daşıyacaq bu ana. Bir təsəllisi var ki, oğlu el yolunda, torpaq uğrunda gedib. Amma od düşdüyü yeri yandırar. O, Fəhmin kimi bir oğul itirib. İndi dilinin əzbəridir bu el bayatısı:

Analar yanar ağlar,

Saçların yonar ağlar,

Dönər göy göyərçinə,

Yollara qonar ağlar.

...Qaramanlıya qonşu olan Köyük kənd qəbristanlığında uyuyr II Qarabağ müharibəsi qəhrəmanlarlndan biri olan Fəhmin Yunis oğlu Quliyev. Yolunuz buradan düşəndə, mütləq ziyarət edin onun məzarını, ruhuna dualar oxuyun.

Quliyev Fəhmin Yunis oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!

 

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

 

Olaylar.- 2021.- 23-29 iyul.- S.18.