Həsən bəy Zərdabinin ilk mətbu məqaləsi
Milli mətbuatımızın
banisi, görkəmli maarifçi-demokrat Həsən
bəy Zərdabinin
"Bakı salnaməsi. 26 fevral"
başlığı ilə
verilmiş bu məqaləsi "Əkinçi"dən
üç il əvvəl rus dilində nəşr olunan "Bakinski listok" qəzetinin 26 fevral 1872-ci il tarixli (¹9) nömrəsində
çap edilib.
O dövrdə çar Rusiyasının ucqarı
sayılan Azərbaycanda
ilk qəzet olan,
1871-ci ildən başlayaraq
həftədə bir dəfə rus dilində nəşr edilən "Bakinski listok"un naşiri və redaktoru H.Zərdabinin müəllim
həmkarı, Bakı
Realnı gimnaziyasının
alman əsilli əməkdaşı Xristian
Sink idi. Belə ehtimal etmək
olar ki, "Əkinçi" ideyasında
Zərdabinin X.Sink və onun qəzeti
ilə sıx təması da müəyyən rol oynamışdı. Burada
bir məqam da ondan ibarətdir
ki, X.Sink qəzetində tatar (türk - Q.M.) dilində yazılar verilməsinə
icazə alsa da, bir çox
səbəblərdən, o cümlədən, qəzetin
çap olunduğu "Erməni insansevərlər
cəmiyyəti"nin mətbəəsinin
bu dildə material çapından imtina etməsi ucbatından öz məqsədinə
nail ola bilməmişdi.
İlk nömrəsi 1871-ci il martın 6-da işıq üzü görmüş "Bakinski
listok" oxuculara
"ictimai-siyasi və
ədəbi" nəşr
kimi təqdim olunurdu. XIX əsrin 70-ci illərinin özünəməxsus
salnaməsi sayılan
qəzetin iki il ərzində
50 nömrəsi (1871-ci ildə
17, 1872-ci ildə 23) çapdan
çıxıb. Birinci
il dörd
səhifə, ikinci il isə iki
səhifə həcmində
və A-3 formatında
çap edilmişdi. Təəssüflər olsun ki, Bakıda çıxmış
bu ilk dövri mətbuat nümunəsi Azərbaycanda saxlanılmayıb,
amma elmi kitabxanalarda və biblioqrafik qeydlərdə qəzet haqqında ümumi bilgi verilib. Sovet dövründə mətbuat tariximizi araşdıran tədqiqatçıların
bu qəzetin nüsxələrini əldə
etmək cəhdi uğursuz olub. Ona görə də bizim alimlər uzun illər bu qəzetin fəaliyyəti və materialları haqqında yalnız ehtimallarla danışıblar.
Bir neçə il əvvəl "Bakinski listok"un izinə düşmüş BDU-nun jurnalistika
fakültəsinin əməkdaşı,
filologiya elmləri namizədi, tədqiqatçı
Lalə Hacıyeva ciddi axtarışlar nəticəsində qəzetin
nüsxələrini Rusiya
Milli kitabxanasında
(Sankt-Peterburq) aşkar
edə bilmişdi. Bununla mətbuat tariximizin araşdırılması işinə
ciddi töhfə vermiş Lalə xanım həm də fədakarlıq göstərərək qəzetin
bütün nüsxələrini
qısa izah və şərhlərlə
birlikdə kitab şəklində ictimaiyyətə
təqdim etmişdi.
Yəni H.Zərdabinin sizə təqdim edilən ilk mətbu məqaləsinin üzə çıxması
da L.Hacıyevanın bu xidməti sayəsində mümkün
olub.
Azərbaycan milli mətbuatının
banisinin 148 il
əvvəl "Bakinski
listok"da dərc olunmuş məqalənin tərcüməsini oxuculara
təqdim edirəm.
Qulu MƏHƏRRƏMLİ
Professor
***
Bakı salnaməsi. 26 fevral
Daha bir maskarad bu
gün, bir rəqs gecəsi də sabah
olacaq - bununla da bizim şənliklər
zənciri qırılır
və ictimai həyatımız özünün
yeni mərhələsinə,
böyük Pəhriz
dövrünə qədəm
qoyur. İlin yerdə qalan
heç bir vaxtı, uzun sürən bu yeddi həftəlik müddət qədər özəllikləri ilə
başqa zamanlardan belə kəskin şəkildə fərqlənə
bilməz. Biz bu pəhriz dövrünün dini mahiyyətini bir kənara qoyub, onun mülki-ictimai həyatımızdakı əhəmiyyətinə
toxunmaq istərdik.
İndiyə kimi Pəhriz
günləri Bakıda
bəziləri üçün
ancaq darıxdırıcı
sıxıntı dövrü,
bir başqaları üçün isə yalnız iş-güc ayı sayılırdı.
Səviyyəcə yüksək
olmayan həvəskar-artistlərin
təşkil elədikləri
2-3 konsert çox süst keçirdi, Məclisdəki çay axşamları adama heç yapışmırdı,
Nuh əyyamından qalmış gözübağlıca,
siçan-pişik və
s. kimi bəsit, uşaq səviyyəsində
olan və çox uzun çəkən əyləncə
oyunları gərginlikdən
başqa bir şey deyiliydi. Amma indi Bakıda ildən-ilə həyat canlanır və ümid edirik ki, gələn Pəhriz dövrü bizə hələ görüb ləzzətini
dadmadığımız çox
yeni şeylər bəxş edəcəkdir.
Bunu deyəndə mən, hər şeydən əvvəl, haqqında eşitdiyimiz ədəbi axşamları və kütləvi mühazirələri
nəzərdə tuturam.
Zira, bizim ümidlərimiz hələlik gümanlara və şayiələrə
əsaslanır. Amma
bununla yanaşı,
biz xeyli tərəqqi
etmiş ruc icmasının yetkinliyinə
inanırıq, bu səbəbdən də onun əvvəlki illərdə
olduğu kimi, təkcə çay içib gözbağlayıcı
oyunları ilə kifayətlənəcəyinə inanmırıq. Bundan başqa c-b Esterreyxin
iltifat göstərib bizlərə iki-üç
yaxşı konsert əta edəcəyinə
də ümidimiz vardır. Bu konsertlərin böyük
uğur qazanacağına
da indidən inanırıq, o səbəbdən
ki, əvvəla, bizim orkestr o cənabın səyləri
sayəsində çox
cilalanmışdır. İkinci bir tərəfdən də c-b Esterreyxin özü musiqi aləmində çox yaxşı tanınan, nüfuzu olan, haqlı şöhrətə
sahiblənmiş bir zatdır. Bundan sonra isə
bir də görəcəksiniz ki, hansısa Beranek və ya Bosko
gəlib şəhərin
o biri ucunda çadırlarını quracaq
və əhalimizə
yemək paylamağa başlayacaq. Allah xatirinə,
xoş gəlirsiniz!
Biz cəmaatımızın əyləncələrinə rəng
qatacaq, onları boş vaxtlarında kart oynamaq və dedi-qodu ilə məşğul olmaq kimi bəd əməllərdən
xilas edəcək hər şeyə şadıq, hətta bunun
üçün qəpik-quruşumuzu
da əsirgəmərik.
Şəhərimizin müsəlman əhli Avropa sivilizasiyasının
bizlərə fayda gətirən nəfini hələ də anlamayıb, o səbəbdəndir
ki, Bakı Realnı gimnaziyasına gələn şagirdlərin
arasında onların övladlarını barmaqla
saymaq olar. Vilayətimizin İranla gediş-gəlişi,
yaxın əlaqələri
olmayan başqa şəhərlərində elm və maarifə tələbat hiss olunur, fəqət Gimnaziyanın
oralardan uzaq olması və müsəlmanların həddən
ziyadə kasıblığı
şagirdlər arasında
bu toplumun nümayəndələrinin faizini
çox aşağı
edir. İndi öz uşağını
xəzinə hesabına
Gimnaziyanın pansionuna
göndərmək istəyənlərin
sayı günbəgün
artır, amma çoxu ora düşə bilmir, çünki bunun üçün bir neçə il gözləməlidirlər, növbələri
çatanda isə artıq gec olur, onlar təlimsiz
qalır, ötüb keçən yaşları
isə Gimnaziyanın aşağı sinfinə
daxil olmağa imkan vermir.
Bu vaqiəni nəzərə
alaraq biz Bakı şəhərində müsəlman
şagirdlərə yardım
etmək məqsədi
ilə bir Xeyriyyə cəmiyyəti
təsis etməyi vacib sayırıq. İlk zamanlarda
cəmiyyətin fəaliyyəti
Bakıda mənzil tutmaqla məhdudlaşacaq ki, başqa şəhərlərdən gəlib
oxumaq istəyində olan şagirdlər bu mənzillərdə sığınacaq tapıb
gimnaziyaya rahat gedib-gələ bilsinlər.
Xeyriyyəçilik hər bəndəyə xas olan savab iş, Allaha
xoş gedən vacib bir əməldir,
bizim bu cəmiyyət yalnız xeyriyyəçiliklə məşğul
olacaqdır. O səbəbdən
də cinsindən, milliyətindən, dini mənsubiyyətindən asılı
olmayaraq hər kəs bizim bu cəmiyyətə üzv ola
bilər. Hazırda biz cəmiyyətin nizamnaməsini tərtib edirik və arzu olunandır ki, bu sahədə
səriştəli və
mötəbər insanlar
öz məsləhətləri
ilə bizləri tək qoymasınlar.
Həsən bəy Məlikov
"Bakinski listok", 26 fevral 1872
Olaylar.- 2021.- 23-29 iyul.- S.9.