Ən yeni tarixin yeni
romanı
Tarixi romanları ilə
müasir ədəbi prosesdə özünəməxsus yer
tutan (və janrın ideya- estetik imkanlarını genişləndirməkdə
xüsusi xidmətləri olan!) Yunus Oğuzun
yeni qələmə aldığı "Uçurum"
romanı əsərin məzmun- fakturası daxilində kifayət
qədər çoxmənalı bir epiloqla başlayır. Ona görə
"çoxmənalı" deyirik ki, romanda uçurum
qarşısına gəlib çıxanların
hamısı narkomaniya ilə bağlı olsa da, bu təhlükəli vərdişə
bəziləri yalnız özünün, bəziləri cəmiyyətin
müxtəlif zümrələrinin, bəziləri isə
xalqın taleyi miqyasında qurşanmışlar. Hər üç halda alınan "zövq"
uyuşdurucu təbiətə malik olduğu kimi,
doğurduğu fəsad, faciə də sirayətedicidir.
Əlbəttə,
"Uçurum", prinsip etibarilə müasir
mövzudadır, lakin Yunus Oğuz qələminin tarixçi
inersiyası burada da öz
işini görür. Və yazıçı söhbətə Azərbaycan
xalqının mərkəzi dövlət qurduğu XVI əsrdən
başlayır... Erməni Varpetin ticarət karvanı Təbrizə
yaxınlaşanda gömrükçü
qorçilər müəyyən edirlər ki, karvan
qadağan olunmuş mallar - şərab, tiryək
daşıyır. Ən dözülməzi isə
odur ki, bu "ticarət"i divanbəyinin özü himayə
etməkdədir. Məsələnin üstü
açıldıqda Şah Təhmasib təmkinlə
araşdırıb həqiqəti ortaya çıxarsa da çox
"liberal" bir qərara gəlir...
"Erməni
tacir çiyinlərini çəkib riyakarcasına dilləndi:
- Mənim
dövlət işlərindən başım çıxmaz,
qibleyi-aləm. Mənimki ticarətdir.
Şah Təhmasib ayağa durdu. Bu o demək idi ki,
görüş bitdi. Tacir də dərhal
ayağa qalxdı.
- Ən
böyük ticarət elə siyasətdədir, - dedi. Əli
ilə qapıda duran qorçibaşına işarə verdi. - Qəbulda gözləyən o iki nəfəri
də bura dəvət et.
Onun çıxıb qayıtması an məsələsi
oldu. Hər ikisi içəri girib baş əydi.
Şah onların üzünə baxmadan divanbəyinə
göstəriş verdi:
- Erməni tacirinə vergidən azad
olunması haqqında bir kağız yaz. - Yadına nəsə
düşdü. - Hə, şah bəxşişi də verməyi
unutma.
Şah
Natiq bəyi göstərib daha bir əmr verdi.
- Qorçibaşı bir halda ki mənim fərmanlarımın
icrasını çox dəqiqliklə həyata keçirir,
o zaman onu təkcə
Təbrizin deyil, səltənətin hər yerində
"torpaqbasdı" haqqının yığılmasına
müvəkkil edirəm".
Və beləliklə,
Varpetlə divanbəyinin orta əsrlərin sonlarından
başlayan "əməkdaşlıq" ənənəsi bizim zəmanəmizə qədər
davam etməli olur.
Yunus Oğuzun tarixdə bu günü, bu gündə isə
tarixi görməyə son dərəcə böyük maraq
göstərən (və görən!)
qələm adamı olduğu
müxtəlif münasibətlərlə
dönə- dönə qeyd edilmişdir. "Uçurum" da bu baxımdan
istisna deyil. Səfəvilər dövründəki
gömrük qorçibaşısı Natiq bəyi müasir
dövrdə başqa bir Natiq - Gömrük Komitəsi Əməliyyat
- istintaq Baş İdarəsinin əməliyyatçısı
Natiq əvəz edir. Ölkənin "bir cənub şəhərində"
məskunlaşıb onu
"narkotika trafiki"nə çevirməyə
çalışan "Baron" ləqəbli Bayramın nəinki
iranlı Əhməd ağa, hətta vaxtilə Bakıda
yaşamış erməni Varpetlə də ( bu da Səfəvilər
dövründən gəlir) "əməkdaşlıq"
elədiyi məlum olanda Kömrük Komitəsi hərəkətə
keçir.
Əhməd
ağa ilə Varpetin (Seyid ağanın) söhbəti göstərir
ki, narkotika ticarətində onların məqsədi, bir tərəfdən,
varlanmaqdırsa, digər tərəfdən, Azərbaycanın müstəqil dövlət
olaraq inkişafının qarşısını almaq, onun hər
cəhətdən passionar
xalqına qəsd etməkdən ibarətdir...
"... Birincisi, alıcılarımız çoxalacaq,
ikincisi isə gənc nəsil Qarabağı və sizi yaddan
çıxardacaq, məğlubiyyətlə barışacaq,
dövlət, vətənpərvərlik hisslərindən məhrum
olacaq. Son nəticədə hökumət
başıqapazlı və sözəbaxan olacaq. Orada tez-tez çevrilişlər baş verəcək.
Əhməd
ağa əlini qonağın kürəyinə çəkdi:
- Ay
maşallah, Varpet ağa! Yaxşı fikirləşmisiniz
bunları. Və nəhayətdə elə
Bakını da sizlər, bizlər idarə edəcəyik".
Natiqin narkobaronlara qarşı mübarizəsi həm bu
işin təbiətindən irəli gələn macəraçılıq,
gözlənilməz olayların təsviri, həm də hadisənin
hüquqi, sosial, siyasi tərəflərinin diqqət mərkəzinə
çəkilməsi ilə yanaşı, fəlsəfi-
psixoloji mahiyyətinə varılması ilə müşayiət
olunur. Ona
görə də roman müəllifi yeri gəldikcə əhvalatların
cərəyanını dayandırıb onların mahiyyəti
barədəki ümumiləşdirmələrə
keçir...
"Cəmiyyət də düzgün istiqamətləndirilməyəndə
uçuruma gedir. Uçurum dərinləşdikcə bu,
adi həyat normasına çevrilir. Amma
şüuraltı hiss edirsən ki, hardasa səndən lap
uzaqlarda deyil, lap yaxınlarda normal həyat var,
yaşayış var. Səhər oyananda günəşin
şuasına sevinmək var, ya qarın yağmasına
uşaq kimi atılıb-düşmək. Hətta
sevdiyin insanlarla salamlaşmaq nəşəsi... Bu həyatda yaşayanlar uçurumlu körpüdən
keçir. Sən bu körpüdən
keçmək üçün yaranmamısan, sən
uçuruma layiq görülmüsən. Beləcə
uçuruma doğru gedirsən".
Bu cür ümumiləşdirmə- izahlarında Yunus
Oğuz məşhur "yaşamaq gözəl şeydir"
qənaətinə gələn müxtəlif məsləkli
sələflərinə ən yeni tarixin yeni romanı ilə
xələflik edir.
İstintaqçıların
əlinə keçmiş Kalış (Kamil) vasitəsilə
Baronun "yaxın adamı"na çevrilən Natiq tezliklə
müəyyən edir ki, cinayətin
kökləri çox- çox dərinliklərə gedib
çıxır...
"Baronun beynəlxalq narkomaniya ilə əlaqələri
çox güclü idi. Azərbaycandan keçirilən
narkotrafikin əsas oyunçularından biri o idi. Əsas sərmayəsini isə İrandan
alırdı. O, ölkədə xeyriyyəçi və
iş adamı kimi də ad qazanmışdı. Deyilənə görə, bir neçə dəfə
onu vurub sıradan çıxartmaq istəmişdilər, amma
gücləri çatmamışdı. Yerli
və ölkə səviyyəli məmurlar yenə köməyinə
gəlmiş, onu "edam ağaçından asılan kəndirdən
xilas etmişdilər". "Edam kəndiri"ni onun boğazına keçirməyə
heç kim cəsarət etməmişdi, çünki ətrafındakıların
bir çoxunu ələ almışdı".
Məsələ
yalnız bunda deyil, həm də ondadır ki, nəinki Baron, hətta
ondan çox "yuxarı"da dayanıb cəmiyyətin taleyi
üçün bilavasitə məsuliyyət daşımalı
olan məmurlar ermənilərin
həmin narkotika ticarətində yaxından iştirak etdiklərini
yaxşı bilsələr də, nəinki
qarşısını almağa çalışmır, əksinə,
öz şəxsi mənafeləri naminə ondan istifadə
etməyin yeni- yeni üsullarını kəşf etməyə
müvəffəq olurlar. Və nəticədə
elə bir möhkəm şəbəkə əmələ gəlir
ki, onun nə zamansa dağıdılacağına ciddi
şübhələr yaranır.
Yazıçı, demək olar ki, naturadan
aldığı obrazlarla açıb göstərir ki,
narkoticarətin baronları ilə yanaşı,
aşağı mövqeləri zəbt etmiş elə
çevik, dələduz "funksionerlər"i mövcuddur
ki, onlar hər hansı dövlət idarəçiliyi
sisteminin öz işini yaxşı bilən məmurları ilə
müqayisə oluna bilər.
Həm mövzunun tələbi, həm də fərdi
yazıçı üslubunun diqtəsilə Yunus Oğuz
vaxtaşırı olaraq publisistikaya keçir, hadisələrin
icmalını verir, faktları öz adı ilə
adlandırır. Bu üsul roman təhkiyəsi üçün o qədər
münasib olmasa da, gerçəkliyin bütün sərtliyi
ilə ifadəsi baxımından, əlbəttə, qəbulediləndir...
"O
danışdıqca Natiqin fikirləri tam
aydınlaşırdı. Bu, İnterpolun axtarışında
olan, Qarabağda iki çətənə plantasiyasının
sahibi Varpet Kasparyandır. Çətənəni
Qarabağda yetişdirib İrana daşıyır, oradan da
qaçaqmalçılıq yolu ilə, əsasən Azərbaycandan
Avropaya ötürür. Erməni
diasporası onu mafiya babası və Ermənistanın aysberqi
hesab edir. Bakıda doğulub, 1989-cu ilin
sonunda Azərbaycanı tərk edib. Azərbaycan məmurlarının
bəzilərilə sıx əlaqəsi var.
Düşündü: "Baho, işimiz lap çətinləşdi
ki? Təkcə Baronu yox, həm də bunu zərərsizləşdirmək
lazımdır".
"Uçurum"dakı
məmur obrazı müasir Azərbaycan ədəbiyyatında
yeni hadisədir...
"Ford"
maşınının sükanı arxasında
Əhməd ağa oturmuşdu. Seyid ağa onun
yanında idi. Azərbaycana təzə
qayıtmışdı. Bakıya dönən
kimi də çox mühüm işlər görən
Əhməd ağanı axtarıb tapmış, ona verilən
telefonla nüfuzlu məmura zəng etmiş və
görüş vaxtını təyin etdirmişdi. Məmura həm də söyləmişdi ki, gələndə
Əhməd ağanı da sizinlə görüşə məsləhət
biliblər. Həmin məmur heç nə
olmayıbmış kimi razılıq vermişdi; həm də
özünə o qədər arxayın idi ki,
görüşü bağ evinə təyin etmişdi.
Bu nüfuzlu məmurun əsl kimliyini çox adam
bilmirdi, amma Seyid ağa bilirdi ki, Ermənistanda onun kimlərlə
qohumluğu var, biznesini kim işlədir, onlara nə qədər
bağlıdır".
Yunus
Oğuz bəzən təhkiyənin gedişində, bəzən
də təhkiyə məcrasından onun intonasiyasını zədələməmək
şərtilə kənara çıxaraq Azərbaycanın
dövlət müstəqilliyinin nə qədər ağır sınaqlardan
keçdiyi, xalqımıza
hava- su kimi lazım olan həmin müstəqilliyin nə qədər
pərdələnmiş düşmənlərinin olduğu barədə xəbərdarlıq edir: məmurun, Əhməd
ağanın və Seyid ağanın - mister Varpet
Kasparyanın şəxsində obrazlaşan bu düşmənçiliyin
qarşısında Baronun cinayəti, bəlkə də,
"xırda xuliqanlıq"dan başqa bir şey deyil.
Roman, necə deyərlər, o dərəcədə
"nəticəsiz" sonluqla bitir ki, nəinki beynəlxalq
narkomafiya başçılarını, heç Baronu da zərərsizləşdirmək
mümkün olmur. Və "əməliyyat"ı başa
çatdıra bilməyib "mal"ı batırsa da xaricə
qaçmağa nail olmuş Baron oradan hətta "əsərin
qəhrəmanı"nı - Natiqi hədələyib
ona "sən məni sevdiyim dənizdən, işimdən elədin.
Bil, mənim qisasım amansız olacaq, gözləmədiyin
yerlərdən sənə zərbələr endirəcəm"
deməkdən çəkinmir. Təbii ki, eyni sözləri
Natiqin böyüklərinə daha yüksək tonla Seyid
ağa ilə Əhməd ağanın da deyəcəkləri
təsəvvürü yaranmaya bilməz... Lakin əsərin ümumi ruhu -
müəllif qayəsi bütün aydınlığı ilə
diqtə (və təlqin) edir ki, Azərbaycanın müstəqilliyi
möhkəm əllərdədir... Heç bir mənfur
qüvvə nə daxildən, nə də xaricdən ölkənin
sürətli tərəqqisinin qarşısını almaq
iqtidarında deyil... Bununla belə heç kimə sirr deyil (və
yazıçının da bizə xatırlatdığı
bundan ibarətdir) ki, xalq hansı düşmənlərlə
qarşılaşa biləcəyini heç vaxt unutmamalı,
xüsusilə yeni nəslin şəxsində öz ən
yeni tarixinin keşiyində ayıq- sayıq
dayanmalıdır...
Nizami Cəfərov
akademik, millət vəkili
Olaylar.- 2021.- 30
iyul-5 avqust.- S.13.