Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər

 

 

Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər

Aygül Bağırova: "Vətən müharibəsi ilk gündən xalqımızın işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzminin, vətənpərvərliyinin təsdiqi oldu"

 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Aygül Bağırova gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində görülən işlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələrə dair "OLAYLAR"-a müsahibə verib.

 

-Aygül xanım, bu günkü Azərbaycan gəncinin vətənpərvərlik hisslərini necə xarakterizə edərdiniz və gənclərimiz nə dərəcədə vətənpərvərdirlər?

 

-Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir.-Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Ümummilli lider Heydər Əliyev deyib ki, "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır". Bu gün Azərbaycan bütün dünyada özünün milli maraqlarını qətiyyətlə qoruyan, heç kimdən asılı olmayan güclü və nüfuzlu dövlət kimi tanınır. Azərbaycanın müsbət reallıqlarından biri də məhz ölkə gənclərinin vətənpərvərlik ruhunun yüksək olmasıdır. Ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənimizin inkişafı üçün səylə çalışırlar. Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər.

 

-Sizcə sırf vətənpərvər gənc formalaşdırmaq üçün ilk öncə nədən başlamalıyıq. Ailədən, bağçadan, məktəbdən, yoxsa universitetdən?

 

-Vətənə sevgi ana südündən, ana laylasından başlayır. Mən də iki oğul övladı böyüdürəm. Oğlanlarımı yetişdirərkən ən çox onların vətənpərvər ruhda böyüməsinə çalışıram. Çünki bir insan vətənpərvər olmasa bu cəmiyyətə xeyir verə bilməz. Uşaqlarda vətənpərvərlik hissini ilk çevrəsindəki insanları sevməyi öyrətməklə başlamaq lazımdır. Daha sonra xalqına, millətinə vicdanla xidmət etmək üçün uşaq böyüdükcə yetişdirilməlidir. Övladlarım hələ çox kiçikdirlər. Ancaq mən indidən onlara ananın, vətənin, torpağın, bayrağın nə demək olduğunu öyrətmişəm. Hər bir ailə bu müqəddəs hissi övladlarına kiçik yaşlarından aşımalıdır.

 

Əlbəttə ki, gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsi fəaliyyətimizin əsasını təşkil edən mühüm istiqamətlərdən biridir. Gənc nəslin tərbiyəsi isə ailədə, yaşadığı mühitdə və ümumtəhsil müəssisələrində formalaşır. Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir.Təbii ki, bu yolda pedaqoji kollektivin də zəhməti böyükdür. Məhz buna görə də sağlam, vətənpərvər bir gəncliyin formalaşmasında müəllimlərin üzərinə ciddi məsuliyyət düşür. Hələ baxça yaşlarından başlayaraq müxtəlif tədbirlərdə vətənpərvərlik sahəsində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə məktəbin yuxarı siniflərində gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə gənclərimizin vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması təsir edir. Uzun İllər pedaqoji sahədəki təcrübəmə əsaslanaraq bildirmək istəyirəm ki, parta arxasında əyləşən hər bir şagirdimiz yaxşı anlayır ki, hərbi xidmət keçmək, Vətəni müdafiə etmək onların övladlıq borcudur. 44 günlük vətən müharibəsində düşmənə qan udduran qəhrəman oğullarımız da vaxtilə parta arxasında əyləşiblər. Bu gün şagirdlərimizdə olan vətənpərvər ruh onun göstəricisidir ki, dövri-qədimdən qəhrəmanlarımız olub, bu gün də var, sabah da olacaq.

 

-Bəs dövlətin bu sahəyə diqqəti, gənclərin vətənpərvər ruhda böyüməsi istiqamətində atdığı addımları necə xarakterizə edərdiniz?

 

Bu, dövlətimizin gənclərlə bağlı siyasətinin əsas prioritet istiqmətlərindən biridir. İnsan öz ölkəsi, Vətəni haqqında nə qədər çox məlumatlı olursa, torpağını da sevərək onu qorumağı özünə borc hesab edir. Bu istiqamətdə Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə "Ölkəmizi tanıyaq" adlı maarifləndirici tur-aksiyanın məktəb şagirdlərinə verdiyi müsbət nəticələr məni çox sevindirir. Sevinirəm ki, gənclərin vətənpərvər ruhda böyüməsi istiqamətində dövlətin atdığı addımlar Vətənə, torpağa, bayrağa, xalqa sevgi ilə yaşayıb böyüyən gənclərimizdə Vətən sevgisinin, Vətənə bağlılığının, Vətənin müqəddəsliyinin nə olduğunu tam anlamı ilə dərk edirlər.

 

Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldırlar. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur.

 

-Belə demək mümkündürmü ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında Heydər Əliyevin ideyaları, siyasəti bu gün davam etdirilir?

 

-Gənclər siyasətinin təməlində Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyi ilə bağlı olan arzuları, ümidləri əksini tapıb. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Ümummilli liderimiz Heydər Əliyev daim gənclərə qayğı göstərərək, onların bir fərd kimi yetişməsinə, milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm verirdi. Ulu Öndər nitqlərinin birində bu barədə deyirdi:"Hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir! Xalqımızın, Vətənimizin, respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir!" "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur".

 

Bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu sahədə qazanılan uğurların nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Eyni zamanda, Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətləri sırasındadır. İnanıram ki, Azərbaycan gəncliyi ona olan bu etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaq, müstəqil dövlətimziin inkişafı prosesinə bundan sonra da öz töhfələrini verəcəklər.

 

 

 

-Bəs KİV-lər, televiziyalar bu sahədə nə dərəcədə maarifləndirici rol oynayır, onlar gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına dəstək ola bilirlərmi?

 

-Müasir dövrdə gənclərə internet məkandan, televiziya kanallarından, mətbuatdan daha tez təsir etmək olur. İnformasiya axınında vətənpərvərlik mövzusunda maraqlı verilişlərin, məqalələrin, diskussiyaların sayınının artırılması gənc nəsillərə mükəmməl vətənpərvərlik hissini aşılayır. Azərbaycan KİV-ləri öz zəngin tarixi ənənələrinə sadiq qalaraq cəmiyyətdə, xüsusilə gənc nəsildə Vətən sevgisi hisslərinin dərin kök salmasına çalışmalıdırlar. Unutmaq lazım deyil ki, vəzifəsindən, mövqeyindən, sosial statusundan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı vahid amal uğrunda - Azərbaycanın inkişafı, ümummilli problemlərin həlli, dövlət və milli maraqların təmin olunması üçün bütün qüvvəsini səfərbər etməyə və var gücü ilə çalışmağa borcludur.

 

-Belə demək mümkündürmü ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının əsl vətənpərvərlik nümunəsi oldu?

 

-Vətən müharibəsi ilk gündən xalqımızın işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzminin, vətənpərvərliyinin təsdiqi oldu. Məlum olduğu kimi, hələ kecən ilin iyul ayında Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə vətəndaşımız könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşmüşdü. 44 günlük Vətən müharibəsi zamanı dövlət-xalq-ordu birliyinin nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Dövlət, dövlət başçısı, Azərbaycan Ordusu Azərbaycan xalqından, Azərbaycan xalqı isə öz Liderindən, öz Dövlətindən, öz Ordusundan güc aldı. Bu birlik, bu bərabərlik, bu vəhdət, bu "Dəmir yumruq" sonda tam və qəti Qələbə, Zəfərlə nəticələndi.Təbii ki, Vətən savaşında düşmən üzərində parlaq qələbənin əldə olunmasında Azərbaycan gəncliyi xüsusilələ fərqləndi.Şəhər və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan gəncliyi əsl qəhrəmanlıq, mərdlik, şücaə t, rəşadət nümunəsi göstərdi.

 

Doğma torpaq, Vətən uğrunda canını fəda edib şəhidlik zirvəsinə yüksəlmək, öz adını xalqın tarixi yaddaşına həkk etmək, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəmək, qəhrəmanlıq nümunəsi yaratmaq, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq hər bir insanın arzusu olub və bu, bu gün də belədir. Bəli, şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz oldu. Hər şəhidimiz, eləcə də hər qazimiz, 44 günlük Vətən müharibəsində ölümün gözünə dik baxaraq rəşadətlə vuruşan hər bir əsgər və zabitimiz öz qəhrəmanlıqları ilə bir dastan yazdı. Bu qəhrəmanlıq dastanları böyüyən övladlarımız, yeniyetmələrimiz, eyni zamanda, gələcək nəsillər üçün bir örnək, milli dəyərlərimizi aşılayan bir məktəbdir.Torpaq, Vətən sevgisi ilə yetişdirilən, "Vətən anadır, Vətəni ana kimi sevməli, ana kimi qorumalısan" deyimini həyat amalına çevirən Azərbaycan oğulları əlbəttə, lazım gələndə bu müqəddəs amal uğrunda canlarından keçib şəhid olmağı özlərinə şərəf bildilər.

 

İndi ulu öndərin "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı daha iftixarla səslənir. Çünki azərbaycanlı olmaq qalib olmağı zəruri edir. Unutmamalıyıq ki, düşmən üzərində qələbəmiz Heydər Əliyevin azərbaycançılıq siyasətinin qələbəsi,"Mən hər bir azərbaycanlının prezidentiyəm", "Azərbaycan dünyanın bütün azərbaycanlılarının vətənidir" - deyən Prezident İlham Əliyevin birləşdiricilik, quruculuq, xilaskarlıq missiyasının təntənəsidir.Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - "müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi".

 

Süleyman İsmayılbəyli

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

 

 Olaylar.-2021.- 4-10 iyun.- S.11.