ELDƏN GEDƏN OĞULLARDAN BİRİ

 

 

Ailədə 3 qardaş idilər - Xəqani, Məmmədyar, Xətai. Ataları Mənsur deyir ki, balalarımın gözü idi Xəqani. Bacarıqlı, qeyrətli uşaq idi, özündən böyüyə necə sayğılıydısa, kiçiklərə qarşı da çox nəzakətli, diqqətcildi.

Söhbətimiz II Qarabağ Savaşında şəhid olmuş Cəmilli Xəqani Mənsur oğlu barəsindədir.

Xəqani Cəmilli 22 fevral 1995-ci ildə Yevlax rayonunun Varvara kəndində anadan olub. Tariyel Səmədov adına kənd tam orta məktəbində təhsil alıb.

Gədəbəy rayonundakı "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Xidmət zamanı ön cəhbədə düşmən postu ilə üzbəüz olub. Döyüşdə ictimai-siyasi hazırlıqda əldə etdiyi yüksək nailiyyətlərinə görə Müdafiə Nazirliyi tərəfindən fəxri fərmana layiq görülüb.

Hərbi işə marağı sevgisi böyük olan Xəqani, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində fəaliyyət göstərən motoatıcı tağım komandirinin müavini kursunu bitirib. 2016-cı il dekabrın 16-dan Ağcabədi rayonunda yerləşən hərbi hissədə gizir kimi xidmətə başlayıb. Bir neçə aydan sonra Füzuli rayonunda yerləşən hərbi hissədə fəaliyyətini davam etdirib.

 

 

Əsl hərbçi xarakterinə sahib olan Xəqani ailəsini, valideynlərini qədər çox sevsə , onların qayğısına qalsa da, heç vaxt işi ilə bağlı danışmağı sevməzmiş. Amma işğalda olan torpaqlarımızdan söz düşəndə hər kəsi rahatladan cavabı vardı: - Arxayın olun, elə bir ordumuz var ki, döyüş əmri verildiyi andan sonra az müddətə nəinki Qarabağı, onun ətrafındakı əsir bölgələrimizi, ermənilərin indi yaşadığı İrəvanı, bizim qədim torpaqlarımızı da düşməndən təmizləyə bilərik. Səbr edin, o gün uzaqda deyil!

Döyüşlərin qızğın çağlarında imkan tapan kimi valideynləri ilə danışar, hər şeyin çox yaxşı olduğunu, tezliklə qələbə çalacağımızı söyləyərdi.

Atası oğlunun ölüm xəbərini almasından, keçirdiyi güclü sinir sarsıntısından indi həyəcansız danışa bilmir:

- Xəqani tağım komandirinin müavini idi, Füzulinin azadlığı uğrunda döyüşlər zamanı 25 nəfər əsgər ilə əmr aldığı istiqamətdə döyüşürdü, elə o döyüşlər zamanı da minamyot atəşinə məruz qalırlar, balam da daxil neçə-neçə döyüşçü şəhid olur. Bu hadisə oktyabrın 1-də baş verir. Həmin gün səhər-səhər Xəqani ilə danışmışdım, amma axşam saatlarında onun telefonundan gələn zəngə cavab verəndən sonra özümdən getmişəm. Bilirsiniz niyə? Zəng edən bir erməni idi Xəqaninin ölüm xəbərini o mənə dedi. Zəngi açanda xəttin o başındakı adam əvvəlcə məndən rusca bildiyimi soruşdu, "bilirəm" kəlməsini eşidəndə söyüşlərlə mənə dedi ki, bu telefon sənin oğlunundur, mən onu öldürmüşəm.

Sonradan döyüş yoldaşları oradakı erməniləri necə məhv etdiklərini, oğlunun qisasını aldıqlarını danışıb, ataya toxtaqlıq veriblər.

 

 

Mənsur ayılan kimi dayana bilməyib, xəbərin doğru olub-olmadığını öyrənməkdən ötrü Xəqaninin döyüşdüyü bölgəyə -Füzuliyə gedib. Amma ona çox irəli getməyə icazə verilməyib.

Ölümündən düz 8 gün sonra gətirilib Xəqaninin cənazəsi doğma kəndinə. Onun dəfni çox qələbəlik olub. Ailəsinin istəyi ilə cəsur döyüşçü Varvara kənd qəbristanlığında torpağa tapşırılıb.

- Mən bilməzdim ki, 26 yaşlı oğlum bu qədər hörmət sahibi imiş, - ata qürurla bildirir. - İnanın, az qala hər gün neçə-neçə döyüşçü dostu bizə baş çəkir, oğlumun igidliklərindən danışır, yardımlar göstərir. Çox razıyam dövlət başçısısnın şəhid ailələrinə münasibətindən. Deyə bilərsiniz ki, Şuşa Xəqani həlak olan vaxt hələ azad edilməmişdi. Bəli, amma Xəqaninin iştirakçısı olduğu əməliyyat Füzuli-Xocavənd-Suşa istiqamətində olduğundan "Şuşanın azadlığı uğrunda" medalına da layiq görülüb.

Şəhid atası Yevlax Şəhər İcra Hakimiyyəti rəhbərliyinin diqqət qayğısından razılıqla danışır.

Qəhrəman oğul böyüdən ata, sizin oğlunuz bir evdən yox, bir eldən gedib, ümumi vətənimizin azadlığı uğrunda canından keçib, odur ki, sizlərə xidmət qayğı bizim hər birimizin borcudur.

Cəmilli Xəqani Mənsur oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!

 

Əminə Yusifqızı

 

Respublikanın Əməkdar Jurnalisti

 

 Olahlar.- 2021.- 4-10 iyun.- S.20.