Qaragöl və Sarıyer
yaylaqlarının təbii şəraiti və milli-tarixi irsi
Qaragöl
və Sarıyer yaylaqlarının təbii şəraiti və
milli-tarixi irsi
Bütöv Azərbaycanın hərbi-strateji
və iqtisadi-ticarət əhəmiyyətli Zəngəzur
bölgəsinin vulkanogen mənşəli Qarabağ
dağlıq yaylasının (ən uca zirvəsi Dəlidağ-3616
m) Laçın nahiyəsi hüdudlarında ucalan
Böyük İşıqlı zirvəsinin (3552 m) ətrafındakı
Əyriqar (2648 m) Canqurtaran (2790 m), Dəmirdaş
(3452 m) dağlarından şimala doğru uzanan Qaragöl-
Sarıyer yaylaqlarının Kələbəcər nahiyəsi
ərazisindəki Başlıbel yaylaqlarına qovuşan hissəsi
təqribən 150 km-ə qədər) təbii-landşaft
örtüyünün zənginliyi, özünəməxsusluğu
və tarixiliyi baxımdan seçilməklə yanaşı,
həm də Qərbi Azərbaycanın Gorus-Baçarkeçər
mahalları ilə həmsərhəddir.
Məşhur Qaragöl
gölü (uzunluğu 1950 m, eni 1250 m, dərinliyi 7-8 m), ətrafındakı
dağlar (Böyük İşıqlı, 3552 m, Qızılboğaz,
3581 m) və yaylaqlar coğrafi şəraitinin
relyef-landşaft xüsusiyyətlərinin geomürəkkəbliyi
və bioloji ehtiyatlarının zənginliyi ilə
yanaşı, yaxın tarixi-siyasi, hərbi
keçmişimizin zəfərli (şərəfli) səhifələrinin,
maddi mədəniyyət ocaqlarının ruhsal irsini də
özündə yaşadır.
1904-1906-cı, 1914-1916-cı və
1918-1920-ci illərdə Gorus-Qafan nahiyələrində qərargah
və düşərgə quran quldur-daşnak hay nizami
ordusunun dəstələri (A.Ozanyanın, Q.Nijdenin,
D.Kanayanın, A.R.Şahmazyanın, L.Q.Qazaryanın, S.Melik-Elçiyanın..
başçılığı ilə) Abdallar
(Laçın), Qubadlı, Zəngilan nahiyələrinə
etdikləri amansız hücumlar, cəbhə-döyüş
səngərləri, təbii mövqe qarşıdurmaları
da məhz Qaragöl-Böyük İşıqlı
dağı hövzəsində olmuşdur. Bu
tarixi döyüş yerlərində xalq qəhrəmanları
Paşa bəy Xanmurad oğlunun (1837-1911), onun oğlu Sultan bəy
Muradovun (1879-1943), Xanlar bəy Bala bəy oğlunun (1878-1919),
Süleyman Tanrıverdi oğlunun (1890-1973), Rza İmamverdi
oğlu Süleymanovun (1892-1972), Cahangir Mirzə oğlunun
(1845-1925), axund Məşədi Saleh Tağı oğlunun
(1864-1937), Səfəralı Abdulkərim oğlu Xəlilovun
(1892-1937), Xanalı Kərim oğlunun (1885-1956)... ayaq izləri,
quldurlara atdıqları güllələrin gilizləri hələ
də qalmaqdadır.
Qafqaz İslam və Azərbaycan
Milli Ordularının, Qarabağ-Zəngəzur
könüllü özünümüdafiə dəstələrinin,
ayrı-ayrı el qəhrəmanlarının-qaçaqlarının
birgə səyi ilə 1918-1919-cu illərdə "Qaragöl
əməliyyatı" uğurla başa
çatdırılaraq birləşmiş mənfur
düşmən qüvvələrinə
ağır zərbə vurulmuş, çanlarını
qurtaran tör-töküntülərin bir hissəsi isə
Görus nahiyəsi ətrafına səpələnmiş,
qalanları da Cənubi Azərbaycan keşərək
Osmanlı Tükiyəsi, Suriya, Livan, İraq ərazilərində
köç sala bilmişlər. Lakin bu məğlubiyyətlə
barışmayan düşmən qüvvələri milli
satqınların səyi ilə 1920-ci il dekabr ayında Zəngəzur
qəzasının inzibati idarəçiliyinə yiyələnə
və əski, milli bölgəmizi qondarma "Ermənistan
SSR"-in ərazisinə qata bilmişlər. Və həmin ərazilərə dair işlənilmiş
yerquruluşu sənədlərinə, arxiv materiallarına, xəritələrə
"əl gəzdirərək" növbəti mərhələ
üçün "ipucu" qoymuşlar, sərhədləri
elə cızmışlar ki, gələcəkdə əlavə
torpaq əldə etmək üçün həm də
"coğrafi-kartoqrafik" əsas olsun.
Bu cür əməliyyatlar
respublikamızın bu quldur "dövlətlə" uzanan
bütün sərhəd zolaqlarında
aparılmışdır ("patlamayan minalar" kimi) və
ona görə də gələcəkdə daşnaklarla sərhəd-xəritə
mübahisələrinə yüksək peşəkarlıqla,
beynəlxalq hüquq normaları səviyyəsində
(BMT-nin "Coğrafi adların milli təsnifatına dair Təlimat"
da (Nyu-York şəhəri,2007) nəzərə alınmaqla)
yanaşılması xüsusilə zəruridir.
Belə ki, 1963-cü ildə
SSRİ Nazirlər Soveti yanında Baş Geodeziya və
Kartoqrafiya, Dövlət Geologiya Komitəsinin
buraxdığı "Azərbaycan SSR-in atlası"nda (1:1
500 000 miqyaslı) Laçın və Görus rayonları
apasındakı sərhəddi hay "kartoqrafları" elə
çəkiblər ki, göl sərhəddin ortasında
qalıb, amma bu hissənin topoqrafik xəritələrdə
(1:100000 miqyaslı) təsvirində gölün çox hissəsini
düşmənə aid ediblər. Çünki, o dövrdə
(1990-cı ilədək) SSRİ Nazirlər Soveti yanında fəaliyyət
göstərən Baş Geodeziya və Kartoqrafiya Idarəsinin
Azərbaycan SSR-dəki 16№-li müəssisəsi və Kartoqarfiya fabrikində, eləcə də SSRİ
Müdafiə Nazirliyinin Baş Qərargahının Hərbi-Topoqrafiya
idarəsində çalışanların, bu sahədə
geodeziya, xəritəçilik və topoqrafiya ixtisaslı
bölmələrində işləyən mütəxəssislərin
(hərbiçilər daxil) əksəriyyəti haylar və
ya onların himayədarları olmuşdur.
Hətta, həmin illərdə çap edilən
xəritələrdə Abşeron yarımadasının
coğrafi toponimləri "erməni" mənşəli
yazılırdı: "Mardakyan", "Şuvalyan",
"Turkyan"...
Zəngilan, Qubadlı,
Laçın rayonlarının Zəngəzur mahalı ilə
qonşu olan kəndlərinin sərhədyanı ərazilərinin,
təsərrüfatlarına məxsus torpaq sahələrinin
Gorus, Qafan nahiyələrinin kəndlərində yaşayan
haylar 1920-ci ildən sonra müxtəlif bəhanələr irəli
sürərək hissə-hissə ələ
keçirməyə çalışmışlar, bəzi
hallarda buna da nail olmuşlar. Əvvəlcə istifadə edilən
sahələrdə haylar sonra tədricən yaşayış
evləri tikdilər, ona ad verdilər və xəritəyə
daxil etdilər, beləliklə, kadastr baza məlumatlarında
Azərbaycana aid inzibat-ərazi vahidlərinin
torpaqları "kirimişcə" qaldı haylarda.
Bu qayda ilə Laçın
rayonun Qaragöl gölü, Böyük və Kişik
İşıqlı dağlarının ətrafındakı
yaylaq yerləri, örüş-əkin sahələri zəbt
edilmiş və ya razılıqla uzun müddət istifadə
olunmuşdur (əsasən Gorusun Dağ, Xəzinəvar,
Almalıq kəndləri tərəfindən). Yaxınlıqdakı Dağ, Xəzinəvar, Xanəzək
kəndlərinə suvarma məqsədi ilə (qəsdən,
çünki bu kəndlərdə yeraltı və təbii
su qaynaqları kifayət qədərdir) Qaragöldən su
çəkilmiş, eləcə də gölün təbii-landşaft
bütövlüyünü pozaraq 1970-ci illərdə
yol və işıq xətti şəkmişlər, göldən
balıqçılıq-ovçulq məqsədləri
üçün istifadə etmişlər.
örüş-yaylaq torpaqlarının bir hissəsində isə
kartof, çuğundur, kələm əkmişlər.
Elə bil ki, bu halları nəzərə
alaraq rayonun Lolabağırlı kənd sakini Paşa Məşədi
Tanrıverdi oğlu (1890-1984) vəsiyyət etmişdir:
-"erməni"lərə şirə verməyin,
onlar sizi qıracaq..."
Onun həmkəndlisi İbrahim bəy
Qulam oğlu (1810-1908) XIX əsrdə hay-daşnak
quldurlarına qarşı xalq müqavimətində
iştirak etdiyindən, quldurların soydaşlarımıza
qarşı amansızlığının şahidi
olduğundan və bu barədə el-oba
yığnağlarında danışdığından onu həbs
etmişlər, Qafan şəhərində mahalda məşhur
olan "Qarataxt" məhkəməsində istintaq edilib,
amma ağıllı mühakimələri sayəsində azad
olunmuş, üstəlik bəraət aldığı
üçün ona 100 kq düyü və bir at
verilmişdir.
İbrahim bəy Sultan bəyin qardaşı,
el həkimi İskəndər bəy Muradovla dostluq edib. Bir
gün İskəndər bəyin ona bağışladığı
atla kəndin işindən keşəndə ona irad tuturlar ki,
deməzsən ki, at qocadır, dişləri
tökülüb. Sonralar el deyimi, folklor nümunəsi kimi
yaddaşlara hopan - Bəy verən atın dişinə
baxmazlar- hikmətli deyimini o söyləmişdir.
Qaragöl hövzəsi inzibati-ərazi baxımından
Laşın rayonu, Sarıyer dağ çəmənlikləri
isə Kəlbəcər rayonu ərazisi daxilində yerləşir.
Bu ərazilər bütünlüklə Laşın nahiyəsinin
camaatı tərəfindən istifadə edildiyindən onun hər
qarışı, hər daşı doğma olub, hər yeri
ilə bağlı tarixi olaylar yaddaşlardan silinməyib.
Lolabağırlı kənd
sakini Nəsib Məşədi Allahverdi oğlu (1890-1976) bir
neçə həmyaşıdı ilə Qaragöl
yaylağında imiş (kənddən 80-90 km aralıda), bir
gülün üstünə qonan bal arısını
yanındakılara göstərir ki, bu mənim arımdır,
tanıyıram. Həmkəndliləri
şübhə edəndə o, kiçik bir
qırmızı sap qırığı bağlayır
arının ayağına.Yaylaqdan kəndə qayıdıb,
onun arıxanasına baxanda həmin arını gəmrəşovdan
hörülmüş səbətdə görürlər...
1930-cu illərdə Zəngəzur
mahalında rus hərbiçiləri tərəfindən
coğrafi mövqe dəqiqləşdirlməsi, dayaq-istinad
nişangahlarının basdırılması, yerölçmə
və topoqrafik xəritələrin hazırlanması
üçün çöl işləri aparılarkən əraziləri
mükəmməl tanıyan Nəsib Allahverdi oğlu
aylarla Gorus, Qafan, Laçın ərazilərində onlarla bir
yerdə olmuşdur.
Həmin dövrdə tərtib edilmiş iri
miqyaslı (1:100 000) topoqrafik xəritələr
bütünlüklə yerli, milli toponimlərimizi
özündə əks etdirir.
Bir vacib cəhəti qeyd etmək
lazımdır.
1920-ci ildən sonra Azərbaycan SSR-ə aid
bütün növ xəritələr (siyasi, ictimai, iqtisadi...
məzmunlu, eləcə də hərbi məqasədlər
üçün) rus xəritəçiləri-topoqrafları
tərəfindən hazırlanmışdır. Və həmin
xəritələrdə sonrakı mərhələlərdə
bizim üçün faciələr yaracaq (ərazi itirmək
baxımından) rus-daşnak imzasının, xəttinin izini
görməmək mümkün deyil.
Bir nümunə kimi, 1973-cü
ildə podpolkovnik-topoqraf Q.A.Skvortsovun çap
üçün işləyib hazırladığı
(1950-1952-ci illər çölölçmə işləri
nəzərə alınmaqla), Laşın və Gorus
rayonları arasındakı dövlət sərhəd xəttinə
(Azərbaycan SSR və "Ermənistan SSR" arasında) nəzər
yetirmək kifayətdir. Həmsərhəd
hüdudlarda yerləşən Ovçugüney sıra
dağlarının suayrıcısından keçən sərhəd
xətti bəlalı Qaragölün şimlında
"sınır" (məqsədli şəkildə, gələcəkdə
gölün haylara məxsus olmasını sübut etmək
üçün), hansı ki, bu xətt
Böyük İşıqlı dağının zirvəzinədək
düz istiqamətdə uzanır, gölün tən
ortasından keçməklə. Daha sonra, həmin dövrdən
başlayaraq yuxarıda qeyd etdiyimiz kimi haylar Qaragölün suyundan
suvarma məqsədləri adı altında istifadə edir,
gölün suyu azalır, sahil xətti dəyişilir və...
gölün əsassız olaraq hay sürüsünə mənsubluğu
iddiasına başlanılır. Beynəlxalq, dövlətlərarası
qarşılıqlı hüquqi tənzimlənmədə təbii
su hövzələrindən (çaylardan, göllərdən)
keçən sərhəd xətti bərabər
bölgünü nəzərdə tutur.
Amma, bu sivil düşüncə tərzinə
malik xalqlara və dövlətlərə aid olduğundan
haylar və ruslar istisnalıq təşkil edir.
Qaragöl-Sarıyer yaylaqları
(Qaragöl, Böyük və Kişik İşıqlı,
Qarakilsə, Buzxana, Qırxqız, Dəlidağ, Gəlin
qayası, Keyti dağlarının, Hocaz qayasının ətrafı
("Dəvə boyunu", "İşıqlı",
"Qaragöl", "Hürü yaylağı",
"Keçiddağ", Sultan Heydər, Söyüdlü,
Dördbənd, Göybulaq, Ocaq bulağı... yaylaqları)
tarixən tərəkəmə
elatının yay aylarında yurd-binə ocaqları kimi
dolub-boşalan məkanları olub, Mil düzü, Arzboyu ərazilərdən
(İmişli, Beyləqan, Ağcabədi, Cəbrayıl,
Füzuli, Qubadlı, Laçın, Kəlbəcər, Bərdə,
Tərtər, Goranboy, Yevlax...rayonlarının, yerli
Cağazur, Malıbəy, Mayis (bu kəndin
adı 1960-cı ilədək Qızxanım toylar adlanıb),
Kamallı, Əhmədli, Mirik, Minkənd, Cicimli... kəndlərinin)
gələn qoyunçuluq təsərrüfatlarının
sürüləri iyun-avqust aylarında dağ çəmənliklərində
saxlanılırdı, "arana düşnəndə qoyun
quyruğunu apara bilmirdi".
Sarıyer yaylaqlarından (ərazinin
günbatan yönü Basarkeçər mahalının
Yuxarı Daşkənd, Sorca, Nərimanlı, Qayabaşı,
Gədikvəngi, Güllüdüz... kəndləri ilə
qonşudur) respublikamızın 23 rayonunun heyvandarlıq təsərrüfatları
yay mövsümündə istifadə edirdi. Təkcə
Laşın rayonu, Qarakeçid kəndinin o vaxtlar V.Lenin
adına kolxozunun 30 min baş davarı sürülürdü
Qaragöl yaylaqlarına, hələ tərəkəmə
elatının öz heyvanları da var idi.
Qaragöl yaylaqlarından yalbeli
uzanan tirələrdə qədim Alban məbədlərinin
yerlərinə, tikililərinə, əski qəbirstanlıqlara
rast gəlinir, Canqurtaran (2799 m), Dəvəgöz dağı
(3169 m), Kilsəli dağı (2794 m),
Ayıçınqıllı dağı (3327 m), Zalxagöl ətrafındakı
Qılınclı, Başyurd, Barmaqbinə... yaylaqlarında
olduğu kimi.
Ayıçınqıllı
dağının adının orotoponim kimi mənşəyi
haqqındakı el inancı çox maraqlıdır. Tərəkəmə elatının
çınqıllardan hördüyü ağıllara
ayı girəndə, hansı heyvan arıqdır, onu alır
çiyninə ("kökü götürsəm yiyəsi
yanar"), binədən çıxarır, gətirir
çınqıllı yerdə basdırır, iylənməmiş
onu yemir...
Çilə düşənək
ayıları bu yerlərdə görmək olur.
Gəlin qayası isə
xalqımızın dini-irfanı, sakral mənəvi irsinin
müqəddəs ocağı kimi anılıb, yay
aylarında ona yaxın Lilparlı (el arasında Lüləpər
deyilir) yaylağındakı tərəkəmə
elatının cavanları ailə quranda ilk əvvəl bu məkanı
ziyarət ediblər.
Laşın nahiyəsinin
Qaragöl-Sarıyer, Mıxtökən-Dəlidağ
yaylaqları yaxınlığındakı kəndlərdə
(Oğuldərə, Hocaz, Ərikli, Lolabağırlı,
Qovuşuq, Hacıxanlı, Budaqdərə...) 1950-1960-cı
illərdə torpaq-qazıntı işləri apararkən qədim
naxışlı-yazılı sinə daşları, müxtəlif
rəsmli kaşılar, saxsı qab nümunələri,
silah-sursat qalıqları... üzə
çıxmışdır. Bu maddi-tarixi irs sərvəti
Laçın Dövlət Diyarşünaslıq-Tarix muzeyində
saxlanılsa da, 1992-ci ildə hay-daşnak quldurları tərəfindən
çoxusu qarət, qalanları isə məhv edilmişdir.
Kilsəli dağ III-IV əsr
yadigarı olan qədim Alban mədəniyyətini
özündə yaşadırdı. Deyilənə görə,
bu yer qədim ticarət yolunun üstündə olmaqla iri
Şəhərgah tikililəri ilə məşhur olub, təsadüfi
deyil ki, orada at çaparağında yeraltı boşluq səsləri
əks-səda verərək bu məkandan 80-90 km
aralıda (cənub-şərqə tərəf) olan
Lolabağırlı kəndində eşidilirdi.
Hövzənin əsrarəngiz
dağ-meşə, dağ-çəmən, göl-qayalıq
landşaftının, bitki örtüyünün zənginliyi,
heyvanlar aləminin müxtəlifliyi, tarixi maddi-mədəniyyət
abidələrinin etnomorfoloji dəyəri, maddi-mənəvi
irsin qorunması və gələcək nəsillərə
bütöv eko-biosistemin saxlanılması məqsədi
ilə 240 hektar sahə tutmaqla Azərbaycan SSR Nazirlər
Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə Qaragöl
Dövlət Tarixi Qoruğu yaradılmışdır, belə
bir qərarı "Ermənistan SSR"-də qəbul
etmişdir.
Məlumat üçün bildirim ki, Azərbaycan
və Gürcüstan dövlət sərhəddində,
Ağstafa rayonu inzibati ərazisində yerləşən
Candar gölünün bölünməsi tən ortadan
keşən sərhəd xətti ilə tənzimlənir.
R.S. Hay kilsəsi 1920-ci ilədək
Şuşa qəzasının tərkibində olan müsəlman-türk
mənşəli Xəzinəvar kəndini "Xoznavar",
Dağ kəndini "Tex", Almalıq kəndini
"Kornidzor", Xanəzək kəndini "Xonzareks",
Basarkeçər mahalını "Geqarxunik" adlandırmışdır.
(Yazının hazırlanmasında həm də
Laşın rayonu, Lolabağırlı kənd sakini Hacı
Bayram Paşa oğlunun (1936) məlumatlarından istifadə
edilmişdir.)
Qismət Yunusoğlu
Olaylar.- 2021.- 10-14
iyun.- S.21