Azərbaycanla təhdid
dilində danışmaq erası bitdi
Yunus Oğuz:
"Şuşa Bəyənnaməsinin bir mahiyyəti də
ondan ibarətdir ki, artıq NATO Azərbaycana girdi"
Azərbaycan və Türkiyə arasında
imzalanan Müttəfiqlik Müqaviləsi haqqında Bəyənnamə
iki ölkə arasında hərbi əməkdaşlığı
daha da inkişaf etdirəcək. Sənədə əsasən
tərəflərdən hər hansı birinin müstəqilliyinə,
suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına və ya təhlükəsizliyinə
qarşı üçüncü dövlət və ya
dövlətlər tərəfindən təhdid və ya təcavüz
edildiyi təqdirdə, birgə məsləhətləşmələr
aparılması, bu təhdid və ya təcavüzün aradan
qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd
və prinsiplərinə müvafiq təşəbbüs həyata
keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq
bir-birinə lazımi yardım göstərməsi, Silahlı
Qüvvələrin güc və idarəetmə
strukturlarının əlaqələndirilmiş fəaliyyətinin
təşkili nəzərdə tutulur. Milli Vəhdət
Partiyasının sədri, "Olaylar" qəzetinin baş
redaktoru Yunus Oğuz bu və digər məsələlərlə
bağlı suallarımızı cavablandırıb.
-Yunus
bəy, məlum olduğu kimi Türkiyə Cümhuriyyətinin
prezidenti Rəcəb Tayyb Ərdoğanın Şuşaya səfəri
zamanı iki ölkə arasında Müttəfiqlik Münasibətləri
haqqında "Şuşa Bəyənnaməsi"
imzalandı. Ümumilikdə bu Bəyənnaməni necə dəyərləndirirsiniz?
-
Əslində elə bu səfərin özü çox
möhtəşəm idi. Səfərin möhtəşəmliyi
ondan ibarət idi ki, Ərdoğanın NATO-nun iclasından
çıxaraq birbaşa səhər tezdən Azərbaycana gəlməsi
və Şuşaya səfər etməsi təsadüfi
deyildi. Onun NATO-nun iclasında iştirak etməsi,
ayrı-ayrı dövlət başçıları ilə
ikitərəfli görüşlər keçirməsi deməyə
əsas verir ki, artıq NATO-nun içində Ərdoğanı
və Türkiyəni lider kimi qəbul edirlər. Bundan sonra
birbaşa Azərbaycana gəlməsi və Şuşaya səfər
etməsi özlüyündə möhtəşəm bir
hadisə idi. Əvvəllər Şuşaya gəlirdilər
Şuşanı fəth etmək üçün. İstər
rus ordusu, istər Qacar olsun, istər digərləri olsun, onların
məqsədi Şuşanı fəth etmək idi. İndi isə
Şuşaya bir qardaş gəldi. Səfərin möhtəşəmliyi
bundan ibarət idi. Bu baxımdan Şuşada imzalanan Müttəfiqlik
Münasibətləri haqqında Bəyənnamə mahiyyət
baxımından çox mühümdür. Qars müqaviləsinin
daha əzəmətli anlamında olan müqavilə hər
iki tərəf üçün olduqca əhəmiyyətlidir.
Qars müqaviləsi təkcə Naxçıvana və Zəngəzura
aid idisə, bu müqavilə ümumilikdə Azərbaycan
üçün yeni bir baxış idi. Bu hüquqi
baxımdan gələcəkdə həm hərbi bazanın
yaradılması, həm də konfederativ dövlətin əsasını
qoydu. Nəzərə almaq lazımdır ki, Bəyənnamədə
siyasi, iqtisadi, sosial, nəqliyyat, hərbi, enerji kimi sahələrdə
əməkdaşlıq nəzərdə tutulur. Artıq elan
olundu ki, hərbi sənaye inkişaf etdiriləcək,
dronları Azərbaycanda istehsal ediləcək. Müştərək
müəsisə istehsal etdiyi dronları dünyaya satacaq.
Düzdür, biz də dron istehsal edirdik, amma 44 günlük Vətən
müharibəsi Azərbaycan və Türkiyənin hərbi
sahədə əməkdaşlığının vacibliyini
gündəmə gətirdi. Vətən müharibəsi
zamanı telekanallarda çıxışım zamanı dəfələrlə
demişdim ki, yeni geosiyasi məsələlər
ortalığa çıxır, bununla Türkiyə dünya
siyasətinin oyunçusuna, Azərbaycan isə regionda söz
sahibinə çevrilir. Artıq bu məsələlər
faktiki olaraq baş verməkdədir. Bu gün, Levon
Ter-Petrosyanın açıqlamasını nəzərdən
keçirirdim (hesab edirəm ki, bəlkə də hazırda
Ermənistanda yeganə ağıllı adam odur), deyir ki, biz hər
şeyimizi itirmişik. Qarabağ da bizim üçün itib,
artıq bu məsələ əhəmiyyət kəsb etmir.
Ziyalılara müraciət edərək deyir ki, əgər
bizim ağlımız olacaqsa, revanşist məsələlərdən
əl çəkib, Türkiyə və Azərbaycanla normal
qonşuluq əlaqələri yaratmaq lazımdır. Artıq
beynəlxalq aləm Qarabağ məsələsini Azərbaycan
tərəfində hesab edir. Erməni xalqı da bunu dərk
etməlidir. Şuşa Bəyənnaməsinin ən əhəmiyyətli
məqamlarından biri də ondan ibarətdir ki, artıq kimsə
Azərbaycanı təhdid edə bilməyəcək.
Çünki, hüquqi baxımdan konfederativ dövlətin
konturları Bəyənnamədə görünür.
-
Bəyənnamədə əksini tapan müddəalar siyasi,
iqtisadi və hərbi baxımdan Azərbaycana nə vəd
edir?
-
Şuşa Bəyənnaməsi ilk növbədə Azərbaycana
çox sürətli inkişaf vəd edir. Təkcə
işğaldan asad edilmiş ərazilərin bərpası məsələsi
deyil, bütövlükdə Azərbaycanın
inkişafına əlavə təkan verir. Həm Azərbaycanın
hərbi sənayesi, həm də sosial, iqtisadi sahələrdə
ölkəmizə inkişaf vəd edir. Bununla Azərbaycan
regionda güclü dövlətə çevrilir, məsələ
orasındadır ki, güclənməsən, söz sahibinə
çevrilmirsən. Artıq dünya başa düşür
ki, regionun söz sahibi Azərbaycandır. İndiyə qədər
regionda İran və Rusiya kimi söz sahibi olan dövlətlər
var idi, bu gün Türkiyə -Azərbaycan onları
ötüb keçdi. Regionun söz sahibi bu iki dövlət
olacaq, zaman-zaman bu sahiblik daha da güclənəcək. Digər
tərəfdən, cənab prezident Zəngəzur məsələsini
təsadüfən xatırlatmadı. Cənab Prezident deyirdi
ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzurda
o yol açılacaq. İstəsən lap yaxşı, gəlib
qoşulacaqsan, istəməsən dünya səni məcbur edəcək.
Artıq proseslər ona doğru gedir. Köcəryanın
çıxışları, ay Hadrutu, Şuşanı alacaq,
bu məsələlər getdi quyunun dibinə. Ona görə
ki, artıq Zəngəzur yolu da açılacaq,
Şuşada konsulluq da açılacaq. "Yeddilər"in
görüşündə artıq alternativ "İpək
yolu" məsələsi ortalığa çıxdı,
bu yol da Zəngəzurdan keçir, artıq Çinlə
müharibəyə hazırlaşırlar. Hələ bir
müddətdən sonra Şuşa Bəyənnaməsinin təsiri
Orta Asiyada da özünü büruzə verəcək. Orta
Asiya da tam müstəqilliyinə can atacaq, necə ki, Azərbaycan
bu addımı atır. Ola bilər bu gün Şuşa Bəyənnaməsinin
əhəmiyyətini tam görə bilmirik. Xatırladaq ki,
Qars müqaviləsi imkan vermirdi ki, Naxçıvanı
işğal etsinlər, çünki ortada Türkiyə var
idi.
-Bəyənnamənin
Qars müqaviləsinə istinad edilməsi Qarabağda
maraqları olan dövlətlərin müdaxiləsinə son
qoyacaqmı?
-Şuşa
Bəyənnaməsi Qarabağda marağı olan dövlətlərin
hətta minimal müdaxiləsinə son qoyur. Müqavilə
yenicə bağlanıb, hələ onun müddəalarını
geniş ictimaiyyət dəqiqliyi ilə tam dərk etmir. Necə
ki, çörəyi isti-isti yemirlər, gözləyirlər
ki, bir az soyusun. Ola bilər ki, sənəddə ermənilərin
oradan köçməsi, ya da birmənalı şəkildə
Azərbaycan qanunlarına tabe olması məsələsi var.
Nəzərə almaq lazımdır ki, Şuşa Bəyənnaməsu
rus sülhməramlılarının oradakı fəaliyyətini
heçə endirir. Çünki Azərbaycan bununla bəyan
edir ki, özüm öz ərazimin təhlükəsizliyini təmin
edəcəm. Bu, olduqca vacib məsələdir ki, bunun
arxasında elə Şuşa Bəyənnaməsi durur. Fikir
verdinizsə, Rusiya kanallarında bu mövzu ətrafında
danışılmırdı. Bu isə o deməkdir ki,
artıq onlar da mövcud mövqe ilə barışıblar.
Şuşa Bəyənnaməsinin daha bir mahiyyəti ondan ibarətdir
ki, faktiki olaraq NATO Azərbaycana girdi. NATO-nun Şərq Tərəfdaşlığı
bax bu idi. Bununla demək olar ki, Azərbaycan öz təhlükəsizliyini
tanmamilə təmin edir. Azərbaycanın uzun müddət
heç bir hərbi bloka girməməsi, ikitərəfli, bərabərhüquqlu
sazişlərin imzalanması son nəticədə buna
hesablanmışdı.
-Demək
olarmı, Şuşa Bəyənnaməsi ilə Azərbaycan-Türkiyə
hərbi ittifaqının əsası qoyuldu?
-
Burada söhbət təkcə hərbi ittifaqdan getmir. Bəyənnamədə
söhbət həm də konfederativ ittifaqdan gedir ki, ora sosial,
iqtisadi, siyasi, nəqliyyat və hərbi sahədə əməkdaşlıq
daxildir. Bir qalır ümumi pul vahidi, bir də pasport məsələsi.
Qalan məsələlər həll olunmuş sayılır.
Bayraq məsələsinə də konfederativ dövlətdə
icazə verilir. Avropa İttifaqına daxil olan ölkələrə
öz pullarını dövriyyəyə buraxmağa icazə
verilir. Burada da konfederativ dövlət yaratmaq üçün
pul və pasport kimi iki əsas məsələ qalıb.
-
Sizcə, Şuşa Bəyənnaməsinə qonşu
dövlətlərin və dünya birliyinin münasibəti
necə olacaq?
-Şuşa
Bəyənnaməsi beynəlxalq aləmdə normal
qarşılanır. Ona görə dedim ki,
Ərdoğanın NATO-nun iclasından çıxaraq Azərbaycana
gəlməsi elə-belə məsələ deyil. Bu o deməkdir
ki, müəyyən məsələlər artıq həll
olunub. Rusiya da bu məsələdə Azərbaycanın
mövqeyi ilə barışıb. Ortada Rusiyanın sülhməramlıları
var, hələ ki, onların vaxtı var.
Qonşularımızdan İran bu məsələdə
cığallıq edə bilər. İran gözləyirdi ki,
cahil tayfa ilə, inqilabla, xurafatla özü girəcək
regiona. Amma Azərbaycan bunların hamısından azad oldu və
normal dövlətçilik şüuru ilə dövləti
qorumaq məsələsini Türkiyə ilə Azərbaycana
buraxdı Azərbaycanla təhdid dilində danışmaq
erası bitdi.
Olaylar.-2021.-18-24 iyun.-S.13.