"Uşaqlıq
arzum arxeoloq olmaq idi"
Şahin Seyidzadə "Deputat vaxtı"nda
Şahin
Seyidzadə: "Əgər övladlarıma vaxt ayırmasam,
zaman gələcək və mən fərqində olacam ki, nəsə
itirirəm"
İlk
dəfə idi ki, mən müsahibimi yox, müsahibim məni
gözləyirdi. Təyin olunan
məkana deyilən vaxtdan tam 20 dəqiqə gec gedirdim. Bu
müddətdə gecikməyə görə zəng edib
üzrxahlıq eməyi özümə borc bilsəm də,
müsahibim, Milli Məclisin deputatı Şahin Seyidzadə gərgin
iş qrafikinə baxmayaraq tələsməməyi tövsiyə
etdi və məni gözlədiyini bildirdi. Deyilən məkana
daxil olarkən məndə yaranan gərginlik, stressi də məhz
millət vəkili hal-əhval tutmaq, səmimi münasibıəti
ilə aradan qaldırmağa nail oldu. Beləliklə Milli Məclisin
deputatı Şahin Seyidzadə ilə "Deputat vaxtı"
rubrikasında söhbətləşdik.
-Şahin
müəllim, artıq bir müddətdir ki, "Deputat
vaxtı" adlı
rubrikada millət vəkilləri ilə müsahibələrimiz
dərc edilir və növbəti qonağımız sizsiniz. Məlumdur
ki, siz Milli Məclisin deputatı olana qədər uzun illər
gənclər sektorunda çalışmısınız və
hazırda da bu və ya digər dərəcədə bu
sektora bağlı birisiniz. Maraqlıdır, Şahin Seyidzadə
gənclər sektorunda çalışdığı illəri
daha səmərəli və məhsuldar hesab edir, yoxsa millət
vəkili kimi fəaliyyəti dövrünü?
-İlk
növbədə "Deputat vaxtı" rubrikasına dəvət
üçün təşəkkür edirəm. Əvvəla
onu qeyd etmək istərdim ki, hər bir fəaliyyətin
özünəməxsus dövr və xüsusiyyətləri
mövcuddur. Bir fəaliyyətin
faydası, əhəmiyyəti, marağı digəri ilə
müqayisə etmək düzgün olmazdır. Bundan əvvəlki
fəaliyyətdə həm bir gənc, həm müxtəlif
layihələrin meneceri, təlimçisi, müəyyən
dövrlərdə müxtəlif gənclər təşkilatlarının
rəhbəri olaraq gənclər və, gənclər təşkilatlarının
inkişafına yönəlik prosesdə iştirak edirdik. Bu fəaliyyətlər
nə dərəcədə faydalı və əhəmiyyətli
olub, yəqin ki, onu daha çox gənclər və onların
təmsil olunduğu təşkilatlar deyə bilər. Bu
gün gənclərlə bağlantılarımız, gənclər
siyasəti ilə bağlıdır. Hal-hazırda Milli Məclisin
Gənclər və İdman Komitəsinin üzvüyəm və
gənclər və idmanla bağlı qanunların
müzakirəsi zamanı Komitə üzvü kimi iştirak
edirəm. Digər tərəfdən fəal gənclər və
gənclər təşkilatlarının müxtəlif tədbirlərində
iştirak edib, onlara dəstək olmağa
çalışırıq. Birbaşa gənclərin
inkişafı ilə məşğul olmasaq da, onlarla
bağlantılarımız var. Ümumiyyətlə gənclərlə
iş sahəsində özünəməhsus xüsusiyyətlərə
mövcuddur. Əgər biz gənclərdən yenilik gözləyiriksə,
o zaman ondan təcrübə toplayaraq, səhv etməyi qəbul
etməliyik. Və eyni zamanda onların səhvlərini
bağışlamağı bacarmalıyıq. Çünki
gənclərin atdığı hər hansı bir addım hər
zaman uğurlu olmaya bilər. Təcrübə və
inkişaf üçün cəhd, sınaq, səhvlər
vacibdir. Cəmiyyət bunu qəbul etməlidir.
-Yaş
baxımından gənc sayılmasanızda, ruhən
özünüzü gənc hesab edirsinizmi?
-Hələlik
gənclərə məxsus olan daxili hisslər və
yanaşmaları itirməmişik. Bu günə qədər
özümüzü bir gənc kimi hiss edirik. Amma unutmuruq ki,
artıq gənc deyilik.
-Bir
az əvvəl gənclərin səhv etməsindən
danışdıq. Maraqlıdır. Şahin Seyidzadə gənclər
sektorundakı fəaliyyəti dövründə çoxmu səhv
edib?
-Dünyanın
innovasiya baxımından öndə gedən şəxslərinin
belə bir fikri var ki, nəticə əldə etmək istəyirsənsə
səhv et. Bu gün misal üçün startuplara daha
çox səhv edən şəxsləri işə
götürürlər. Çünki bir dəfə səhv
edən, ikinci dəfə onu təkrarlamır. Ancaq onu da qeyd
etmək lazımdır ki, bizim cəmiyyətimizdə hələlik
gənclərə səhv etmək imkanı vermək və
bunu sağlam qəbul etmək yanaşması özünü
çox büruzə vermir. Bir daha qeyd edim ki, səhv etmək
təbiidir və deyərdim ki, o birtəcrübədir. Hər
bir şəxsin özünün təcrübəsi
olmalıdır və təcrübə də çox bir zaman
səhv etməklə qazanılır.
-Deputatların
vaxtının kifayət qədər gərgin olduğunu deyə
bilərik və həmkarlarınızla görüşlərimiz
zamanı bunun şahidinə çevrilmişik. Bu qədər
gərgin iş rejimi, görüşləri keçirmək
üçün əvvəlcədən bir plan, qrafik müəyyən
edirsiniz, yoxsa vaxt axarına uyğun olaraq ardıcıl şəkildə
görüşlər keçirirsiniz?
-İdarəetmədə
bununla bağlı 3 yanaşma var. Uzunmüddətli hədəflər,
qısa müddətli vəzifə və planlar, və
gözlənilməyən halda əmələ gələn
işlər. Uzunmüddətli fəaliyyətlər daha
çox risklərin ölçülməsi və hədəfə
çatmaq üçün düzgün yolun müəyyən
olunmasıdır. Burada düzgün planın qurulması və
hazırlıq işlərin aparılması vacibdir. Qısamüddətli
işlər gündəlik planımıza daxil olan fəaliyyətlərdir.
Köməkçiimlə birlikdə gündəlik
planımızı müəyyən edirik. Çünki elə
işlər var ki, həmin işlər köməkçi səviyyəsində
də görülə bilər. Ancaq gözlənilməz və
anidən baş vermiş işləri əvvəlcədən
proqnozlaşdırmaq çox çətindir. Elə vaxtlar
olur ki, bəzən günün yarıdan çoxu həmin
gözlənilməz işlərə sərf olunur və əvvəlcədən
nəzərdə tutduğumuz planımız kənarda
qalır. Amma bütün bunlara baxmayaraq "ən pis plan
plansızlıqdan yaxşıdır".
-Bəs, seçici
daha çox sizə zəng edir, yoxsa köməkçiniz
vasitəsilə öz problemini sizə bildirir?
-Parlament
iclaslarında, toplantılarda olan zaman telefona köməkçim
cavab verir. Facebook profilimi özüm idarə edirəm.
Seçici birbaşa facebook vasitəsilə problemini mənə
yaza bilir. Bəzən seçici facebook profilimi
özümün idarə etdiyimə inanmır. Düzdür,
bunu kiməsə, eləcə də seçiciyə sübut
etmək çox çətindir. Çünki telefonla
danışanda səsi eşidərək, buna əmin olur.
Ümumiyyətlə, biz seçicilərlə ünsiyyətdə
olmaq üçün bütün sosial şəbəkə və kommunikasiya vasitələrindən
istifadə edirik. Əsas müraciətlər isə bir qayda
olaraq telefon vasitəsilə edilir. Eyni zamanda email
ünvanına da yazan seçicilərimiz olur. Hədəfimiz
odur ki, elə bir seçici olmasın ki,
"qapımızı döyüb, lakin qapı
açılmayıb". Və bu halda vacib deyil, həmin
qapını bir başa millət vəkili açıb, yoxsa köməkçi.
Hər iki halda burada millət vəkilinin nüfuzundan söz
gedir.
-Bu qədər gərgin
işin qarşılığında özünüzə,
ailənizə vaxt ayıra bilirsinizmi?
- 6 yaşlı bir
qızım və 13 yaşlı oğlum var. Onlarla yaş və
özünəməxsus xüsusiyyətlərinə görə
ünsiyyət qururam. Övladlara vaxtın ayrılması kəmiyyət
əmsalı deyil. Əgər övladlarımla münasibət
və ünsiyyətə "zaman investisiyası"
ayırmasam, zaman keçdikdə onun itkisi görmək
mümkün olacaq
-Bir sıra həmkarlarınızla
görüşdə onların maraqlı tərəfləri
üzə çıxıb. Məsələn, Azər Badamov
qış aylarında xizək sürməyi, Nəsib Məhəməliyev
idmanla məşğul olmağı sevir. Bəs, Şahin
Seyidzadə nəylə maraqlanır və hansısa idman
növüylə məşğul olurmu?
- Artıq uzun
müddətdir dayvinqlə məşğulam və bununla
bağlı bir imtahanı verərək, beynəlxalq sertifikat
əldə etmişəm. İndi isə növbəti
imtahanın ərəfəsindəyəm. Həmçinin
alpinizmlə məşğulam. 2 dəfə Heydər, 1 dəfə
isə Şahdağ zirvələri fəth etmişəm. Həmçinin
2013-cü ildən yoqa ilə məşğulam. Hindistanda yerləşən
dünyanın ən böyük yoqa mərkəzlərdən
birini ziyarət etmişəm. Zəngin və geniş
zınqırov kolleksiyam var. Hər şey 1999-cu ildə
baş tutan bir səfərdən sonra başladı və həmin
səfərdən etibarən hansı ölkəyə getsəm,
mütləq özümlə zınqırov gətirirəm.
Kitab oxumağı hobbi hesab etmirəm. Düşünürəm
ki, bu gün kitab oxumamaq mümkün deyil. Eyni zamanda Azərbaycanın
kəndlərini kəşf etməyi xoşlayıram. Bu bir
hobbidir. Rayona gedəndə müxtəlif yerləri kəşf
etməyi xoşlayıram. Çaylar, dağlar, göllər,
kəndlərin adət-ənənələri, insanların həyat,
yaşam tərzini öyrənməyi sevirəm. İki dəfə
oğlumla Azərbaycan böyunca bir həftəyə yaxın
müddətdə avtotur keçirmişəm. Təxminən
2 min kilometr məsafə qət etmişik. Bu oğlum
üçün çox maraqlı bir təcrübəidir.
Çalışıram ki, hava şəraiti, zamanıma
uyğun olaraq buna vaxt ayırım.
-1999-cu ildə
baş tutan və sizdə zınqırov kolleksiyası yaratmaq
həvəsi yaradan səfər hansı idi?
-Xorvatiyada mənim
də iştirak etdiyim ilk Dünya Natiqlik Debat
Çempionatı idi. Həmin
çempionat Xorvatiyanın Velo Loşiç adalarında
baş tuturdu. Həmin ada Adriatik dənizində, Xorvatiya ilə
İtaliya arasında yerləşir. 14 günlük səfər
zamanı Azərbaycan yığma komandasına rəhbərlik
edirdim. Həmin səfərdən sonra da hər şey
başladı. Afrikanın kəndlərindən tutmuş
Nepalın buddist monastrına qədər kolleksiyamda müxtəlif
növ zınqırovlar var.
-Yuxarıda qeyd
etdiniz ki, bir həftə boyunca övladınızla
rayonları gəzmisiniz. Belə hallarda adətən avtomobili
özünüz idarə edirsiniz, yoxsa sürücü?
Ümumiyyətlə, sürücünüz var?
-İş şəraitində
sürücüm var. Ancaq rayona səfərlər zamanı
daha çox avtomobili özüm idarə edirəm. Təbii
ki, işlə bağlı səfər olarsa, o zaman avtomobili
sürücü idarə edir.
-Bəs, avtomobil
idarə edərkən musiqi dinləməyi sevirsiniz?
-Yox. Adətən
avtomobildə övladlarımla söhbət etməyə
üstünlük verirəm. Musiqiyə qulaq asmaq istəyəndə
isə hər bir şəxsin zövqeni nəzərə
alıb növbə ilə müsiqiyə qulaq asırıq.
-Tənqid
olunursunuzmu? Ümumiyyətlə, tənqidə münasibətiniz
necədir?
-Mən mövqelərin
müxtəlifliyinin tərəfdarıyam. Tənqidin
arxasında obyektivlik həqiqət durmalıdır.
-Hər bir şəxsin
uşaqlıq arzuları olur. Bəs, Şahin Seyidzadənin
uşaqlıq arzuları nə olub və həmin
arzularınız reallaşıbmı?
-Uşaqlıq
arzum arxeoloq olmaq idi. Vaxtilə İstiqlaliyyət küçəsində
yerləşən Elmlər Akademiyasının kitab
mağazasında olan arxeologiya üzrə bütün
kitabları alıb, oxumuşdum.
-Adətən bəziləri
vəzifəyə təyinatdan, yaxud deputat seçildikdən
sonra dükan-bazara, marketə getmir, özünü cəımiyyətdən
uzaq tutur. Bəs, siz necə, bazarlığı
özünüz edirsiniz?
- Zamanın idarəedilməsi
ilə bağlı seçkilərdən sonra yanaşmalar dəyişilə
bilər. Lakin ailə və dostlar üçün sən
deputat deyilsən. Ona görə ev üçün
bazarlığı özüm, bəzən isə ailəlımlə
birlikdə edirəm.
Süleyman
İsmayılbəyli
Olaylar.-2021.-25 iyun-1 iyul.-S.9.