“Qərbi Azərbaycanın sakral
coğrafiyası” silsiləsindən XVI I yazı Şərqi Göyçə
dağlarının ruhani-ruhsal ocaqları
Şərqi Göyçə sıra dağlarının (Axarbaxar zirvəsi, 3426 m) şərq və Şahdağ silsiləsinin (Hinaldağ zirvəsi,3367 m)
cənub-qərb, Zod aşrımının (2365 m) qərb ətəklərini, eləcə də Göyçə gölünün cənub və cənub-şərqinə bitişik əraziləri tutan Basarkeçər nahiyəsi əski müsəlman-türk qövmünün tarixi yurd-yuva ocaqlarında (Böyük və Kiçik Məzrə, Daşkənd, Çamırlı, Zod, Balaqaraqoyunlu... kəndlərində) xristianlığa qədərki və Alban mədəniyyətin maddi-mənəvi irsin zənginliyi ilə yanaşı, həm də antro, oro, teo və etnotoponimlərinin (Səmənd ağa dərəsi, Dərə meşə, Qaraquzey meşəsi, Koroğlu qayası, Sarı nər dağı, Tərsa Ayrum çalası...) milli yozumu, morfo-tipoloji əsasları dağı, Bütöv Azərbaycanın digər bölgələri ilə tarixi, coğrafi və filoloji məna baxımından üzvi bağlılıq təşkil edir.
Basarkeşər nahiyəsinin təbii-coğrafi şəraitinin və tarixi keçmişinin Azərbaycan dövlətçiliyi tarixində siyasi-hərbi, ictimai-iqtisadi, maddi-mənəvi və mədəniyyət özəlliyi onunla ölçülür ki, bu bölgə minilliklər boyunca müxtəlif mənşəli yer adları (toponimlər) ilə yanaşı ictimai-siyasi hadisələrin mahiyyəti də daxil olmaqla sırf xristianlığa qədərki, Alban və müsəlman-türk etnogenezisini (ruhunu) özündə yaşatmış, qoruyub saxlamış və inkişaf etdirmişdir. Diqqət çəkən məqam odur ki, Basarkeçər nahiyəsinin yaşayış məntəqələrinin etnogenezisində (yaranma tarixində) həm də Şərqi Azərbaycanda (Borçalı mahalı, Qazax, Şəmkir, Gədəbəy, Daşkəsən, Kəlbəcər nahiyələri üzrə) yaşayan nəsil-soy şəcərəsinin təsiri də böyük olmuşdur.
Nahiyənin Böyük Məzrə, Çamırlı, Zod kəndlərinin əsasını 450-500 il əvvəl Gəncəbasarın Balçılı kəndindən (hazırda Göygöl rayonu ərazisindədir) gələn Vəli ağa, Hüseynqulu ağa və Qulu ağa qoymuşlar. Çamırlı kəndinin sonrakı əski adı Hüseynquluağalı olub ki, 1920-ci ildən sonra Nərimanlı adlanıb.
Bu kənd və ona yaxın ərazilər (Böyük Məzrə, Daşkənd, Zod, Ağkilsə, Böyük Qaraqoyunlu, Zərzibil, Sarıyaqub...) tarixi dövrlərin dini-irfani ocaqlarını yaşatmaqla, əsrlər boyunca kökənli müsəlman-türk mədəniyyətinin maddi-mənəvi irs zənginliyini də özündə qoruyub saxlamışdır.
Nərimanlı kəndinin şimalındakı Balatəpə dağında e.ə. II-İ əsrə aid Alban mədəniyyətini əks etdirən yazılı, xaç nişanlı bazalt lövhələr tapılmışdır, 1960-cı illərdə həmin ərazilərdə əkin şumu aparılan zaman. Hətta, İrəvan şəhərindən təcili həmin yerə gələn "erməni" mütəxəssisləri də yazının onlara aid olmadığını bildirmişlər. Dağın günçıxanında axan Bağda çayının sahilində (10-20 m aralı, qədim yurd yerlərinə bitişik yerdə) qazıntı işləri aparanda isə "camış yatağı" boyda yerin 1,5 m dərinliyində daş parçası üzə çıxdı, altında insan sümükləri (bazu sümüyü 2 m idi), ağappaq dişləri üstündə olan alt-üst çənələr salamat halda olan böyük baş və 3 saxsı kür (30 cm-lik) tapıldı. Oradan 100 m kənarda "Cərgə daşı" deyilən sırada 20 ədəd daş parçaları (hündürlüyü 50-70 sm) torpağa batmış halda idi. Həmin ərazi camaat tərəfindən toxunulmaz, xüsusi qorunan (tarixi) yer kimi mühafizə edilirdi.
Kəndin günçıxanına simsar bu yer Həsən Əzim oğlu Qaraşovun (1958-2018), Ələmdar Ələsgər oğlu Abbasovun (1936-1986) evlərinə yaxın idi.
El-obanın ziyarət məkanı, dini-irfani ocaq sahibi olan Seyid Rəhim Məşədi Mehdi oğlu (1904-1974) kənd qəbirstanlığında "Alban sinə daşı"nın (qalınlığı 30 sm, hündürlüyü 80 sm, uzunluğu 2,5 m, baş hissədə qartal, yanlarında at və dəvə karvanı rəsmi daşa həkk edilmişdi) qorunmasını təmin edirdi. Qəbirstanlığın qərbində bir əski ərəb əlifbası ilə yazılı qəbirüstü sinə daşını 1920-ci illərin əvvəlində oxuyan Seyid Rəhim bu məzarın hicri tarixlə 1112-ci ilə aid döyüşlərdə Şəhid olan sərkərdə Şahsuvar Şahbələd oğluna aid olduğunu bildirmişdi və onun ruhunu yaşatmaq üçün oğluna Şahsuvar (1928-2000), nəvəsinə isə Şahbələd (1982-1994) adı verilmişdir.
Bu daş qəbirstanlığın kənarındakı keçidin üstünə qoyulmuşdu, onun altından qəlbində niyyət tutaraq, dualanaraq qorxusu olan və övlad həsrətində olanları keçrirdilər.
Qəbirstanlıqda səpələnmiş halda 5-6 qoçşəkilli qəbirüstü daşlar 1988-ci ilədək saxlanılırdı.
Əski yaşı minilliklərlə, məskunlaşma tarixinə görə isə 300 ildən artıq yaşı olan bu qəbirstanlıqda (Qərbi Azərbaycanda qədim müsəlman-türk obaları əksər hallarda əski yaşayış yurdlarında salınıb) çar Rusiyası dövründə 2 gümbəz inşa edilmişdi. Biri Hacalılar, digəri isə Kərbəlayı Yusifli tayfalarına məxsus qəbirlərin üstündə, dördkünc formada, 4 m x 4 m, 5 m x 5 m ölçülü, hündürlüyü 4-5 m olan bu qəbirüstü tikilidən əlavə 1967-ci ildə həmin şəkildə digər gümbəz isə qırmızı tufdan (kəvəkdən) Kəklik Abbas qızının (1908-1966) məzarı üstündə inşa edilmişdir. Bu tikinti üçün (kümbəzin üst örtüyünə) qırmızı tuf 30 km aralıdakı Sarı yer yaylağından, Çobanbulağı yaxınlığından gətirilib, ustaları kənd sakinləri Qərib Cəlil oğlu (1918-1988) və Ağakişi Oruc oğlu (1920-1990) olub.
1970-ci illərdə də bu cür tikililər Molla Əli Bayram oğlunun (1892-1972, mollalığını danmayan din adamı) və Güləm Rəhim qızı Bayramovanın (1898-1978) uyuduğu yerdə də aparılmışdır.
Nərimanlı kənd qəbirstanlığında müqəddəs ruhsal, ziyarət-irfanı ocaqlardan biri də Seyid Mahmudun qəbri (2 m uzunluqda, eni 25-30 sm), müqəddəs məqamı idi.
1941-ci ildə Seyid Miri Seyid Mahmud oğlunun (1871-1946) 3-4 yaşında bir övladı keçinəndə, ata ürəyi bu ağrıya dözməyib asilik etmişdir...və o gecə ağzı-üzü əyilmişdir. Həmin günün axşamı yuxuda ona əyan (buyruq) edilib ki, getsin Atasının qəbri üstündə bağışlanılmasını istəsin, orda yatsın...Allah-Təala ona əkiz övlad pay verəcək. Seyid Miri yuxusunun hökmünə əməl edir, gəlir qəbirstanlığa, atasının məzarı üstündə yatır və ... həmin gün ağzı-üzü düzəlir, 9 aydan sonra isə əkiz uşaqları dünyaya gəlir, oğlu Qulam (Bakı şəhərində yaşayır), qızı Durna (Gəncə şəhərindədir).
Dini təlimlərin elmi əsasları, irfani mərasimlərin mistik, ruhsal duyğularının ruhani qavranılmasına dair mədrəsə tədrisi Çamırlı (Nərimanlı) kəndində Molla Nəbi Hacı Mərdan oğlu (1880-1979) tərəfindən aparılmışdır, o, gimnaziya təhsili alıb, ərəb, rus, erməni dillərini mükəmməl bilib, həm də dini-dünyəvi elmlərlə yanaşı bu dilləri də tədris etmişdir.
XIX əsrin 80-ci illərindən etibarən Kərbəlayı Qara Bəndalı oğlu (1822-1907) isə öz evində hər il 25 nəfərə dini-elmi dərsin tədrisi və təlimini təşkil etmiş, Cənubi Azərbaycandan Molla Balaseyid (Nəcəf və Qum şəhərlərində təhsil almış din xadimi) dərs keçmişdir. Qonşu Ağkilsə, Sarıyaqub, Böyük Qaraqoyunlu kəndlərindən gəlib bu mədrəsədə təhsil alanlar sırasında Kərbəlayı Qaranın oğul nəvəsi Bəhmən İbrahim oğlu Qarayev (1901-1975, el arasında Bəhmən Göyçəli kimi tanınan şair, haqq aşığı, ona Molla Bəhmən də deyiblər), anası Hürü Avdı qızı (1870-1945, "Qurani-Şərifi" əzbər bilirdi, gözəl avazla oxuyurdu), Növrəs İman Məşədi Salah oğlu (1903-1932, Ağkilsə kəndində doğulub, Aşıq Ələsgər onun ustadı (əmisi kimi) idi), Salman Xəlil oğlu (1901-1937, dini dünyagörüşünə görə sürgün edilib), Salah Xəlil oğlu (1903-1942, müharibədən geri qayıtmayıb), Molla Nəcəf Alı oğlu (1866-1936, o, azan oxuyanda səsi 30 km aralıdakı "Sarı yer yaylağı"nın ətəyindəki Qayabaşı kəndində eşidilirdi)... da olub. Ona görə də nahiyədə ən çox din adamları, mollalar Hüseynağalı kəndində idi.
Növrəs İmanın oğlu Şahmalı Salahov (1928-1988) Gəncə şəhərində yaşayıb.
Bəhmən İbrahim oğlu mükəmməl dini təhsil almaqla yanaşı, dillər əzbəri olan minacatlar ("Mehracnamə", "Həzrət Əli", "Əzəl"...) da yazıb:
Ya Əli, ismi qurban, sənsən qəzənfər ağa,
Ya Əlisən, ya vəlisən, vəsfi-Peyğəmbər ağa.
Babi-nifrət, xaki-kifrət, qatili-əntər ağa,
Şəhri-Zarda Salsal qorxdu, zülfüqarda Ya Əli.
Nərimanlı kəndinin qərbində, 4-5 km aralıda olan Sarıyaqub kəndində "Miskin Abdal ocağı" sınanılmış ziyarətgah və ətraf ei-obanın müqəddəs məkan (kəndin ortasındakı bir mərtəbəli ev) kimi ibadət etdiyi dini-irfani məkan idi. Bu ocaqda kəramət-ruh sahibinin çuxası (1918-ci ildə hay quldurları bu ocağı yerlə-yeksan etdikdə bu çuxa bir il dağıntılar altında qalsa da heç bir zədə almamışdı), atının boynuna taxdığı dağdağan, doşbağısı... tutiya kimi qorunub saxlanılırdı, mücöhrüsü Ocaqlılar tayfasından olan Əsmətel Ana idi. Niyyət tutub bu ocağa gələnlərin qarşısında qaba bir damcı su tökürdü Ana, əgər niyyət qəbul olunurdusa o bir damcı su qab boyu aşıb-daşırdı, qaynayırdı sanki, əks halda töküldüyü kimi də qalırdı.
Həmin evin və ocağın oxşarı hazırda Tərtər rayonu, Bəyim-Sarov kəndində qurulub 1988-ci ilin sürgünündən sonra.
El arasında belə söhbət edirlər ki, Ağa atı ilə evinə gələndə arxadan yorğa kəhəri ilə çaparaq ona çatan bir bəy deyir ki, bu nə atdı minmisən?
Ağa cavab verir ki, atımızı qoşaraq çapsaq onda bilərsən ki, bu nə atdır. Elə də edirlər... Ağanın atının tozanağı içində itib-batan bəy ondan xahiş edir ki, atini dəyişsin.
-Bu gün atını dəyişən, sabah deyəcək ki, gəl arvadımızı da dəyişək - cavabını alır.
Beləliklə, Ağa həmin gecə ailəsi ilə birlikdə köçüb Sarıyaqub kəndində (Göyçə gölündən və Basarkeçər şəhərindən cənub-şərqə 12-10 km, Nərimanlı kəndindən cənuba 3 km aralı) məskunlaşır.
1988-ci ildə imansız hay kilsəsi və quldur daşnak silahlıları tərəfindən Sarıyaqub kəndinin əhalisi zorla yurdundan-ocağından didərgin salındığı dövrdə Ağanın nəticəsi Şakir Nəsib oğlu kəndə gedəndə bir yaşlı hayla rastlaşıb, aralarında belə söhbət olub:
-Siz buradan gedəndən sonra Böyük Məzrə kəndindən bir "erməni" gəlib darvazanızı söküb apardı, öz həyətində quraşdırdı, qırağını 5 qat daş boyu hörmüşdü. Səhərisi gün 6 yaşlı oğlu darvazanın altında qalıb öləndən sonra və biləndə ki, hansı ocaqdan aparıb, təzədən söküb gətirdi, söykəyib kolxoz tayasına...
Bu kəndlərin arasındakı məsafə 20 km-dir.
R.S. Hay kilsəsi və ibtidai insan-hay sürüsü nahiyənin Qoşabulaq kəndini qondarma Şatcrek, Kiçik Məzrə kəndini Pokr Masrik, Böyük Məzrə kəndini Mets Mastrik, Zod kəndini Sotk, Hüseynquluağalı (Nərimanlı) kəndini Şatvan, Ağkilsə kəndini Azat, Qaraqoyunlu kəndini Norabak, Sarıyaqub kəndini Caxatsadzor... kimi adlandırıb, 1995-ci ildən sonra.
(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Basarkeçər nahiyəsinin Hüsenquluağalı (Nərimanlı) kənd sakini Hacı Novruz Məhəmməd oğlu İsmayılovun (1932) məlumatlarından istifadə edilmişdir.)
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
Olaylar.- 2021.- 5-11 mart.- S.20.