Üç qardaş İkinci Dünya müharibəsində

 

 

Azərbaycan qara, , sarı qızıl mənbəyi olduğu üçün, daim yadellilərin diqqət mərkəzində olub. Tarixi həqiqətləri araşdırsaq görərik ki, Azərbaycanımız lap qədim zamanlardan müharibələr nəticəsində yaralanıb, bölünüb, qəlbi qırılıb, lakin igid vətən oğullarımız sayəsində öz vüqarını itirməyib. Evlər dağıdan, qəlblər parçalayan, valideynləri övladsız, övladları valideynsiz qoyan müharibələr və onları törədənlər isə, öz murdar əməllərini davam etdiriblər. Torpaq, ərazi, var- dövlət hərisliyi bitməyib ki, bitməyib. Bu məqamda Sultan Süleymanın aqilanə söylənmiş ibrətamiz vəsiyyəti yada düşür:"Mən öləndə əlimi tabutdan çıxarın, insanlar görsünlər ki, Sultan Süleyman belə, bu dünyanı əliboş  tərk edir."

 

Tarixi bilənlərə yaxşı məlumdur ki, Azərbaycan uzun illər SSRİ-nin tərkibinə daxil olub. 1941-1945-ci illəri əhatə edən İkinci Dünya  Müharibəsində faşist  işğalçılarına qarşı Azərbaycan xalqı da iştirak edib.

 

Alman komandanlığı uzun müddət Bakının neftinə göz dikibmiş, elə Qafqaz uğrundakı döyüşlərdə almanların əsas hədəfi də Bakını və onun neft-qaz sənayesini ələ keçirmək olub. Bunu anlayan Azərbaycan oğulları, düşmənə ikrah hissi ilə döyüşə qatılıblar.

 

Bu, inkaredilməz faktlardandır ki, Azərbaycanın təbii ehtiyatları olmadan İkinci  Dünya   müharibəsində qələbədən söz gedə bilməzdi. Bundan əlavə, Azərbaycanın 600 mindən çox oğul və qızlarının fədakarlıqları indiyaddaşlara həkk olunmuşdur.

 

  Barələrində söhbət açacagımız üç qardaşın hekayəti də Böyük Vətən müharibəsindən başlayır:

 

1941-ci ilin iyul ayında Əmir kişi və həyat yoldaşı Bəyimxanım üç igid oğullarını cəbhəyə yola salırlar.Çox saf və inancları qəbul edən Bəyimxanım ağlamağa belə qorxur ki, ağlamaq pis əlamətdir, gedənin arxasınca ağlamazlar, su atarlar. Daim zabitəli görünən Əmir kişi isə, "oğul düşmən çəpəridir, vətəni qorumaq borcudur." - deyərək həmişəki zabitəsini itirmir.

 

   Deyilənə görə, qardaşlar bir-birinə elə oxşayırdılar ki, hətta qohumlar da, bəzən çaşırdılar.

 

Bəli, üç qardaş: Seyfəl, Sahib və Bəşir  Əlibalayevlər ruh yüksəkliyi ilə müharibəyə yollanırlar. Üzeyir Hacıbəylinin çağırışı ilə musiqi aləminə qatılan, Filarmoniyanın "Mahnı və rəqs" ansamblında solist kimi çalışan böyük qardaş Seyfəl Moskva ətrafındakı döyüşlərdə böyük şücaət göstərərək Moskvanın müdafiəsində zenitçi kimi ad qazanır, serjant rütbəsi alaraq,  müxtəlif ordenmedallarla təltif olunur. 2020-ci il  may ayının 9-u, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan mədəniyyəti tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Mais Əhmədov https:/www.azerbaijannews.az/ saytında "1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının rolu" adlı məqaləsində zenitçi serjant Seyfəl Əlibalayev haqqında məlumat vermişdir.

 

   

 

 

 

Müharibədən əvvəl Mərkəzi xəstəxanada işləyən ikinci qardaş Sahib, müharibə tarixinin parlaq səhifələrindən birini təşkil edən, alman-faşist işğalçılarına qarşı 900 günlük mühafizədə olan Leninqrad cəbhəsinin 10-cu atıcı diviziyasında həm hərbi feldşer, həm döyüşçü, həm də kəşfiyyatçı kimi iştirak edir. Uğurlu kəşfiyyatlarına görə baş leytenant rütbəsi alan Sahibi  polkda "kəşfiyyatçı feldşer" adlandırırlar. "Bakı" qəzetinin 1981-ci il, 8 may tarixli nömrəsində, istefada olan podpolkovnik Cəlil Qafarzadə "Onun igidliyi" adlı məqalədə yazırdı: "Polkumuzda leninqradlılar da var idi. Arabir onlara ailələrinə baş çəkməyə icazə verilirdi. Bir gün Sahib evlərinə gedən leninqradlıya yanaşıb əlində tutduğu bağlamanı ona verərək dedi:

 

- Al, apar, ver uşaqlarına!

 

Bu, bir az çörək, kartofkonserv idi. Şəhərdə ərzaq sarıdan acınacaqlı vəziyyət olduğunu eşitdikdən sonra o, hər dəfə öz payından bir qədər ayırıb saxlayırmış. Leninqradlı döyüşçü Sahibin bu alicənablığını  gördükdə sevincdən gözləri yaşardı, ona minnətdarlığını bildirdi. Polkun, sonra isə diviziyanın digər döyüşçüləri də bu təşəbbüsə qoşulub könüllü olaraq öz paylarından şəhərə göndərməyə başladılar."

 

Müəllifin yazdığına görə, onun çox kövrək qəlbi var imiş, xəstələrlə elə davranarmış ki, onlarda həyat sevgisi yaranarmış. Odur ki, bütün döyüşçülərin rəğbətini və sevgisini qazanıbmış... 

 

 

 

Üçüncü, kiçik qardaş Bəşir hərbi xidmətə çağırılarkən  tələbə idi. O vaxt Azərbaycan Dövlət Universitetinin  filologiya fakültəsində oxuyurdu. Ədəbiyyata, şeiriyyətə marağı güclü idi. Lakin atalar demişkən, "qismətdən artıq yemək olmaz!", "sən saydığını say, gör Fələk nə sayır?!" Müharibə onu başqa səmtə yönəldir. O, 1941-ci ildə 46-cı kiçik aviasiya mütəxəssisləri məktəbinə kursant kimi göndərilir, bir ildən sonra kursu bitirir və 11-ci ehtiyyat aviaalayında xidmətə başlayır. 1942-ci ildə Boqdan Xmelnitski ordenli  17-ci aviasiya diviziyasına  göndərilir, 861-ci və 449-cu aviasiya alaylarında baş mexanik vəzifəsi ilə Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriyanın müxtəlif şəhərlərindən keçir. İrimiqyaslı əməliyyatlar zamanı fərqləndiyinə görə "Vətən müharibəsi" ordeni, "Hərbi xidmətlərə görə"  medalı və bir çox ölkələrin azad edilməsi şərəfinə müxtəlif mükafatlarla təltif olunur. Bu barədə Daxili İşlər Nazirliyinin o vaxt "Milis", indi isə, "Polis" adlandırılan, 70-ci illərə məxsus olan qəzetinin  "Veteran" rubrikasında İ.Babayevin "Onu sıralarımıza müharibə gətirib" adlı məqaləsində  geniş məlumat verilib...

 

   

 

1945-ci il mayın 9-u alman faşizmi üzərində Qələbə çalınandan sonra, əsgərlər müxtəlif illərdə  tərxis olunurlar. Əmir kişinin evinə üç oğüldan ikisi qayıdır. Çox evlərə ağrı-acı gətirən  müharibə bu evə də oğul dağı çəkir. Oğullarını yada salarkən ağlamaq istəməyən, indi isə ağlamaqdan gözlərinin nurunu itirən Bəyimxanım ortancıl oğlu Sahibi Vətənə qurban verir. Göndərilən "qara kağız"da onun Leninqradda şəhidlər üçün  ayırılmış məzarlıqda dəfn olunduğu bildirilir. Amma qardaşları, bacıları dəfələrlə Leninqrada gedib  həmin qəbiristanlıqda olsalar da, axtarışa versələr də, onun məzarını  tapmırlar. Elə indiyədək onun harada, necə dəfn olunduğu  sual altındadır. Hərbi həkim Cəlil Qafarzadə yazırdı ki, növbəti əməliyyat zamanı  mina partlayaraq onu ölümcül yaralamış, yarım saatdan sonra isə, gözlərini əbədi yummuşdur. Məqalədə də  onun dəfni və məzarı haqqında heç bir məlumat verilməmişdir. Allah səadətimiz naminə canından keçib şəhidlik zirvəsinə ucalanlara rəhmət etsin!..

 

Böyük qardaş Seyfəl müharibədən qayıtdıqdan sonra, yenə də keçmiş işinə sadiq qalaraq Azərbaycan Dövlət Filarmoniyasına qayıdır və "Mahnı və rəqs" ansamblının xorunda solist kimi fəaliyyətini davam etdirir. Bu ansambl ilə birgə Azərbaycanı dünyanın bir sıra ölkələrində təmsil edir. Bir qədər sonra həmin ansamblın inspektoru vəzifəsinə keçirilirömrünün sonunadək orada çalışır.

 

Kiçik qardaş Bəşirin isə, qisməti  başqa imiş. O, 1948-ci ildə Ordu sıralarından tərxis olunur. Müharibədən sonra  ailə çətinliklərinə görə  gündüz işləyib, axşam oxumağa məcbur olur. O vaxt  ADU-nun filologiya fakültəsində  gecə şöbəsi olmadığı üçün, Ədliyyə Nazirliyinin nəzdindəki  ikiillik hüquq məktəbində  təhsilini davam etdirir. 1950-ci ildə həmin məktəbi bitirdikdən sonra, təyinatını Naxçıvan Təhlükəsizlik orqanlarına verirlər. Gənc əməliyyat müvəkkili rəhbərliyin etimadını doğrultduğu üçün  kiçik leytenant rütbəsinə layiq görülür. Bu, həmin o illər idi ki,  Ulu Öndərimiz Heydər Əliyev Naxçıvan Təhlükəsizlik  orqanında  işləyirdi. İki ildən sonra Bəşir Bakı şəhər Milis İdarəsinə müstəntiq vəzifəsinə  göndərilir. 1953-cü ildən isə,  xidmətini  İctimai  Asayişi Mühafizə Nazirliyində müstəntiq vəzifəsində davam etdirir. İşinə məsuliyyətlə yanaşdığı və nöqsansız işlədiyi üçün həm vəzifəsi, həm də rütbəsi artırılır. 1975-ci ildə polkovnik rütbəsinədək  ucalır. DİN-nin, Respublika Ali Sovetinin Fəxri Fərmanları ilə və müxtəlif mükafatlarla  təltif olunur. 1977-ci ilin noyabr ayının 10-da  Azərbaycanın əməkdar hüquqçusu  adına layiq görülür.

 

1994-cü ildən Ümümmilli Liderimiz Heydər Əliyevin qərarı ilə 9 may "Qələbə günü" kimi  qeyd olunmağa başlanır. Həmin ildən etibarən,  Heydər Əliyev hər il  9 may günü "Xalqımızın  qızıl fondu" adlandırdığı Böyük Vətən müharibəsi veteranlarını ordenmedallarla təltif edərək, onlarla  şəxsən görüşür.Burada maraqlı bir  hadisə baş verir. Həmin hadisəni  böyük qardaş Seyfəlin oğlu, Azərbaycan Respublikasının  əməkdar artisti  Faiq Əlibalayev  söyləmişdir. Məqalənin əvvəlində dediyimiz kimi, qardaşlar bir-birinə hədsiz dərəcədə oxşayırdılar. Belə ki, çox adam onları səhv salırdı. Xalqımıza yaxşı məlumdur ki, Heydər Əliyev fenomen yaddaşa malik olan şəxsiyyət idi. Görüş zamanı veteran incəsənət xadimləri ilə salamlaşarkən, böyük qardaş  Seyfələ çox diqqətlə baxaraq, təbrik edib keçir. Sistem işçilərinə çatanda, kiçik qardaş Bəşirin  yanında ayaq saxlayıb "Mən səni Naxçıvandan tanıyıram!"- deyir. Bu hadisə  təəccüb doğurmaya bilməz. Çünki o dövrdən 40 ildən artıq vaxt keçmişdi. Bu, Heydər Əliyevin iti yaddaşının və diqqətinin təzahüri idi.

 

Onu da  qeyd etməyi özümə borc bilirəm ki, əvvəldən şeiriyyətə böyük həvəs göstərən polkovnik  Bəşir Əlibalayev üç kitab müəllifidir. Onun liriksatirik şeirləri, lirik poemaları, qəzəlləri "Qoşa qanad","O insanı düşünürəm", "Ümidim sənə gəldi" adlı  kitablarında yer alıb. Satirik şeirlərində oğruları, tüfeyliləri, bürokratları, yerlibazları və bu kimi mənfi ünsürləri tənqid atəşinə tutan, lirik şeirlərində zərif, incə duyğuları, saf məhəbbəti tərənnüm edən, lirik poemalarında isə, insani borcları, övlad məhəbbətini, valideyn  sevgisini  üstün tutan müəllif  1993-1999-cu illərdə "Məcməyş-şüəra" qəzəlsevənlər məclisinin üzvü olmuşdur. M.Füzuli, M.Ə.Sabir, Ə.Vahid, R.Zəbioğlu, Ş.Fazil şeirlərinə yazdığı nəzirələr uğurla qarşılanmışdır. Onun şeirləri Oqtay Kazımi("Babalar"),Ramiz Mustafayev ("Bahar kimi","Gözlərim yol çəkəndə ","Gözləyir ellər səni"), Bəxtiyar Kərimov ("Milis andı"), Nəriman Məmmədov ("Xətrinə dəymə qızların", "Gözüm səni axtarır")  kimi  görkəmli bəstəkarların diqqətini cəlb etmişdir. O, şeiriyyətlə sənətini bir -birindən ayırmayaraq  polislərə, müstəntiqlərə, hüquq işçilərinə şeirlər ithaf etdiyi kimi, şeirlərində əsgərlik illərini də  tez- tez yada salmışdır:

 

  Daim  cərgədəyik, bir əsgərik biz,

 

                        Elin xidmətində səfərbərik biz.

 

                        Dünən qəhrəmantək cəbhələr keçib,

 

                        Üzüağ qayıtdıq doğma vətənə.

 

                        Təzə şinel geyib, təzə yol seçib,

 

                        Qaldıq milis kimi cəbhədə  yenə.

 

Bəli, cəbhədə qəhrəmanlıq göstərib qayıdan veteranlarımız sonradan da öz peşələrinə ləyaqətlə yanaşmışlar.Mən də fəxr edirəm ki, belə igid Azərbaycan oğullarından olan nəslin nümayəndəsiyəm.

 

Böyük Vətən müharibəsi veteranları, daim Dövlət rəhbərlərimizin diqqət mərkəzində olub. İndi Ulu Öndərimiz Heydər Əliyevin  layiqli davamçıları  cənab İlham Əliyev  Mehriban xanım  Əliyeva  sağ qalan veteranlara qayğılarını əsirgəmir, şəhidləri və dünyasını dəyişən  müharibə iştirakçılarını ehtiramla yad edirlər.

 

1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizminə qarşı  qələbədən  76 il keçsə də, gənc ömürlərini  vətənə qurban verən şəhidlərin, qazilərin, müharibə iştirakçılarının  xatirələrini uca tutan qədirbilən Azərbaycan xalqı, onları hec zaman unutmayıb və unutmayacaqdır!..

 

        Əlibalayeva Gülnarə  

Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi işçisi, jurnalist

 

 

Olaylar.- 2021.- 7-20 may.- S.22.