Elə bildi daş çatmayacaq başını qoydu, Vətən Sütununa

 

 

Vətən təkcə coğrafi ərazi, hektarlarla, kilometrlərlə ölçülən torpaq sahəsi deyil, Vətən Millətdir - Vətənlə Millət başla bədən kimidir, ayrılmaz və bölünməz. Biri olmazsa, o biriolmaz. O bütövlüyü qorumaq üçün gələcək hər bəlaya hazır olmalıdır vətən torpağının üstündə yaşayan vətəndaş. Nə yazıq ki, cənnət qılıncların kölgəsindəymiş. Bu yurdun oğulları bütün zamanlarda vətənini, millətini o kölgədə yaşatmaq üçün, ya qılıncdan keçdilər, ya qılıncdan keçirdilər.

 

Əsrlər, yüzillər keçsə də heç nə dəyişmir. Şəhid Tağıyev Əkbər Məhəmməd oğlunun doğulub böyüdüyü Yuxarı Qarxun kəndinin aydın oğulları da yüz il öncə getmişdir bu yolu. Əkbər bu şərəfli tarixi oxumuş, öyrənmiş, sələfinin iziylə getmişdir. Valideynlərinin söhbətindən bilirdi ki, 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü olmuş, istiqlal mücahidi, tarixi şəxsiyyət, Ərəş mahalının bəylərbəyi Əşrəf bəy Qarxunlu 1876-cı ildə Şirvan dairəsinin Qarxun kəndində doğulub. 1918-ci ildə general-mayor Nuru paşanın komandanlığında Azərbaycana gələn Qafqaz İslam Ordusunu Yevlax vağzalında qarşılayanlardan biri olub. Orada çıxış etmiş, türk-Azərbaycan qardaşlığından danışmış, Nuru paşaya xoş gəlmisiniz demişdir. O tarixi gündə Nuru paşa da çıxış etmiş: "Biz bura dönməyə yox, ölməyə gəlmişik" demişdir. Əkbər də hər dəfə Əşrəf bəy haqqında eşidəndə: "Mən də lazım gəlsə, qələbəmiz üçün şəhid olacam" deyirmiş. Azərbaycanın aydın oğulları hər zaman millətinin azadlığı uğrunda mübarizədə totalitar rejim tərəfindən amansızlıqla qətlə yetiriliblər. Əşrəf bəy də belə qurbanlardan biri olub. Onun günahı vətənini azad, müstəqil görmək idi, vətəninin sevdalısı idi.

 

 

 

Tağıyev Əkbər Məhəmməd oğlu 1994-cü il fevralın 7-də Yuxarı Qarxun kəndində doğulmuşdu. Atası ali təhsilli mühəndis olsa da, ömür-gün yoldaşı Afət xanımla zəhmətlə, alın tərilə çalışıb üç övlad böyüdüblər. Böyük oğlu Pünhan ailəlidir, 2 uşaq atasıdır. Evin ikinci uşağı Əkbər idi, ailənin xeyir-duası ilə Bakıda yaşayan öz kəndlərindən olan ailənin qızı ilə nişanlanmışdı. Gözəl arzularla yaşayırdı. Nişanlısı ilə doğum günü- fevralın 7-də toy edib xoşbəxt həyat yaşamaq xəyallarını qururmuş. Evin sonbeşiyi Nəcibə də nişanlıdır, Allah xoşbəxt eləsin.

 

Əkbər orta məktəbi bitirdikdən sonra Mingəçevirdə Turizm kollecinə qəbul olur. 2014-16-cı illərdə oranı bitirir. Hərbi xidmət borcunu Naxçıvanda keçir və 2018-ci ildə geri dönür. Bu arada müxtəlif restoran və kafelərdə xidmət işində çalışır.

 

2020-ci il sentyabrın 27-də xalqımız torpaqlarının işğaldan azad edilməsi uğrunda hərbə girir. Ertəsi gün Əkbər müharibəyə çağırılır və 29-da Ağdərə istiqamətində döyüşlərə girir. Hələ orta məktəbdə oxuyandan hərbçi olmaq istəyirdi, odur ki, bu çağırışı hava, su kimi qəbul etdi, heç nəyi düşünmədən müharibəyə yollandı. Oktyabrın 3-də ağır döyüşlərdən sonra sonuncu dəfə ailəsilə danışır. Deyir ki, məndən nigaran qalmayın, burda hər şey yaxşıdı, bu sondur, biz qalib gələcəyik.

 

 

 

Oktyabrın 7-də ağır döyüşlərin birində ağır yaralanır və qəhrəmancasına şəhid olur.

 

O günü də düşmənə nifrəti sonsuz idi. Barmaqlarını ovcuna sıxmaqdan əli qanamışdı. Çox düşüncəli idi.

 

Hara atım bu kədəri,

 

Yox hesabı, yox qədəri.

 

Görünür məndən ötəri,

 

Hardasa ölüm darixir.

 

Bunumu düşünmüşdün Əkbər. Gördün ki, hərə bir daş qoyur Vətən barısına sən də tələsdin. Qorxdun ki, daş çatmayacaq və başını qoydun Vətən sütununa lap möhkəm olması üçün.

 

Əkbərin nəşi oktyabrın 14-nə qədər aktiv döyüş mövqeyində qalır. Noyabrın 19-da isə Yevlaxın Şəhidlər xiyabanında dəfn edilir. Dostları danışır ki, ikinci döyüşə girəndə komandiri ona irəli getməməyi tapşırır. O, isə deyir ki, mən döyüşə girəcəm və şəhid olacam. Sanki ürəyinə damıbmış, müharibəyə getməzdən əvvəl Rusiyada yaşayan qardaşına zəng edib deyir ki, mən şəhid olacam, Rusiyadan qayıt gəl evimizə, atamın-anamın, bacımın yanında ol. Anası Afət xanım deyir ki, balam özünü şəhid olmağa tam hazırlamışdı, özü özünü vətənə qurban demişdi, oldu da. Ata-ana, bacı-qardaş Əkbərin yerinə bayrağa, ondan qalan xatirələrə sarılırlar artıq. Nə qədər üzücü olsa da, qürurvericidir. Onlar bu vətənin istiqlalı və istiqbalı uğrunda yaşamaq hüququndan keçmiş övladlarının şərəfinə üçrəngli bayrağa sarılır, təsəlli alır, təki Vətən yaşasın, deyirlər. Əkbərin də sələfi olan Əşrəf bəy Qarxunlu kimiondan öncə bu Vətən uğrunda şəhid olan minlərlə soydaşı kimi tək bir günahı vardı. Bu vətəni, bu yurdu sevmək.

 

 

 

Döyüş dostlarından biri, Hüseynli Xəyyam Arif oğlu danışır ki, şəhid olmazdan əvvəl Əkbərin üzünə ilahi bir nur gəlmişdi. Üzü, baxışları nur saçırdı. Bu məni çoz qorxudurdu. Allah, bunurdur, yoxsa dostum şəhid olacaqmı, deyə ürpənirdim. Qorxduğum başıma gəldi, deyir.

 

Yuxarı Qarxun kənd İƏD üzrə nümayəndənin müavini Rövşən Baxşəliyev deyir ki, Əkbər sağlığında da, ölümündən sonra da nümunədir. Qardaşının həyat yoldaşı Çinarə də şəhid qaynından ağızdolusu, gözyaşları ilə danışır. Əkbər döyüşə gedərkən geri dönüşün olmadığını bilirdi. Amma bu yolu sevə-sevə getmişdi. O, Vətəni sevmək günahdırsa, mən günahkaram, demişdi.

 

Tağıyev Əkbər Məhəmməd oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır.   

 

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti     

 

Olaylar.- 2021.- 7-20 may.- S.18.