Gedim bir az ağlayım… elə-belə… astaca
Vüqar Məmməd oğlu Bahadurzadə hələ dünyaya göz açmamışdı. Qarabağda yer-yerindən oynayanda, müqəddəs yurd yerlərimiz yağı düşmən tərəfindən yağmalananda, ulu-ulu ellərimiz məcburən köç edəndə. Dünyaya göz açanda da ölkə Qarabağın işğalının yaratdığı problemlərin cəngindəydi və hələ də ermənilərin əsassız torpaq iddiaları üzündən cəbhədə döyüşlər gedir, günahsız qurbanların sayı artırdı.
Ağlı söz kəsməyə başlayandan Qarabağ savaşı ilə bağlı ilk söhbətləri atasından- I Qarabağ müharibəsinin qazisi Məmməd Əliyevdən eşitdi. Ata söhbətlərində ona, aldığı yaraların verdiyi ağrı-acıdan yox, daha çox igid Azərbaycan əsgərinin şücaətlərindən bəhs edirdi. Amma Vüqarın atalı günlərinin də ömrü qısa oldu. Məmməd qızı Əfsanəni, oğlu Vüqarı ömür-gün yoldaşı, müharibədə itkin düşmüş qardaşı Ələddinin dərdi ilə qovrulub-yanan Marala əmanət edib, dünyasını dəyişdi. Maralın itkin qardaş dərdinə bir də həyat yoldaşı Məmməddən ayrılıq dərdi qarışdı.
Maral ana həyat yoldaşının ayrılığından sarsılsa da, övladları, xüsusilə də Vüqar onun pis zamanlarının təsəllisi oldu. Evdə bir kişi böyüyürdü. Maral xanımın özü də kəndlərindəki "N" saylı hərbi hissədə işləməyə başlayır.
...Vüqarı yaşadığı Malbinəsi kəndində, təhsil aldığı kənd məktəbində hər kəs ağıllı, böyük-kiçik yeri bilən, dostluqda sədaqətli, yardımsevər bir gənc kimi tanıyır və hörmət edirdi. II Qarabağ müharibəsi isə onu təkcə həmkəndlilərinə deyil, bütün Azərbaycana həm də igid əsgər kimi tanıtdı.
2013-cü ildə Vüqar hərbi xidmətini başa vurub qayıtdıqdan sonra Goranboy rayonunda "N" saylı hərbi hissədə kurs qurtarır və 2014-cü ildən 2017-ci ilə kimi müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu işləyir. Atasının ölümündən sonra anasının təkliyinə görə kəndə qayıtsa da, 2018-ci ilin sentyabrında yenidən Orduda işləməyə qayıdır. Çünki Vətən onu çağırırdı.
...Həmsöhbətim gəncəcik bir gəlin,-Vüqarın xanımı Gülşəndir. Ata, ana himayəsindən məhrum olan Gülşənə babası Murtuza, nənəsi Reyhan baxıb. Fələk babasını da ona çox görüb. Düzü, bu gözəl xanımın nakam həyatı yaman kövrəldir məni. Qəribədir, belə hallarda həmişə yadıma Heydər Əliyev Fondunun vitse-prezidenti, "Bakı" jurnalının baş redaktoru Leyla xanım Əliyevanın bu şeiri düşür:
Gedim bir az ağlayım,
Elə-belə... astaca.
Ürəyimi gizlədim yastığımın
altında .
Pəncərəni açaraq
Kövrəlmiş ürəyimi
Bəlkə həyətə atım?!
Həyatın ağuşuna?!
Yox, yaxşısı budur ki,
Gedim bir az ağlayım,
Elə-belə... astaca.
Boynuma alıram ki,
Gülşənin səsindəki
kədər məni elə təsirinə alır ki, mən
də bir kənara çəkilib elə-belə... astaca ağlamaq istəyirəm.
Amma birdən Gülşənin
ovqatı dəyişir,
hələ gülümsəyir
də. Çünki
sevgili Vüqarı ilə ilk tanışlıqlarından
danışır:
-Taleyimmiş Vüqar. Evləndik.
Dörd yaşında Oruc adlı bir oğlumuz,
səkkiz aylıq Mələk adlı qızımız var.
Vüqar
haqqında döyüş
yoldaşları da o qədər xoş, şirin sözlər danışdılar ki...
Vüqar hələ əsgərlik
vaxtı Aprel döyüşlərində iştirak
edib, mərdliklə vuruşub.
Kiçik çavuş idi. Tovuz döyüşlərində
də igidliklə iştirak edib.
Nə gördüyü
qanlar, nə də ölümlər onu qorxutmurdu. Müharibənin getdiyi günlərdə, oktyabrın 12-də düşməndən
qənimət kimi götürülən texnikanın
hərbi hissələrdən
birinə gətirilməsində
Vüqar da iştirak edirdi və o, fürsət tapıb evə, doğmalarının yanına
gəlir.
-Bu son görüşümüz oldu.
Müharibənin necə
bir dəhşətli
şey olduğunu söylədim və "səninçün çox
qorxuram", dedim. -Maral xanım xatırlayır: - Bilirsiniz
mənə cavabı nə oldu? Dedi
ki, orada elə oğullar şəhid olur ki, mən onlardan
artıq deyiləm, ana.
Getdi və iki gün sonra
şəhid xəbərini
aldıq.
Qəhrəman əsgər Vüqar Bahadurzadənin Talışdan,
Suqovuşandan keçən
cəbhə həyatı
Ağdərə döyüşlərində
bitir. Qorxmadan döyüşlərə atılan, verilən hərbi tapşırıqları
şərəflə yerinə
yetirən Vüqar Qələbə gününü
görmədən arzuladığı
şəhidliyə qovuşur.
Yevlaxda, Şəhidlər
Xiyabanında uyuyur. Məzar daşındakı
doğum və ölüm tarixlərinə
baxanda, Vüqar Bahadurzadə. 22.07.1993-15.10.2020.
sözlərini oxuyanda
istər-istəməz gözlərini
aşağı dikirsən.
Günahkar kimi. Ancaq
ürəyin bu igiddən yana
qürurla vurmağından
qalmır.
27 illik bir ömür. Vüqardan geriyə gözü
yaşlı bir ana, üzərinə həm də övladlarının atası
olmaq məsuliyyəti
düşən gənc
xanım, dünyanın
gərdişindən xəbərsiz
iki azyaşlı qaldı. Amma onlara bir xəzinə də bağışlamış oldu.
Qəhrəman oğul, qəhrəman
ər, qəhrəman
ata şərəfi bəxş etməklə.
Bahadurzadə Vüqar Məmməd oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!
Əminə Yusifqızı
Azərbaycan Respublikasının əməkdar jurnalisti
Olaylar.- 2021.- 7-20 may.- S.18.