“Qərbi Azərbaycanın sakral
coğrafiyası” silsiləsindən – Sufiliyin irfani
ocağı
Əzəmətli Yaradanın mənən paklanmış, canı bahasına sədaqətli qulları,irfani əqidələrinə müslim olan, bu dünyada ikən Haqqa qovuşmağa hazırlaşan, gecəsi-gündüzü Haqq yolunda keçən Sufilər İlahinin yer üzündəki canlı Mələkləridr. Ruhu, nəfəsi hallalıqla yoğrulan, dəqiqəsi,saatı, günü haqq yolundan sapmağa qorxu hissi ilə köklənən Sufilərin həyatı və düşüncəsi müqəddəs İslam dininin sakral-irfani dəyərlərinin İlahi təcəssümüdür, təcəllasıdır. Ona görə də Uca Haqqın dərgahinda Sufilərin dualarının qəbulu üçün "Səmavi Kainatın qapıları həmişə açıqdır."
Kainatın bu cür açılan qapılarından nur düşən məkanlardan biri də Qərbi Azərbaycanının Qafan nahiyəsinin əski Oğuz-Sak yurdu olan Cibikli (el deyimində Cıbıllı) kəndində Sufi Məhəmməd Nəcəf oğlunun (1903-1983) ocağı idi. Ömrü boyu canlı hallalıq təcəllası kimi yaşayan, hallalıq ictihadı, ağzı dualı, əli və qəlbi Ucalığa, Ali Məqama açılı qalan Sufi Məhəmməd bu müqəddəsliyin şəcərə-ocaq davamçısı kimi həm də 1920-ci illərdə Tehran və Qum şəhərlərində dövrün tanınmış müctehidlərindən dini təhsil almış, mükəmməl bilgilərə yiyələnmiş, ruhani dünyagörüşünə sahib olmuşdur.
Bu barədə evdə danışmasa da simsar olduğu həmkənlilərindən Lətif Musa oğlu (1906-1974), Rəşid Hüseyn oğlu Xanməmmədov (1910-1985), Almalıq kəndinən olan qohumu Asiya Babuş qızı (1920-2010)... məlumat vermiş, ondan həmişə söhbət etmişlər.
Və O, bu irfani təlimin təmənnasız təbliğatçısı olmuşdur, cəmi Zəngəzur bölgəsində, Qafan-Gorus nahiyələrində. Qonşu Qarabağ bölgəsinin də kəndlərində dini-ruhani ocaqlarda ibadətlər edərdi, dini mərasimlər yola verərdi, yaxından ürək bağlılığı olan inanclı insanlarla.
Zəngilan nahiyəsində Seyid Mirəli ağa, Məlikli kəndindən Seyid Həsən ağa Hacı Mirməhəmməd ağa oğlu (1888-1984), Sobu kəndində Seyid Qurban ağa (ilan ocağı), Qafan nahiyəsindən Mir Salah ağa, Qaraçimən kəndindən Mir Eyyub ağa... ilə bu cür məclislərin iştirakçısı olardı, onlarla ruhsal-irfani qəlb birliyi yaratmışdır. Elə həmin vəsiyyətə görə Sufi Məhəmmədi axirət dünyasına yola salanlarlar arasında ən böyük savab Seyid Mir Salah ağanın çiyininə düşmüşdür...
Cibikli kəndinin mərkəzində ən qədim qəbirstanlıq (yaşı min ilə çatan) Sufu Məhəmmədin və İsmixan Ziyad oğlunun (1920-1996) evlərinin yaxınlığında idi (30-40 m aralıda), baş daşlarının yerdən boyu 40-50 sm-ə qədər olardı. Kəndin yeni qəbirstanlığı isə 500 m kənarda, gündoğanda "Nübar biçən yeri" deyilən ərazidə salınmışdır.
Sufi Məhəmmədin nəsihətlərindən:
-İnsanların, doğmalarınızın qədrini sağlığında bilin, öləndən sonra üstündə vay-şivən qoparmaq Allah-Təalaya qarşı asilikdir;
-Ölənin üstünə kişik daş qoyun ki, yeri bilinsin...
Kəndin cənub-şərqində, 100 metr kənardakı "Böyük yer" deyilən örüşlükdə "Dağağan piri" ziyarətgah idi, orda 2-3 dağdağan ağacı bitmişdir, amma o yer müqəddəslik rəmzi idi, orada dualar oxunardı, üstündə qurban kəsilərdi, ətrafı təmiz saxlanılardı, qorunardı.
Sufi Məhəmmədin nəsihətlərindən:
-İnam - dini əqidənin mayasıdır;
-İnanırsansa, ondan xeyir görəcəksən;
-Ruzunuz halal olsun, zəhmətinizin payı olsun;
Dünyanın qəzavü-qədərini Allah-Təalanın ilahi hökmü ilə yozurdu, Yazının pozulmazlığına inanırdı, amma Haqqa yönələn buyruğu qəbul etməyənləri və Göydən gələn işığa kor baxanları, Dini yoldan sapanları, imana gəlməyənləri... nəsihət-vəsiyyət təliminə çağırırdı, onlara irfani-ruhani bilgiləri aşılayırdı, istər qohumu olsun, istərsə də, yad adam, hamı gözündə eyni idi. Nahiyənin bir çox kəndlərində (Aşağı və Yuxarı Pürülü, Həqəti, Gıhı, Kirs, Şəhərcik, Sığnaq, Ağbulaq..., eləcə də Qubadlı nahiyəsinin Mollalı, Zəngilan nahiyəsinin qonşu kəndlərində...) dini-təriqət məclisləri apapırdı, el mərasimlərində iştirak edirdi.
Qurani-Şərifi xoş avazla-yanıqlı səslə oxuyurdu, gün ərzində ibadətlərindən sonra bəzən haray çəkərdi:
Gedirəm, Vətən, səndən,
Qorxuram yol kəsəndən...
1904-1906-cı və 1918-1920-ci illərdə hay kilsəsi və hay-daşnak quldur, nizami silahlı dəstələrinin Zəngəzur bölgəsində müsəlman-türk əhalisinə qarşı həyata keçirdikləri amansız qətliamların və soyqırımların şahidi olmuş Sufi Məhəmməd (bu dövrdə kəndin dinc sakinləri Xustup dağı ətəklərindəki meşələrə, zağalara sığınmışdılar) bu vəhşiliyi törədənləri "Allahı tanımayanlar, məkri-Şeytan yiyələri" adlandırırdı və həmin faciələrin qurbanları ruhuna həmişə dualar oxuyurdu. Ümumiyyətlə, Cibikli kəndinin ətrafı bütünlükə meşə sahələri idi, günbatan tərəfdə "Qaranlıq dərə"nin meşəsi, quzeydə "Fındıqlıq meşəsi", qiblədə "Cevizlik", "Nəzəralı bağı", "Cevizliyin yanı"... həm də bərəkətli meyvə ağacları ilə (alma, armud, gilas, qoz, zoğal...) dolu idi.
Kəndin quzeyində, "İyirmi qaçan yer"də (hay-daşnak quldurlarına qarşı döyüşən el qəhrəmanlarının düşərgəsi olan meşə talası) Sufi Məhəmmədin bağı salınmışdı, özü əkmişdir, alma, armud, zoğal ağaclarından ibarət, kələsər üzüm bağı idi. Halal zəhməti və mənəvi-ruhani tapınması ilə yaşayan Sufi Məhəmməd həm də ilan ovsunçusu idi, ilanla müalicə edirdi bəzi xəstəlikləri.
Həyət evlərinə, kənd ərazisinə gələn bütün növ ilanalrı ovsunlayıb-tutub evdə saxladığı taxta qutuda (uzunluğu 1,5 m, eni 30-40 sm, hündürlüyü 30 sm) bəsləyirdi, onların qabağlarına torpaq tökürdü.
Sufi Məhəmmədin nəsihətlərindən:
-Dünyada ən çox yayılan topaq olsa da, ilan onu yalayır ki, birdən qurtarar...
Ovsunlanmış ilanlarla baş ağrısını, səksəkəni, qorxunu, soyuqdəyməni, boğaz ağrısını... mülicə edən Sufi Məhəmməd ağrıyan yerə ilanı dolayırdı, sürtürdü, dua oxuyurdu... və xəstəlik keçib gedirdi. Bu kimi müalicənin şahidləri Həqəti kəndindən Reyhan Oruc qızı (1960), Cibikli kənd sakini Məhluqə Nəzəralı qızı(1924-1992)... olmuşdur.
Və nahiyənin Qaraçimən, Sığnaq, Yuxarı Gödəkli... kəndlərində evlərə girən ilanları dua oxuyaraq evdən çıxarır, onları tutub aparırdı. Bunun üçün evin dörd həndəvərinə torpaq-duz tökürdü, kiçik bir yol saxlarırdı ilanın çıxması üçün, dua oxuyandan sonra ilan o yolla çıxarırdı...
1975-ci ildə Yuxarı Gödəkli kənd sakini Musa Zülfü oğlu Hümbətovun (1937-2002) evinə "ilanların hücumu" olmuşdur. Sofu Baba (el arasında ona daha çox bu cür müraciət edirdilər) gəldi, dua oxudu, ilanları bir-bir tutub yığdı torbasına, apardı, ondan sonra o həyətə bir ilan da gəlmədi...
1946-cı ildə kəndin "Armudlar yeri" biçənək sahəsində qadınlar ot çalanada Sufi Məhəmmədin həyat yoldaşı Laləzar Ziyad qızına (1915-1946) arvadlar deyir ki, yoldaşın ilan tutur, sən niyə tutmursan? Çox deyiləndən sonra axırda qadın məcbur olur, bir ilan tutub, salır qoluna... ilan onu çalır. Sufi Məhəmməd başqa kənddə yasda imiş, gəlib çıxana kimi artıq gec olur, baxmayaraq kimi, zəhəri qolundan sorub çıxarır, amma onun həyatını xilas edə bilməyib..
O, ilan vuranları sağalda bilirdi, vaxtında özü zəhəri çalınan yerdən sorub çıxarırdı və deyirdi ki, ilanlar ən çox kövşənlikdə olur, cibinizdə sarımsaq olsa, ilan sizə yaxın durmaz...
Həmin hadisədən sonra ailəsində qalan 4 uşağı (3 qız, 1 oğul), sonradan Zəngilan nahiyəsinin Quyudərə Xəştab kəndindən olan Cəvahir Rzaqulu qızı ilə (1926-1990) birgə böyütmüş, ailəsinsə digər uşaqlar da doğulmuşdur.
Cibikli kəndinin yaxınlığında "Böyük yer" meşəliyi yayılmışdır (haylar yaşayan İrsevənlik kəndi arasında), bəzən kəndin naxırından, sürüsündən meşədə qalan heyvanların qorunması üçün "Qurd ağzı bağlayan" dualar oxuyurdu ki, meşədə həftələrlə qalan heyvanlar sonra sağ-salamat geri qayıdırdı.
Sufi Məhəmmədin nəsihətlərindən:
-Gecə-gündüz haqq zühurudur, yediyin-qazancın halal olsun;
-Çarəsizlikdən təbin-nəfsin çəksə məfkur da bağışlanılandır;
Sufi Məhəmməd ocağın külündən götürüb, palçıq edib dəmirovlu dərinin üstünə, öz əli ilə dalbadal üç çərşənbə günü çəkib sağaldırdı.
Onun irfani-ruhsal duyğularını zənginləşdirən amil gündə Quran-Şərifi oxumaq və ardıcıl ibadətini aparmaq olmuşdur, hamıya da bunu tövsiyə edirdi. İstər ailədə olsun, istərsə də ki, məclislərdə, həmişə deyəri:
Namaz qılan bəndədir,
Qılmayan şərbəndədir.
Gah qılıb, gah qılmayanın,
Yeri cəhənnəmdədir.
Yas məclislərindən haqq alınmasını günah hesab edirdi, çünki deyirdi:
-Quran-Şərif Allah-Təalanın kitabıdır, onun dəyəri-qiyməti yoxdur, haqqını Uca Yaradan verir.
Sinəsi dini nəsihətlərlə, irfani-ruhani el deyimləri, sakral məzmunlu nağıllarla-vəsiyyətnamələrlə dolu olan Sufi Məhəmməd İlahi-Müqəddəs kitabı elə avazla oxuyurdu ki, "göydə quşlar qanad saxlayırdı...".
Haqqa tapınan bu irfani-inanclı, Sufi ocağının son yadigarı beyninə qan sızması nəticəsində dünyasını dəyişib arzuladığı Haqqa qovuşanda, 22 evin kənd qəbirstanlığındakı dəfn mərasimində iştirak edənlərdən kənd ziyalısı Xudum Xuduş oğlu (1920-1985) camat qarşısında çıxışında deyib:
-Sufi Məhəmmədən eldən gedən bölgəmizin həqiqi irfan yiyəsidir...
Onun gecə-gündüz oxuduğu müqəddəs Quranı, kəhrəba təsbehi, gödəkçəsi, papağı... oğlu Gülməmməd Nəcəfovda (1953) qalmışdır, 1988-ci ildə quldur hay basqınından sonra o ailəsi ilə birlikdə Zəngilan rayonu, Vənədli kəndinə köçmüşdür, 1993-cü il oktyabrın 28-də bütün rayon əhli hay-rus birləşmələrinin hücumundan özlərini Araz çayına vuranda, Sufi Məhəmmədin irfani mirası da seldə qərq olmuşdur.
R.S. Yazıda adı çəkilən Almalıq kəndi (20-yə qədər evi olmaqla) 1918-1920-ci illərdə hay-daşnak dəstələrinin hücumundan, qarətindən və dağıntılarından sonra boş qalmışdır.
(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Qafan nahiyəsinin Cibikli kənd sakini Bəsti Məhəmməd qızı Əhmədovanın (1951) və Yuxarı Gödəkli kənd sakini Məhərrəm Musa oğlu Hümbətovun (1966) məlumatlarından istifadə edilib.)
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
Olaylar.- 2021.- 21-27 may.- S.20.