KİRİ,
KİRİ, QARA PALTARLI QADIN…
Salahlı kəndində yaşayan Kürdoğlu və
Lamiyə Quliyevlər ailəsinə tanrı üç
qız övladından sonra 11 iyul 1999-cu ildə bir oğlan
uşağı da bəxş etdi. Adını da İman qoydular. O vaxt bütün ailə
üzvləri böyük sevinc içərisində olublar. Allaha şükranlıq edib, deyiblər ki, artıq
bizim də nəslimizin davametdiricisi olacaq.
Haqqında söhbət açdığımız
şəhid balamız İman arpa-arpa, buğda-buğda
böyüdükcə valideynlərinin gözündə
ucalır, onların həyatını daim nurlandıracaq
ümid çırağına dönürdü. Nəhayət, məktəb
yaşına çatan zəmanəmizin qəhrəmanı təhsil
aldığı dövrdə intizamlı və yaxşı
oxuyan şagird olmaqla yanaşı, həmyaşıdları
ilə mehriban rəftarı, eləcə də özündən
böyüklərin öyüd-nəsihətinə qulaq asan
bir uşaq kimi kənddə hamının diqqətini cəlb edirdi. Bir sözlə, ərköyün uşaq olmayıb.
Kimdən soruşsan, kimi dindirsən, maşallah, Allah
başacan versin, çox tərbiyəli, qanacaqlı, haracan
desən sözəbaxan uşaqdır,-
deyirdilər.
Övladları
haqqında eşitdikləri xoş sözlər
Kürdoğlu kişi ilə Lamiyə xanımı daha da
qürurlandırır, gözlərinin önündə, evlərinin
içində ləyaqəti,
gücü çatan qədər hamının işinə yaramaqla özünə rəğbət
qazandıran, gələcəkdə nəinki onlara, hətta Vətənə
başucalığı gətirəcək bir övlad
böyüdüyünü açıq-aydın
görürdülər.
2017-ci ildə
Salahlı kənd tam orta məktəbi bitirən İman
Quliyev elə həmin ildə də ilk öncə Vətən
qarşısında həqiqi hərbi xidməti borcunu yerinə
yetirməyi üstün tutdu. Hərbi Dəniz
Donanmasında xidmətə düşdü.
Müqəddəs
üçrəngli bayrağımızın önündə
Vətənə sədaqət andı içən İman hərbi
xidmətə başladığı andan bütün səy,
diqqət və bacarığını Silahlı Qüvvələrimizin əsas
güc strukturlarından olan Hərbi Dəniz Donanmasında
peşəkar döyüşçü və matros kimi xidmət etməyin sirlərini mənimsəməyə
həsr etdi. Bütün ordu bölmələrində
olduğu kimi, hərbi dənizçi olmaq da hər bir gəncdən fiziki cəhətcə sağlam,
çevik və cəsurluq tələb edir. Məhz bu meyarlar
kontekstində hərbi xidmət vəzifəsini başa vuran
İman Vətənə olan övlad borcunu ləyaqətlə yerinə
yetirərək, doğma ev-eşiklərinə qayıdıb.
Bir il 6 ay hərbi
xidməti
dövründə polad kimi bərkiyərək daha da
boylu-buxunlu olmuş enlikürək, sağlam cüssəli İmanı dənizçi geyimi-
matros forması daha yaraşaqlı göstərirdi.
Ordudan tərxis
olunduqdan sonra kənddə böyüyən digər
uşaqlar kimi o da təsərrüfat işlərində
atasının yaxın köməkçisi olub,-
bu sözləri şəhidimizin böyük bacısı
Elnarə söyləyir, -
sevinirdik, həyəcan keçirirdik, qardaş toyu
görmək arzusu ilə yaşayırdıq. Lakin sən demə,
İman
özü
üçün tamam başqa yol seçib, başqa
ideyalar, arzular və xəyallarla yaşayırmış.
Müqəddəs torpaqlamızın 30 ilə yaxın mənfur
düşmənin əsarəti atında olması, üstəlik
davamlı olaraq atəşkəs rejimini pozması, hətta
daha iriçaplı silahlarla hərbi təxribatlar törətməsi
qeyrətli oğul kimi İmanı da rahat
buraxmırmış. Düşmənin təmas xətti boyunca
ərazimizə atdığı topların səsi, raket mərmilərinin
gurultusu qulağımızın dibində eşidilirdi. Quduzlaşmış düşmənin bu həyasızlığı
və özbaşınalığı minlərlə qəlbi
vətən sevgisi ilə dolu ərənlərimiz kimi
İmanın da intiqam hissini daha da coşdururmuş.
Şəhid bacısı da fikrimizi təsdiq edərək əlavə
etdi ki, elə bu hisslərin məngənəsində
sıxılan qardaşım biz ailə üzvlərindən xəbərsiz
2019-cu ilin noyabr ayında ərizə verərək, bir
aylıq hərbi hazırlıq kursu keçməklə dekabr
ayından "N" saylı hissədə müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçusu kimi
çalışır. Biz bu xəbəri
eşidəndə artıq gec idi. O, Vətənə
qulluq dövründə daha da mətinləşir,
döyüş, taktiki biliklərini durmadan artırır. Bütövlükdə müharibə
qanunlarını öyrənməyə, bütün
varlığı ilə meyl göstərməyə sonsuz
marağı olan İman qardaşımız tank
ekipajının üzvü olmaqla tuşlayıcı
(navodçik) kimi son dərəcə zəruri
döyüş əməliyyatını yerinə yetirirdi.
Bir sözlə, uçmağa qanadı yox idi.
Hər dəfə qısamüddətli icazə ilə evə
gələndə birinci növbədə anamız Lamiyəni,
sonra biz bacılarını qucaqalayıb əzizləyər,
toxtaqlıq verər, atamın işi-gücü, fərdi təsərrüfatımızın
vəziyyəti ilə maraqlanar, kömək əlini uzadardı.
İman öz qəlbinin
hökmü ilə müddətdən artıq həqiqi hərbi
xidmət qulluqçusu kimi xidmətə başlayandan cəmi
6 ay sonra yağı düşmən yenə də fitnəkarlığından,
təcavüzündən, faşist xislətindən əl
çəkmədi. Bu dəfə silahlı təxribatla
respublikamızın dövlət sərhədini Tovuz rayonu
istaqamətində xaincəsinə pozdu və anındaca
möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev cənablarının
çevik siyasi iradəsi və qətiyyəti sayəsində
düşmən böyük itgilər verməklə geri
oturduldu. Hətta o vaxt bir neçə əsgər
və zabitimizlə yanaşı, generalımızı da
itirdik. Bütün bu hadisələr
İman qarışıq xalqımızı hiddətdəndirdi
və intiqam hissimizi daha da alovlandırdı. Nəhayət,
ötən ilin sentyabr ayının 27-də bir daha ölkəmizə
qarşı işğalçılıq məqsədi ilə
silahlı təxribata keçən yağı düşmənə
tutarlı cavab vermək üçün Ali Baş
Komandanımız "Dəmir yumruq" adı altında
İkinci Qarabağ savaşına- Vətən müharibəsinə
başlamaq əmri verdi. Və
o gündən etibarən bizim qələbə soraqlı
günlərimiz, düşmənin isə qara günləri
başladı. Müharibəyə girməmişdən
bir gün öncə yenə də zəng edib, ilk olaraq
anası Lamiyə ilə danışan İman dönə-dönə
ona ürək-dirək verib, məndən ötrü qətiyyən
narahat olma, hər şey yaxşı olacaq,-
deyib.
İlk
qanlı döyüşlərə
Talış-Suqovuşan-Ağdərə istiqamətindən
başlayan İmanın xidmət etdiyi hissə böyük rəşadət
və qəhrəmanlıq göstərərək qısa
zaman ərzində həmin ərazilərimizi işğaldan
azad etməyə nail olub. Bu şad xəbəri
də İman böyük sevinc hissi ilə anasına
çatdırıb.
Düşmən
qüvvələrini həşarat kimi qıra-qıra, sərrast
atəşlə tank, top və digər texnikalarını
sıradan çıxararaq şanlı döyüş yolu
keçən müzəffər ordumzun sorağı artıq
Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarından
gəlirdi. Son dəfə noyabrın 2-də evə zəng edən
İman: - ana artıq biz Laçındayıq. Şanlı
ordumuz tezliklə Şuşanı da, Kəlbəcəri də,
bütün Qarabağı yağı düşməndən
azad edəcəkdir, -deyib.
Lamiyə
xanım gözünün yaşını silə-silə
dedi ki, həmin gündən sonra İmandan səs-soraq
çıxmadı. Ana kimi gözüm yolda,
qulağım səsdə qalmışdı. Hər an, hər dəqiqə möcüzə
gözləyirdim. Lakin hər şey tərsinə oldu...
Noyabrın 26-da nəşi tapılan balam
böyük bir izdihamla kəndimizin qəbristanlığında
torpağa tapşırıldı. Bu
günün özündə də onun yoxluğuna
inanmıram. Üzü dönsün bu dünyanın...
Deyirəm bəlkə heç oğul övladımız olmayıb. 21 il
imiş ki, evli-eşikli
hamımız şirin yuxu
görürmüşük, xəyallar aləmində olmuşuq.
Sanki tale
minlərlə ərənlərimiz kimi İmanı da
düşmən caynağında çabalayan
Qarabağımızın azad olunması uğrunda
apardığımız Vətən müharibəsində cəngavər
kimi, rəşadətlə vuruşaraq misilsiz şücaət
göstərmək
üçün öz qüdrətindən xaliq
etmişdi. Elə ona görə də qanları və
canları bahasına millətinin, xalqının, Vətəninin
əzizinə, sevimlisinə, qəhrəmanlıq və
şöhrət tacına çevrilən
balalarımızı ucadan da uca şəhid adı ilə
öz dərgahına
qovuşdurdu, ulu tanrı. Əbədiyaşarlıq
məkanı olan cənnətə ərməğan etdi.
Lamiyə xanım bu dərdə dözdü. "Vətən sağ
olsun" dedi. Ancaq göz yaşları
axdı-axdı.
Yeri, yeri qara paltarlı qadın
Kiri, kiri, qara paltarlı qadın
Bu qəbir
də min qəbirdən biridir
Baş
daşımı bəsdir basdın bağrına
Bütün
məni ağlayanlar kiridi
Sən də
kiri, qəbrim damır, ağlama
Kiri, sən
allah, kiri Lamiyə xanım. İmanın
sağdır axı.
Başınız
sağ olsun, qəhrəman ailəsi, qəhrəman anası,
qəhrəman atası, oğul toyu,qardaş
toyu arzusu ilə tənha qalmış ürəklərin
sahibləri! Çoxmilyonlu xalqımız Ali Baş
Komandanımız İlham Əliyev cənablarının sərkərdəliyi
ilə Vətənimizin dilbər guşəsini
özümüzə haqq edən övladlarınızla atalarınızla,
qardaşlarınızla qürur duyur, fəxr edir, onların
ölməz ruhu qarşısında
ehtiramla baş əyir. Unutmaz bu Vətən, bu dövlət,
el-oba Sizi!
Quliyev İman Kürdoğlu oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti
Olaylar.- 2021.- 28 may-3 iyun.- S.21.