"Azərbaycanın sevinci
sevinci,
kədəri kədərimizdir" - Atatürk
AMEA-nın
Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Türkiyə Cümhuriyyətinin qurucususu Mustafa Kamal Atatürkün
dövründə Azərbaycan-Türkiyə münasbətləri
haqqında danışıb.
- Türkiyə Cümhuriyyəti tarixinə, xüsusilə Cümhuriyyətin qurucususu Qazi Mustafa Kamalın fəaliyyətinə nəzər saldıqda görürük ki, Antanta ilə Türkiyə arasında aparılan danışıqlardan sonra 1923-cü il iyulun 24-də Lozannada sülh müqaviləsi imzalandı. Təslimçilik rejimi, Mudros və Sevr müqavilələri ləğv edildi, Türkiyənin müstəqilliyi tanındı. Beləliklə, Türkiyə müstəqil dövlət kimi mövcudluğuna, beynəlxalq aləmdə hüquqi cəhətdən təsdiq edilməsinə nail oldu.
1923-cü il sentyabrın 9-da Mustafa Kamal "hüquqları müdafiə qrupunun" bazası əsasında Xalq Partiyasını yaratdı.
Oktyabrın 27-də hökumət istefaya çıxdı, iki gün ərzində yeni hökuməti təşkil etmək mümkün olmadığı üçün M.Kamal 1923-cü il oktyabrın 29-da TBMM adından Türkiyəni Cümhuriyyət elan etdi. Ankaranın paytaxt olması bütün dünyaya elan edildi. Sonra isə dövlət vəzifələrinə seçkilər keçirildi. M.Kamal Türkiyə Cümhuriyyətinin ilk prezidenti seçildi. Oktyabrın 30-da İsmət paşa ilk Cümhuriyyət Hökumətini təşkil etdi. Hökumətin proqramında ölkə daxilində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, tərəqqi və inkişaf yolunda keçiriləcək tədbirlər bəyan edilirdi. Qeyd edək ki, Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamala Atatürk ləqəbi 1934-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən verilmişdi. Atatürk Gənc türklər inqilabında (1908), Sultan hakimiyyətinə qarşı mübarizədə (1909), İtaliya və Türkiyə (1911-1912), II Balkan (1913) və I Dünya (1914-1918) müharibələrində iştirak etmişdir. 1916-cı ildə general rütbəsi və Paşa titulu almışdır. İngilis-yunan müdaxiləçilərinə qarşı milli-azadlıq müharibəsinə rəhbərlik etmiş, Türkiyəni bir dövlət kimi məhv olmaqdan xilas etmişdir (1919-1922). Sakariya döyüşündəki siyasətinə görə TBMM tərəfindən marşal rütbəsi və Qazi (Qalib) fəxri adlarını almışdır.
1924-ci il aprelin 20-də Türkiyə Cumhuriyyətinin Konstitusiyası qəbul olundu. Əsas Qanunda Prezident Mustafa Kamalın respublikaçılıq, millətçilik, xalqçılıq, etatizm, dünyəvilik və inqilabçılıq prinsipləri öz təsbitini tapdı. Türkiyə Respublikası üçün xidmətlərinə görə 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamal Paşaya Atatürk soyadı verildi.
Tarixdə kökü, soyu, milli-mənəvi dəyərləri bir olan Türkiyə ilə Azərbaycan arasında münasibətləri inkişafı və bu münasibətlərin srtateji tərəfdaşlıq səviyyəsində olması həmişə vacib, əhmiyyətli olub və bu gün də vacibdir, əhəmiyyətlidir. Təbii ki, AXC süqutundan sonra Türkiyə ilə münasibətlərin qurulması dövrün tələbinə, siyasi-ictimai və ideoloji vəziyyətə uyğun olaraq son dərəcə əhəmiyyət kəsb edirdi. Bu münasibələrin inkişafında N.Nərimanovun və o dövrdə Türiyədə səfir olmuş İ.Əbilovun xüsusi rolu olmuşdur.
Bundan başqa Atatürk dövründə Türkiyə-Azərbaycanm münasibətlərinə dair istər Türkiyə, istər Rusiya, istərsə Azərbaycan arxiv, elmi ədəbiyyat, dövrü mətbuat, o dövrlə bağlı ayrı-ayrı ictimai-syasi şəxslərin xatirələrində və s. məlumatlar öz əksinin tapmışdır.
1921-ci ildə Nəriman Nərimanovun yaxın dostlarından biri olan İbrahim Əbilov Azərbaycan Sovet Sosialist Respublikasının, sonra isə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin olunur. İ.Əbilov 1921-ci ilin iyununda V.İ.Leninin qəbulunda olaraq məsləhətlər alır.
Araşdırmalara əsasən Rusiya ilə Türkiyə arasında dostluq əlaqələrinin qurulmasındakı böyük xidmətlərinə görə, M.K.Atatürkə N.Nərimanovun böyük rəğbəti var idi. İbrahim Əbilovu da Türkiyəyə səlahiyyətli səfir təyin etməsi Nəriman Nərimanovun Qazi M.K.Atatürkə olan hörmətindən irəli gəlirdi. Çünki İbrahim Əbilovun səfirlik fəaliyyətindən razı qalan, işini yüksək dəyərləndirən N.Nərimanov ona ünvanladığı məktubda qeyd etmişdi: "Azərbaycanın siyasi nümayəndəliyinin Türkiyədəki siyasi xətti düzgündür".
Atatürkün dövründə Azərbaycan-Türkiyə münasibətlərinin tarixində Mustafa Kamal Atatürkün Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin Ankaradakı səfiri İbrahim Əbilovun etimadnaməsinin təqdimatı zamanı dediyi "Azərbaycanın sevinci sevinci, kədəri kədərimizdir" məşhur cümləsi hər bir azərbaycanlı üçün çox mühüm əhəmiyyət kəsb etmişdir. Mustafa Kamalın İbrahim Əbilovun etimadnaməsinin təqdimatı zamanı çıxışının tam versiyası Türkiyənin "Hakimiyyəti-milliyyə" qəzetinin 1921-ci il 15 oktyabr tarixli sayında nəşr olunub.
Bu cümlə Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin Ankaradakı səfiri İbrahim Əbilovun etimadnaməsi oxunulduqdan sonra söylənilib.
"Hakimiyyəti-milliyyə" qəzetinin 1921-ci il 15 oktyabr tarixli yazısında Mustafa Kamal paşanın çıxışı bu şəkildə təqdim edilib: 1921-ci il noyabrın 18-də isə Ankaranın Cəbəci səmtində Hamamönüdə Azərbaycan səfirliyinin binasında rəsmi şəkildə bayraq ucaldılır. Rəsmi "Hakimiyyəti-Milliyyə" qəzetində "Ankara səmalarında Azərbaycan sancağı" başlıqlı xəbər dərc edillən məqalədə Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin bayrağının Ankarada dalğalanması münasibətilə M.K.Atatürk nitqində "Səfir həzrətləri. Bu gün bizə sevincli bir bayram yaşatdığınız üçün Böyük Millət Məclisi hökuməti və şəxsim namına təşəkkür edirəm. Bu bayram gününün mənim üçün məsud bir tərəfi daha vardır ki, o da müstəqil Azərbaycan Şura Hökumətinin bayrağını qaldırmaq şərəfini mənə bəxş etməsidir. Əfəndilər, Ankaraya yunanların, düşmənlərin bayrağını qaldırmaq istəyirdilər. Bu fürsəti, həmd olsun ki, düşmənlərimiz əldə edə bilmədilər. Burada məhz qardaş hökumətin, qardaş millətin bayrağının qaldırılmasından bəxtiyarıq"- deyib.
Atatürkün iqamətgahında Azərbaycan Səfirliyini nümayəndələri üçün təşkil edilən görüşdə İ.Əbilov Azərbaycan hökuməti adından böyük türk sərkərdəsi Atatürkə Qafqaz süvari ordusunun qızıl xəncərini hədiyyə edib. Eyni zamanda Türkiyədə Azərbaycan səfirliyinin fəaliyyəti dövründə illərdə İ.Əbilovun xanımı Tamara xanımla Atatürkün xanımı Lətifə xanım arasında ailəvi dostluq münasibətləri yaranmışdır.
1922-ci ildə İ.Əbilovun ikinci qızının dünyaya gəlişinə Atatürk çox sevinirək qızı bağrına basaraq, "Anadoluda doğulduğu üçün adını Anadolu qoyuram"- deyir. M.K.Atatürk İ.Əbilov və körpə Anadolu ilə birgə şəkil çəkdirir. Həmin şəklin arxasına Atatürk bu sözləri yazır - "Yavrum, adını mən verdim, bəxtini Tanrım versin. Mustafa Kamal Qazi 12 dekabr 1922-ci il".
Ümumiyyətlə, Əbilovun diplomatik fəaliyyəti dövründə Azərbaycan və Türkiyə arasında ticarət və mədəni əlaqələrin yaradılması məqsədi ilə Türkiyənin Trabzon, Samsun şəhərlərində Azərbaycanın konsulluqları açılır, bir sıra müqavilələr imzalanmışdır. O dövrdə Türkiyə Amerikaya çox ucuz qiymətə taxıl, tütün ixrac edilirdi, məhz İbrahim Əbilovun səyi nəticəsində həmin məhsullar sonradan Azərbaycana, Rusiyaya satılırdı və əvəzində isə qardaş Türkiyəyə Azərbaycandan neft və neft məhsulları göndərilirdi.
İbrahim Əbilovun ermənilərin Naxçıvana qarşı apardığı siyasətin qarşısının alınmasında da əhəmiyyətli fəaliyyəti olub. Belə ki, 1921-ci il martın 16-da Rusiya və Türkiyə arasında bağlanan müqavilənin III maddəsinin hazırlanmasında İbrahim Əbilovun və Azərbaycan Dövlət Nəzarətinin Xalq komissarı Behbud bəy Şahtaxtinskinin böyük xidmətləri olmuşdu. Bu maddəyə əsasən Ermənistanla Naxçıvan MSSR-in sərhədləri qəti olaraq müəyyənləşmiş, Türkiyə Azərbaycanın mənafeyinə uyöun olaraq öz qoşunlarını Naxçıvandan çıxarmağa yalnız Rusiyanın Naxçıvanı tanıması şərtilə razı olub. Ermənilərin Naxçıvana olan iddialarından əl çəkməsindən o zaman Türkiyə dövləti çox böyük rol oynamışdır.
1923-cü ildə RSFSR-in Türkiyədəki səlahiyyətli nümayəndəsi olan Semyon Aralov İbrahim Əbilovun diplomatik fəaliyyəti ilə bağlı xatirələrində yazır: "Əbilov bütün digər müsbət cəhətlərilə bərabər, həm də böyük daxili mədəniyyətə malik bir insan idi". S.Aralov qeyd edirdi ki, İbrahim Əbilov Rusiya və Türkiyə arasında inam, dostluq və qarşılıqlı anlaşma münasibətlərinin yaranmasında böyük rol oynamışdır.
İbrahim Əbilovun rəhbərliyi ilə Azərbaycan səfirliyinin işçiləri xeyriyyə tədbirləri də keçirərək, həm Türkiyədəki yetim uşaqlara maddi yardım göstərərdi, həm də Azərbaycan mədəniyyətini təbliğ edərdi. O illərdə səfirliyin əməkdaşları tərəfindən "Aşıq Qərib" operasını, İ.Əbilov konsertdə tarın, kamançanın, tütəyin səsləndirər, xeyriyyə tədbirlərində Rza Təhmasibin rejissorluğu ilə Ə.Haqverdiyevin "Bəxtsiz cavan" pyesi də tamaşaya qoyulurdu.
1923-cü ilin fevralın 20-də İzmirdə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Türkiyənin ilk iqtisadi konfransına Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası hökumətinin səlahiyyətli səfiri İbrahim Əbilov, RSFSR-in səlahiyyətli səfiri Semyon Aralov da dəvət olunurlar. Konfransda İ.Əbilovun türk dilindəki çıxışı alqışlarla qarşılanır.
İzmirdəki konfransdan iki gün sonra İ.Əbilov Ankaraya qayıdır. O, Mustafa Kamal Atatürkün şərəfinə ziyafətin sonuna yaxın həyat yoldaşı Tamara Əbilova evə qayıdan İ.Əbilovun gecəyarısı İ. bədənində kəskin ağrılar başlayır. Atatürk onu xilas etmək üçün şəxsi həkimini göndərir. Tibbi müayinədən sonra həkimlər İ.Əbilovu əməliyyat etsələr də həkimlər onun həyatını xilas edə bilmirlər. 1923-cü il fevralın 23-də səhər saat 6-da İ.Əbilov Türkiyənin İzmir şəhərində dünyasını dəyişir. Atatürkün göstərişi ilə Misir və Hindistandan dəvət olunmuş mütəxəssislər İ.Əbilovun cənazəsini 200 illiyə mumiyalayır. Cənazə İstanbuldan gəmi ilə Batumiyə gətirilərkən, Atatürk yaxın dostu İbrahim Əbilov ilə vidalaşır. Türk əsgərlərinin fəxri qaravulu səlahiyyətli səfirin cənazəsini İtaliyanın "Reno" firmasına məxsus gəmi ilə Azərbaycana gətirir. İbrahim Əbilov Bakıdakı Çəmbərəkənd qəbiristanlığında dəfn olunur.
Təbii ki, Azərbaycan xalqı olaraq bizlər də həmişə qardaş Türkiyə Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkü hörmət və rəhmətlə xatırlayır, sevgi və sayqı ilə yad edirik.
Röyalə Xəyal
Olaylar.- 2021.- 12-18 noyabr.- S.10.