GÖZÜN ARXADA QALMASIN, ŞƏHİDİM!

 

Qədimdən də qədim yaşayış məskənimiz, doğma Vətənimiz  Azərbaycanın ayrılmaz tərkib hissəsi, füsunkar guşəsi olan gözəl Qarabağımızın mürtəce və faşist xislətli Ermənistanın işğalından azad olunması  uğrunda  gedən çarpışmalarda böyük hünər və rəşadət göstərməklə canlarını  fəda edən şəhid övladlarımız əsrlər, illər və qərinələr ötsə də heç zaman unudulmayacaqlar. Onların müqəddəs ruhları daim qəlbimizdə yaşayacaq, uyuduqları məzarlıqları isə and yerimiz, səcdəgahımız olaraq  qalacaqdır.      

Ötən ilki 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər və  Qələbəmizin təmin olunmasında göstərdikləri cahana sığmayan qəhrəmanlıqları ilə öyündüyümüz cəsarətli, polad iradəli, şəhid ərənlərimiz kimi bu gün haqqında fəxrlə söz açdığımız Amanov Əhməd Tahir oğlu da həyatdan qəlbimizə köç edərək, nə qədər varıqsa bizimlə bir olacaqdır. Əhməd 1994-cü il sentyabrın 4-də Salahlı kəndində doğulub. Amanovlar ailəsində 2 bacının tək qardaşı idi. Hələ kənd orta məktəbin IX sinfində oxuyarkən anası Almaz xanım xərçəng xəstəliyinə tutulduğundan o, tam orta təhsilini yarımçıq qoyub. Həqiqi hərbi xidmətə çağırılanadək şəxsi təsərrüfatlarında çalışmaqla bahəm, hamıdan çarə və nicat gözləyən anasına gecə-gündüz qayğı göstərməkdən, qulluq etməkdən doymurmuş. Lakin nə qədər müalicə, dava-dərman edilsə də sağalması  mümkün olmayıb.

2012-ci ildə Ordu sıralarına çağırılan Əhməd xidmət etdiyi dövrdə  özünü  nümunəvi, çalışqan əsgər, kəşfiyyatçı çavuş kimi tanıda bilib. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Hərbiləşdirilmiş mühafizə dəstəsində  fəaliyyət göstərib.

Lakin yüzlərlə qəlbi Vətən eşqi ilə döyünən cəsur və qeyrətli  ərənlərdən biri kimi, o da Milli Ordu sıralarında müddətdən artıq hərbi xidmətdə olmaq arzusu ilə yaşayırmış. 2017-ci ildən "N" hissəsində müddətdən artıq  həqiqi  hərbi xidmət qulluqçusu olaraq fəaliyyətə başlayan Əhməd bir il ötdükdən sonra sevib-seçdiyi Fatma xanımla ailə qurub. Anasızlığın nisgilindən qurtarmayan Əhməd, Şəbnəm və Səbinə bu dəfə də ürək-damar xəstəliyindən əziyyət çəkən ataları Tahir kişinin acı taleyi ilə üzləşiblər. Yaxşı ki, həkimlərin səyi və ağır cərrahi əməliyyatdan sonra onun səhhəti babatlaşıb.

Şəhidin həyat yoldaşı Fatma xanım qəhərlənə-qəhərlənə suallarımı cavablandırır. Söyləyir ki, 2020-ci iln may ayında dünyaya göz açan  oğlumuza Əhməd atasının adını qoydu. Gələcəkdə qızımız olarsa, vaxtsız  itirdiyim anam Almazın adını qoyacağam - deyirdi. Oğlumuz dunyaya gəldikdən cəmi 4 ay sonra müharibə başladı.

Tahir kişi də oğlu barədə qürürla danışdı. Dedi ki, "N" hərbi hissəsində  qulluq edən Əhməd həm də tank sürücü-mexaniki peşəsinə yiyələnib. Nə qədər desən intizamlı, qoçaq, bacarıqlı və möhkəm iradə sahibi idi. Seçdiyi tank sürücü-mexanikliyi peşəsini dərindən öyrənmək üçün öz üzərində durmadan çalışırmış. Ekipaj komandirinin əmri ilə sükanı arxasında əyləşdiyi tankla təlim-məşq meydanında şərti hücum və düşmən hədəfindən yayınmaq manevrlərini məharətlə və ustalıqla yerinə yetirirmiş. Hərdən telefonla bizimlə əlaqə saxlayarkən nümunəvi xidmətinə görə komandirləri tərəfindən təşəkkürnamə aldığı, əsgər yoldaşları arasında böyük hörmət, izzət və nüfuz  sahibi olduğu haqda ağızdolusu danışırdı.

Ürəyi büsbütün doğma vətənə sədaqət eşqi ilə döyünən Əhməd durub-oturub onu da deyirdi ki, 30 ildir alçaq ermənilər bizim torpaqlarda sülənirlər. Onlar haranın qor-qoduqlarıdır ki, torpaqlarımıza sahib çıxa, bizə  ağalıq edələr. İnşallah, biz onlara hədlərini bildirəcəyik. Doğrudan da həmin telefon danışğımızdan cəmi bir neçə gün sonra tankçı  oğlumun dediyi kimi, erməni yağılarına həddini bildirən müqəddəs Vətən müharibəsi  başlandı. 

Əhməd Amanovun xidmət etdiyi hərbi hissə hücum əməliyyatına Tərtər-Talış və Suqovuşan istiqamətindən başlayıb. Həmin ərazilər dağlıq, mürəkkəb coğrafi relyefə malik olmaqla yanaşı, üstəlik, mənfur düşmənin 30 ildən bəri yaratdığı güclü müdafiə qurğuları və istehkamlar ilə keçilməz hala salınmışdı. Buna baxmayaraq doğma yurd-yuvalarımızı azad etmək uğrunda döyüşə girən Əhməd Amanovun xidmət etdiyi tank batalyonu qarşılarına çıxan hər cür sədləri, maneələri və düşmən mövqelərini yerlə yeksan etməklə saatbasaat irəliləməkdə idilər. Torpaqlarımızın az qala hər qarışı düşmən tapdağından azad edildikcə, əsgərlərimizin döyüş ruhu, qələbə əzmi artırdı. Elə bu kəskin hücumların birindəcə Əhmədin idarə etdiiyi tankı yağı düşmən hədəfə ala bilib və sentyabrın 28-də o, qəhrəmancasına Vətən uğrunda canından keçib.

Rəşadətli Vətən oğlu tankçı Əhməd də digər şəhid həmyerlilərinin  uyuduqları Salahlı kənd qəbristanlığında, dünyadan nakam köçmüş anasının ayaqları  altında dəfn olunub. Əhməd Amanovun evində onun əvəzedicisi olacaq Tahir adlı bir  əsgər də böyüyür. Qədirbilən xalqımız haqlı olaraq şir ürəkli, aslan biləkli, mərd, cəsur, döyüş meydanında düşmənin başına od ələyərək, sözün həqiqi mənasında cəngavərlik göstərən ərənlərimizlə fəxr edir. O qanlı döyüşdə övladlarımızın al qanı doğma Qarabağımızda su kimi axsa da, nəticəsi gözlənildiyindən də möhtəşəm oldu. İllərboyu arzuladığımız ərazi bütövlüyümüzə, Qarabağımıza məhz möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının sərkərdəlik etdiyi qüdrətli və məğlubedilməz Milli Ordumuzun dünya hərb tarixinə düşən şücaəti nəticəsində qovuşduq. Şanlı Qələbəmizə töhfə verən ərənlərimiz! "Allah Sizə rəhmət  eləsin, ruhunuz şad,  məkanınız  cənnət olsun!"

Amanov Əhməd Tahir oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır! 

 

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

 

Olaylar.- 2021.- 19-25 noyabr.- S.18.