"Bu müharibə bütün
dünyanı lərzəyə
gətirdi ki,
kiçik bir dövlət
olasan, amma 44 günə öz
torpaqlarını geri
almaq gücünə sahib olasan..."
Gülüstan
Əliyeva -"Mən inanıram ki, bu gün mənim kimi
şəhid ailələri öz sevgisini, sevdiyi insanı,
şəhidini qəlbində sevir, əzizləyir,
böyüdür, yaşadır, problemlərini onunla
bölüşür"
Müsahibimiz Azərbaycanın
opera müğənnisi, Azərbaycan Respublikasının
Əməkdar artisti Gülüstan Əliyevadır. İncəsənət
sahəmizdə böyük yaradıcılıq uğurları
qazanmış sənətkarı tanıtmağa ehtiyac yoxdur.
Kiçik bir xatırlatma verək ki, Gülüstan xanım
kiçik yaşlarından musiqi ilə məşğuldur.
1997-ci ildən Akademik Opera və Balet Teatrının solistidir.
İlk dəfə "Leyli və Məcnun" operasında Məcnunun
anası rolunu oynayıb. "Leyli və Məcnun"da
Leyli, "Aşıq Qərib"də Şahsənəm,
"Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin
qayası"nda Sənəm, "Arşın mal
alan"da Cahan, "O
olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız
obrazlarını yaradıb. Milli Konservatoriyanın və
İncəsənət Gimnaziyasının müəllimidir.
Əməkdar artist, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və
10 may 2019-cu ildə Prezident Mükafatına layiq
görülüb.
- Gülüstan xanım, 1997-ci ildən
Akademik Opera və Balet Teatrının solistisiniz. O dövrlə
müqayisədə XXI əsr tamaşaçılarının
teatra marağı nə yerdədir?
- Mən
artıq 26 ildir ki, Opera teatrının aparıcı solistiyəm
və bu günə qədər teatrımızda oynanılan
bütün tamaşalarda obrazım var. Bilirsiniz, bu günə
qədər çox şeylər dəyişib. 26 il ərzində
dəyişməyən yeganə şey tamaşaçı
sevgisi, diqqətidir ki, biz hər zaman teatrımızın səhnəsinə
çıxdığımız zaman zaldakı
tamaşaçıların bizə münasibətini
görmüşük və hər zaman da bütün
tamaşalarımız anşlaqla keçib. Elə
olub ki, eyni tamaşa həftədə iki dəfə səhnəyə
qoyulub. Məsələn, elə olub ki,
"Leyli və Məcnun"-u həftədə iki dəfə,
"Aşıq Qərib" tamaşasını hər həftə
oynamışıq. Amma buna baxmayaraq, yenə
də hər tamaşa anşlaqla, tamaşaçı sevgisi
ilə keçib. Düşünürəm
ki, bu gün teatrımızı sevdirən də elə
aktyorların rəngarəngliyi, tamaşaların gözəlliyi
və tamaşalardakı dinamikadır. Demək istəyərdim
ki, bu günki tamaşalar 80-ci, 90-cı, hətta 2000-in əvvəllərindəki
tamaşalar deyil. Artıq tamaşalar da yeni
quruluşlar alaraq, öz dinamikasını artırıblar.
Tamaşanın ümumi məğzi
saxlanılmaqla, müasir dövr üçün yeknəsək
hesab olunan hissələr çıxarılıb.
- XXI əsrin insanı daha çox həyatın
hansı cəhətlərini səhnədə görmək
istəyir?
-
Bilirsiniz, insan həyatında dəyişməyən yeganə
şey sevgidir və sevgi hissləri insan yaranandan bu günə
qədər mövcuddur. İnsanın insana,
qadına, övladına, vətəninə sevgisi dəyişməz
hisslərdir və insanla birlikdə doğulub, yaşayır, əsrlər
keçsə də, hər zaman təzədir. Tamaşaçı tamaşaya gəldiyi zaman bunu
axtarır. Hər bir şəxs orda öz
obrazını tapır və onun üzərindən
tamaşanı izləməyə başlayır. Leyli "Leyli" kimi, Məcnun "Məcnun"
kimi və yaxud "Aşıq Qərib" kimi. Tamaşalar nə qədər maraqlı, dinamik olsa,
tamaşaçını özündə saxlaya bilir. Bildiyiniz kimi, bu gün o qədər informasiya
axını, sosial şəbəkələr, virtual
üstünlük var ki, tamaşaçılar tamaşalarda
3-4 saat otura bilmir. Bunu bizimlə bərabər
rejissorlar da daha yaxşı bilir ki, artıq
tamaşaçı 80-ci, 90-cı illərin
tamaşaçısı deyil və daha çox dinamika istəyir,
zalda müəyyən zaman kəsiyindən sonra
darıxmağa başlayır. Rejissorlar bunu bilərək,
bu günümüzlə ayaqlaşmaq üçün əlbəttə
ki, ana xətt saxlanılmaqla, musiqi formasını dəyişməməklə,
zaman-zaman tamaşalarımıza, liberettolara əl gəzdirirlər.
- Çox gözəl
görünürsünüz. İllərdir qoruyub,
saxladığınız gözəlliyinizin sirri nədir?
-
Çox sağ olun. Siz gəncsiniz,
gəncliyin özü gözəllikdir. Elə sizdən
öncə iş yoldaşlarımla söhbət edirdik. Mən bu gün 30 yaşındakından daha gözəl
görünürəm. Əlbəttə
ki, gənclik özü bir gözəllikdir. Heç bir müdaxilə olmadan da gənc bir
qız, qadın gözəl görünə bilir. Amma, illər keçdikcə həmin gənc
qız, qadın öz zahirini daxili zənginliyi, səmimiyyəti
ilə gözəlləşdirir. İnsanın
daxili səmimi, safdırsa və insanlara sevgisi, həyat
eşqi varsa, mütləq bu onun üzündə
özünü göstərəcəkdir. Ola bilər ki, üzündə qırışlar əmələ
gəlsin. Amma inanın ki, bunun heç bir
əhəmiyyəti yoxdur. Əgər
söhbət qadından gedirsə, qadın daxilən zəngin
və gözəldirsə, onun nuru üzündə hər
zaman görünəcək və özünü sevdirməyi
bacaracaqdır.
- Sizin kimi...
-
Çox sağ olun.
- Milli Konservatoriyanın
müəllimisiniz. Hər müəllimin
öz tələbələrindən gözləntiləri
olur. Sizin gözləntiləriniz nələrdir və
gözləntilərinizi doğruldan tələbələriniz
varmı?
- Əlbəttə, bizim bütün tələbələrimizdən
gözləntilərimiz var. Fərqi yoxdur ki, o, böyük səsə
malikdir, yoxsa səsi artıq mutasiyaya uğrayıb. Əgər o,
bura qəbul olubsa, konservatoriyada akademik səviyyədə təhsil
almalıdır və biliklərə yiyələnməlidir.
Mən 17 ildən artıqdır ki, artıq
konservatoriyada muğam kafedrasında müəllim kimi fəaliyyət
göstərirəm, konservatoriyanın dosenti və sənətşünaslıq
üzrə fəlsəfə elmləri doktoruyam. Bu
ötən illər ərzində müəllim olaraq bir
şeyi öyrəndim: tələbə müəllimini və
peşəsini sevməlidir. Bu tandem olduğu
zaman, öyrənmək hissi tələbədə yüksək
olarsa, çox şeylər, çox böyük uğurlar əldə
edəcək. Əlbəttə ki,
uğurlu tələbələrim də var, bu gün
yalnızca müəllim kimi fəaliyyət göstərən
tələbələrim də. Mənə
ən xoş gələn odur ki, bu tələbələr
heç vaxt bizimlə əlaqələri, münasibətləri
kəsməyib. Hər zaman mənim
tövsiyələrimdən yararlanırlar, zəng vurub məsləhət
alırlar. Bütün bunlar yaşanan
faktorlardır ki, mənim əməyim boşa getməyib.
Mənim bu gün hansısa bir məktəbdə,
sənət ocağında dəsti-xəttimi davam etdirən tələbələrim
var.
- Biz 44 günlük Vətən
müharibəsində qalib gəldik və bu gün
mahnımız, muğamımız başqa ruhda
olmalıdır. Sizcə, bu bir il ərzində
kifayət qədər başqa ruhda mahnılar
yazıldımı?
- Əlbəttə.
Hətta, 30 il, 40 il öncə səsləndirilən
mahnılar da, hansı ki, müharibə dövründə ifa
etmişdik, bu mənim yaradıcılığımda da oldu,
biz onları tamaşaçılara yeni nəfəsdə, ruh
yüksəkliyində, yeni əhval-ruhiyyədə
təqdim etdik. Mən 4-5 il əvvəl Oqtay Rəcəbovun bəstəsi
olan "Şuşa" mahnısını ifa etmişdim. O vaxt o mahnı
başqa cür ifadə olunmuşdu. Amma bu il,
qələbəmizdən bir az sonra mən onu yenidən səsləndirdim.
Eyni zamanda, "Azərbaycan"
mahnısını da. Mən Zəfər
Gününə "Azərbaycan" mahnısına yenidən
əl gəzdirdim və yeni kliplə
tamaşaçılarımıza təqdim etdim. Bu nə deməkdir? Bu o deməkdir
ki, hər birimiz öz sahəmizdə müharibəyə,
öz haqq savaşımıza dəstəyimizi göstərdik.
44 günlük müharibə Azərbaycan
tarixində olduqca böyük bir dönəmdir. 44 günlük müharibə zamanı hər
birimizin ailəsində müharibə gedirdi, davam edirdi. Mən bir müəllim olaraq öz əmək
haqqımı müharibə fonduna keçirtdim, bir müəllim
olaraq əlimdən gələn dəstəyi hansısa bir hərbi
hissəyə göstərdim. Əlbəttə,
bütün bunlar dəryada bir zərrədir. Amma mən də nəsə bir qatqım
olmasını istədim. Təbiidir ki, bu gün Azərbaycan
ordusunun öz-özünü istər qida, istər geyim, istər
hərbi cəhətdən təmin etmə qabiliyyəti var.
Amma biz də bir vətəndaş olaraq ürəyimizdən
keçəni etmək istədik ki, bizim də qələbəyə
bir qatqımız olsun. Böyük qələbəyə
uzun bir yol gəldik. Ulu öndərin laiqli
davamçısı, müharibənin ilhamçısı, təbliğatçısı
İlham Əliyev cənabları o qədər böyük
addımlar atdı, o
qədər böyük işlər gördü
ki, təbii ki, biz vətəndaş olaraq bunları tam bilə
bilmərik. Amma bütün bu işlər Azərbaycan
üçün, Azərbaycan xalqının xoşbəxt gələcəyi
üçün, Azərbaycan vətəndaşının
ürəyindəki o yaranı, yanğını, sınıqlığı
bərpa etmək üçün ölkə
başçımız, ümumiyyətlə, güc qüvvələrimiz,
öz canını sipər etməklə vətən
torpaqlarını qoruya biləcək igidlərimiz tərəfindən
görüldü və bizim qəlbimizdəki bu həsrətin,
verdiyimiz şəhidlərin heyfini aldılar. Mən 27 il sonra Cəbrayıla getdim. Orda
həyat yoldaşımın məzarını tapdım, ziyarət
etdim. Bütün bunlar bilirsiniz nə deməkdir? Yol boyu mən deyirdim
ki, ay ana, ay ata, kaş sən sağ olaydın, bu günləri
görəydin. Əlbəttə ki,
gözü yolda, ürəyində o yanğı ilə
dünyadan köçən böyüklərimizin,
ağbirçəklərimizin, ağsaqqallarımızın
ruhu şaddır və bu qələbəni onlar da ruhları
ilə hiss etdilər, mən buna inanıram. Bu qələbəni
bizlərə yaşadanlara təşəkkür edirəm!
- Belə görürəm ki, ölkədə
baş verən prosesləri yaxından müşahidə
edirsiniz, maraqlanırsınız.
- Bəli,
əlbəttə.
- Gündəm olan hansı
mövzu sizi narahat edir?
- Mən
demək istəyirəm ki, biz ki, bu günki gündə
torpaqlarımızı geri almışıq, Şuşaya
qayıtmışıq, Cəbrayılla, Qubadlıyla, Zəngilanla
nəfəs alırıq, bundan böyük xoşbəxtlik ola bilməz. Qalan problemlərin
hamısını həll edəcəyik. Əlbəttə
ki, biz yaşayırıqsa, həyatımızın
içində bizi narahat edən məsələləri
ortadan qaldırmaq üçün
çalışmalıyıq. Mən
müəllim kimi, xanəndə kimi, teatrın aparıcı
solisti kimi öz sahəmdə, hərə öz sahəsində
külüng vursa, bu ölkə cənnətə dönəcək.
Bu gün bizi narahat edən problemlərdən biri gənc nəslin
daha savadlı, daha sağlam inkişaf etməsi,
ağsaqqallarımızın, ağbirçəklərimizin
pensiyaya çıxdıqdan sonrakı həyatlarının,
rifahlarının daha gözəl olması və bu günki həyatımızın
daha parlaq gələcəyə addımlaması
üçün görməli olacağımız işlərdir
ki, hər birimiz öz üzərimizə düşəni etməliyik.
Necə ki, indi də edirik və bu vətən
bununla dünyaya səs saldı. Ulu öndərin
illər öncə dediyi bir söz var idi, həmişə
deyirdi, Azərbaycan bu dünyaya günəş kimi
doğacaq. Həqiqətən də, bu müharibə
bütün dünyanı lərzəyə gətirdi
ki, kiçik bir dövlət olasan, amma 44 günə öz
torpaqlarını geri almaq gücünə sahib olasan, 44
günə bütün dünyaya özünü sübut edəsən.
Əlbəttə, bu 44 günlük qələbəni
qazanmaq üçün uzun bir yol gəlmişdi. Azərbaycan və bizim qələbəmizin ən
böyük səbəbkarı Ali Baş Komandanımız
idi. Bizim qohumlarımız,
yaxınlarımız döyüşlərdə iştirak
edirdilər. Mənim oğlum bir texniki təchizat
işçisi olaraq daim müharibə dönəmində,
oktyabr ayının 5-dən başlayaraq, texniki təchizatla məşğul
oldu və bütün müharibə bölgələrində
iştirak etdi. Onun bir sözü məni həmişə
çox sevindirir ki, gənclərimiz bunu daxilində
yaşadılar və qələbəni əldə etdilər.
O mənə deyirdi, ana, onların hər şeyi var idi,
döyüş sursatları, ən yeni tibbi ləvazimatları,
avadanlıqları var idi. Amma təkcə ruh
yüksəklikləri yox idi. Çünki,
onlar başqasının torpaqlarında
döyüşürdülər. Ona
görə məğlub oldular. Siz
görün bizim nə gözəl, savadlı, qərarlı,
güclü bir gəncliyimiz yetişir. Əlbəttə
ki, bu gəncliklə Azərbaycan bütün dünyanı fəth
edəcək.
- Bilirsiniz ki, gündəmdə olan əsas
problemlərdən biri də pandemiyadır. Pandemiya
bütün sahələrə olduğu kimi, toylarımıza
da təsirsiz ötüşmədi və
toylarımızı dəyişdirdi. Dəyişən
toylarımız haqqında nə
düşünürsünüz? Bəyənirsiniz?
- Mən
deyərdim ki, pandemiya dünyanın dəyişməsi
üçün başlıca səbəblərdən
biridir. Rəqəmsallaşan, elektronlaşan
dünyamızda artıq hamımız bir dünyanın
insanı olmuşuq. Dünyanın hansı hissəsində
olmağımızdan asılı olmayaraq, bir-birimizi
tapmağımız,
əlaqə qurmağımız o qədər
asanlaşıb ki, hamımız eyni dünyanın insanı
olmuşuq. Bütün bunların da
başlıca səbəbi pandemiya idi. Pandemiya
dönəmində fiziki, mənəvi, maddi olaraq çox
çətinliklər yaşadıq. Biz
sosial insanlar olaraq, mənəvi cəhətdən daha
çox sarsıldıq, təkləndik, əlaqələrimiz
kəsildi, tənhalaşdıq. Çox
şükürlər olsun ki, bu gün də toylarımız
var, ailə quran gənclərimiz, toylarına bizi dəvət
edənlər var. Amma necə deyim, pandemiyadan əvvəlki o
parlaqlıq yoxdur. Məsələn, bir
salona gedirik, toya getmək üçün
hazırlaşırıq. Salonda da toya getməyə
hazırlaşan xanımlar, gənclər var. Onların əhval-ruhiyyəsində
"mən toya gedirəm", "bu gün oğlumun
toyudur", "bu gün mənim qardaşımın
toyudur" şənliyi yoxdur.
O dəbdəbə, insanların daxili ruh yüksəkliyi
yoxdur. Gedirik toya, əlbəttə ki, Azərbaycan
süfrəsi, musiqimiz öz zənginliyini qoruyub saxlayıb.
Amma onların özündə də bir az
sönüklük var. Getdiyimiz toylarda əvvəlki təntənəni
hiss etmək olmur. Mən düşünürəm
ki, bir ölkə olaraq bizim də mentalxarakter xüsusiyyətlərimiz
var ki, toyu necə dəbdəbə ilə keçiririk.
Bunların hamısı toy adətlərimizdə
qorunub saxlanılır, bu gün də var. Amma gəncliyin də
artıq toylara baxış bucağı dəyişib. Məsələn,
bizim 30 il əvvəlki toylara olan münasibət
kimi deyil. Pandemiya dönəmində toy şənlikləri
oldu, ailələr quruldu, nikahlar oldu. Amma
heç bir dəbdəbəsiz, tən-tənəsiz nikaha
daxil oldular. 1-2 fotosessiya və ailə yeməyi
ilə yekunlaşdı. Bu da çox
gözəldir, bunun da öz gözəlliyi var. Seçimlər
kifayət qədərdir, amma bütün seçimlərin
içində mən dediyim o parlaqlıq, təntənə
yoxdur.
- 30 illik vətən həsrətindən
sonra 44 gün ərzində torpaqlarımız işğaldan
azad edildi. Ali Baş Komandanımız "Şuşa, sən
azadsan!" xəbərini verdi. Bir şəhid xanımı,
şəhid bacısı olaraq o çıxışı izlədikdə
hansı hisləri keçirdiniz?
-
Müharibə başlayan gündən, sentyabrın 27-sindən
biz hamımız səfərbər idik. Əgər
Ali Baş Komandan əmr versəydi ki, hamı bir nəfər
kimi cəbhəyə getməlidir, biz ona hazır idik. Əslində bütün Azərbaycan xalqı bu
müharibəni gözləyirdi, bilirdi ki, biz haqlıyıq.
Niyə haqlı ola-ola haqsız duruma düşək? Niyə bizim
Şuşamız, Cıdır düzümüz, Cəbrayılımız,
Hadrutumuz düşmən tapdağında qalmalıdır? Müharibədən
sonra Füzulidə "Vətən" layihəsində
iştirak etdik. İnanın, mən günlərlə
özümə gələ bilmədim, şəhər nə
vəziyyətdə idi... Bütün bunları biz 30 il öz içimizdə
daşımışdıq və qələbə
gününü, Azərbaycanın baş tacı, göz bəbəyi
Şuşanı səbirsizliklə gözləyirdik. Bütün savaşlar, qələbə, yollar ora -
Şuşaya apararırdı. Biz
inanırdıq ki, Şuşanı işğaldan azad edəcəyik.
Müharibəyə qədər hər may ayının 8-i gələndə,
bir gün ondan qabaq mənim daxilimdə bir yas
başlayırdı. Şuşanın yası
başlayırdı. Həmin günü, mayın 7-si
qardaşımın şəhid olduğu gün idi, səhəri
isə Şuşa işğal
olunmuşdu. Mən qardaşımın şəhidlik
yası qədər Şuşanın yasını tuturdum.
O gün mənim üçün bütün dünya
sönürdü. Mənim və ailəmizin
uşaqlığı Şuşada keçib. Hər yay məktəb bağlanan kimi biz
Şuşaya gedirdik. Mənim bütün
uşaqlığım, gəncliyim orda keçib. Son dəfə 89-cu ilin dekabr ayında olmuşdum
Şuşada. Lopa-lopa qar
yağırdı, anamın yaylığını da
başıma bağlamışdım, ilk günki kimi
yadımdadır. Hər gün getsə də,
insan doymur Şuşadan. Yayı,
qışı başqa gözəllik idi. Hesab edirdim ki, şəhidlərimiz sağdır,
ölməyiblər. Onların ruhu göylərdə
sevinir ki, artıq torpaqlarımız azaddır. Qardaşımın da, yoldaşımın da ruhu
şad idi. Bu mənim üçün bəs
idi artıq. Hamımızın bildiyi kimi, Şuşa əlbəyaxa döyüşlə
azad edilib, məsafəli atışmalarla yox. Hamı bilir ki,
orda nə igidlərimiz can qoyub. 44 gün və ötən 1
il ərzində elə bir həftə yoxdur ki, mən
hansısa bir şəhid ailəsini ziyarət etməyim, ya qazi ilə
görüşməyim. Görün nə qədər
oğullar bu vətən üçün can qoydular, bu vətənin
torpağına çevrildilər ki, bu vətən
yaşasın. Şuşa həmin igidlərin
qanı ilə, adları ilə bizə əzizdir. Hər küçədə, hər döngədə
onların adı qoyulmalıdır. Əlbəyaxa
döyüşü hərbçilər daha gözəl
bilir o nə deməkdir. Şuşamızı biz elə
qazanmışıq, ona görə də bizim
üçün xüsusi dəyəri var. Şuşa
mədəniyyət mərkəzimiz, baş tacımızdır.
Qarabağın bir varisidir Şuşa.
- Yoldaşınız şəhid
olandan sonra ailə qurmamısınız. Bu da
sizin ona olan məhəbbətinizdən, sədaqətinizdən
irəli gəlir. Sizin üçün sevgi
anlayışı nəyi ifadə edir?
- Bu 30 ili uzun bir yol gəldik, o orda, mən burda. Hər birimiz qovuşmaq gününü gözlədik
və sonunda bu xoşbəxtlik bizə nəsib oldu. Bilirsiniz, hər bir insan məxsusidir, bir fərd
olaraq dəyərlidir, önəmlidir. Bir insan bir ailədən
daha çox bir ev üçün, bir oba
üçün, bir ölkə üçün önəmli,
dəyərli, layiqli bir vətəndaş olursa, onun adı,
ağırlığı, yükü bambaşqadır. Əlbəttə ki, hər bir insanın həyatında
əvəzolunmaz insanlar var ki, onun yeri hər zaman boş
qalır, heç vaxt dolmur. Həmişə öz
aramızda, dostlarla və ya ailədə söhbətlər
olanda deyirəm ki, hamı elə fikirləşir ki, mən Cəbrayılda
bəlkə 5-10 il yaşamışam. 1993-cü ildə Cəbrayıl işğal olunandan
mən ordan çıxmışam. Sonuncu
dəfə yoldaşımın məzarı üzərində
1993-cü ilin 20 yanvarında olmuşam, ondan sonra da görməmişdim
oraları, məcburi köçkün olmuşam. Bizim həyat yoldaşımla cəmi 2 şəklimiz
var. O da mən tələbə olanda məni görmək
üçün yanıma gəlirdi, o zaman çəkdirdiyimiz
şəkildir, başqa şəklimiz yoxdur. Heç toy şəklimiz də yoxdur, baxmayaraq ki,
bizim 4 gün toyumuz olmuşdu. Həmişə
mənə deyirlər ki, çox qəribədir, necə
bacardın? Deyirəm ki, 11 ay - 317 gün bərabərdir
bir ömür. Demək o 11 ay mənim bir
ömrümə bəs imiş, ona görə də belə
oldu. Oğlumla biz bu yolu birlikdə
addımladıq. Heç vaxt mənə
atası haqqında sual vermədi. 1991-cil
ildə yoldaşım şəhid oldu və ardınca da qardaşım
şəhid oldu. Müharibələr, döyüşlər,
şəhidlər... Oğlum bütün
bunların içində, son hadisələrlə
böyüdü. Düşünürəm
ki, ona görə o heç vaxt mənə o sualı vermədi.
O heç vaxt atasını görməyib, amma bu gün onun
artıq 30 yaşı var, elə bil ki, atası ilə birlikdə
böyüyüb. Bu gün onun
davranışlarında, həyat tərzində,
düşüncələrində bunu görürəm.
Mən inanıram ki, bu gün mənim kimi şəhid
ailələri öz sevgisini, sevdiyi insanı, şəhidini qəlbində
sevir, əzizləyir, böyüdür, yaşadır, problemlərini
onunla bölüşür. Bu belədir,
biz onu heç vaxt danışmasaq, deməsək də təəssüf
ki, bu belədir. 2016-cı ildən bu yana
gedən torpaq savaşımızda şəhid olan gənclərimizin
gənc xanımlarını görürdüm və mütəmadi
olaraq onlarla görüşürdüm. İnanırsınız,
o vaxt mənim yadıma düşdü ki, axı mənim də
yoldaşım şəhid olanda onlarla yaşıd idim, 23
yaşım var idi. Bir fikir yarandı məndə
ki, onlar vətəni qorumaq üçün şəhid
oldular, canlarından keçdilər, biz də burda şəhid
olduq. Biz də sağ şəhidlərik,
belə deyək. Mən bu günki
savaşımızda şəhid olan generalımız və
ya əsgərimiz olsun, heç bir fərq etmir,
çünki, onlar vətən uğrunda şəhid olublar,
onların ailələrinə həmişə təskinlik
verirəm və həmişə təskin olmaq
üçün yanlarındayam. Onlara deyirəm
ki, siz daha çox şanslısınız, çünki, siz
qalib ölkənin əsgərlərinin
xanımlarısınız. Siz bu gün
qalib ölkədə yaşayırsınız və daha
şanslısınız, artıq inkişaf etmiş,
dünyaya meydan oxumuş Azərbaycanda
yaşayırsınız. Bizim
zamanımızda ölkəmiz xaoslu vəziyyətdə idi, dərdimizi
danışacaq bir yer yox idi. Bu gün isə
şükürlər olsun ki, heç bir qazimizin sualı belə
cavabsız qalmır. Mən inanıram ki,
bu illər ötsə də belə olacaq.
Çünki, bizim elə bir Ali Baş Komandanımız var
ki, ola bilər hansısa qazimizin probleminin
həlli 1 həftə gecikər, amma həllini tapacaq. Bu nə deməkdir? Bu o deməkdir
ki, ölkə prezidenti hər bir vətəndaşın,
şəhid ailəsinin, qazisinin yanındadır. Bu mənə çox böyük qürur verir.
O qədər özümü xoşbəxt edirəm ki, geridə
qalan şəhid övladlarının firavan yaşamaq və
təhsil almaq üçün ölkəmizin böyük bir
gücü var. Onlar atalarının adını,
atalarının yolunu layiqincə davam etdirmək imkanı əldə
edəcəklər.
- Azad ölkənin qalib gəncliyinə
nə demək istəyirsiniz?
- Gənclik,
baxın, qürurlanın! Gənclik, baxın, savadlanın! Gənclik,
ancaq irəliyə gedin! Siz bizdən də
müzəffər və qabaqda olmalısınız. Siz bizdən də böyük naliyyətlər əldə
etməlisiniz və Azərbaycanı zirvələrə
daşımalısınız. Azərbaycanda bu gün o
şərait var. Azərbaycan gəncinin dünyanın digər
ucundan adımızı yüksəkliklərə qaldırmaq
imkanı var. Bunun üçün gənclik,
çalış, oxu, ancaq irəli!
Röyalə Xəyal
Olaylar.- 2021.- 19-25
noyabr.- S.14; 16.