“Şəhid ailələrinin və qazilərin

sosial problemlərinin həlli

dövlətin diqqət mərkəzindədir”

 

Hazırda Qarabağ iqtisadi rayonunda görüləcək bərpa və abadlıq işləri dövlətin prioritet məsələlərindən hesab olunur. Heç şübhəsiz ki, Zəngəzur dəhlizinin açılması bu məsələdə xüsusi önəm daşıyır. Məlum olduğu kimi Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyənnaməsinin əsas  tələblərindən biri də məhz  Zəngəzur dəhlizinin açılması ilə regionda bütün kommunikasiyaların işə düşməsi, əməkdaşlığın genişlənməsindən ibarətdir. Lakin, işğaldan azad olunmuş rayonlarımızada görüləcək işlər təkcə bundan ibarət deyil. 

Millət vəkili, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki,  ölkə  Prezidenti  2021-ci  il iyulun 7-də "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Bu, dövlət başçısının uğurla həyata keçirdiyi  iqtisadisiyasi strategiyasının daha bir təzahürüdür. Yeni bölgüyə əsasən  14 iqtisadi rayon yaradılıb. İşğaldan azad edilən ərazilərimizi əhatə edən və yeni yaradılan  Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələri həm kənd təsərrüfatı  məhsullarının yetişdirilməsi üçün önəmli yerlərdir, həm faydalı qazıntıları genişdir, həm də  turizm əhəmiyyəti böyükdür. Təkcə Laçında və Kəlbəcərdə  isti suyu emal edib dünya bazarlarına çıxarsaq büdcəmizə milyonlarla dollar  vəsait daxil olacaq. Şuşa turizm mərkəzinə çevriləcək.  İşğaldan azad edilmiş ərazilərimizdə  qızıl, mərmər, tikinti materialları   yataqlarımız, meşələrimiz  var. Bütövlükdə götürdükdə, 44 günlük müharibə bizə həm də  iqtisadi potensialımızı artırmaq üçün  böyük resurslar  yaratdı: "Birinci növbədə, heç şübhəsiz,  dünyaya belə mesaj ünvanlanır ki, Azərbaycan  öz ərazilərinin sahibidir,  öz ərazilərindən istədiyi kimi istifadə etmək  iqtidarındadır. Bu, əməkdaşlığa,  sülhə, əmin-amanlığa, bölgədə  dayanıqlı inkişafa yönəlmiş  bir fəaliyyətdir. Eyni zamanda, biz artıq  sərhədlərin delimitasiyası və demarkasiyasına da başlamışıq.  Bu da sülhün davamlı olması,  gələcəkdə hər hansı bir iddiaların qarşısının alınması üçün  çox vacib amillərdən biridir. Şərqi  Zəngəzur iqtisadi rayonunun  yaranması  həm də bütün dünyaya bu   mesajı verir ki,  Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var.  Heç şübhəsiz ki, Zəngəzur dəhlizi  açılandan sonra  Şərqi Zəngəzur da, Qərbi Zəngzur da  yaxın gələcəkdə birləşəcək və azərbaycanlılar cənab Prezidentimizin qeyd etdiyi kimi, öz tarixi torpaqlarına-Zəngəzura, Göyçəyə, İrəvan mahalına gedib-gələcək, orada yaşayacaq, fəaliyyətlərini davam etdirəcəklər. İqtisadi rayonların yeni bölgüsü, eyni zamanda, dünyaya belə bir mesaj oldu ki,  daha Dağlıq Qarabağ deyilən bir anlayış yoxdur. Vahid  Qarabağ var. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.  Bu ərazinin həm iqtisadi, həm də siyasi cəhətdən böyük əhəmiyyəti vardır. Dünyaya bu mesajı da vermək olur ki, dövlətimiz   Azərbaycan Konstitusiyasını, qanunlarını, bayrağını  qəbul edən, hörmətlə yanaşan, o qanunlar çərçivəsində yaşamaq istəyən   milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq  hər bir Azərbaycan vətəndaşına  eyni zəmanəti verir. Əgər  Qarabağ ərazisində yaşayan ermənilər  bundan sonra dinc fəaliyyətlərini davam etdirmək istəyirlərsə, Azərbaycan xalqına qarşı hər hansı cinayət əməlində olmayıblarsa bizim qanunlar çərçivəsində yaşaya, fəaliyyət göstərə bilərlər.  Azərbaycan ölkəmizdə yaşayan digər xalqlar, millətlər kimi onlara da eyni münasibəti bəsləyəcək. Həmçinin dünyaya bu mesaj da ünvanlanır  ki, işğaldan azad edilmiş  ərazilərin  bərpası üçün dünyanın istənilən dostxoş niyyətli  dövlətlərini, şirkətlərini bura dəvət etməyə hazırıq. Artıq İtaliyanın, Çinin, Koreyanın, Türkiyənin böyük şirkətləri  bu təşəbbüslə çıxış edirlər ki, öz işlərini qursunlar. Bu, dünyaya belə bir mesajı da verir ki, istər torpaqlarımızın minalardan təmizlənməsi, istər orada bərpa və quruculuq işlərinin həyata keçirilməsi, istərsə də  böyük biznes əlaqələrinin qurulması istiqamətində  Azərbaycan  dünyaya açıqdır, bütün dövlətlərlə  əməkdaşlıq etməyə hazırdır. Bu şərtlə ki, bu əməkdaşlıq qarşılıqlı inkişafa, faydaya xidmət etsin".

Komitə sədri bildirib ki,  hələ müharibənin bitməsinin birinci ilini yaşayırıq. Bu müddət ərzində nə qədər böyük işlər görülüb. Üç hava limanının təməli  qoyulub.  Füzuli Hava Limanının açılışı oldu və istifadəyə verilməsi üçün ilk sınaq uçuşları həyata keçirildi. Laçında və Zəngilanda  cənab İlham Əliyev hava limanlarının təməlini qoydu və işlər gedir. Zəfər yolu bir tarixi yoldur. Həm də Azərbaycanın şərəf, şöhrət yoludur. Artıq son tamamlanma işləri gedir: "Zəngilanın Ağalı kəndlərində "ağıllı kənd" layihəsi uğurla  həyata keçirilir və gələn il ilk  məcburi köçkün sakinlərinin geri dönməsini qeyd edəcəyik. Ağdam şəhərinin baş planı təqdim edilib. Dövlət bşçısının qeyd etdiyi kimi, Ağdam Azərbaycanın böyüklüyünə və  inkişaf göstəricilərinə görə  dördüncü böyük şəhəri olacaq: Bakı, Gəncə, Sumqyıt və Ağdam. Şuşada qısa müddət ərzində nə qədər böyük quruculuq və bərpa  işləri gedib.  Bütövlükdə regionda həyat canlanıb. Yol infrastrukturu  bərpa olunur, yeni yollar çəkilir.  Bunlar dünyaya Azərbaycanın gücünün, iqtisadi imkanlarının, xalqımızın əzminin  nümayişidir. Eyni zamanda, cənab Prezidentin regionda  bir lider  simvolunun nümayişidir ki, bütün bunlar onun nəzarəti altında, ideyaları  əsasında həyata keçirilir. Bu, həm də xalq-iqtidar birliyinin nümayişidir".

Onun sözlərinə görə, qələbəmizin əsas qəhrəmanları olan şəhidlərimizin ailələrinin və qazilərin sosial problemlərinin həlli dövlətin diqqət mərkəzindədir: "Heç şübhəsiz, şəhidlər, onların ailələri, Qarabağ qaziləri, veteranlar cəmiyyətin qürur yeridir. Onlara hər birimiz borcluyuq. Sosial problemlərinin həlli, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların ailələrinə  diqqət və qayğının göstərilməsi  həm dövlətin, həm də cəmiyyətin vəzifəsi, borcudur. Bir məqamı xatırlatmaq istərdim. Cənab Prezident Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza Şəhidlər xiyabanından çatdırdı.  Digər rayonlarımızın, kəndlərimizin işğaldan azad olunması xəbərini   televiziya vasitəsilə öz otağından verdi. 11 noyabr 2020-ci il tarixdə, yəni  müharibə bitdikdən bir gün sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın ziyarət etdikləri ilk yer  hərbi hospitalda müalicə alan hərbçilər oldu. Bu iki faktın özü göstərir ki, cənab Prezidentimizin  şəhidlərimizə, qazilərimizə  münasibəti  ən yüksək səviyyədədir. Bu münasibət dövlətimizin, dövlət başçısının münasibətidir.  Bu, eyni zamanda, hər birimizə, hər bir Azərbaycan vətəndaşına  cənab Prezidentin çağırışıdır ki, sizin də şəhid ailələrinə, qazilərimizə bu diqqəti və qayğını göstərmək borcunuzdur.  Çünki ərazi  bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində qanından, canından keçmiş o insanlara borcluyuq.  Bir neçə faktı xatırlatmaq istəyirəm. Müharibənin bitməsinin hələ bir ili tamam olmayıb. Şəhid ailələri, Qarabağ qaziləri və veteranlar ilə bağlı 19 Prezident Fərmanı, 40 Sərəncamı var. Prezident səviyyəsində 59 sənəd qəbul olunub.  Prezident 59 sənəd üzrə hökumətə tapşırıq verib ki, bu insanların sosial müdafiəsi, reablitasiyası, adlarının əbədiləşdirilməsi, onlara  fəxri adların verilməsi və sair məsələlərlə  bağlı tədbirlər görülsün.  Eyni zamanda, Milli Məclisin 30-a yaxın qanunları qəbul olunub, yaxud qanunlarda dəyişiklik edilib. Bu faktlar göstərir ki, onlar daim dövlətin diqqətindədir. Bir neçə rəqəmlərə nəzər salmaq istərdim. YAŞAT Fondu cənab İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Sərəncamla yaradılıb. Bu Fondun yaradılmasında məqsəd dövlətlə bərabər  cəmiyyətin də şəhid ailələri və qazilərə göstərdiyi diqqətin bir mərkəzdən  təmin edilməsidir. Dövlət öz diqqət və qayğısını göstərir. Cəmiyyət də bu prosesdə iştirak etməlidir. Cənab İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir illik maaşlarını YAŞAT Fonduna köçürdülər. Ayrı-ayrılıqda hər kəs bu prosesdə iştirak edir.  Fondun vəsaitləri  hesabına yüzlərlə  qazilərimiz həm ölkə daxilində, həm də xaricdə müalicə alıblar. 100-lərlə şəhid ailəsinə yardımlar göstərilib.

Dövlət xətti ilə bu kateqoriyadan olan 26 min  şəxs dövlətin buya digər qayğısı ilə əhatə olunub. Sosial tərəfdaşlar tərəfindən 110 mindən çox ərzaq payı həssas qruplara verilib.  1200 müharibə əlilinə ( I və II Qarabağ müharibəsi)  8830  reablitasiya vasitəsi verilib. Protez Ortopedik Reablitasiya Mərkəzində 140 hərbçi yüksək texnologiyalı müasir protez, 750 ələlliyi olan şəxs (əksəriyyəti qazilər) mühərrikli təkərli oturacaqlarla təmin edilib. Reablitasiya müəssisələrində 1300 şəxsə sosial-psixoloji xidmətlər göstərilib. Sosial müdafiələrinin gücləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Belə ki, keçmiş məcburi köçkünlər üçün inşaf olunmuş 6365 mənzilin şəhid ailələrinə verilməsi üçün işlər aparılır.  2021-ci ildə ölkə üzrə 3 min  mənzil və fərdi ev veriləcək.  Onların 2 mini artıq mənzillə təmin olunub. 2021-ci ilin planı üzrə artıq 100 avtomobil müharibə əlillərinə verilib.  Ailə üzvlərindən əlilliyi olan 300-dən çox şəxsə birdəfəlik maddi yardım ayrılıb.  Dövlət başçısı İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan  Vahid Əlaqələndirmə Mərkəziində "bir pəncərə" prinsipi ilə 7 qurum üzrə 26 xidmət göstərilir. Vahid Əlaqələndirmə Mərkəzləri 23 avqust tarixindən DOST mərkəzlərində fəaliyyətə başlayıb. Bu mərkəzlər vasitəsilə 332 şəxsə xidmətlər göstərilmişdir. Şəhid ailələrinin üzvlərinin və qazilərin məşgulluğunun  təmin olunması da  əsas məsələlərdəndir. Bu məqsədlə  "Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devizi altında yeni kampaniya- "Məşğulluq marafonu" başladı. Dövlət strukturları ilə yanaşı, özəl strukturlar da "Məşğulluq marafonu"na qoşulub və indiyə qədər 6881 şəhid ailəsi və qazisi işlə təmin olunub. Bu qısa müddətdə bu qədər insanın işlə təmin olunması təqdirəlayiqdir. Cənab İlham Əliyevin Sərəncəmı ilə həm Prezident Administrasiyasında, həm də yerli icra hakimiyyəti orqanlarında qazilər və şəhid ailələri ilə şöbəsi yaradıldı. Bir sözlə, bu kateqoriyadan olan vətəndaşlarımıza dövlətin və cəmiyyətin diqqəti,  qayğısı  sonsuzdur".

M.Quliyev bildirib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  postmüharibə dövrü üçün "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiqlənib: " Milli  Prioritetlər Azərbaycan dövlətinin yaxın 10 il ərzində inkişafının istiqamətlərini müəyyənləşdirir. Əsas 4 istiqamət üzrə prioritet müəyyənləşib. O prioritetlərin əsas mahiyyəti  Azərbaycanın  müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf perspektivlərini müəyyən etmək və o yolla getməkdir. Nədir müasir dövrün çağırışları? Birincisi,  yüksək informasiya-kommunikasiya texnologiyalarının ölkədə daha da inkişafı    idarəetmənin  elektronlaşdırılmasıdır.  Çox vacib məsələdir. Zəngilanın Ağalı kəndinin "ağıllı kənd" layihəsi çərçivəsində  bərpası   məhz bu prioritetlərin həyata keçirilməsi ilə bağlıdır. İnformasiya-kommunikasiya texnologiyaları inkişaf etdikcə artıq yeni peşələrin yaranması zərurəti ortaya çıxır.  Bu peşələrə yiyələnəcək kadrların yetişdirilməsi də qarşıda dayanan vəzifələrdəndir. Mühüm prioritetlərdən biri təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilməkdir. Qlobal iqlim dəyişikliklərinin miqyası nəzərə alınaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsi qarçıya mühüm vəzifə kimi qoyulur.  Növbəti prioritet dinamik, inklüzivsosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılmasıdır. Məqsəd ölkədə  bütün resurslara hər bir Azərbaycan vətəndaşının əlçatanlığını təmin etməkdir.  Eyni zamanda, bu çağırışlar heç şübhəsiz ki, Azərbaycanın qüdrətinin artırılması ilə bağlıdır. Bu istiqamətdə davamlı  işlər görülür.  Əsas məsələ işğaldan azad edilmiş ərazilərimizin müasir çağırışlar səviyyəsində bərpası və yenidən qurulması, vətəndaşlarımızın  Böyük Qayıdışının həyata keçirilməsidir. Bu artıq o deməkdir ki, ölkəmizin həyatında  yeni səhifə açılıb.Yalnız Azərbaycanın deyil, bütövlükdə regionun tarixində işıqlı səhifə açılıb. O səhifənin də müəllifi cənab İlham Əliyevdir. Hesab edirəm ki, ölkə  Prezidenti bu yeni səhifəni açmaqla bütövlükdə region xalqlarına sülh, əmin-amanlıq, birgə yaşayış, iqtisadi inkişaf və yüksək rifah bəxş etmiş oldu.  Bunu  zaman-zaman Azərbaycan xalqı ilə yanaşı, bütün region xalqları da öz tarixlərində, ədəbiyyatlarında yaşadacaqlar".

 

Alim

 

Olaylar.- 2021.- 1-7 oktyabr.- S.10.