DÖVLƏT MƏNƏM!
Bu gün hər kəs qürur hissi ilə qeyd edir ki, şərəfi, şöhrəti ilə dünyaya səs salan, salnamələrə sığışmayan qələbəmizi Azərbaycanımıza bəxş edən, müharibənin bütün ağırlığını çiynində çəkən Ali Baş Komandan, xalqımızın sevgi və inamını qazanmış polad iradəli İlham Əliyev cənablarının rəhbərlik etdiyi basılmaz Ordumuzdur.
Rəşadətli ordumuzun sıralarında düşmənin belini qıraraq, müqəddəs torpaqlarımızı işğaldan azad edən cəsur, mərd, ürəyi vətənə sevgi ilə dopdolu qəhrəman həmyerlilərimizdən biri də Maqsud və Pakizə Mirzəyevlər ailəsində doğulub boya- başa çatmış Elçin balamız idi. 31 iyul 1985-ci ildə anadan olan, necə deyərlər, dünyaya cəngavər kimi gəlmiş Elçin Ariz, Həsən və Ruslan qardaşlarından sonra ailənin sonbeşiyi idi.
Şəhərdəki 5 nömrəli tam orta məktəbi qurtaran gənc 2002-ci ildə Mingəçevir Tibb Kollecində təhsilini davam etdirmiş, həqiqi hərbi xidmətini 2005-ci ildə bitirmiş, xeyli muddət ixtisası üzrə stomatoloq kimi fəaliyyət göstərmişdir. Lakin qəlbində vətəninin ərazi bütövlüyünü görmək arzusu tüğyan edən Elçin heç cür özünə rahatlıq tapa bilmirdi. Elə buna görə də yenidən hərbçi olmaq, kişilik və mərdlik meydanında özünü tapmaq qərarını verdi. Beləliklə, müddətdən artıq həqiq hərbi xidmət qulluqçusu kimi Vətən qarşısndakı övlad borcunu yerinə yetirməyə başladı. Milli Ordumuzun müxtəlif hərbi hissələrində motoatıcı manqalara komandirlik etmişdir. Kiçik çavuş, həm də peşəkar və cəsur kəşfiyyatçı olan Elçin Mirzəyev sentyabrın 27-də başlayan Vətən müharibəsində xidmət etdiyi hərbi hissənin tərkibində Suqovuşan-Talış və Ağdərə uğrunda qanlı döyüşlərdə misilsiz mərdlik, şücaət və rəşadətlə vuruşaraq düşməni ağır tələfata uğratmışdır. Oktyabrın 11-də elə həmin ağır döyüşlər zamanı Elçin qəhrəmancasına vuruşaraq şəhid olub.
Elçin Mirzəyevin üçrəngli bayrağımıza bürünmüş nəşi şəhərimizdəki Şəhidlər xiyabanında böyük insan kütləsinin iştirakı ilə torpağa əmanət edildi. Artıq sıramızda deyil, şəhidlik zirvəsinə ucalmaqla tanrının dərgahında özünə əbədi yurd-yuva tapmış 35 yaşlı Elçindən valideynlərinə, ömür-gün yoldaşı Günel xanıma üç ayüzlü, məsum gözlü, ata intizarlı qız övadlarına dövlət başçısı tərəfindən təltif olunduğu orden və medallar, bir də bu ölkədə alnıaçıq, üzü ağ yaşamaga hamıdan çox haqq edən, milyonlarla həmvətənlərinin onlara daim borclu olduğunu ünvanlayan şərəfli, qürur yaşadacaq həyat yadigar qaldı. Ailənin böyüyü Maqsud kişi erkən dünyasını dəyişdiyindən Elçin demək olar ki, atasız böyümüşdü. Dünyanın işinə bax ki, Elçinin qızları da atalarının taleyini yaşamalı, atasız böyüməli oldular. Qəhrəman anası Pakizə xanım, sağ olun ki, belə cəsur, Vətəni sizi sevdiyi qədər sevən oğul böyüdüb tərbiyə etmisiniz. Elçin sizə, qardaşlarına, sizə ismarladığı gəlininizə və nəvələrinizə əbədi əzəmət, qürur və başucalığı qazandırdı.
İllər keçsə də, əsrlər ötsə də Elçin kimi şəhid balalarımızın uyuduğu məkan daha bir and yerimiz, həmçinin suyunu içdiyimiz, havasını udduğumuz, ruzisindən qidalandığımız, torpağından bəhrələndiyimiz doğma vətənin hər qarışını bundan sonra da qeyrətlə qorumağı, sevməyi hamımza təlqin edən müqəddəs ziyarətgahımız olacaqdır.
Yadıma tarixi romanlar müəllifi Yunus Oğuzun "Dövlət mənəm" şeiri düşür və ürəyim qürurla döyünür:
Torpağımçün savaşaram addım-addım,
Əli yalın olsam belə
Gözlərimi silah edib
Vuruşaram
Dövlət mənəm!
Yad torpaqda bir qarış
da gözüm yox!
Bu torpağa düşmən
ayaq basacaqsa
Silahım var
Sözüm yox.
Haqsız-haqsız
Üzərimə yeriyənə
Dözüm yox.
Dövlət mənəm!
Bəli, bu Vətənçün
canından keçməyə
hazır olan hər kəs Dövlətdir. Elçin Maqsud oğlu
Mirzəyev də Dövlətdir. Deməli, müqəddəsdir,
əzizdir.
Bizə
bu vətəndə qorxusuz, təhlükəsiz,
aydın səma altında xoşbəxt, qayğısız və firavan yaşamağı əziz canları bahasına nəsib edən şəhid övladlarımız,
bir daha ruhunuz şad olsun!
Mirzəyev Elçin Maqsud
oğlu ölümündən
sonra Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin sərəncamı ilə
"Vətən uğrunda",
"Laçının azad
olunmasına görə"
və "Suqovuşanın
azad olunmasına görə" medalları
ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə
yaşayacaqdır!
Əminə
YUSİFQIZI
Olaylar.- 2021.- 1-7 oktyabr. S.18