Narkomaniya-gənclərimizi

ağuşuna alan BÖYÜK BƏLA

 

Demək olar ki, bir günümüz belə narkotik satıcılarının saxlanılması xəbərini almadan keçmir. Sevindirici hal yalnız ondadır ki, belə dəstələrin sayı hər gün bir az daha azalır. Nə qədər xəbərlər yayıb, məqalələr, yazılar yazsaq da, təəssüf ki, narkomaniya böyük bir müharibə olub, gənclərimizi ağuşuna almaqla yavaş-yavaş qalib gəlməyə başlayır. Oxuduğumuz xəbərlər isə dəhşətdir.

Əvvəllər valideynlər övladlarını bu zəhərli bəladan xilas etmək istəyirdilərsə, indi nəinki xilas edir, hətta  onlarla işbirliyinə  gedib, bu maddəni istehsal etmələri bir qırağa, hətta neçə-neçə gəncin həyatını birlikdə məhv etməyə nail olurlar. Ləvənginin, soğanın və digər yeyinti məhsullarının içərisində narkotik maddələri ötürməyə çalışanlar bir qırağa, həyətlərində öz əlləri ilə zəhər yetişdirən "nənə-baba"ları gördükcə, vəziyyətin necə acınacaqlı olduğuna bir daha əmin oluruq. Bu narkotacirlər utanmasalar, hələ özlərinə narkokuryer də tutarlar. Onlara aldanıb gəncliyini, gələcəyini məhv edən cavanları demirəm hələ... Baxırsan, iki qapıdan keçə bilməyən gənclər, bu zibilin istifadəsi nəticəsində quruyub çöpə dönüblər. Siqaret, alkoqollu içkilər ömrü azaldır, doğrudur. Amma narkotik birbaşa həyatın sonunu gətirir. İstifadəçilərin özünə desən ki, al bu bıçağı, boğazını kəs. Deyəcək, nə danışırsan?! Öləcəm axı. Amma bu zəhərin onları necə ölümə sürüklədiklərindən xəbərsizdirlər. Şir olub, siçovula dönüşən gənclərimizi "ağ ölüm"ün ağuşuna alan şey nədir?

Bu gün narkotik istifadəçilərinin əksəriyyəti bu maddələrlə 14-19 yaş aralığında tanış olur. Ona görə də, bu yaş aralığındakı gənclərin sualıma cavabı mənə çox maraqlı gəldi və onlar arasında  kiçik  bir  sorğu  apardım. Sorğuya əsasən belə nəticəyə gəldim ki, bu problemin kökündə   çox  məsələlər  dayanır.

Ruslan Abbas: "Burda səbəblər çox ola bilər, amma mənim şəxsi düşüncəmə görə, maddə asılılığına gətirib çıxaran ən əsas səbəb travmalardır. Məsələn, bir insanın uşaqlığı ilə bağlı böyük travmaları,  xüsusilə, ailə ilə bağlı travmaları varsa, onda özünəinam hissi olmayacaq, iradəsiz olacaq, problemlərdən çıxış yolunu məhz narkotik maddələrdə görəcək. Eyni zamanda, cəmiyyətdə elə gənclər də var ki, onlar bu cür maddələrin törədəcəyi bəlalardan xəbərsizdirlər, küyə gedirlər. Bir insanın ətrafında narkotik maddə istifadəçisi varsa və bunu həmin gəncə yaxşı bir şey kimi təqdim edirsə, dolğun məlumatı olmadığı üçün o da istifadə edir. Təəssüflər olsun ki, sonra bu yoldan geri dönmək çox çətin olur. Buna görə də bu sahədə maarifləndirmə çox güclü həyata keçirilməlidir".

Vüsalə Əmirxanova: "Zaman keçdikcə "ağ ölüm"ə sığınanlar çoxalır, yaş hədləri isə azalır. Mənim fikrimcə, bunun səbəblərindən biri də indiki gənclərin daha çox depressiyaya meyilli olmasıdır. Onlar kiçik bir problemi belə gözlərində böyüdür və bəzən sərt ailə qanunlarına, bəzən isə ailəsinə yük olmamaq fikri ilə bütün məsələləri özləri həll etməyə çalışır. Problemlər artdıqca onlar özlərini çıxılmaz vəziyyətdə görür və bundan qaçmaq üçün bəzi üsullara əl atırlar. Belə yollardan biri də ağ ölümdür. Qısa müddətlik dərdlərindən uzaqlaşmaq onları maqnit kimi cəlb edir. Amma təbii ki, bu mövzuda ancaq  gəncləri günahlandırmaq düzgün deyil. Valideynlərin də məsuliyyətsizliyi buna əsas olan səbəblərdəndir. Valideynlər çox vaxt məşğul olduqlarını bəhanə edərək övladları ilə vaxt keçirmir, onları dinləmir və uşaq bir az böyüyən kimi "sən artıq böyümüsən, uşaq kimi davranmaqdan əl çək və öz problemlərini özün həll et" deyirlər. Amma bu sözün uşağa psixoloji olaraq necə təsir etdiyini düşünmürlər. Xüsusilə, hazırki dövrdə uşaqlara, gənclərə dəstək olmaq, onları dinləmək və mümkün qədər psixoloqla əlaqədə olmaq çox vacibdir. Əlavə olaraq onu deyə bilərəm ki, bəzən gənclərin həyatında baş verən hadisələr də onu bu yola tətikləyir - özünü ətrafındakılara sübut etmək istəyi, böyüdüyünü və hər bir "işi" bacara biləcəyini göstərmək hirsi, yaxın dostlarının təsiri və bu kimi digər məsələlər də gəncləri "ağ ölüm"ə aparan səbəblərdəndir. Amma bu problemlərin ortaq yönü onların yaranma səbəbidir - özünə inamsızlıq, ailədəki gərginlik, psixoloji sarsıntı. Artıq böyüklər anlamalıdır ki, gənclərin də etdiyi səhvlərdə yanlarında olacaq bir ailəyə,  onları dəstəkləyən dosta ehtiyacları var".

Seymur Bənnayev: "Hazırda cəmiyyət narkomaniya problemindən ciddi şəkildə əziyyət çəkir. Buna həmçinin Azərbaycan gənclərinin bir qismi də daxildir. Narkomaniyanın yayılması isə bu sahə üzrə lazımi tədbirlərin alınmaması, narkotik vasitələrin zərərinin düzgün təbliğ edilməməsi və ya ümumiyyətlə təbliğ edilməməsidir. Gənclərimiz bu bəlanın pəncəsinə əsasən 14-19 yaş aralığında düşürlər, təbii ki, bu yaş dövrü gənclərin bir fərd, şəxs kimi formalaşmağa başladığı dövrdür. Bu dövrdə gənclərimizi düzgün tərbiyə etmək, onları düzgün yönləndirmək lazımdır. Bu məsuliyyət ilk öncə ailənin, daha sonra təhsil müəssisələrin üstünə düşür. Lakin bəzi ailələr bu kimi məsələləri düzgün dərk etmədiklərinə görə məsuliyyət təhsil müəssisələrində olur. Təhsil müəssisələrində, istər məktəbdə, istər universitetdə bu kimi zərərli vərdişlərin insan üçün, cəmiyyət  üçün son dərəcə təhlükəli və ağır nəticələrə gətirib çıxaracağını təbliğ etmək vacibdir".

Nazilə Əhmədova: "Gəncləri "ağ ölüm"ün pəncəsinə atan elə onların öz valideynləridir. Günümüzdə bəzi valideynlər övladını maddi cəhətdən tam təmin etmək dərdinə düşüb onu "valideyn qayğısından" məhrum qoya bilirlər. Bu məhrumolma başqa hallarda da təzahür edə bilir, məsələn, boşanmalarda, valideyn anlaşmazlığı olan evliliklərdə, düzgün çevrə qurulmadıqda, çox sıx və ya həddən artıq sərbəst şərait yaradıldıqda, çətin həyat şəraitində gənclər kiçik bir zəhərin verdiyi o xırda həzzə, xoşbəxtliyə aldanırlar. Zamanla fərqində olmadan həyatlarında onları "xoşbəxt" edən yeganə şeyin aludəçisinə çevrilirlər".

Ziyafət Əliyev: "Hazırda Azərbaycan gəncliyi durmadan inkişaf edir, gənclərimiz dünya elm arenasında öz potensiallarını göstərirlər və digər tərəfdən isə hazırkı gəncliyimiz qalib gənclikdir. Bunlara rəğmən bəzi gənclərimiz nələrəsə aldanırlar, narkomaniya və digər adını qeyd etmək istəmədiyim işlərə, "məşğuliyyət"lərə qoşularaq özlərini məhv edirlər. Düşünürəm ki, bunun səbəbi ilk növbədə ailədən başlayır. Hər bir valideyn övladını nəzarətdə saxlamalıdır. Bəzi valideynlər isə bunu anlamır, anlamaq istəmir, ya da məsələyə dırnaqarası yanaşırlar, nəticədə isə övladları uçuruma doğru gedir. Əgər valideynlər övladlarını kiçik yaşlarından məktəbə, təhsilə yönəltsələr və diqqətləri daima onların üzərlərində olarsa, bu kimi problemlər olmaz. Bu xırda görünən, amma çox böyük problemlərin tez bir zamanda öz həllini tapacağına inanıram. Çünkü artıq bu sahədə tədbirlər görülür".

Belə çıxır ki, valideynlərin övladlarını yaxından tanıması və onlarla bir psixoloq kimi danışması çox vacibdir.  Əksər evliliklərdə münasibətlər uğursuz alındıqda, qız tərəfi "oğlan narkoman idi" deyib, qarşı tərəfi günahlandırır. Əgər, oğlan narkomandırsa, valideyn niyə övladının onunla ailə həyatı qurmasına razı olur? Qarşı tərəfin narkotik maddə istifadəçisi olduğunu necə anlamaq olar? Bu sualı sahə üzrə mütəxəssis, narkoloq Zamin Əliyevə ünvanlandım. Onun sözlərinə görə, valideyn övladını yaxından, dəqiq müşahidə etdikdə, bu problem daha tez ortaya çıxır:

"Yeniyetmələrin narkotik maddələrə düçar olmalarının bir çox səbəbləri var. Bu səbəblərdən risk qrupuna aid olan şəxslərdən bioloji, sosial, sosial və psixoloji və şəxsi psixoloji faktorları qeyd etmək olur. Bioloji faktorlarda irsiyyətində alkoqolizm, psixoaktiv maddə istifadə etmə riski, psixi xəstəliyi olan şəxslər, doğuş travmaları və yaxud hər hansı bir şüurun itirilməsi ilə müşahidə olunan kəllə beyin travması almış şəxslər, psixi inkişafda ləngimə, şəxsiyyət pozulması, şizofreniya, ağıl zəifliyi kimi xəstəliklər müşahidə olunan şəxslərdə bu bioloji faktorları misal göstərmək olar. Sosial və sosial psixoloji faktorlara natamam ailələr, yəni, ailədə düzgün tərbiyənin olmaması, valideynlərin uşaqların maddi vəsaitinə düzgün nəzarət etməməsi, ailə tərkibində valideynlərdən hər hansı birinin alkoqol və ya psixoaktiv maddələrdən istifadə hallarını misal göstərmək olar. Şəxsi psixoloji risk amillərinə özünə inamsızlıq, qrupun təsiri altında tabe olma, müəyyən davranış pozuntularını daxil etmək olar.

Valideynlər adətən öz övladlarının ilkin olaraq şəxsi psixoloqudur. Çünki, valideyn öz övladının bütün xarakter xüsusiyyətləri ilə tam tanışdır. Bu halda valideyn öz övladını diqqətlə izlədikdə, onda baş verən hər hansı problemin, istər bioloji, istər davranış pozuntularını hiss edib anlaya bilər. İlkin olaraq biz məktəb dövründə olan uşaqları qeyd etsək, bunlarda dərslərdən yayınma, diqqətsizlik, yanaşı olaraq, yuxu pozuntuları, müəyyən aqressiyanın olması, psixoaktiv maddəni qəbul etdikdən sonra rahatlaşma, kəskin arıqlama halları, kontakta daxil ola bilməmək, aqressiya, yaxud aqressiyanın sonunda gələn rahatlaşmanı qeyd edə bilərik. Bir sözlə desək, bütün sistemlərdə baş verən pozuntular müşahidə edildikdə, yaxşı olar ki müayinə üsullarına, mütəxəssislərə müraciət etsinlər".

Narkomaniya bəşəriyyətin ən böyük problemlərindən biri olub, neçə illərdir ki, gənclərimizi ağuşuna almağa davam edir. Lakin son günlərdə bu asılılığın qurbanı olanların sayı dayanmadan artır. Nədir bunun səbəbi? Əgər, narkomaniya hər zaman böyük bir problem idisə, biz niyə son zamanlarda bunun fərqinə daha çox varırıq?

Fikirləşirəm ki, Azərbaycanın 44 günlük müharibəsi təkcə işğal altında olan torpaqlarımızın qayıtması ilə nəticələnmədi. Həmçinin, üzdə dost, arxada düşmən olanların da əsl üzünü ortaya çıxartdı. Gənclərimizin, şir kimi oğullarımızın igidliyi, vətən sevgisini çoxlarının gözü götürmədi. Bu səbəblə bizi iyrənc yollarla sarsıtmaq üçün hər vasitəyə əl atdılar. Ölkə xaricindən Azərbaycana keçirilən və ölkə ərazisində yayılan vasitələrin bu gün gündəmə gəlməsinin əsas səbəbi budur. AYIQ OLMALIYIQ!

 

Röyalə Xəyal

 

Olaylar.- 2021.- 8-14 oktyabr.- S.22.