"Əgər iş
görmək istəyiriksə,
açıq
danışmaq lazımdır"
Minəxanım Təkləli: “Ziyalılara
auditoriya vermək lazımdır”
Əvvəli ötən sayımızda
Müsahibimiz filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün
özü, xalqın gözü"
rubrikasının aparıcısı Minəxanım Nuriyeva (Təkləli)ilə söhbətimiz davam edir. Filoloq alim çox ağrılı problemlərə toxunub.
- Ortaq türk dilinin yaranması üçün nə etmək lazımdır?
- Ortaq türk dili məsələsi qədim məsələdir. Fikir versəniz, bu hətta 19-cu əsrdə mövcud olub. Bunun uğrunda mübarizə aparanlar olub ki, onların ən öndə gedəni İsmayıl bəy Qaspıralı idi. Çünki, o böyük bir ziyalı idi. İsmayıl bəy Qaspıralı bir jurnal çap edirdi ki, indi buraxılan jurnalların o qədər əhatəsi ola bilməz. Azərbaycanın hətta böyük sərmayə sahibləri, milyonçuları belə onunla dostluq edirdilər. Eyni zamanda başqa ölkələrin, Türkiyənin, tatar xalqının onunla böyük əlaqələri var idi. Siz əgər bizim köhnə, Mirzə Cəlilin "Füyuzat" jurnalına fikir versəniz, görərsiniz onun dili necə çətindir. Osmanlı türkcəsi ilə yazılıb. Bu nəyə görə belədir? Bu və digər yazıçılar ortaq türk dili kimi Osmanlı türkcəsini götürmək istəyirdilər. Ona görə bunu yavaş-yavaş bu vasitələrlə həyata keçirirdilər. Bu da xalqdan uzaq idi. Mirzə Cəlil də buna görə sadə xalq dilində yazmaq istəyirdi. Əlbəttə, Mirzə Cəlilin özü də bunu xalq dilinə çox yaxınlaşdırmaq istəyib. Amma, bir az ifrat çıxıb. Cümlələrindən görürsünüz, xalq əslində Mirzə Cəlilin yazdığı kimi danışmırdı. Əksinə, xalqın da bir süni dilini ortaya qoymuşdu. Amma bunlar onu göstərir ki, Mirzə Cəlil ürəkdən istəyirdi ki, hər şey xalqın dilində olsun. Onun "Anamın Kitabı" əsəri də bütün bunlara qarşı idi. Dilimizdə böyük meyillər var idi. Bütün bunları bir yana atmaq, ədəbi dilimizi təmizləmək lazım idi. Bundan sonra ortaq türk dili yarana bilərdi. Ortaq türk dili bizim işıqlı insanlarımızın qarşısında duran məqsəd olub. Türk birliyi deyəndə, birlik elə belə, əl tutmaqla olmur. Bu gün türk birliyindən danışanlar türkdilli xalqlar deyirlər. Mən və məndən öncə neçə böyük rus türkoloqları dönə- dönə deyirdilər ki, türkdilli xalqlar deməyin. Bu elmi baxımdan səhvdir. Türk xalqları deməliyik. Ən azından türksoylu xalqlar deməliyik. Belə çıxır ki, canı, qanı başqadır, təkcə dili eynidir. Bu da düzgün fikir deyil. Həqiqətən bu elmi əsasdan çox-çox uzaqdır. Ortaq türk dili söhbətinə ortaq əlifbamızdan başlamaq lazımdır. Bəzən qısqanclıq göstərirlər ki, hansı dil olsun? Hamı deyir, mənim dilim olsun ortaq dil. Yəni, digər türk dilləri ortaq dil olaraq mənim dilimi öyrənsin. Bunun özündə də bir növ ifratçılıq vardır. Hətta, deyən var ki, qıpçaq qolu olsun. Başqa bir meyl var, deyir, oğuz qolu olsun. Bu fikir yavaş-yavaş artıq əvvəlki kimi ürkəklik yaratmır, artıq düşüncələrə daxil ola bilib. Məsələn, Türkiyə türkcəsinin ortaqlığı gələndə, yenə də qısqanclıqlar göstərirlər. Amma o demək deyil ki, sən türkcə danışacaqsan. Bilirsiniz, fikri yaxşı başa salmayanda, izah edə bilməyəndə qarşındakını çaşbaş salırsan. Gərək, fikrini əsaslandıra biləsən. Bu dildə danışacaq insanların, hansı ki, ortaq dildə danışacaqlar, şərtləri vardır, onlardan hansı sayca çoxdur. Bir var 5 milyonun dilinu 100 milyona öyrədəsən, bir də var 100 milyonun dilini 5 milyona öyrədəsən. . Bundan ötrü çox şərtlər vardır. Əvvəla dilimizdəki anlaşılmayan sözləri ortaq şəkildə çıxarmaq lazımdır. Bizim dilimizdə elə ərəb mənşəli sözlər var ki, onlar bizim ədəbi dil lüğətimizdə işlənirsə, bizimdir. Amma mənşəcə ərəbdir. Biz onu saxlayırıq, Türkiyə türkcəsində onu türkcə ilə əvəz ediblər. Bunlar bizim dillərimizi yaxınlaşdırmır, ayırır. Ortaqlıq üçün gedəndə, həmin terminləri, sözləri bir yerdə dəyişəcəyik. Yoxsa, mən özüm şəxsən, Türkiyə türkcəsi ilə maraqlanan bir insan olaraq, əvvəllər radionu çətin də olsa dinləyirdim, İstanbul ləhcəsini yaxşı başa düşmürdüm. Amma Anadolu ləhcəsini yaxşı başa düşürdüm. Ortaq dil üçün birinci əlavələr güclənməlidir. Ən birinci Azərbaycan ilə Türkiyə arasında əlaqələr güclənməlidir. Mən sualın əvvəlində dedim ki, o əlaqələri kafi hesab etmirəm. Heç kafi deyil. Biz bu qədər çox yaxın ikən, təsəvvür edin, insan ayrı bir ölkəyə gedir, ayrı sərhədlər daxilində keçib gedirsən, amma elə bilirsən Bakıdasan. Nə tərcüməyə, nə başqa şeyə ehtiyac yoxdur. Bəs bundan artıq biz nə istəyirik? Amma biz bu qədər yaxınlığın arasında münasibətlər qura bilmirik. Yəni, ziyalıların münasibətləri yoxdur. Əlbəttə, iş adamları ola bilər, alverçilər ola bilər, lap 90-cı illərdən başlayaraq təyyarə-təyyarə alverçilər gedib gəlirdi, amma çox tək-tük olurdu ki, bir alim simpoziuma gedirdi. İldə bir dəfə 2 gün gedib qayıtmaqla heç nə əldə etmək olmaz. Bunlar yüksək səviyyədə təşkil olunmalı idi. Vətənpərvərlik dedik, vətənə məhəbbət dedik, bunların hamısı bir günlük məsələ deyil. Bunlar yüksək səviyyədə həll olunmalıdır. Yüksək səviyyədə həll olunsa, bəhrə verəcəkdir. Eləcə də dil məsələsi. Dediyim o xırda detallar. Biz burda əlifbanı, yaxud sözümüzü bir cür dəyişirik, orda da başqa cür dəyişirlər. Belə şəraitdə ortaq əlifba, ortaq dil necə əmələ gəlsin? Ortaq dil üçün Türkiyə türkcəsinə dedim meyil göstərdim, onun bilirsiniz, əməlli- başlı olan əsas vardır. Baxın qəzet, jurnal, mətbuatın hər növü harda çoxdur? Əlbəttə Türkiyədə çoxdur. İmkanları da çoxdur, onlarda daha geniş imkanlar vardır. Və orada bütöv mətbuat bir okean səviyyəsindədir. Bir də var başqa ölkələrdə o dərya səviyyəsindədir. Bunları biz etiraf etməkdən niyə utanmalıyıq, çəkinməliyik? Əgər işi görmək istəyiriksə, açıq danışmaq lazımdır. Baxın, mənim Hüseyn Cavid haqqında bir yazım var, onun və başqalarının. Ortaq türkcəyə gedən yolda, bu seriya ilə yazırdım. Niyə yazırdım? Çünki, onları məqsədini bilirdim. Ancaq, görürsünüz, Hüseyn Cavid "yok" yazmır, nə də "yox" yazmır, "yoq" yazırdı. "Q" ilə yazırdı, ortaqlığı öz aləmində belə qəbul edirdi. Əgər bunlar rus rejimi üçün təhlükə deyildisə, onu niyə aradan götürdülər? Deməli, bu bizim düşmənlərimizin xoşuna gəlmir. Düşmənlərimiz bunu düşmən xətti bildilər və Hüseyn Cavidi məhv elədilər, aradan götürdülər. Deməli, burada türklük üçün xeyir var idi. İşi soyutmaq olmaz, bu cür başlamaq, getmək lazımdır. Ona görə istər Orta Asiya Respublikalarında olsun, vəziyyət bir az da acınacaqlıdır. Məsələn, mən orda olmuşam. Onlarda rus dilinin təsiri çox güclüdür. Bir az yaxşı çıxmır, qardaş xalqlarıq biz, yəni zehniyyətdə də vardı. Bizdə də var idi, bir sözü deyirsən, qəbul etmək yox, düşünmədən belə o dəqiqə qarşı çıxmağa başlayır. Ortaya qoyulan məsələnin mahiyyətinə varmadan qarşı çıxırlar. Bir az səbr lazımdır, axı bu mədəniyyət məsələsidir. Bu axı dilimizin, mədəniyyətimizin müqəddəratı ilə bağlı məsələdir. Deməli, yetişməmişik. Əgər yetişsək, Bakının köhnə küçələrini söküb, 20 mərtəbəli boz binalar inşa etmərik. Mən onun altında necə dayanıb deyim ki, baxın Bakı qədim şəhərdir? 20 mərtəbə ilə iş bitmir. Onun altında on metrlərlə mədəni mühiti söküb atdılar. Biz belə bir zehniyyətlə ortaqlığı necə əldə edə bilərik? Çünki, deyən kimi ordan hay, burdan huy, o dəqiqə etiraz gəlir. Belə çıxır ki, əvvəl yetişdirmək lazımdır. Bu fikri cücərtmək üçün torpağı yaxşı həll etmək, becərmək lazımdır. Əmrlə, göstərişlə, qışqırmaqla, qorxutmaqla olmaz. Ziyalılara auditoriya vermək lazımdır. Baxın, ermənilər bizdən hər baxımdan gücsüzdürlər. Axı niyə inad edirlər? Niyə faşist düşüncələrində inadçıdırlar? Çünki, o yazıqları elə yetişdiriblər, onların beyninə mıxla sancıblar onu. Ona görə ağlaşırlar. Gənc nəsli yetişdirmək bizim boynumuza düşür. Amma bu yüksək səviyyədə həyata keçirilməlidir. Elm adamlarına, öncüllərə şərait yaratmaq lazımdır.
Bilirsiniz, bizdə o vaxt rəhmətlik Afat müəllim böyük onomastika tədqiqatlarına başladı, laboratoriyasını açdı və biz 3 ildən bir beynəlxalq simpoziumlar keçirdirdik. Elə olurdu ki, Afat müəllim bunun çoxunu öz büdcəsindən edirdi. Çünki, söz vermişdi ki, hər 3 ildən bir Novruz Bayramında qonaqlarımızı çağıraq, türk onomastikasına, yəni xüsusi adlara həsr olunmuş konfrans keçirdək. Biz bunu edənə qədər artıq Rusiyanın böyük onomastik ensiklopediyası var idi, Ukraynanın var idi. Amma deyir, gec olsun, güc olsun! Biz də buna başladıq. O vaxt yer adlarımızın 70%-i qalmışdı. 30%-i Kirovun, Leninin, Qorkinin, Şaumyanın adına idi. Bunlar bir dərd idi, başladıq yazmağa. Afat müəllim bizim fikir rəhbərimiz idi, biz bunları ilhamla, silsilə şəklində yazırdıq, o bizə yol göstərirdi. Sonra iş gəldi elə yerə çatdı ki, bizim bütün türk dünyasını əhatə edən dəyişmiş adlar, gözəl kitablar meydana çıxdı. Çünki, türk ölkələrinin çoxu sovet rejimində idi. Qarabağdakı qızıl kimi adlarımızı ermənilərə könüllü vermişdik. Məsələn, Dovşanlı kəndinin Arçadzor olması. Bu Dovşanlı sizə nə edir, ay erməni? Bunu sual vermək lazım idi. Arçadzor olmasına axı bizim Ali Sovet möhür vururdu ki, dəyişmə belə olsun. Niyə bunu edirdiniz axı? Bir az uzaqgörən olun.
ARDI VAR
Röyalə Xəyal
Olaylar.- 2021.- 8-14 oktyabr.- S.19.