Mən necə narkoman
oldum? ..
"Ağ
ölüm"ün qurbanları bir, digər adı ilə
yaşayan ölülər. Ruhunu, həyatını
maddəyə qurban verən insanın yaşamağı ilə
ölməyi arasında çox incə bir çizgi var.
Ölümün ağına da rəhmət, qarasına da. Ancaq
biri var əcəlin ucbatından öləsən, biri də
var əməlin. Heç kim əməlinə
görə ölmək istəməz. Ya da əməlinə
görə yaşayan ölüyə çevrilmək...
Narkotik
aludəçilərinin hər birinin öz həyat hekayəsi,
özünə görə səbəbləri var. Ancaq bilirəm,
hardasa, hardasa onların bir ortaq
səbəbləri var. Bu səbəbi öyrənmək
üçün, bir neçə "qurban"la həmsöhbət
olmaq imkanı tapdım. Unudulan insanların kiçik hekayələrini
öz istəklərinə uyğun olaraq, anonim şəkildə
təqdim edirik;
... Valideynlərimi görməmişəm. Mənim
həyatımda bu
məhfumlar heç zaman mövcud olmayıb. Sadəcə
adlarını bilirəm. Sığınacaqda
doğulub, uşaq evinə gətirilmişdim. Uşaq evi haqqında nə danışım?
(gülür), yaxşı heç nə
xatırlamıram. Hər daim insanın
ağlında bu suallar fırlanır. Kaş,
valideynlərimdən birini tanısaydım, bəlkə
sevginin nə olduğunu anlaya bilərdim.
Həddi-
buluğa çatdıqdan sonra mənə aid olan bir neçə
əşyanı verib, uşaq evini birdəfəlik tərk
etdim. Əlbəttə, hara gedəcəyimi, nə
edəcəyimi bilmirdim. Bir müddət
parklarda yatdım. Evsizsənsə, insanlar sənə
manyak, narkoman, lazımsız bir adam kimi
baxırlar. Əvvəl yaxınlıqdaki aptekdən
ucuz dərmanlar alaraq başladım. Ləzzət
edirdi, axı mənə bu səfilliyi unutdururdu. İnsanlar da haqlı çıxmışdı, mən
evsiz bir narkoman idim. Aptek sahibi aludəçi
olduğumu görəndən sonra mənə daha yüksək
dozalı vasitələr təklif etməyə başladı.
1-2 dəfə pulsuz, sonra isə məni kuryer
kimi istifadə etməyə başladı. Qarşılığında pulsuz
"şüşə" verirdi. 12 il
əvvəl saxlanıldım. Həbsdə yatdım. Çıxdım,
yenə qurşandım. Mənim həyatım
bundan ibarətdir. İndi bazarda araba
daşıyıram. Qazandığım
pul ancaq içkiyə-siqaretə xərclənir.
İtirəcək heç nəyim yoxdur...
xxx
...Doğulmazdan
öncə atam məni istəməmişdi, qız
övladı olduğuma görə. Sonra da istəmirdi.
Atamda qadınlara qarşı xüsusi aqressiya
var idi. Anamı tez-tez döyür,
bütün istəklərini əmr formasında dilə gətirirdi.
Mən çox dəcəl qız olmuşam. Enerjim
aşıb-daşırdı. Ailəm isə
davamlı bu enerjini azaltmaq niyyətində idi. Hər gün "qız uşağısan"
sözünü eşitməkdən bezmişdim artıq.
Evdən bayıra çıxanda özümü zəncirdən
qopmuş kimi hiss edirdim. Anam heç zaman atama
cavab qaytarmaq istəmirdi. Onu dəfələrlə
mən cəsarətləndirirdim. "Gəl, gedək
burdan, bu adamla yaşamaq zorunda deyilsən".-deyirdim.
Qorxurdu...
15 yaşımda öz istəyimlə məktəbdən
çıxıb, özümə qapandım. İldən-ilə
atamın bizə göstərdiyi şiddətlər
artırdı. Anama dəstək olmaqdan da
yorulmuşdum. O artıq öz həyat yolunu bəlli
etmişdi. Məni də sevmirdi, yük kimi
görürdü. Nəhayət, 18
yaşıma çatdım və evi tərk etdim.
Bakıdan Kürdəmirə gəldim. Burda qalacaq ev və ev yoldaşı tapdım. İlk
başlarda asan idi tək yaşamaq, bir az
pul yığmışdım. Hər keçən
gün atamın məni tapıb, öldürəcəyi
qorxusu artırdı içimdə. Ərizə
yazıb, onlardan imtina etmişdim. Həyatımda
olan bütün kişilərin məni həqiqətən
sevdiyini fərz edirdim. Sevginin nə olduğunu, bir kişinin necə
sevdiyini atamdan öyrənməmişdim. Elə
deyildi, bu gerçəkliyi çox gec anladım.
Otaq
yoldaşım vasitəsilə bir oğlanla tanış
oldum. Yaşının 26 olduğunu demişdilər
ancaq 35 imiş.
Daimi olaraq mənə hədiyyələr alır, pula
ehtiyacım olduğu üçün verdiyi pulları rədd
etmirdim. Görüşəndə bir neçə dəfə
mənə çəkmək üçün siqaret, sonra isə
hələ o zaman adını bilmədiyim şeylər
verirdi. "Götür, çək.
3 günlük dünyadı. Çək gör, kefimiz necə düzəlir?"
Hər şeydən uzaqlaşmaq istəyi və
bağlılıq...
Həmid qəfil mənim həyatımdan
çıxdı. Həm maddi, həm mənəvi
bağlılıq evimi yıxmışdı. Başqa birini tapmalı idim. Tapdım.
Sonra bir başqasını, sonra bir başqasını... İndi 36 yaşında dələduzluğa görə
3 həbs həyatı yaşamış bir qadınam. Atam ölüb, anamla yaşayıram. Həyatdan
heç bir gözləntim yoxdur...
xxx
... 5
yaşımdan daha kiçik yaşlarımı
xatırlamıram. 5 yaşım olanda artıq
anama sual verməyə başlamışdım. Evimizə bəzən başqa-başqa adamlar gedib-gəlirdi.
Anam da daim bu suallarıma görə
döyürdü məni. Atamı
tanımırdım. Çevrəmizdə çox az qohumlar var idi. Uşaq vaxtı
anam haqqında mənfi fikir eşidəndə
ağlayırdım, ya da həmin adama hücum çəkirdim.
Anamın etdiklərini isə görməzdən
gəlirdim. Ondan başqa heç kimim yox
idi çünki. Təbiətcə də
mülayim insan olmuşam. Taa ki, 9- cu sinifə
qədər. Sinif yoldaşımla həyətdə
gəzəndə atası yaxınlaşıb onu
çağırdı. Eşidəcəyim
məsafədə idilər. Oğluna "sənə
deməmişəm, gəzmə bu fahişənin oğlu ilə?"
dedi.
Gerçəkləri üzümə vurdu. Anamı
öldürdüm. Bezmişdim artıq, onun elədiklərinə
qatlana bilmirdim. Bir tək dostum belə yox idi.
Bəlkə bunu etsəm, hamı mənə
"halaldı, namusunu təmizlədi" deyəcək.
Yeddi bıçaq vurmuşdum anama.
Altı il həbs yatdım. Həbsdən
çıxıb, normal həyata qayıtmaq istəyirdim.
Evlənmək istədim, bu dəfə də heç kim anasını öldürən bir qatilə
qız vermədi. Narkotik həyatımın
"supermeninə" çevrildi. Ancaq
heç zaman satıcı olmamışam. İndi həmin evdəyəm. Bəzən
dəli kimiyəm. Ancaq özümü ovuduram ki, bu
yaşadıqlarında günahkar sən deyilsən...
xxx
...Həyat
hekayəmi sizə danışsam, güləcəksiniz. Bir çoxunun xəyal etdiyi həyatı
yaşayırdım çünki (gülür). Atamın yaxşı işi, gəliri var idi. Ancaq atamı görmürdüm. Hər telefonun yeni çıxan modelini alıb mənə
göndərirdi. Evə nadir hallarda gəlirdi.
Dostum var idi.. Orxan. Atası maşın ustası idi. Atası ilə birlikdə vaxt keçirəndə həsəd
aparırdım. Atamın mənə bir
şey öyrətdiyini xatırlamırdım. Desəydim mənə maşın sürməyi
öyrət, o birbaşa sürücülük vəsiqəsi
alıb göndərəcəkdi. Anamla da ər-arvad
kimi deyildilər. 25 yaşıma qədər
qayğısız bir həyatım olub. Sonra dost
çevrəm dəyişdi. Pulumu ancaq
dostlarıma, zəli kimi yapışan qadınlara xərcləyirdim.
İçmədiyim içki
qalmamışdı. Sıra narkotikdə
idi. Bilə-bilə atdım
özümü oda. Bir müddət ailəmdən
gizli tutsam da, ağrılarım pik həddə çatan zaman
öyrəndilər. Anam dizinə
döydü ki, a bala, nəyin əskik idi?
Vallah, özüm də bilmirdim. Elə əskik olan
şeyi tapmaq üçün, hər şeyin dadına
baxırdım. Narkoloji Dispanserdə
müalicə aldım. Uzun müddət
evdə müalicə olundum. Təbii ki,
yenə atamın pulu öz sözünü demişdi. İndi sağlamam və yaxşıyam. Arada
ağlımdan keçsə də, axtardığım
şeyin o olmadığını artıq bilirdim...
xxx
...Orta-statistik
Azərbaycan vətəndaşı idim. Heç
zaman sahib olduğum imkanlar məni qane etməyib. Düşünürəm ki, bu işlərə
başlamağımın səbəbi də
tamahkarlığım oldu. 29
yaşımda böyrəyimlə bağlı ciddi problemlər
yaşamağa başladım. Dostların
məsləhəti ilə İrana yollandım. Mənimlə
eyni palatada bir neçə fars var idi. Azərbaycandan gəldiyimi biləndə bir-birlərinə
kinayə ilə gülümsədilər. Dayanmadan kasıblıqdan şikayət edib, elə
buna görə də ailə həyatı
qurmadığımı deyirdim. Mənə
bir qızdan və bir işdən bəhs etdilər. Qız kişilərdən birinin evində işləyirdi.
Müalicə müddətində artıq evlənməyi
qərara almışdım. İş
haqqında isə kuryer kimi Azərbaycana mal
daşıyacağımı dedilər. Qarşılığında
təklif olunan pul çox yaxşı idi. Qızla tanış oldum, molla nigahi ilə evləndik.
Bir az vəziyyəti düzəldib, onu ailəmlə
tanış etmək üçün Bakıya gətirəcəkdim.
Həm ailəm bu işlərə biganə
yanaşmasaydı, onsuz da 29 yaşıma qədər evlənərdim
deyə düşündüm. Bir neçə
dəfə Azərbaycana mal keçirib tapşırılan
adama təhvil verdim. Demişdilər ki, nəbadə
açasan paketi. 3- cü dəfə
bunu etmək istəyəndə saxlanılıb, həbs
edildim. Adım narkotiklə hallandığı
üçün intihar belə etmək istədim, ancaq bir
müddət sonra öyrəşmişdim. Xəbərsiz şəkildə qurbana çevrilsəm
də, insanlar məni hələ də barmaqla göstərərək
narkoman deyir.
Övladlarını, sevdiklərini məndən çəkindirir...
xxx
... Ailəm və qohumlarım radikal səviyyədə
dinə bağlı idilər. 14
yaşımda "namaz qılmaq istəmirəm" dediyimə
görə atam 5 gün evə getməyimə icazə verməmişdi.
Dostlarım onlar kimi deyildi. Məni
yaxşı tanıyırdılar. "Əə..,
indi sən burda kart oyanıb, gedib evdə namaz qılacaqsan.
Atan bilsə, səni öldürər"
deyib, gülürdülər. Heç də
atamdan qorxmadığımı və bunları məcburiyyətdən
etmədiyimi onlara göstərməyə
çalışırdım. Sonra yalana
başladım, sonra gizli içkiyə və sonda narkotik.
"Məndə heç nə
bağlılıq yaratmır" deyib, mərcə girdim.
İstifadəyə başladım. Hər kəslə eyni sonu yaşadım. İlk başlarda hər şeydən daha çox
zövq almaq və sonra heç nədən zövq almamaq,
ağrılar, peşmanlıq. İlk istifadə etdiyim
vaxtdan 7 il keçib. Ailəmdən
uzaqda yaşayıram, hələ də namaz
qılmadığımı bilmirlər. Üstəlik
aludə olduğumu bilsələr, yəqin ki, ürəkləri
partlayar.
xxx
Bunlar ilk deyil, son da olmayacaq. Birinci dərəcəli
qohumları, öz xalası, əmisi, dayısı tərəfindən
narkotikin qurbanına çevrilən minlərlə insan daha
var. Hər birinin həyat tərzi, səbəbləri fərqli,
düşdükləri bataqlıq ortaqdır. Bir çoxunun ortaq səbəbləri də var-
Sevgisizlik. Hər biri ailəsinin biganəliyindən,
sevgisizliyindən şikayətçidir. Narkotik
nədir bəs? Beyindəki xoşbəxtlik
hormonunu oyadan bir maddə. Buna görə də
əgər indi övladlarınızla probleminiz varsa, bunu
aradan qaldırın. Başqasının
yanından uşaqlarınızı çəkindirəndə
o adamı nə ilə ittiham etdiyinizə diqqət yetirin.
Ən əsası, sevdiklərinizə sevgini
göstərin ki, daha çox həyat məhv olmasın.
Əfsanə Kamal
Olaylar.- 2021.- 15-21
oktyabr.- S.22.