"Burda maksimalist olmaq lazım

 deyil, ortaq yol tapmaq lazımdır"

 

Minaxanım  Təkləli: "Mən görmüşəm, ingilis məktəbləri haqqında yüksək tribunalardan danışan şəxslərin uşaqları ingilis məktəblərində oxuyurdu"

 

əvvəli var

 

Olaylar.az-ın müsahibi filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı Minəxanım Nuriyeva (Təkləli)dır. Söhbətimiz maraqlı alınıb. Filoloq  alim çox ağrılı problemlərə toxunub.

 

- "Rus dilində türk sözləri" kitabının tədqiqindən hansı nəticəyə gəlmisiniz?

- Əvvəla onu deyim ki, mən bunu təkcə linqivistik araşdırma kimi aparmamışam, yəni, sözlərdən bəhs etdim ki, bizim bu sözlərimiz rus dilinə keçib. Əgər sırf linqivistiklə bağlı yazsaydım, onda cılız bir şey olacaqdı. Hərtərəfli, türk mədəniyyətinin rus mədəniyyətinə təsiri kimi yazmışam. Baxın, əgər rus dilində olan türk sözlərinə fikir versəniz, görərsiniz ki, bunlar ən zəruri sözlərdir. Yəni, rus dilinin zəruri sayılacaq sözləri türkcədir. Aralarında hərbi terminlər, geyim-keçim, yemək, dövlətşilik işləri və s. ilə bağlı terminlər çoxdur. Hətta, ilk dövlətçilik ənənəsinin yaranması türklüklə bağlıdır ki, o dildə "tamojnı", "monet", "denqi" sözləri, əhalinin siyahıya alınması, rüsum alıb-vermək məsələsi, diplomatik işlər olsun, salamlaşmalar belə bunların hamısı türkçülüklə bağlıdır. Çünki, türk dövlətçiliyi rus dövlətçiliyindən dəfələrlə qədimdir və rus dövlətçiliyi  yarananda bilirsiniz, rus knyazlıqları gedirdi , amma Rusiya özü İvan Qroznının hakimiyyətinin axır illərində meydana çıxdı. O vaxta qədər Rusiya dövləti yox idi. Ona görə də, bunlar hər şeyi türklərdən örnək olaraq alırdılar, istifadə edirdilər. Bunların hamısına, yəni, mədəni üstünlüklərə toxunulub. Əgər mədəni təsirlər deyilsə bunlar, "ütyuk" sözü niyə rus dilindən bizə keçməyib? Yəni, bizdən onlara yox, onlardan bizə keçərdi. Bilirsiniz, indi bizim özümüzdə hərbi terminlər belə itib gedib. Biz öz müstəqilliyimizi az, ya da çox dərəcədə itirdikcə, ondan uzaqlaşıb-yaxınlaşdıqca sözlərimiz yoxa çıxıb. Dövlət işləri də hər zaman eyni, öz qaydasında getməyib. Bizim özümüzdə unudulub gedən sözlər orada yaşayıb, onları bir dövlət kimi dirildib, dövlətini sistemə salıb, mədəniyyətini arındırıb. Hətta taxta oturmaq, geyim tərzləri belə türklərdən götürülüb. Görürsünüz, Pyotr Avropa geyimlərini gətirəndə rus əyanlarına əmr etdi ki, saraya tatarın yataq geyimində gəlməyin. Çünki, o geyimlər hamısı zər-zibalı, şahanə idi. Bunlar hamısı rus muzeylərində saxlanılır. Mən həmişə deyirəm, bir  həmin dövrün əyanlarının paltarlarına baxın, bir də sultan sarayında geyinilən paltarlara. Adam həqiqətən çaşıb qalır. Heç bir fərq yoxdur geyimlərdə. İvan Qroznının vaxtında da belə idi. Pyotr bunların hamısını dəyişdirdi.

Biz ortaq əlifba ilə, ortaq dəyərlərimizə sahib çıxmaqla güclənəcəyik. Əksər xalqlar ona görə assimilyasiyaya uğrayır ki, böyük, güclü xalqın içində əriyir. Amma biz güclənsək, o başqa xalqın içinə keçib əriyə bilməz. 8 türk xalqımız bu dəqiqə yox olma təhlükəsi ilə üz-üzə dayanıb. Baxmayın ki, kitab "Rus dilində türk sözləri" adlanır, bunların hamısını mən həmin kitabda qeyd etmişəm. Məsələn, rus dilində türk sözləri hətta bənzətmə kimi işlədilir. Bu türk sözlərinin qələbəsidir. Amma biz bu dilə aşağı nəzərlərlə baxırıq, öz dilimizi bəyənmirik, xor baxırıq. Elə bilirik ki, Mirzə Cəlil demişkən, bu dildə danışmaq insanın savadının azlığına dəlalət edir. Tələbəlik illərimizdə biz yüksək səslə danışanda hamı dönüb bizə qınayıcı nəzərlərlə baxırdı ki,  Azərbaycan dilində danışırıq bir-birimizlə. Mübahisələr düşürdü hətta, bizi danlayırdılar ki, niyə rusca bilmirsiniz? İndi düzdür, bilirik, çünki, kitablar, elmi ədəbiyyatlar rus dilində idi, nə qədər dil bilsən o qədər yaxşıdır. Amma biz dilin təsirinə düşmürük, fərqlər budur. Bizi danlayırdılar ki, gəncsiniz, rus dilini öyrənin. Bəzən həmin o bizi danlayana bir vətənpərvər yaşlı adam qalxıb sual verirdi ki, sən özün bu dili bilirsən? Neçə ildir Bakıdasan? Deyirdi, mən bakılıyam, mənim 60 yaşım var, Bakıda doğulmuşam. Yaşlı adam deyirdi, 60 ildir Bakıdasan, niyə bu dili bilmirsən? Görürsünüz, dilimizi hörmətə mindirən də bizik, hörmətdən salan da. Çox kitablar var, amma mən o kitabla fəxr elədim, əməyimin şah zirvəsi hesab edirəm. O kitabı eyni sözlərlə bağışlayıram, deyirəm, xalqımın dilinə, mədəniyyətinə böyük sevgilərlə yazdığım bu kitabı eyni duyğularla bağışlayıram. Yəni, böyük sevgilərlə yazmışam. Elə o kitabın müzakirəsində deyilən söz yadımdadır ki, kitab axı vətənpərvər, milli bir kitabdır, milli dəyərlərə can verə-verə yazırsan onu, ona nəfəs verirsən, öz nəfəsinlə isidə-isidə yazırsan. Bu mənada o mənim fəxr etdiyim bir kitabdır. O nəinki Azərbaycanda, hətta xarici türkologiya sahəsində yeganə, birinci kitabdır. Rus dilində türk sözlərini komplekt şəkildə işləmişəm. Ola bilər, tatar dilçiliyində var ayrı-ayrı. Məsələn, rus dilində geyim adları, türk bitki, heyvan adları işlənib, mən bunların hamısı ilə tanışam. Amma məndə hamısıdır. Dediyim kimi, mən həm tarixi, həm mədəni, həm dilçilik aspektindən yazmışam. Çox istərdim ki, o kitab Türkiyədə nəşr olunsun. Çünki, belə kitablar yayılmayanda onu öz adına çıxaranlar da olur. Özüm şahidi olmuşam, Türkiyədə kitabın bütün cildini öz adına çıxanlar var. Bunlar hamısı bizim könül ahlarımıza səbəb olur. Siz bu kitabdan sual verdiniz, bu həm mənim üçün fəxr mənbəyidir, həm də könül ahlarıma səbəb olan bir şeydir. Çox istəyərdim Türkiyədə nəşr olunsun. Ordan da çox deyənlər olur, amma irəli duran olmur. Bizdə belə bir xasiyyət var da, heç kim bir-birinin kitabını oxumur, hamı özünü qabağa çəkmək istəyir.

Onu da əlavə edəcəm ki, rus dilində olan türk mənşəli sözlər çox böyük lüğəvi qat təşkil edir ki bu dildə, təkcə bir söz kimi yox, çox da bənzətmə vasitəsi kimi. Bir ümumişlək türk sözü terminləşir eyni zamanda. Çox hərəkətlidir, yəni, orda donuq şəkildə qalmayıb. Söz düzəltməyə, semantik genişlənməyə belə məruz qalır. Hərbi sahəyə dair sözlərimiz çoxdur. "Nişan", "ordu", "karavul" və s. sözlərimizdir işlənir. Biz indi başıaçıq gəzirik, əvvəllər baş həm cins bildirməklə əlamətdar idi, həm də ki, təbəqəni, yaşı göstərən funksiya daşıyırdı. Rus dilində o geyimlərin dəb olduğu bir vaxtda 40-a qədər baş geyimi türk dilindən keçmişdi. Amma eləsi var çox dəyişilib. Məsələn, saroka milli geyimi var, rəqs ansamblının başında bər-bəzəkli geyimdir. O, türkün sarık sözündəndir. Bunun kimi daha neçə, minlərlə sözlər. Hətta mən deyim ki, tərlik sözü olsun, düzdü, indi türklər tərlik ayağa geyilən şeylərə deyir, amma tərlik böyük, ağır çuxanın altından, içdən geyilən zərif geyim idi. Şah sarayına girəndə artıq üst geyim çıxarılır, alt geyimində, yəni, tərlikdə, yüngül plaşda qalır. Tərlik bir növ yay geyimi kimi idi. Bunların hamısını XIX əsr rus ədəbiyyatının qızıl dövrü adlandırmaq olar. Bu sözlər Ukrayna, Belarusiya dilində, yəni, şərqi slavyan dillərinin hamısında var. Amma mən niyə rus dilində türk sözləri dedim? Çünki, mən bunu Tolstoyun cümlələrində izlədim, misalları ordan gətirmişəm. Puşkindən, Qorkidən, Qarşindən, Çexovdan və başqalarının külliyyatından bütün bunları seçib, işləyib, çıxartmışam. Təkcə rus dilində "kaftan" sözü keçmir ki, onun şəkilçiləri də keçir. Bu da bir türk sözünün necə zəngin söz düzəltmək imkanı olduğunu göstərir.

Mən hətta, XIV yüzilliyə qədər rusların sözlərinin bizdən fərqli olaraq hər əsrin özünəməxsus rus dilinin etimoloji sözlüyü, sözlük lüğətləri var, onları izləmişəm. Kilsə leksikasına qədər getmişəm, türk sözləri var. Onların kilsə dili başqadır, orda da vardır. Orda görürəm ki, hələ elə bir dövrdür ki, alətlər primitivdir. Koroğlu dövründəki kimi şeşpərlə, nizələrlə döyüşürlər. Saydım, rus dilində 60-a qədər hərb termini var. Görürəm ki, bunun yarıdan çoxu türkcədir. Elə bu gün, müasir dildə də çoxlu hərbi sözlər var orda. Balıq adları tamamən türkcədir. Niyə? Çünki, rusların dənizlərə yolu yox idi. Mərkəzi Rusiyanın dənizlərə, çaylara çıxışları yox idi. Dediyim kimi, hamısı türk çayları idi. Kama, Volqa çayına çıxdılar və balıqları tutdular. Balıqları da, adlarını da nə var elə götürdülər.

- Siyasi olaylardan dolayı bəzi şəxslər ölkəmizdə rus məktəblərinin bağlanmasını istəyir. Sizcə, bağlanmağına ehtiyac varmı? Və rus məktəblərinin bağlanmasına etiraz edən əksər şəxslərin övladları elə rus dilində təhsil alır. Bu məsələyə münasibətiniz necədir?

- Kaş o siyasi olaylara qarışan, qarşı çıxan, təpki göstərən şəxslər daha ağır, daha ciddi məsələlər uğrunda prinsipiallıq göstərsinlər. Siz o günləri görməmisiniz axı, şükür bu günə. Biz təhsil aldığımız vaxtda Bakının mərkəzində bir dənə azərbaycanca olan bir məktəb yox idi ki, biz ora praktikaya gedək. Yasamala, Keşləyə, Montində arxa küçələrdəki məktəblərə gedirdik. Onlardan başqa bütün məktəblərdə dərslər rusca idi, hamı da rus dilinə üstünlük verirdi. Yadımdadır, o vaxtı Sabir Rüstəmxanlı gözəl bir söz işlətmişdi, biz ziyalılarıq, biz uşaqlarımızı aparıb o məktəblərə qoymasaq, o məktəblərin şöhrəti də olmaz. Biz aparıb qoyuruq, başqaları da deyir, filankəsin uşağı burda oxuyur. Beləliklə hər şey düzələ bilər, biz qadağan edə bilmərik ki, sovet dövrü idi. Qaydalardan çıxa bilmərik, rus dilinə ikinci ana dili deyirdilər. Hətta, onu bizim dilimizlə bərabər hüquqa, statusa gətirib çıxarmışdılar. Əlbəttə ki, təhsilimiz öz dilimizdə olmalıdır. İngilis dilində məktəb varmı? Var. Hətta, ərəb, fars dilində də var. Bu mövzuda bilirsiniz niyə qəti söz demək olmur? Çünki, bunu başqa cür yönləndirənlər var idi. Mənim heç yadımdan çıxmır ki, Azərbaycanın maarifpərvər yazıçıları hamısı Qori müəllimlər seminariyasını bitirmişdi. Ondan sonra da təhsillərini Rusiyada davam etdirmişdilər. Həmin illərdə kimi istəsəniz misal çəkmək olar. Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və başqaları olsun, hansı ki, onlar bizim ədəbiyyatımızın incilərini yaratmışlar. Və yaxud bizim maarifçilərimiz olsun, Üzeyir Hacıbəyov, Mirzə Cəlil, Müslüm Maqomayev və başqalarının əsərlərinin dilinə baxırsınız? İndi rusca oxuyan adamdan elə bir dil gözləmək çətindir. Amma siz fikir verirsiniz onların dili necə gözəldi. Mən həmişə dil dərslərində mühazirələrimdə onların kitablarından, cümlələrindən nümunələr, örnəklər göstərirəm. Çünki, nə qədər gözəl, nə qədər bərəkətli bir dildir. Burda maksimalist olmaq lazım deyil, ortaq yol tapmaq lazımdır. Siz dediyiniz kimi, deməli saxtakarlıq var. Özü buna qarşı çıxır, mən görmüşəm, ingilis məktəbləri haqqında  yüksək tribunalardan danışan şəxslərin uşaqları ingilis məktəblərində oxuyurdu. Özü də ən yaxşısında, ən adlı-sanlısında. Kaş biz belə olmayaq. Ürəyimizdən keçənləri deyiriksə, onu əsaslandırıb deməliyik. Əlbəttə, dil bilmək çox yaxşı, çox xeyirlidir. Məktəblərin bağlanması hətta çox zərərlidir. Yanımıza dissertant gəlir, ona birinci sualım bu olur ki, hansı xarici dil bilirsən? Ümumiyyətlə xarici dil bilirsən? Deyir, yox, bilmirəm. Mənim ona bütün ümidim bağlanır. Bizim dilimizlə, öz dilində axı o elmi iş yazır. Orta məktəb deyil ki, bununla kifayətlənsin, ya da universitet də deyil kifayətlənsin. Elmi araşdırmalar, dissertasiya daha böyük bir sahə istəyir.

 

ARDI  VAR

 

Röyalə Xəyal

 

Minəxanım Təkləli

 

Olyalar.- 2021.- 15-21 oktyabr.- S.19.