DƏRDİNİ
YUN TƏKİ ÇIRPMAĞA
ANA AXTARIRDI HƏMİŞƏ
Neyləyim ki, anam yoxdu
Dərdimi sərib, yun təki çırpaydı
Bir bayatı bağlayıb
Dərdimi göz yaşıyla
yuyaydı
Onda dərdim azalardı.
Dərdi azalmadı, şair,
azalmadı. Çünki, anaya ehtiyacı
vardı. Çünki, anasızlıq yaman sıxırdı onu.
Dərdini duydunmu, Elçin
Mirzəzadə?
Anası dünyasını dəyişəndə
İsmayıl məktəbli
idi. Atası, üç qardaşı
və ana əvəzi bacısı Gülsüm vardı.
Yüz
min təbib yığılsa,
verməz bir ana yeri, deyiblər.
Amma doğmaları ilə ovunmağı bacardı, taleyin amansız zərbəsinə körpəcik
canını sipər
edərək yaşadı
İsmayıl. Di gəl ki, həyat
acı sürprizləri
ilə yenə də onu sınağa
çəkdi. Həqiqi
hərbi xidmətini bitirib gələndən az sonra
ikinci bir itkinin acısını yaşamalı oldu. Bu dəfə atası
vəfatı ilə onun gənc qəlbini növbəti acı ilə sızlatdı.
...İsmayıl haqqında
məlumat əldə
etmək üçün
ilk müraciət etdiyim
böyük qardaşı
Əli oldu, amma hədsiz kövrək insan olan müsahibim danışmaqda çətinlik
çəkdi. Ona ana əvəzi
olan Gülsümlə
isə şəhidin evində görüşdüm.
14 iyun 1997-ci ildə
Yevlax şəhərində
anadan olmuş, 4 saylı tam orta məktəbin məzunu İsmayıl valideynlərinin
vəfatından sonra mehrini bacısına salmışdı.
Əslində Gülsüm sonbeşikləri
olan İsmayılı
kimsənin ümidinə
qoymaq istəməmişdi. Gəlini olduğu
ocaqda qardaşına isti qucaq açmışdı.
Bacı-qardaş bir yerdə o qədər çox vaxt keçirmişdilər ki,
İsmayıl bacısına
"ana" deyə müraciət etməyə,
Gülsüm isə onu balalarından biri kimi sevməyə
başlamışdı:
-Mənim üçün çox çətindir,- ağlayaraq söylədi şəhid
bacısı- ölümündən
bir ay əvvəl müddətdən artıq
həqiqi hərbi xidmətdə işə düzələnədək sirrimiz
də bir oldu, sözümüz də. Valideynlərimizin itkisi ona elə
bir nisgil yaşadırdı ki, gənc adam
üçün sanki
həyat dəyərini,
qiymətini itirmişdi.
Deyirdi ki, Allah məni adi ölümlə aparmasın dərgahına,
şəhidlik nəsib
etsin. Adi ölümlə vəfat edənlər tez yaddan çıxırlar.
Şəhidlər isə hər
kəsin qəlbində
yaşayacaqlar. Arzusuna da
çatdı. Onun yoxluğuna
dözə bilmirəm,
azacıq da olsa təsəllim istədiyi mərtəbəyə
yüksəlməsi oldu.
Gülsüm xanımdan onu da öyrəndim ki, İsmayıl həqiqi hərbi xidmətdəykən baş
verən aprel döyüşlərinin də
iştirakçısı olub,
bununla bağlı şəxsi işində komandanlığın təşəkkürnaməsi
də var. Döyüş
yoldaşları Gülsümə
söhbət ediblər
ki, özünü elə hey qabağa verirdi. Qəribədir, atalı, analı
əsgərləri həmişə
qoruyurdu. Qoy valideynləri
onlarsız yaşamağa
məhkum olmasınlar.
Atasız, anasız həyat
sürmək çox
ağırdır.
İsmayılın özündən başqa
iki qardaşı da İkinci Qarabağ Müharibəsinin
iştirakçıları olub - Şəmsəddin və Eldəniz.
Şəhid qardaşı haqqında
danışan Şəmsəddin
onun olduqca sakit, mərhəmətli biri olduğunu dedi: "Həddindən artıq ünsiyyətcil,
mehriban idi. Adını çəkən, dindirən
hər kəsə
"can" deyə cavab
verirdi. Ona görə də
tanıyan hər kəs onun ölümünə
heyifsiləndi. İsmayıl sentyabrın 29-da şəhid
olub, müharibənin
ikinci günü, Murov dağı yüksəklikləri uğrunda
gedən qızğın
döyüşlər zamanı.
30 sentyabrda dəfn
olunub. Döyüşçü
dostlarının sözlərinə
görə, cəsur qumbaraatan silahının istifadəçisi İsmayıl
Məmmədov düşmənin
"T-72" markalı 4 tankını
sərrast atəşlə
məhv etmiş, beşinci tankı nişan alarkən isə vurulmuşdur".
-Biz kiçik
qardaşımızın ölümündən
çox üzülsək
də, onun igidliyindən qürur, şəhidliyi ilə şərəf duyuruq. Müharibəyə gedərkən ona
nə ürək-dirək
verən ata, nə dua edib,
arxasınca göz yaşı axıdan ana olmadı. Amma dəfni çox izdihamlı keçdi.
Sağ olsunlar, rayon rəhbərliyi, camaat onu çox təntənə ilə
son mənzilə yola saldı. İndi qardaşım İsmayıl
Şəhidlər xiyabanında
uyuyur. İnanıram ki, ruhu da çox şaddır.
Torpaqlarımızın erməni
işğalından azad
olunmasına və özünün də bu müqəddəs yolda şəhidlik zirvəsinə yüksəlməsinə
görə, - dərin
kədər içində
dedi Gülsüm.
Nurlar içində yat, arzusuna çatan əsgər!
Məmmədov İsmayıl Vahid
oğlu ölümündən
sonra Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin sərəncamı ilə
"Vətən uğrunda"
və "Suqovuşanın
azad olunmasına görə" medalları
ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!
Əminə YUSİFQIZI
Olaylar.- 2021.- 15-21 oktyabr.- S18.