ÖMRÜ YARIDA QIRILMIŞ İGİD

 

...Bir gün sonra silahlar açılacaq, yer-göy titrəyəcək, qan su yerinə axacaqdı. Bir gün əvvəlsə...

Sentyabrın 26-sı. Əkbərovlar ailəsində xoş bir gündü. Həsən bir günlüyə doğmalarını görməyə gəlmişdi. Hamı sevinirdi, amma Həsənin sevinci ikiqat idi. Yenicə doğulmuş körpəsi ilə az da olsa, vaxt keçirəcəkdi. Saatlar bir- birini qovurmuş kimi elə sürətlə gəlib keçdi ki... Axşam hərbi hissədə olmalıydı.

Bu da ayrılıq anı. Anası Sənubəri sinəsinə sıxdı, Uğuru qoxladı, bağrına basdı, öpdü... Doymadığı, heç ayrılmaq istəmədiyi gün kimi aydın görünürdü.

Hər kəs sabah nə olacağından xəbərsizdi.

...Üç gün sonra Sənubər ananın oğlu yenə ata ocağına, doğmalarının yanına qayıtmışdı, amma igid əsgər, ŞƏHİD kimi. Bu gəliş göz yaşlarını selə döndərdi, ürəkləri yandırdı, qəlbləri sızlatdı.

Həsən Əkbərov ağdamlı məcburi köçkün Raqufla onunla eyni qədəri paylaşan kəlbəcərli Sənubərin evliliyindən dünyaya gəlmiş üç övladın ilki idi. Bundan öncə 10 il evli olan, amma uşaq sahibi ola bilməməsi səbəbilə ayrılan Raquf Həsənin dünyaya gəlişini böyük sevinclə, ağır məclislər quraraq bayram etmişdi. 1997-ci ilin 20 sentyabrı ailə üçün Həsənin doğum günü kimi çox əziz bir tarix idi.

Ağıllı, sakit bir uşaqlığı vardı Həsənin. Musiqiyə xüsusi marağı olub. Aran qəsəbə 1 saylı orta məktəblə yanaşı musiqi məktəbinin tar sinfində təhsil alırdı. Kim bilir, bəlkə də yaxşı bir tarzən olacaqdı. Amma atasının ölümü kiçik Həsəni o qədər çox üzdü ki, musiqi dərslərinə son verdi. Birki, üç körpə uşaqla kimsəsiz, köməksiz qalan anası Sənubər də vardı. Ona kömək etməli idi.

-O, mənim bütün işlərdə ən yaxın köməkçim idi,- ana titrəyən səslə danışır: -Heç uşaqlığını doyunca yaşaya bilmədi balam. Bu evdə onun zəhməti çox idi. 2016- cı ildə həqiqi hərbi xidmətə yollandı. İl yarım sonra qayıtdı. Boş oturmadı, işlədi. Sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə düzəldi.

Sanki ürəyinə damıbmış kimi müharibədən bir gün əvvəl evə gəldi... Ən çox da balası üçün gəlmişdi... İl yarım idi ki, evlənmişdi, oğlunun dünyaya gəlməsi onu hədsiz sevindirirdi...

Həsən haqqında hər kəsin söhbəti, xatirəsi maraqlı, kövrək idi, amma ömür-gün yoldaşı Cəmalənin söylədikləri insana təsviri sözə gəlməyəcək duyğular yaşadır:

-Fiziki qüsurluyam, III qrup əliləm. Həsənlə tanışlığımızdan sonra mənə ürəyini açdı, nişanlandıq. Onu görən hər kəs mənə deyirdi ki, o yaraşıqda biri, səninlə evlənsə də, uzun çəkməz ki, ayrılar. Ürəyim səksəkəli idi. Amma bilirsiniz biz bir-birimizi necə sevirdik. O, mənə qüsurumu qətiyyən hiss etdirməzdi. Hamiləliyim dönəmində vəziyyətim heç də yaxşı deyildi, amma Həsən körpə uşaq kimi hər dəqiqə qayğımı çəkirdi. Belə ürək sahibinə də o cür şərəfli ölüm yaraşırdı.

Bilirsiniz, onun yoxluğunu nə anası, nə də mən qəbul edə bilmirik. Mən hətta hiss edirəm ki, onu yoxluğunda daha çox sevməyə başlamışam.

Onun qəhrəmanlığı haqqında döyüş yoldaşları danışırlar. Həsən onlarla düşmənləri məhv edib, neçə-neçə yaralı əsgəri təhlükəli ərazilərdən çıxarıb, amma sentyabrın 30-da Ağcakənd yüksəklikləri uğrunda gedən döyüşlər zamanı aldığı güllə yarasından həyatını itirib.

Həsən Raquf oğlu Əkbərovun xatirəsi həmişə hər birimiz üçün əzizdir.

Məzarını soruşduq. Həyat yoldaşı Cəmalə xanım dedi ki, Yəldili kənd qəbristanlığındadır. Tez-tez ziyarət edək deyə orada dəfn olunmağını istədik.

...Ömrü yarıda qırılmış, gənc bir övladımız haqqında kədərli bir hekayə nəql etdik. Amma nə yaxşı ki, bu hekayə nikbin sonluqla bitir. Çünki Həsənin özündən sonra həyatını davam etdirəcək, soyadını yaşadacaq, yurdunda çıraq yandıracaq övladı var. Uğur Həsən oğlu!

Əkbərov Həsən Raquf oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!

 

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti    

 

Olaylar.- 2021.- 22-28 oktyabr.- S.18.