Müstəqil Azərbaycan

inkişaf mərhələsini yaşayır

 

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə

 

Bu gün müstəqilliyinin bərpasının 30 illiyini yaşayan Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanın uğurlarının əsasını təşkil edir. Heç şübhəsiz ki, ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna rol oynayır. Bu baxımdan əminliklə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. 15 oktyabr 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev ötən 18 il ərzində Azərbaycanın qazandığı uğurların müəllifidir. Yəni Ulu öndərin əsasını qoyduğu daxilixarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Və gənc dövlətin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşıb. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyev Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobalregional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək bacarığı ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb. Xatırladaq ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. 1991-ci il oktyabrın 18-də isə "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz Şərqdə ilk respublikanın varisi kimi həyata vəsiqə aldı və Azərbaycan tarixinin yeni bir dövrü - müstəqil inkişaf dövrü başlandı. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında bu günlərdə Milli Məclisin qəbul etdiyi "Müstəqillik Günü haqqında" qanunda deyilir ki: "2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir". Millət vəkili  Sevinc Hüseynova bildirib ki, müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür: "Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır". Ümumiyyətlə, cənab İlham Əliyev Azərbaycan Prezidenti  seçildikdən sonra bütün sahələr üzrə sistemli islahatların həyata keçirilməsinə başlandı. Bu islahatlar ölkənin inkişafında vacib rol oynayırdı. Amma islahatlar nəticə etibarilə torpaqlarımızın erməni işğalından azad olunmasına hədəflənmişdi. Həyat sübut etdi ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nümunəsi olan genişmiqyaslı  islahatlar qarşıya qoyulan hədəfə çatdı və 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi: "Beləliklə, Azərbaycanın daxilixarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda, ölkəmizin iqtisadi gücü elə bir səviyyəyə çatıb ki, dünya bazarlarında baş verən kəskin dəyişikliklərin, böhranların təsir gücü ən aşağı həddədir. Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizini təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Ölkədə həmçinin əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub". Millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri  Əli Hüseynli qeyd edib ki, 2003-cü ildən etibarən dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin edilməsi istiqamətində həyata keçirilən siyasi kurs yeni, daha yüksək mərhələyə qədəm qoydu. Heydər Əliyev ideyalarının ən etibarlı və sədaqətli davamçısı cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən islahatçı lider kimi ölkənin yeni inkişaf konsepsiyasını ortaya qoydu: "Müstəqil ölkə olaraq Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, daim artan nüfuzu ilk növbədə məhz onun bənzərsiz fəaliyyətinin nəticəsidir. Bu gün ölkəmiz müasirsivil yeni nəsil dövlət modelini dünyaya təqdim edir. İndi Azərbaycan beynəlxalq səviyyədə gedən proseslərdə vacib aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. Ölkəmiz 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına uğurla sədrlik edir, beynəlxalq tədbirlərin keçirildiyi tolerant məkana çevrilmiş Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ən nüfuzlu mövqelərdən birinə sahibidir. Bütün sahələr üzrə həyata keçirilən və ilk növbədə insan amilinə söykənən tarixi islahatlar və genişmiqyaslı Dövlət Proqramları əhalinin yüksək sosial rifahını, hüquq və azadlıqlarını  təmin etmişdir. Müstəqil siyasətin təmin edilməsinə xidmət edən milli qanunvericiliyin ən yüksək standartlar  əsasında təkmilləşdirilməsi və dövlət quruculuğunun yeni mütərəqqi ideyalar əsasında qurulması prioritet istiqamətlər sırasındadır. Ən əsası isə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il ərzində Ermənistanın işğal altında saxladığı Qarabağ torpaqlarının azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində əldə edilmiş və Azərbaycan xalqının iqtidarla birliyinin nümayişinə çevrilmiş böyük tarixi Qələbə dövlət müstəqilliyinin ən vacib elementlərindən biri olan ərazi bütövlüyümüzü təmin etdi. Şübhə yoxdur ki, yeni reallıqlar ölkəmizin dövlət müstəqilliyin toxunulmazlığına və əbədiliyinə daha güclü zəmin yaratmışdır".

 

Alim Hüseynli

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

 

Olaylar.- 2021.- 22-28 oktyabr.- S.11.