“Şöhrət mənim peşəmi
gözəl yerinə yetirdiyim
üçün
daşıdığım gözəl və ağır bir
yükdür”
"Müğənnilər illərlə
kanal rəhbərləri, aparıcılar tərəfindən
istismar olunur"
Xalq artisti Tünzalə
Ağayeva Bakupost.az -a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Tünzalə xanım, sizinlə
pandemiyadan əvvəl görüşmüşdük.
Pandemiyadan əvvəli və sonranı müqayisə edəndə
həyatınızda hansı dəyişikliklər baş verdi?
- Pandemiya
hamıya olduğu kimi mənə də təsir etdi. Hesab edirəm, həyatımızda baş verən
bu bəşəri dəyişiklik düşünmək istəyən
insanları düşündürdü. O cümlədən
də məni. Zamanıma daha çox dəyər
verməyi öyrəndim. Hətta deyərdim,
pandemiyanın mənim üçün hikmətli tərəfləri
daha çox oldu. Əlbəttə ki,
sosial və maddi baxımdan çox sarsıldıq. Toy industriyası bu gün Azərbaycanda sənət
adamlarını saxlayan əsas industriyalardandır. Amma pandemiya bütün bu düşüncələri
dəyişməyə vadar etdi. Pandemiya
bizə onu dərk etməyə imkan yaratdı ki, bizim illərlə
şikayət etdiyimiz rəqəmsal bazarlarda, musiqi
platformalarında müəllif hüquqları niyə yoxdu?
Niyə biz çıxartdığımız
albomlardan gəlir əldə edə bilmirik? Bizi qoruya biləcək yayım şirkətləri
niyə yoxdur? Mənim həyatımda şəxsən
xoş bir hadisə o oldu ki, bu gün Azərbaycanda sənət
adamları ilə ən fəal iş görən, deyərdim
birinci yerdə olan Promete kimi tanınan
reper Pərvizin qurduğu "Mikpro" yayım şirkəti
ilə işləməyə başladım. "Mikpro"
şirkəti məhz Azərbaycan artistinin rəqəmsal
platformalardan düzgün, sistemli şəkildə məhsullarının
yayılmasını təmin edir və qoruma altına alır.
Bu mənim üçün böyük bir hadisə
idi. Artıq elə bir istiqamətdə yol
almışıq ki, sabah "toy olmasa nə
edəcəyik, necə dolanacağıq"
qayğıları ilə vuruşmaq məcburiyyətində
qalmayacağıq. Bu, Azərbaycanda musiqi
sferasında inqilabi bir hadisədir və məni çox sevindirir.
- Pandemiya dövrü toydan
asılı olan müğənnilərin şikayətləri
səngimirdi. Siz isə bu xora
qoşulmadınız. Tünzalə necə
dolandı bəs?
- Pandemiya
zamanı tək bizdə yox, bütün dünyada sənətçilər
narahat oldular. Şikayətlər səsləndirdilər.
Bütün sektorlarda bir xaos yaşandı.
Amma ölkələrlə müqayisə edəndə mən
gördüm ki, həmin ölkələrdə artistlər
şikayət etməklə yanaşı, həm də iş
görürlər və ciddi pullar qazanırlar.
Pandemiya dövründə başqa ölkələrin
artistləri ilə müqayisədə bizdə vəziyyət
daha bərbad idi. Ona görə vəziyyət bərbad idi
ki, dijital sistemimiz yox idi. Bütün
dünya dijital sistemdə oturub ordan on qat çox
qazandığı məqamda biz yenə də boşluğa
düşmüşdük. Pərviz oturdu
mənə əməlli başlı izah etdi və mən
gördüm ki, toydan əldə etdiyimiz gəlirin on
qatını burdan əldə etmək mümkündür.
Bu günə kimi bu cür yayım şirkətlərinin
olmaması mənə bu addımı atmağa mane olurdu.
Yayım şirkəti bir -iki insanın
simasında var idi, amma istədiyim nəticəni verə
bilmirdi mənə. "Mikpro"nu bu
gün dünyada böyük və məşhur şirkətlər
tanıyır. Bu həm də sənətçinin
dünyaya çıxışı deməkdir. Hər ölkənin öz rəsmi fəaliyyət
göstərən, bütün qaydalara əməl edən, həm
özü qazanıb, həm də artistə qazandıran
yayım şirkəti var. Bizdə belə bir yüksək səviyyəli
şirkətlərin olmaması səbəbindən bərbad
vəziyyətə düşdük. Mənim
üçün o qədər də bərbad olmadı.
Çünki mən sənətə geniş
baxıram. Ancaq toya fokuslanmamışam.
Amma gündəlik toylardan, restoranlardakı
şou proqramlardan qazanan müğənnilər doğurdan da
sırf toy bazarından asılı olduqlarını hiss etdilər.
- Musiqi sahəsində sənətçinin
ən çox əziyyət çəkdiyi problem nədir?
-
Hüquqlarının lazımi səviyyədə
qorunmaması. Sənətkarlar var ki, illərlə
dayanmadan çalışır, amma ömrünü verdiyi sənətdən
bu gün gəlir əldə edə bilmir. Bu sahədə birmənalı olmayan hadisələr
çoxdur. Sənət iki tərəfdən
dəstək alır. Mənəvi və
maddi. Unudulmayan, amma kasıb, ehtiyac
içində yaşayan sənətçilərimiz
çoxdur. Onlar dahi sayılırlar, amma dərman
almağa pul tapmırlar.
Dünyada məşhur olan "Happi Britday",
"Jingle Bells" mahnılarının müəllifləri
həyatlarında o mahnılardan başqa heç nə
yazmayıblar, amma bu günə kimi o müəlliflərin ailələrinə
qonorar ödənilir. Məsələ budur. Bir bəstəkar bir film üçün mahnı
yazır, hər dəfə efirdə radioda o mahnı səslənəndə
müəllifə qonorar ödənilir. Bizdə
sənətkar vəfat etdisə, yaradıcılıq məhsulu
ümumiləşir.
- Efirdə az-az
görünürsünüz. Siz də kanallara
qonorar tələbi irəli sürmüsünüz?
- Yox
(gülür). Televiziyaya çıxmağa
artıq marağım yoxdur. İndi yox, həmişə
belə olub. Bu gün efirinə getdiyim tək-tək
kanallara da yalnız özəl bir səbəbə görə
gedirəm. Dostluq münasibətlərinə
görə. Boş-boşuna efirə
çıxmağı sevməmişəm heç zaman.
Dəvət edəndə də demişəm
gözləyin işlərimi bitirim efirə çıxanda
danışmağa sözüm olsun.
O ki,
qaldı sənətçinin efir üçün qonorar tələbinə.
Ötən il Xatirə İslam belə bir
fikir səsləndirdi. Mən onu əsla
qınamadım. Ümumi anlamda tələbində
haqlı səbəblər var idi. Bilirsən Günel,
müğənnilər artıq yorulublar. Psixologiyaları
çöküb. Müğənnilər var illərlə
kanal rəhbərləri, aparıcılar tərəfindən
istismar olunur: "Dayım oğlunun toyudur gəl oxu, nəvəmin
sünnətidir gəl. Gəlməsən efiri
bağlayacam üzünə".
Rusiyanın ORT kanalında Poznerin verilişinə Stinq gəlir. Elə-belə
çıxmır ki, Stinq Poznerin verilişinə. Bunun üçün ona qonorar ödənilir və
bu məsələni kanal ilə sənətçinin
prodakşını həll edir. Belə
olmalıdır, sadəcə olaraq bizdə bu sistem inkişaf
etməyib. Gələcəkdə belə
bir sistem yaransa, mən şəxsən çox möhtəşəm
bir veriliş olarsa, orda iştirak üçün qonorardan
imtina edərəm.
Amma gərək, o verilişin aparıcısı elə
bir dahiyanə aparıcı olsun ki, mən özüm orda
iştirakdan zövq alım. Məsələn, orda bir Pozner olsa,
can ataram ora. Niyə görə? Çünki Poznerin verilişinin vaxtında
bütün Rusiya ORT-ni açır. Verilişlər
bu səviyyəyə gəlməlidir. Bilməliyəm
ki, mən o verilişdə bircə dəfə konsertimlə
bağlı elan versəm səhəri gün kassada bilet
qalmayacaq. Böyük anlamda mənim
konsertimin reklamı gedəcək. Bu
gün bizdə belə bir veriliş varmı?
- Kanallara, veriliş
aparıcılarına pul verib efirə çıxan
müğənnilərə münasibətiniz necədir? Siz
ümumiyyətlə, nə vaxtsa kanallara ödəniş
etmisiniz?
-
Heç vaxt. Kanallara ödəniş edib
özünü reklam edən müğənnilər ikinci
kateqoriyaya aid sənətçilərdir. Onlar
özləri, özlərini televiziyaya yatırım edirlər.
Buna da normal baxıram. Adamlar
tanınmaq istəyir.
- Siz bayaqdan dünyadakı praktikadan,
dijital sistemdən danışırsınız. Gəlin
görək, Azərbaycan şou-biznesində, ümumiyyətlə,
sənət dünyasında nə qədər sənətçi
bunlardan xəbərdardır. Deməli, müğənnilər
özləri də bilgisizlikdən istismara
açıqdır, hətta hardasa bu sistemin yaranmasına mane
olur...
- Tamamilə
razıyam Günel. Hətta mən dəfələrlə
demişəm, etməyin şərait yaratmayın. Sözsüz ki, müğənnilərin bu hərəkəti
arzu etdiyimiz sistemin yaranmasına çox mane olur. Amma mən
yenə də bir az müdafiə edəcəm
həmkarlarımı (gülür). Dünyanın
heç bir ölkəsində bütün müğənnilər
ağıllı, intellektual dörd-dördlük deyil. Danışığını bilməyəni də
var, ağılsızı, savadsızı da var. Amma
onların hər birinin başının üstündə
duran bir idarəçi və onları çökdürə
biləcək hadisələrdən qoruyan komanda var. Bizdə
bu yoxdur. Müğənnilərin
çoxu təkbaşına mübarizə aparır hər
şeylə. Bilmirlər jurnalistlərlə
vuruşsunlar, bilmirlər ağıllı insanların
qarşısına çıxıb necə
danışsınlar. Bu da onların faciəsidir.
Avropada sistem artisti elə gözəl
yetişdirir ki, ən ağılsız savadsız artist ən
yüksək səviyyəyə çıxa və orda dayana
bilir. Onlar bir tur keçirlər bir il
meditasiya yaşayırlar. Biz isə hər
gün 300-500 nəfərlik toy idarə edən müğənnidən
sağlam düşüncə tələb edirik.
- Gəlin etiraf edək ki, Azərbaycanda
çox az musiqiçi sənətini sevir
və dəyərləndirir. İstedad məsələsi
deyil. Sənət bir az da diqqət və
sevgi istəyir.
- Bu
onların seçimidir. Bütün musiqi
janrlarını araşdıranda hamısında bəlli
saylar var. Səviyyəli kütlənin sevdiyi, seçdiyi sənətçilərdən
gedir söhbət. Kütlə
üçün olmayan sənətçilər. Bu yəqin ki, belə də olmalıdır. Bu da bir balansdır. Yəqin, sənət
üçün yaşayan insanlar az
olmalıdır. Odur ki, mən heç vaxt bu vəziyyəti
acınacaqlı hesab etməmişəm. Acınacaqlıyıq
ona görə ki, sənətçi hər tərəfdən
əziyyət çəkir. Qoruna bilmir.
Bu gün sənətçiyə konsert təklif
olunanda ciddi sənətçi istəyir onun səhnəsində
ciddi musiqiçilər olsun. İşığından
tutmuş, səhnə dekoruna kimi hər şey möhtəşəm
olsun. Onları sayanda konsertin büdcəsi kəllə-çarxa
çıxır.
- Sizin ən bahalı konsertiniz
hansı olub və neçə minə başa gəlib sizə?
- 2017-ci
ildə verdiyim konsertin sırf xərc büdcəsi 120 min
manat tutub. İndi siz deyin, mən bu biletləri neçəyə
satmalıyam ki, xərci borcunu ödəsin. O zaman mən nə
etməliyəm? Konsertimin keyfiyyətini tamam
öldürməli, 120 yox, 20 min manatlıq konsert etməliyəm.
Orda da Tünzalə olmayacam və mən
tamaşaçını heç cür başa sala bilməyəcəm
ki, bu niyə belə oldu. Tamaşaçıya
deyiləsi söz deyil bu. Tamaşaçını müğənnini
kulisi maraqlandırmır. O keyfiyyətli məhsul tələb
edir. Gözlədiyini görə bilməyəndə
də sərt şəkildə tənqid edir. Mən ucuz və keyfiyyətsiz məhsulumu
tamaşaçıya təqdim edəndə onlara deməliyəm
ki, bağışlayın mənim filan problemim vardı ona
görə belə oldu? Adama deyərlər
biznesini düz qur.
- Tünzalə xanım, bu gün
yüksək məbləğə konsert edib o konsertdən pul
qazanan müğənni varmı Azərbaycanda?
- Belə
bir fakt mövcud deyil hələ ki. Bu gün heç kim deyə
bilməz ki, mən Heydər Əliyev Sarayında, Kristal
Hollda, Yaşıl Teatrda və digər konsert salonlarında
bahalı konsert verib biletlərin də hamısını eyni
qiymətə satıb yüksək gəlir
götürmüşəm. Bu, günün
reallığına uyğun deyil. Konsert
biletlərinin çoxu paylanılır. Paylanılır
ona görə ki, konsertə gəlmək mədəniyyəti
formalaşsın ən azından. Bu
gün orta statistik Azərbaycan vətəndaşının
ailəvi hansısa bir konsertə yüksək məbləğ
xərcləmək lüksu yoxdur axı. Mən
məsələn, bu günlərdə prestijli bir məkanda
konsert verdim. Çox da böyük bir məkan
deyildi. Qiymətlər kifayət qədər
yüksək idi və bütün masalar dolmuşdu. Amma bu istisnadır. Bu lokal bir cəmiyyət
üçün nəzərdə tutulan məkandır və
o məkanın sahibi əmindir ki, biletləri o qiymətə
sata biləcək. Çünki öz
müştərilərini tanıyır.
- Toyun PR konsertin PR-ından daha
çoxdur bizdə. Məsələn, bir adam
övladının toyuna beş-altı müğənni dəvət
edib 10 min manat ödəyə bilirsə, deməli, ayda bir dəfə
ailəvi gedəcəyi keyfiyyətli konsertə 300 manat xərcləyə
bilər. Mənə elə gəlir, bu imkan məsələsindən
daha çox keyfiyyətli məzmunun hələ də
formalaşa bilməmə məsələsidir. Razısınızmı?
- Bu əslində
müqayisə olunmayacaq şeylərdir. Konsert
kütləvi hadisədir və bunun üstünlükləri,
Azərbaycan reallığında yaşanan boşluqları
var. Toy hadisəsi isə bizim xalqa məxsus olan bir mentalitetdir.
Toy bizim cəmiyyətin həyatında
mühüm hadisədir eyni zamanda çox əhəmiyyətli
bir industriyadır. Biz bunu pandemiya zamanı
gördük ki, toylardan qazanan nə qədər insan var. Toy
hadisəsi əhəmiyyətli olan cəmiyyətlərdə
eyni hadisə baş verir. Bizim cəmiyyətdə
də bir ata üçün övladının toyunun
maraqlı keçməsi daha əhəmiyyətlidir nəinki
hansısa müğənnini konsertinə pul xərcləmək.
Bəli, bu gün toy industriyası həddindən
artıq çox təbliğ olunur ona görə də ora
yatırım çoxdur. Kaş ki, toy
industriyasının təbliğatı konsertdə də
olsun. Dünyada banketdə oxumaq müğənni
üçün üçüncü dərəcəli məsələdir,
amma Azərbaycan ifaçısı üçün birinci dərəcəli
məsələ toydur. Çünki toyda
qazandığını konsertdən qazana bilmir. Xalq
yazıçısı Anarın ssenari əsasında
yazılmış "Uzun ömrün akordları" filmində
belə bir fraqment var. Üzeyir bəyin "Leyli və Məcnun"
tamaşasını hazırladığı illərdir və
məşq gedir. Məşqi izləməyə
intilgentlər, ölkənin ziyalı təbəqələri
gəlib. Tarzən isə məşqə
gecikir. Nə qədər ziyalı oturub
bir tarzəni gözləyir ki, gəlsin məşq
başlasın. Ondan soruşanda ki, niyə
gecikmisən məşqə. Deyir ki, Qurban
olum, bir bəyin toyu idi, mənə 3 manat verirdi məcbur idim
o toyda olmağa. Üzeyir bəy nə
yazıq ki, həmin dövrdə o qazancı təmin edə
bilmirdi. Baxın bir əsrdən çox
vaxt keçib, problem hələ də həll olunmayıb
(gülür).
-İldə bir neçə
dəfə adını ilk dəfə eşitdiyimiz qurumlar,
adamlar mükafatlar, diplomlar paylayır məşhurlara. Bu təltiflər nə
üçündür, ümumiyyətlə, gərək
varmı bu cür xırda təltiflərə?
- Bu
gün həddindən artıq çoxdur belə mükafat
verən qurumlar və səviyyələri çox
aşağıdır. Hətta elə
mükafatlar var satılır. Mükafatlar niyə
satılır, onu da anlaya bilmirəm.(gülür)
- Sizi də görürük hərdən
belə mükafatlandırılma mərasimlərində.
- Əgər o cür mərasimlərdə iştiraka
razılıq vermişəmsə, deməli, hansısa
mühüm bir səbəbi olub. Maksimum olaraq getməməyə
çalışıram. Əgər gedirəmsə
və bunu çox da ürəklə etməmişəmsə
açıq deyəcəm, mən o mükafatların,
diplomların çoxunu üzə çıxartmıram.
Elə vaxt olub anama demişəm "Ana
onları yandır ümumiyyətlə" (gülür).
- Müğənnilərin, hələ
də şou-biznes aləmində olan müğənnilərin
psixoloji travmaları olur. Yəqin ki, sizin də həyatınızda
belə dönəmlər olub. Nə vaxtsa
psixoloqa müraciət etmisiniz?
- O qədər
olub... Mən daşdan-divardan deyiləm, mən
də insanam (gülür). Seanslarına
getdiyim özəl bir psixoloqum yoxdur. Amma açıq
etiraf edirəm ki, çox arzulayıram ciddi bir psixoloji seans keçim. Tanınmışların
aqibəti çox ağırdı. Sən
ürəyindən keçən, düşündüyün
hər sözü deyə bilmirsən. Dediyin
hər fikir hadisəyə çevrilir. Mən
indi müsahibədə sənə şəxsi bir məqamımı
deyim bizim bu saata qədər etdiyimiz o səviyyəli söhbətlərin
hamısı qalacaq bir kənarda media da, kütlə də məhz
o məqama fokuslanacaq. Bir həftə gəzəcək
səhifələrdə (gülür). Bunu
boşandığım zaman yaşamışam. Mən nə hayda idim, media nə hayda idi. Ona görə də həyat və praktika məni
öyrədib. Bu gün hardasa özüm,
öz psixoloquma çevrilə bilmişəm. Bir də mənim bəxtim onda gətirib ki,
Yalçın kimi prodüserim var. Tam əminliklə deyə
bilərəm Yalçın qadın psixologiyasını
çox gözəl bilir. Bu mənada bəlkə
də bir çox müğənnilər mənə qibtə
edir. Çünki onların
vuruşduğu və çaxnaşma yaşadığı məqamlarda
mən studiyada oturub işimlə məşğul olmuşam.
Ümumiyyətlə, Yalçının
strategiyası odur ki, sən sənətinlə məşğul
olacaqsan, sənə gələn hər sözün
qarşısında mən varam. Elə
şeylər olub ki, məndən gizlədib. Amma mənim qərarlarıma fikirlərimə əhəmiyyət
verir. Anama demədiyim
sarsıntılarımı Yalçınla
bölüşmüşəm. O, mənim bütün
hallarımın şahidi olan yeganə insandır.
- Şöhrətdən
yorulduğunuz məqamlar olur?
- Mən
hər gün şöhrətdən yoruluram, amma peşəmdən
əsla yorulmuram. Şöhrət mənim
peşəm deyil. Şöhrət mənim
peşəmi gözəl yerinə yetirdiyim üçün
daşıdığım gözəl və ağır bir
yükdür. Gözəldir ona görə
ki, xalq məni tanıyır, sevir. Amma
qeyri- adekvatlıqların başladığı yerlərdə
şöhrət həqiqətən də ağır olur.
- Belə bir fikir var: "Sənətçi
həm də cəmiyyətin vicdan səsidir". Biz bunun bariz nümunələrini Avropa ölkələrində
tez-tez görürük. Məsələn,
ABŞ-da prezident seçkiləri zamanı, Türkiyədə
Gezi hadisələri zamanı sənətçilər
xalqın yanında oldular. Məmur
özbaşınalığına qarşı susmayan sənətçilər
var dünyada. Bu günlərdə də
elə işığın, qazın qiymətləri
qalxdı, amma titullu sənətçilər türklər
demiş, heç oralı olmur. Məsələn,
siz etiraz etmisinizmi qiymət artımlarına nə zamansa?
- Tvitterdə
ara-sıra olur sosial mövzulara münasibətimi bildirirəm.
Mən hər zaman orta məxrəc tutmağa
çalışmışam. Əgər
məzlumun haqqı tapdalanırsa, qadınlar işgəncəyə
məruz qalırsa, Qarabağ müharibəsidirsə burda
susmaq cinayətdir. Belə məşhur bir kəlam var
deyir, məzlumun haqqı tapdalanırsa, susan
özü şeytandır. Baxır mövzu nədir.
Həyatımda hadisələr olub ki, məni
siyasi məsələlərə sürükləmək istəyiblər.
Hətta bunu qəsdlə mənim adıma ləkə
salmaq üçün ediblər. Mən
orda da çalışmışam mərd dayanıb ədalətli
danışım. Ədalətli
danışmağın tərəfdarıyam. Əgər cəmiyyətdə həqiqətən də
vətəndaşlara ziyan vuran hadisələr baş verirsə,
hansısa dövlət işində işləyən
insanın məsuliyyətsizliyi üzündən baş verən
hadisələrə mütləq reaksiya verməlisən.
Amma hesab edirəm ki, bunu tək sənət
adamı etməməlidir.
Müğənnilərdən
bir az əl çəkmək lazımdır. Müğənni
bankir deyil, millət vəkili deyil. Suya,
işığa, qaza baxan məsul şəxs deyil. İnsanlar elə hesab edir ki, mən dövlətin
birinci adamlarına zəng edib problemi həll edə bilərəm.
Bu yanlış təsəvvürdür. Eləcə də cəmiyyət hesab edir ki, biz
işığın, qazın qiymətinin artımına
etiraz etmiriksə, deməli, bizim bu cür kommunal problemlərimiz
yoxdur. Əlbəttə var. Hələ bu
bir də Azərbaycan artistidirsə lap çoxdur. Bu gün elə sənətçilər var evini, həyat
tərzini göstərməyə utanır.
- Siz elə danışdınız
az qaldım dəsmal götürüb şou-biznes müğənnilərinin
halına ağlayım(gülürük).
- Həqiqətən
də belə sənətçilər çoxdur, Günel. Ona görə də mən birmənalı
baxmıram ki, Tarif Şurası nəyinsə qiymətini
qaldıran kimi tez müğənni önə
çıxıb etiraz etməlidir. Bu
gün qız uşaqları doğulmadan ana bətnində qətl
edilirsə, hələ də 12-13 yaşında qız
uşaqları məcbur ərə verilirsə, qadınlar
öldürülürsə mən buna səssiz qala bilmirəm.
Mən bu gün qiymət artımına səsimi
çıxartmaqdan imtina etmirəm. Düşünürəm
ki, müğənni aparıcı qüvvə
olmamalıdır bu məsələlərdə.
- Pandemiya və müharibə
dövründə cəbhə bölgəsinə,
ehtiyaclı ailələrə, şəhid ailələrinə
yardım aparan sənətçilər cəmiyyətdə
birmənalı qarşılanmırdı. Niyə
sənətçinin səmimiyyətinə inanmaqda bu qədər
tərəddüd yaşayırıq?
-
Çünki o səmimiyyəti ötürə bilmirlər. Adamlar əmin olmalıdır ki, bunu edən sənətçi
özünü reklam edir, yoxsa həqiqətən də yardım
edir. Pandemiya zamanı mənim əsəbiləşdiyim
belə məqamlar çox oldu. Hərə
əlinə bir-iki torba alıb çəkiliş edirdi.
Bu belə olmalı deyil. Ümumiyyətlə,
sənətçi yardım etməli deyil, yardım
olunması üçün kampaniya başlatmalıdır, dəstək
olmalıdır. Mən bəzən şəhidlər
xiyabanına gedib şəkil çəkdirən məşhurları
başa düşə bilmirəm. Cəbhəyə
gedirdilər anında "İnstagrama" selfi çəkib
qoyurdular. Mən də getdim cəbhə
bölgələrinə. Özü də
ən qaynar nöqtələrdə, qızğın
döyüşlər gedən zaman oldum. Mən
əsgərlərimizi təhlükəyə atmamaq
üçün özümü saxlayırdım. Horadizə gedəndə ermənilərin əzilmiş
tanklarını görürdüm yolun kənarında. Ürəyim partlayırdı istəyirdim ki, çəkim
fotolarını. And olsun özüm
özümü telefondan sildim ki, amandı İP adreslər
görsənər. O qədər qorxurdum hər şeydən.
-Son zamanlar cəsarətli geyimlərinizlə
medianın gündəmindən düşmürsünüz. Və sosial şəbəkələrdə geyiminizlə
bağlı sərt reaksiyalar yazılır.
-Öpürəm
medianı yaman tez işıqlandırırlar (gülür). Sosial şəbəkələrdə yazılan təhqirlərin
fərqindəyəm, amma izləmirəm. Çünki
anlayıram ki, rəqəmsal dünyamızda cəhalətin
qarşısını almaq mümkün deyil. Mən o kütləni konsertlərimdə
görmürəm deyə bu məni o qədər də
narahat etmir. Amma deyim ki, internetdəki həmin
aqressiv kütləni çox rahatlıqla idarə etmək
olur. Sosial media çox unikal
texnologiyadır. Əvvəl səni
qıcıqlandırır sonra manipulyasiya edir. Gün ərzində
siz özünüz haqqınızda beş
fərqli fikir eşidə bilərsiniz. Səhər
yaxşı söz de səni sevəcəklər. Günorta dekolte geyin söyəcəklər.
Axşam get bir şəhid ailəsinə baş çək.
Bəhh...Olacaqsan müqəddəs bir insan.
Ona görə də mən fikir vermirəm.
Azərbaycan artistinin cəsarətli
olmağının çoxdan vaxtı gəlib. Cəsarət dekolte ilə ölçülmür təbii
ki. Əgər bu günə kimi Ebru
Gündeş, Lara Fabian, Ceylo ən açıq kliplərinə,
dekoltelrinə görə reytinqdən düşməyib və
ölkələrində hələ də onları sevirlərsə
bizdə niyə belə olmasın.
- Özünüzlə
bağlı eşitdiyiniz ən
qıcıqlandırıcı rəy hansıdır?
-
Qıcıqlandıran yox gülməli bir fikir səslənir
tez-tez. "Çarşabda gəldi sonra
soyundu."(gülür). Əziz travmalı,
kompleksli sosial media istifadəçiləri .
20 il keçib mənim bandana geyindiyim
zamandan. Bir az araşdırın, Googla
girin. Başda yaylıq çarşab deyil və
o mənim imicim idi. İnsanlar anlamaq istəmir
ki, pop musiqi ifaçısı kolxoz sədri kimi geyinə bilməz.
Əgər mənim sənətimə,
özümə dekoltemə, "razrezimə" görə
qiymət verəcəklərsə, çevirsinlər
kanalı, mənə baxmasınlar. Mən
qadınlığımla, gözəlliyimlə fəxr edirəm.
İndi yüz faiz yenə məni səhv
başa düşəcəklər (gülür). Baxın mən heç bir
açıq-saçıqlığın təbliğatçısı
deyiləm. Bu gün səhnədə
geyindiyim geyimlər də sadəcə mənim imicimdir. Vücudum bunu daşıya bilir ki, geyinirəm.
Sənəti gəlin belə
ucuzlaşdırmayaq. Hə bir də tez-tez
eşidirəm deyirlər, yəqin aşiq olub belə dəyişib
(gülür).
- Eşqdən söz
düşmüşkən həyatınızda eşq var?
- Mən ən
birinci özümü sevirəm. Sevənlərimi
sevirəm. Bu suala heç vaxt dəqiq bir
şəxsin ünvanında cavab verməmişəm və
verəsi də deyiləm. İstəyirəm
hamı bilsin ki, mən kiməsə görə bəzənmirəm.
- "Səs Azərbaycan"dan
danışaq bir az. Sizin də iştirak
etdiyiniz əvvəlki "Səs Azərbaycan"
yarışması uğurlu alınmadı. Burda necədi vəziyyət,
iradlara hazırsınızmı?
- Burda hər
şey çox yaxşı gedir. İstedadlı
gənclər var. Maraqlı səslər eşdirik. Mənim heyətim olduqca qibtə ediləsi heyətdir.
Amma proses hara aparacaq, sonda kim qalib gələcək,
onu demək mümkün deyil. Onu deyə bilərəm ki,
"The Voice"un Azərbaycana gələn heyəti
burdakı müsabiqədən çox razıdır
. Əgər bu mövsüm uğurlu
keçsə davam edəcək. Qınaqlar,
iradlar da olacaq, bu təbiidir. Hər işdə
"əmma" tapmaq bizim cəmiyyətə xas imtina edilməz
xüsusiyyətlərdəndir (gülür).
Olaylar.- 2021.- 22-28 oktyabr.- S.17; 20.