Ən uzun gecənin
sabahı
Hər
bir şəhidin qısa ömür hekayəsini oxuduqca, dinlədikcə
içəridə ciyəri yanır insanın. Otuz ildir
yanır ürəyimiz. Bu qədər saf, məsum, tərbiyəli,
günahsız... Sanki dən-dən, tək-tək
seçilmişlər. Atalar-analar min bir əziyyətlə böyüdüb
ərsəyə gətirdikləri övladlarının yerinə
bayraq təslim alırlar. Millət olaraq qədərimiz belə
yazılır 30 ildir. Və ərdəm atalar,
gözüyaşlı analar bayrağı yanan ürəklərinə
sıxıb, "Vətən sağ olsun" deyirlər. Bir
millət bu qədər şərəfli və heysiyyətli
ola bilərmi? İndi qətiyyətlə deyə bilərik
ki, olar!
Boyları
hələ boy görüncəyi olan, ipə-sapa yatmaz dəcəllər
taxtadan tapançalar düzəldib, qarğı atlara minib
"müharibəyə" gedirdilər azca əvvəl, nə
tez böyüdülər, nə tez kişi oldular?!. Çox
tez, lap erkən, burunlarından ana südünün qoxusu getməmiş
qarğı atlarını, taxta tapançalarını
tankla-topla, ağır silahla əvəz edib yollarını
tapdaq altında əzilən uca zirvələrimizdən
saldılar. Neçə illərdir qara daşların
yağışına düşmüşdük.
Axşamlarımız nə zaman düşür, sabahlarımızın
nə zaman açıldığından xəbərsizdik. Bu
gül qoxulu körpələrin qanı axmalıymış sən
demə, axmalıymış ki, orda çiçəklər
açsın...
Yevlaxlı
Umarov Anar Məhəmməd oğlu o fidanlarımızdan
biridir. Atası Məhəmməd kişi əvvəllər
sürücü işləyib. Əlinin qabarı ilə
qazanıb minbir əziyyətlə
böyütmüşdü balalarını. Arzuları,
ümidləri vardı. Anar 1991-ci il mayın 12-də Yevlax
şəhərində doğulmuşdu. 1998-ci ildə
Şıxəli Qurbanov adına 8 saylı tam orta məktəbin
birinci sinfinə getmiş və 2009-cu ildə məktəbi
bitirmişdir. Məktəb illərində futbola böyük
marağı varmış. Yevlaxın "Karvan" futbol
klubunun yeniyetmələr qrupunda oynayırmış, hətta
dəfələrlə yarışmalarda uğurla iştirak
edib. Bacısının əziz-xələf qardaşı,
ata-anasının göz nuru, işığıydı.
2009-cu
ilin iyul ayında hərbi xidmətə gedir. Əsgərlikdən
qayıdandan sonra bir neçə il ailəsinə yardım
etmək üçün müxtəlif işlərdə
çalışır. Lakin 2014-cü ildən müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçusu olmaq
üçün aidiyyatı quruma baş vurur. Və bununla da, qısa
ömrünün sonunadək vətənə xidmət edir.
İlk çalışdığı yer Yevlaxın Malbinəsi
kəndindəki "N" saylı hərbi hissə olur. Sonra
xidmətini Goranboydakı "N" saylı hərbi hissədə
davam etdirir.
2020-ci il
sentyabrın 26-sı gecəsi bəlkə son tariximizin ən
uzun gecəsiydi, sabahı Günəş doğacaqdı
üzümüzə... Deyirlər, gecənin ən qatı
qaranlığı sabaha ən yaxın olan vaxtıdır.
Ən işıqlı sabahlar ən qatı qaranlıqdan
doğur. Xalqımızın taleyi də belə oldu.
Sentyabrın 27-si sabahı 30 illik uzun gecədən sonra
üstümüzə doğan ən işıqlı sabah
idi. Amma bir əvəz ödəyəcəkdik, havayı
deyildi günəşin şüaları. Böyük
şairimiz Hüseyn Cavid demişkən: "Azadlıq!
Öylə nazlı afət ki, qan tökülməyincə
üzə gülməz o işvəkar". Açılan
sabahımız da bizdən oğullarımızın tərtəmiz
qanını istədi, yoxsa yenidən qaranlıq çökərdi.
Atalar, analar oğullarını fəda etdilər
İşığa.
Anar xidmət
etdiyi hərbi hissədən tərəddüd etmədən
döyüşlərə qatıldı. Anasına çox
bağlıymış. Hələ balaca olanda bayramlarda, ad
günlərində atasından xırda pul alır,
anasına, evin digər sakinlərinə, çox istədiklərinə
açıqca verir, ora şirin sözlər
yazırmış. Elə diqqətcilliyi, səmimiyyəti ilə
hamının hörmət-izzətini qazanmışdı. Hər
danışanda anası Təranə xanıma: "Ana, əhd
eləmişəm, Allah qoysa, sağ gəlsəm
ayaqlarından öpəcəm. İnşallah, hər şey
yaxşı olacaq, qələbə bizimdir. Amma bu müharibədir,
əgər şəhid olsam, pis olmayın, ağlamayın. Vətən
uğrunda şəhid olmaq fəxrdir, başınızı
dik tutun, ana".
Bəli,
Anar tabor bölüyünün kəşfiyyat qrupunda 14 nəfər
müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu ilə
bir olub. O, kəşfiyyat qrupu düşmənin nəzarət
etdiyi yüksəklikdə beş postu darmadağın edib. Həmin
postları ordumuz nəzarətə götürdükdən
sonra Anarla birlikdə yoldaşlar üzü Kəlbəcər
istiqamətində hərəkət ediblər. 18 saat yol
getdikdən sonra qrup bölünüb. 8 nəfər sol, 6 nəfər
sağ istiqamətdə hərəkət ediblər. 30 oktyabr
saat 14:00-16:00 arası qrupun sağ qolu olan 6 nəfər -
aralarında Anar da olmaqla minamyot silahından atılan mərminin
qəlpə yarasından şəhidlik zirvəsinə
ucalıblar. Ən yaxın silahdaşı elə Yevlax şəhərindən
olan Nicat Nuşirəvan oğlu Quliyev olub. Möhkəm dostluq
edən bu iki yoldaş birgə döyüş yolu keçərək
eyni anda şəhid olublar. Hazırda Yevlax şəhər
Şəhidlər xiyabanında da elə yanaşı
uyuyurlar.
Döyüş
yoldaşlarının valideynlərinə dediyinə görə,
Anar hər zaman Vətən deyərək öndə gedib,
heç nədən qorxmayıb, ölümün
gözünə dik baxıb. Yoldaşlarını hər
zaman qoruyub, deyib ki, siz ailəlisiniz, mən subayam, qoyun irəlidə
mən olum. Yoldaşları onu da bildirirlər ki, yeni istiqlal
snayperi və PK pulemyot silahlarının mahir
atıcısı olub, hədəfi dəqiq vurub, heç bir
gülləsi boşa çıxmayıb.
Məhəmməd
və Təranənin evinə düşən atəş
qohum-əqrəbanı, qonşuları, Anarı
tanıyanları qarsır. Məhəmməd kişinin necə
möhkəm, necə deyərlər, köhnə kişilərdən
olduğu üzündən bəlli idi. Elə oğlunun şəhid
olma xəbərini də köhnə kişilərə məxsus
dəyanətlə, təmkinlə
qarşılamışdı. Ağlamamışdı,
sıtqımamışdı. Bunu Vətənə qurban gedən
şəhid oğluna yaraşdırmamışdı.
Noyabrın 2-də şəhidin mübarək nəşi ailəyə
təqdim olunmuş və Yevlaxın Şəhidlər
xiyabanında dəfn edilmişdir.
Təranə xanımın dediklərindən:
Anarın cəmi 7 yaşı vardı. Qonşunun oğlu əsgərlikdən
qayıtmışdı. Uşağı da götürüb
gözaydınlığına getdim. Anar soruşdu: Sən əsgərlikdə
nə edirdin? Qonşum gülümsəyib, onu başa salmaq
üçün cavab verdi: Düşmənləri
öldürürdüm. Anar bir uşaq ötkəmliyi ilə
bildirdi: Qoy böyüyüm, mən də əsgər olanda
düşmənləri öldürəcəyəm. Arzusuna
çatdı balam.
Anar subay
idi, arzuları, xəyalları vardı. Bəlkə
gözaltısı da varmış. Amma vətən
sevdasını seçdi, ona təslim etdi özünü. Tək
bacısı Aysel ailəlidir, iki uşaq anasıdır.
Qardaşından canyanğısı ilə
danışır, bir yumub, beş tökür:
"Qardaşım sakit təbiətli, ailəcanlı,
qohumcanlı idi. Çox zəhmətkeş idi, daim
çalışırdı". Əmisigillə bir həyətdə
yaşıyırlarmış. Əmisi qızı Xatirə
müəllimə Anardan qardaş kimi bəhs edir:
"Atamın ayağında problem vardı əvvəllər,
işdən məzuniyyət götürüb ona kömək
edirdi, qoluna girib işə aparırdı. Biz ailədə iki
bacıyıq, qardaşımız yoxdur. Anar vardı amma,
toyumda belimi bağlamışdı, məni qardaş kimi yola
salmışdı. Qardaşsızlıq hiss etməmişdik
biz. Bu gün şəhid bacısıyıq. Anar haqqında nə
qədər danışsam bitməz.."
Evində
Anarın yerində üçrəngli bayraq yer alıb. Vətənində
isə o uzun qaranlıq gecədən sonra sonsuzadək
doğan Günəş şüaları.
Başınızı
dik tutun, Məhəmməd ata, Təranə ana. Vətəni
yaşatmaq üçün qurban gedən igidlər göz
yaşlarını sevmirlər. Bir də ki, Anar ölməyib,
şəhidlik zirvəsinə ucalıb və göylərdən
bizi qürurla seyr edir.
Umarov Anar
Məhəmməd oğlu ölümündən sonra Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin sərəncamı
ilə "Vətən uğrunda", "Suqovuşanın
azad olunmasına görə" və "Cəsur
döyüşçü" medalları ilə təltif
olunmuşdur. Sonsuzadək ürəyimizdə
yaşayacaqdır!
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti
Olaylar.- 2021.- 29 oktyabr-4 noyabr.- S.18.